Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Azərbaycanda koronavirus bu ilin fevralından yayılmağa başlayıb. İlk yoluxma halı fevralın 28-də, ölüm halı isə martın 12-də qeyd alınıb. Ölkədə bu xəstəliyə aprelin 17-nə kimi 1347 nəfər yoluxub, 15 nəfər həyatını itirib, 528 nəfər isə sağalıb.
Ovqat.com xəbər verir ki, Azərbaycanda koronavirus reallığını əks etdirən bu cümlələr Avropanın “Moderndiplomacy” nəşrində dərc olunan “Azərbaycan: koronavirusun ortaya çıxardığı iqtisadi problemlərə reaksiya” sərlövhəli məqalədəndir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun qələmə aldığı məqalənin davamını təqdim edirik:
Burada bu xəstəliyə tutulanların əksəriyyəti İrana səfər etmiş şəxslərdir. Məlum olduğu kimi, İran Yaxın Şərq regionunda koronaviris pandemiyasının ən çox yayıldığı ölkədir.
Azərbaycanla İran arasında turizm sahəsində çox sıx əlaqələr var. Onlar qonşudurlar. Lakin Bakı xəstəliyinin yayılmağa başladığı ilk günlərdəcə lazımi addımları atıb. Nəticədə koronavirus pandemiyasının ölkədə daha geniş yayılmasının qarşısı alınıb. Azərbaycanın bu işdə ilk vacib addımı məhz İranla sərhədin bağlanması olub. Bu qərar fevralın 29-da İrandan Azərbaycana qayıtmış 2 nəfərdə koronavirusun aşkarlanmasından sonra verilib.
Amma Bakı koronavirus daha çox yayılmağa başlaması ilə başqa vacib və sərt addımlar da atıb. Məsələn, qonşu ölkələrlə quru yolu ilə qarşılıqlı səfərlər dayandırılıb, təhsil müəssisələrində tədris və bununla bağlı olan tədbirlər ilk öncə aprelin 20-nə, daha sonra mayın 4-dək təxirə salınıb. Həmin günlərdə 10 mindən çox azərbaycanlı xarici ölkələrdən vətənə qaytarılıb.
Bu da son deyil. Martın 14-dən ölkədə sosial izolasiya tədbirlərinə başlanıb. Məsələn, toy, yas mərasimləri daxil olmaqla, genişmiqyaslı tədbirlərin keçirilməsi qadağa edilib, kinoteatrlar, muzeylər və s. qapadılıb. Nəhayət, Azərbaycan Respublikasının “Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanununun 25-ci maddəsinə əsasən, ölkədə martın 24-dən mayın 4-dək karantin rejimi elan olunub. Bununla da 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş-çıxış məhdudlaşdırılıb. Bununla yanaşı, ticarət mərkəzlərinin və “Mall”arın, həmçini Bakı metrosunun fəaliyyəti dayandırılıb.
Aprelin 5-dən isə insanları evlərində, mənzillərində qalması üçün karantin rejimi daha da sərtləşdirilib. Yeni qaydalara əsasən, vətəndaşlar evlərini yalnız təxirəsalınmaz tibbi zərurət və hər hansı qrafik üzrə müalicə almaq, həmçinin ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə zərurətilə əlaqədar tərk edə bilər. Bunun üçün isə onlar SMS vasitəsilə icazə almalıdırlar.
Bütün bu tədbirlər koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasında effektli olub. Amma bu, Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərib. Xüsusi karantin rejimi üzündən müxtəlif sahələrdə fəaliyyətin dayandırılması ölkədə biznes sahəsinin, həmçinin iqtisadiyyatın digər sektorlarının inkişafı zəiflədib. Bu isə maliyyə riskləri və işsizliklə bağlı da problemlər yaradıb. Azərbaycan hökuməti işçilərin və şirkətlərin çətin vəziyyətə düşdüyünü, maddi cəhətdən ziyan çəkdiyini nəzərə alaraq, biznes sahəsini, burada çalışan işçiləri, ümumilikdə ölkə iqtisadiyyatını dəstəkləməyə başlayıb. Bir sözlə, hökumət vəziyyətə müdaxilə etməyi vacib sayıb və iqtisadi-sosial tədbirlərə başlayıb.
İlk öncə, koranavirus pandemiyası ilə mübarizə tədbirlərinin koordinasiyası məqsədilə fevralın 27-də Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Martın əvvəllərində isə lazımi tədbirlərin vaxtında keçirilməsi məqsədilə Nazirlər Kabinetinə 10 milyon manat vəsait ayrılıb. Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev martın 19-da imzaladığı fərmanla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıb. Dövlət başçısı 1 illik əməkhaqqı məbləğini bu fonda ianə edib.
Bununla yanaşı, koronavirusla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi və səhiyyə işçilərinə maddi dəstəyin verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna əlavə 20 milyon manat vəsait ayrılıb. Yeri gəlmişkən, müxtəlif nazirliklər, şirkətlər və siravi vətəndaşlar aprelin 16-dək bu fonda 112 milyon 233 min manat (65 milyon dollar) vəsait ianə edib.
Prezident İlham Əliyev koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluğun səviyyəsinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsaitin ayrılması ilə bağlı da sərəncam imzalayıb.
Nazirlər Kabinetinin pandemiyanın sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə qəbul etdiyi Tədbirlər Planına əsasən isə sahibkarlara və onların işçilərinə koronavirus pandemiyasından dəyən zərərin ödənilməsi proqramının icrasına başlanılıb. Bu proqramın reallaşdırılmasına aprelin 8-də start verilib. Proqram 300 min işçi, 42 min işəgötürən və bundan başqa, təxminən 300 min fərdi və ya mikrosahibkarı əhatə edəcək. Dövlət muzdlu işçilərin əməkhaqqının saxlanmasına 215 milyon manat, fərdi sahibkarlara isə 80 milyon manat maliyyə yardımı ayırıb.
Azərbaycan hökuməti biznes sahəsilə yanaşı, vətəndaşların sosial müdafiəsinə də böyük diqqət göstərir. Bu çərçivədə 400 milyon manatlıq paket ayrılıb. Nəticədə 200 min işsiz vətəndaşa (bu rəqəm artıq 600 minə çatıb) aprel, may və iyun aylarında 190 manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək. Bundan başqa, 50 min ictimai iş yeri açılacaq və işçilərə ayda 300 manat məvacib veriləcək. Bu arada, Azərbaycanda yanvar ayına olan orta əməkhaqqı məbləği 712 manatdır. Daha aşağı əməkhaqqı alan hər bir işçinin məvacibi dövlət tərəfindən tam həcmdə müəssisəyə ödənəcək.
Bu da son deyil. Aprel-may ayları üçün əhali üçün nəzərdə tutulmuş elektrik enerjisinin limiti 100 kilovat-saat artırılıb. Aztəminatlı ailələrin üzvü olan tələbələrin təhsilhaqqının ödənilməsi üçün isə 40 milyon manat ayrılacaq. Həyati vacib sərnişindaşıma sahəsinə maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat nəzərdə tutulub. Bununla yanaşı, İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq və bu, 20 min nəfəri əhatə edəcək.
Yeri gəlmişkən, Azərbaycan hökuməti koronavirus pandemiyasından zərər çəkmiş sahibkarların cari kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı da hazırlayıb. Proqramın ümumi məbləği 1,5 milyard manatdır. Bu proqrama əsasən, yeni ayrılmış 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Kreditlərin maksimal faiz dərəcəsi 15%-dən yuxarı olmamalı, kreditlərin müddəti 3 ilədək olmalıdır. Zəmanətli kreditlər üzrə faizlərin yarısı dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Bundan başqa, proqrama əsasən, hökumət dövlət zəmanəti olmayan 1 milyard manat məbləğində biznes kreditini subsidiyalaşdırmağı planlaşdırır. Mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10%-nin subsidiyalaşdırılması nəzərdə tutulur.
Qeyd olunan tədbirlər nəticəsində müəssisələrə güzəştli kreditlər veriləcək və bank sektorunun sabitliyi qorunacaq. Dövlət dəstəyi olmazsa, bank sektoru gəlirlərini itirmək riski ilə üzləşə bilər.
Azərbaycan hökumətinin dəstək proqramı çərçivəsində sahibkarlara vergi güzəştləri və ya vergi tətilləri verilməsi də nəzərdə tutulur. Proqrama əsasən, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli, bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad olunacağı, eləcə də həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad ediləcəyi gözlənilir. Epidemiyanın qarşısının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərə görə ƏDV-nin sıfır dərəcə ilə tutulması da görüləcək tədbirlər sırasındadır.
Bəyannamələr üzrə güzəştlərdə isə 2019-cu ilin nəticələrinə görə mənfəət vergisinin ödəniş müddətinin uzadılması, kiçik müəssisələrə vergi güzəştlərinin tanınması, vergi hesabatlarının verilməsi, o cümlədən vergilərin ödənilməsi müddətinin uzadılması kimi məsələlər əksini tapıb.
Bir sözlə, belə iqtisadi və sosial proqramlar nəticəsində Azərbaycan koronavirus pandemiyasının yaratdığı iqtisadi problemlərin aradan qaldırılmasına ən çox vəsait ayıran ölkələr sırasındadır. Ayrılmış vəsaitin ümumdaxili məhsuldakı payı nəzərə alındıqda, Azərbaycan postsovet məkanında liderdir. İqtisadi inkişafın, biznesin və sosial xərclərin dəstəklənməsi üçün büdcədən 3 milyard manat vəsait ayrılıb. Bu, büdcənin 12%-ni, ümumdaxili məhsulunun isə 3,5%-ni təşkil edir.
Hər halda, həm pandemiya dövründə iqtisadiyyatın dəstəklənməsi, həm də postpandemiya dövrü üçün əlverişli iqtisadi şəraitin yaradılması vacibdir. Həyata keçirilən proqramlar və büdcədən böyük miqdarda maliyyə yardımının ayrılması isə iqtisadiyyatın uzunmüddətli perspektivdə sabit inkişafına yardım göstərəcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar