Xəbər lenti
Dünən, 19:25

 
Ötən gün İranın Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmaninin süni qiymət artımı yaratmaq ittihamı ilə işdən uzaqlaşdırıldığı barədə məlumat vermişdik. Bu gün isə nazir barədə irəli sürülən ittihamın bəhanədən ibarət olduğu ortaya çıxıb. Sən demə, onun işdən uzaqlaşdırılmasının əsl səbəbi İranda son zamanlar getdikcə vüsət alan milli ayrıseçkilik imiş.
 
Ovqat.com-un məlumatına görə, bunu sabiq nazir özü iddia edib.


 
Bildirilir ki, Rəhmani prezident Həsən Ruhaniyə yazdığı açıq məktubda Prezident Aparatının rəhbəri Mahmud Vaezinin təzyiqinə boyun əymədiyi üçün haqqında yanlış qənaət yaradılaraq işdən uzaqlaşdırıldığını iddia edib.


 
Qeyd edək ki, İranın “boz kardinalı” olan Mahmud Vaezi artıq neçə gündür Azərbaycan ictimaiyyəti tərəfindən də yaxından tanınır. Bu həmin Mahmud Vaezidir ki, 4 il bundan qabaq Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə bərabər məşhur “Xudafərin” sazişinə imza atmış və indi ölkəmizdə durmadan davam edən siyasi diskusiyaların əsasını qoymuşdu. 


Şəkildə: Bədən dili hər şeyi deyir
 
Mahmud Vaezi 4 il bundan qabaq bizim qabağımıza İranın rabitə və informasiya texnologiyaları naziri kimi çıxmışdı. Belə görünür ki, mübahisəli sazişi bizimkilərə imzaladandan sonra Tehran tərəfindən mükafatlandırılaraq Prezident Administrasiyasının rəhbəri vəzifəsinə gətirilib. 
 
Dərd burasındadır ki, o, İranın siyasi hakimiyyətinin “boz kardinalı” vəzifəsinə təyin olunduqdan sonra anti-Azərbaycan fəaliyyətindən nəinki geri qalmayıb, əksinə, hazırda zavallı güney qardaşlarımıza ilişir. Yəqin, Azərbaycan türkünə ilişməyin İranda yaxşı vəzifələr vəd etdiyini öz həyat təcrübəsində görən Vaezi bu xislətini yüksəliş karyerasının əsas fəlsəfəsinə çevirib. Hər halda Cənubi Azərbaycanın Mərənd vilayətindən olan sabiq nazir Rza Rəhmaninin prezidentə yazdığı açıq məktubundan belə anlaşılır.


 
Günaz.TV-nin İran mətbuatına istinadən verdiyi məlumata görə, Vaezi eks-nazir ilə əlaqə saxlayaraq hökumət tərəfindən təqdim olunan Ticarət Nazirliyinin təsis layihəsinin İran parlamentində təsdiqlənməsi üçün ondan kömək etməsini istəyib. Əks təqdirdə nazirin vəzifəsindən kənarlaşdırılacağını deyib. 
 
Bəs, sabiq nazirdən gözlənilən kömək nədən ibarət imiş?
 
Rəhmaninin məktubda yazdığına inansaq, Vaezi keçmiş nazirdən bu məsələ ilə bağlı parlamentin azərbaycanlı deputatları arasında lobbiçilik etməsini istəyib. Eks-nazir isə “boz kardinal”a parlamentin onun nəzarətində olmadığını xatırladıb.


 
Maraqlıdır ki, həmin layihə 10 may tarixində parlament tərəfindən rədd edilib. Mayın 11-də isə Rza Rəhmani həqiqətən də Həsən Ruhaninin əmri ilə vəzifəsindən uzaqlaşdırılıb.
 
Məsələyə münasibət bildirən İranın Prezident Aparatının mətbuat xidməti Rəhmaniyə təzyiq göstərilməsini guya təkzib etsə də, ağzından bəzi mətləbləri də qaçırıb. Mətbuat xidmətinin məlumatında Rəhmaninin üç yaxınının parlamentdə və mediada hökumətə qarşı fəaliyyət göstərdikləri, eks-nazirdən buna mane olmasının tələb edildiyi iddia olunub. Dolayısıyla Rəhmaninin “boz kardinal”la ixtilafının olduğu etiraf edilib.


 
Xəbərdə həmin şəxslərin adı çəkilməsə də “lazım olduğu təqdirdə” onların kim olduqlarının açıqlanacağı da vurğulanıb.
 
Bu məlumatlardan da aydınlaşır ki, Azərbaycanla guya dostluq və əməkdaşlığın təcəssümü kimi təqdim edilən “Xudafərin” sazişinin müəllifi heç də bizə vurğun birisi deyilmiş. Əksinə, əlinə fürsət düşən kimi, İrandakı azərbaycanlı məmurların ayağının altını qazmaq üçün hər cür fitnələri ağlına gətirirmiş.




Ana səhifəyə qayıt        Baxış: 5 633          Tarix: 12-05-2020, 22:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma