Xəbər lenti

 
 
Fransa Özbəkistanın keçmiş lideri İslam Kərimovun qızı Gülnarə Kərimovanın 10 milyon dollar dəyərində mülkiyyətini Özbəkistana qaytarıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı Özbəkistan Ədliyyə Nazirliyi yayıb.


 
Məlumata görə, Fransa rəsmi Daşkəndin korrupsiya yolu ilə əldə olunduğunu sübuta yetirib geri qaytarılmasını tələb etdiyi həmin vəsaiti Özbəkistan xəzinəsinə yatırıb. 
 
Ötən il isə İsveçrə hökuməti Kərimovanın bank hesabında saxlanılan 130 milyon dolları Özbəkistana geri qaytarmışdı.


 
Özbəkistan hüquq-mühafizə orqanları Gülnarə Kərimovanın bank hesablarındakı ümumilikdə 1.3 milyard dollar miqdarında vəsaitin korrupsiya yolu ilə əldə olunduğunu iddia edir və onların geri qaytarılmasına çalışır. 


 
Maraqlıdır ki, bir vaxtlar İslam Kərimovun ən sevimli övladı olan Gülnarənin qələmi hələ atası sağkən qırılmışdı. Gülnarənin özbək xalqını təəccübləndirən açıq-saçıq fotolar paylaşması ilə başlayan gözdəndüşmə prosesi öz atasının hakimiyyəti dövründə ev həbsinə atınması ilə nəticələnmişdi. Ərköyün qızın bu qərara qarşı “azadlıqsevər üsyanı”evdəqalma tələbinə əməl etməməsi özbək milli təhlükəsizlik orqanlarının sərt müdaxiləsinə yol açmışdı. Özünün iddiasına görə, özbək DTX-sı şahzadəni təhqiramiz formada və zorakılıqla sakitləşdirə bilmişdi.

 



Bir çoxları Gülnarənin öz atasının qəzəbinə gəlməsini ailədaxili çəkişmələrin təbii nəticəsi kimi  də qiymətləndirirdilər. İddialara görə, İslam Kərimovun ikinci arvaddan olan uşaqları ögey bacılarının “ən sevimli qız” olmasını həzm edə bilmir və onun ayağının altını qazmaq üçün fürsət axtarırdılar. Gülnarə isə prezident və özbək qızına yaraşmayan paylaşımları ilə bu fürsəti doğma rəqiblərinə vermişdi. Onlar da İslam Kərimovdan “pulun qudurtduğu” bacılarının cəzalandırılmasını istəyirdilər və qısa zamanda buna nail də ola bilmişdilər.




Şəkildə: Lola Kərimova

 
Gülnarənin əsl “qara günləri” isə İslam Kərimovun ölümündən sonra başlayacaqdı. 2016-cı ilin  avqustun 27-də İ.Kərimovun vəziyyəti qəfildən pisləcək və o, xəstəxanaya yerləşdiriləcəkdi. Prezidentin səhhəti ilə bağlı məlumatları isə digər arvaddan olan Lola Kərimova özbək xalqına çatdıracaqdı. Lola Kərimova həmin vaxt atasının beyin qanaması keçirdiyini bildirmişdi. Bu həm də ata Kərimovdan sonra taxtın kimə keçəcəyinin elanı idi.  Baxmayaraq ki, Kərimovdan sonra Özbəkistanda hakimiyyətə ayrı soyad daşıyan biri - Şavkat Mirziyayev gələcəkdi.


 
2016-cı ilin 2 sentyabr tarixində bütün səylərə baxmayaraq, vəziyyəti yaxşılaşmayan İslam Kərimov vəfat etmiş və özbək patriarxının ili çıxmamış Gülnarənin məhkəmə prosesi başlamışdı. Özbək şahzadəsi həmin məhkəmədə korrupsiya, çirkli pulların yuyulması və sənəd saxtakarlığı kimi cinayətlərdə ittiham edilmiş və məsuliyyətə cəlb olunmuşdu. Məhkəmə prosesi zamanı Kərimovanın qeyri-qanuni yolla əldə etdiyi 1,3 milyard dollarlıq sərvətini xaricdə çıxardığı müəyyənləşdirilmişdi. Beləcə, həmin sərvətlərin geri qaytarılması prosesinə start verilmişdi.


 
Gülnarə Kərimova 2017-ci ildə başa çatan məhkəmədə korrupsiyada ittiham olunaraq 10 il azadlıqdan məhrum edilsə də, sonradan özbək ədalət sistemi “humanizm” göstərərək onun bu cəzasını 5 il ev dustaqlığına çevirmişdi. Keçən il ev dustaqlığı qaydalarını pozduğuna görə o, yenidən dəmir barmaqlıqlar arxasına göndərilmiş, iki ay əvvəl isə cəzası 13 ilə qaldırılmışdı. 
 
Həbsdə yatdığı bu müddət ərzində Kərimova “ağıllanmış”, özbək xalqına müraciət edərək üzr istəmiş, 1 milyard avrodan çox sərvətini geri qaytardığını bəyan etmişdi. Amma belə görünür ki, özbək ədaləti Kərimovanın azadlığını daha qiymətli hesab etdiyindən 1 milyard avroyla razılaşmaq istəmir. Keşmiş prezidentin qızının bu azadlığı neçəyə satın ala biləcəyi isə bəlli deyil. 


 
Gülnarə Kərimovanın bütün sərvətinin geri qaytarılması isə belə görünür ki, Özbəkistan hüquq mühafizə orqanları üçün asan başa gəlməyəcək. Çünki Kərimova da ingilis ağlına üstünlük verir və bütün yumurtaları eyni səbətə yığacaq qədər sadəlövh deyil. Şahzadənin qanunsuz yolla əldə etdiyi sərvətlərini  12 ölkəyə yatırdığı iddia olunur. Özbəkistan isə yalınız iki ölkədən istədiyini geri qaytara bilib. Onun da hamısını yox.


 
Qısası, bizim bir çox məmurlarımız kimi Kərimovanın da xalqından oğurladığı sərvətlərini yad ölkələrin iqtisadiyyatını çiçəkləndirdiyi halda, özü öz ölkəsinin həbsxanalarında ömür çürütməyə məhkumdur. Bu da sizə “çoxbilmişliyin” axırı.


Ana səhifəyə qayıt        Baxış: 6 303          Tarix: 16-05-2020, 09:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma