Xəbər lenti


Xatırlayırsınızsa, bir müddət əvvəl ADR Hərəkatının lideri Qubad İbadoğlu Azərbaycanda unun qiymətinin artması ilə bağlı həyəcan siqnalı çalmışdı. O, Azərbaycanda taxıl qıtlığı yarandığını bildirmiş, hökuməti təcili tədbirlər görməyə dəvət etmişdi. Əks halda... "50 kiloqramlıq əla növ unun 1 kisəsinin qiyməti 26 manatdan 28-30 manata qalxıb... Bu sürətlə bahalaşma davam edərsə, yəqin ki, yaxın günlərdə qiymət 35 manat olacaq",-Qubad İbadoğlu öz facebook statusunda belə yazmışdı.

Qubad İbadoğlunu narahat edən bahalaşmanın səbəbi sonradan məlum olmuşdu. Sən demə, 2020-ci ilin yanvar ayından etibarən Azərbaycanın buğda idxalı ötən ilin müvafiq dövrüylə müqayisədə 54 faiz azalıbmış. Ölkə rəsmiləri bunun səbəbini 2019-cu ildə ölkədə taxıl ehtiyatlarının formalaşdırılması ilə əlaqələndirmişdilər. Onların iddiasına görə, ötən il respublikamızda yerli taxıl istehsalı 6 faizdən çox artıb. Eyni zamanda, buğda idxalı da 1 milyon tondan 1,5 milyon tonadək yüksəlib. Zira 2018-ci ildə dünya bazarında taxılın qiyməti bir az baha olduğundan sahibkarlar yerli ehtiyatlardan daha çox istifadə ediblər. 2019-cu il mövsümündə isə xüsusilə Rusiyada məhsul yığımı dövründə qiymətlərin əlverişli olub və Azərbaycan sahibkarları öz ehtiyatlarını yenidən idxal mənbələri və yerli istehsal hesabına tam formalaşdırıblar. Bu da yanvar ayından etibarən Azərbaycanın buğda idxalının azalması ilə nəticələnib.



Elədirsə, onda qiymətlər niyə bahalaşırdı?
 

Sözsüz ki, rəsmi açıqlamalar bu sualın məntiqli cavabı sayıla bilməzdi. Çünki iqtisadiyyatın qızıl qanununa görə, təklif tələbi qarşılayacaq qədərdisə, qiymətlər sabit qalmalı idi. Bizdə isə əks proses gedirdi.

Rəsmilərin indiyədək gizlətdikləri bu müəmmaya bu gün aydınlıq gətirilib. Sən demə, Rusiya bizi müasir SSRİ adlandırılan Avrasiya İttifaqına üzv etmək üçün çörəklə imtahana çəkirmiş. Hər halda Rusiya rəsmilərinin buğda ixracatı ilə bağlı bu gün açıqladığı faktlar belə deməyə əsas verir.

Ovqat.com-un məlumatına görə, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (Rosselxoznadzor) Avrasiya İqtisadi İttifaqı ölkələri istisna olmaqla iyulun 1-nə qədər xarici ölkələrə buğda, çovdar, meslin (buğda və çovdar qarışığı), arpa və qarğıdalının ixracını dayandırıldığını açıqlayıb.



"Rosselxoznadzor" bu qərarını taxılın qiymətini stabilləşdirmək və ölkənin daxili tələbatını təmin etmək arqumentilə əsaslandırıb.

Qeyd edək ki, son qərar Rusiyanın bu istiqamətdə atdığı ilk addım deyil. Ötən ay da "Rosselxoznadzor" rəsmiləri bütün taxıl ixracının martın 20-dən etibarən dayandırıldığını söyləmişdilər. 

İxracat qadağasının 10 gün davam edəcəyini bildirən qurum rəsmiləri əmrin yuxarıdan gəldiyinə diqqət çəkmiş və koronavirusu bəhanə gətirmişdilər. 

"Rusiya Dövlət Şurası tərəfindən verilən bu qərar, koronavirusun Rusiyada yayılmasının qarşısını almaq məqsədi daşıyır",- "Rosselxoznadzor"-un  vitse-prezidenti Yukiya Suabauskene mətbuata açıqlamasında belə demişdi. 

Bugünkü açıqlama isə koronavirusdan bəhanə kimi istifadə edildiyini, əsl məqsədin isə həm buğda qiymətlərini yüksəlmək, həm də keçmiş SSRİ ölkələrini açıqlıqla imtahana çəkib yenidən boyunduruq altına almaq olduğunu göstərir.



Xatırladaq ki, bu gün baş verənlər əslində ötən ildən bəlli idi. Azərbaycan hökuməti isə bu cür ciddi məsələlərə diqqət ayırmaqsa, başını mənasız işlərə qatmışdı. 

Belə ki, ötən ilin taxıl mövsümündə qeyri-adi hadisələr yaşanırdı və Beynəlxalq Taxıl Şurası bütün dövlətləri bu barədə xəbərdar etmişdi.

Şuranın məlumatlarına görə, 2018-19-cu il biçim mövsümündə buğda istehsalında ötən illə müqayisədə 42 milyon ton azalma müşahidə olunmuş və ümumi ehtiyatlar 716 milyon tona geriləmişdi. 

ABŞ Kənd Təsərrüfatı Nazirliyi isə Beynəlxalq Taxıl Şurasının əndişələrinə aydınlıq gətirərək bildirmişdi ki, əslində dünyanın buğda ehtiyatlarında ciddi azalma yoxdur. Problem sadəcə ondadır ki, taxıl ehtiyatının təqribən yarısı Çinin əlində cəmləşib və bu da böyük sıxıntılara yol aça bilər. Çünki Çinin öz taxıl ehtiyatlarını bazara çıxarması gözlənilmir. 
 
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatında o da bildirilir ki, hər il dünya taxıl istehlakında 16% paya sahib olan Çin yeni mövsümdə dünya taxil ehtiyatının 46%-i istehsal edib. 2018/19-cu il mövsümünün sonunda isə bu payın 50%-i aşacağı proqnozlaşdırılır. Bu isə Çinin taxıl ehtiyatının 5 il əvvələ görə 135 faiz artdığı mənasına gəlir.



Mütəxəssislər mövsümün sonunda ən böyük 8 istehsalçının əlində dünya ehtiyatlarının 20%-i qədər, yəni dünyanın buğda tələbatını yalnız 26 gün qarşılayacaq ehtiyat qalacağını təxmin edirdilər. 10 il əvvəl isə həmin ölkələr cəmi ehtiyatın 30 faizinə sahib idilər.

Dünyanın 8 böyük istehsalçısından birinin də Rusiya olduğunu nəzərə alsaq, Moskvanın taxıl yığımında yaşanan bu tənəzzülü avantaja çevirməyə çalışdığını görə bilərik. O, gündə bir bəhanəylə həm taxılını baha qiymətə satmağa, həm də bizim kimi öz aqrar təsərrüfatını belə qura bilməyən keçmiş sovet ölkələrini yenidən imperializm boyunduruğuna salmaq istəyir. Yəni bir oxla iki quş vurmağa çalışır.

Dərd burasındadır ki, Azərbaycanın taxıl ala biləcəyi digər ölkə olan Ukraynada bu il ciddi quraqlıq yaşanıb və o da yetərli qədər taxıl istehsal edə bilməyib. Bu durumda yeganə ümidimiz Qazaxıstana qalıb. Qazaxıstan isə yeni SSRİ layihəsi sayılan Avrasiya İttifaqının sözdə ideya müəllifidir. Mümkündür ki, o da bizə "taxıl əvəzinə boyunduruq" göstərsin.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 885          Tarix: 26-04-2020, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma