Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Almaniyanın Dövlət Enerji Tənzimləmə Qurumu (Bundesnetzagentur) Rusiyanın qaz strategiyasını gözündə qoyacaq qərara imza atıb.
Ovqat.com xəbər verir ki, Bundesnetzagentur “Qazprom”-un “Şimal axını-2” layihəsində payının 50 faizdən yuxarı olmasının Avropa İttifaqının qanunvericiliyini pozduğunu bəyan edib və Rusiyaya özünə ortaq tapmasını mələhət bilib.
Neft qiymətlərinin ucuzlaşmasından sonra bütün ümidlərini qaza dikən Rusiya üçün bu, əsl soyuq duş effekti deməkdir.
Məsələ burasındadır ki, Avropa İttifaqının 23 may 2019-cu ildə qüvvəyə minən “Enerji Tənzimləməsi” qanununa görə, enerji mənbələrinin istehsalı və satışı eyni əldə cəmləşə bilməz. Bu, həyati əhəmiyyət daşıyan enerji mənbələri üzərində inhisarçılığa yol açdığı üçün dövlətləri və Avropa İttifaqını hasilatçı tərəfdən asılı vəziyyətə salar. “Qazprom” isə “Bundesnetzagentur”-un bu qərarıyla razılaşmır. Şirkətin fikrincə, Engie (Fransa), OMV (Avstriya), Shell (Hollandiya / İngiltərə) və Uniper və Wintershall (Almaniya) şirkətləri ilə bağlanan müqaviləyə Enerji Tənzimləməsi” qanunundan əvvəl imza atılıb. Qanunun isə geriyə işləmə yolu yoxdur və bu akt “Qazprom”-un fəaliyyətini məhdudlaşdıra bilməz.
“Bundesnetzagentur” isə fərqli düşüncədədir. Almaniyanın dövlət enerji tənzimləçisinin fikrincə, qanun “Şimal axını-2” layihəsinin çəkilişi başa çatmamış qəbul edildiyi üçün “Şimal axını-2”-yə şamil olunmalıdır.
Qeyd edək ki, “Şimal axını-2” layihəsi “Şimal axını-1”-ə paralel olaraq Rusiyadan Baltik dənizini keçərək Almaniyaya çəkilir və 55 milyard kubmetr həcminə malikdir. Rusiyanın məqsədi bu iki qaz kəməri vasitəsilə Qərbi Avropaya ildə 110 milyard kubmetr qaz satmaqdır. Bundan əvvəl çəkilən “Şimal axını-1” layihəsində səhmlərin 51% Rusiyaya məxsus idisə, “Şimal axını-2” qaz kəmərində payın 100%-i “Qazprom”-a aiddir. Yəni “Şimal axını-2” başdan ayağacan rus projesidir.
Elə problem də hər iki qaz kəmərində Rusiyanın həlledici gücə malik olmasıdır. İstər 2006-cı, istər 2009-cu, istərsə də ən son 2013-cü illərdə Mokskva ilə Kiyev arasında yaşanan problemlər zamanı “Qazprom”-un Ukraynadan Avropaya nəql olunan təbii qazı kəsməsi Kremlin bu kəmərlərə təkcə iqtisadi gəlir mənbəyi kimi baxmadığını, lazım gələrsə ondan siyasi alət kimi istifadə edə biləcəyini göstərdi. Dolayısıyla Avropa dövlətlərinin rus qazından asılılığını aradan qaldırmaq zərurəti ortaya çıxdı. Əks halda Moskva “öz cızığından” çıxan Avropa ölkələrini qışın oğlan çağında soyuqdan öldürmək gücünə malik idi və əslində bu potensial təhlükə indi də mövcuddur. Ən azı ona görə ki, Avropanın illik qaz tələbatı hardasa 500 milyard kubmetrdir. Rusiya isə müxtəlif kəmərləriylə bu qitəyə ildə 200 milyard kubmetr təbii qaz satır. Deməli hardasa Avropanın qazla təchizatının 40%-i Rusiyanın inhisarındadır. Bunun 55 milyard kubmetri Almaniya (Şimal axını-1), 44 milyard kubmetri Belarusiya, 5 milyard kubmetri Finlandiya üzərindən nəql olunurdur. Ukraynadan isə ildə 85 milyard kubmetr qaz nəql edilsə də, bu kəmərin tutumu nəqli 140 milyard kubmetrə qədər artırmağa imkan verir.
Ukraynanın rus çətiri altından çıxmasından sonra Rusiya bu ölkədən keçən və özünün ən böyük kəməri sayılan xətlə nəql edilən təbii qazı müxtəlif istiqamətlərdə bölməyə çalışır. “Şimal axını-2” və “Türk axını” da məhz bu məqsədlə çəkilir. Rusiya ilə Ukrayna arasında yenilənən qaz müqavilələrində də Moskvanın əsl niyyətini görmək mümkündür. Ötən ilin sonlarında "Qazprom" prezidenti Aleksey Millerlə Rusiya və Ukrayna rəsmiləri arasında Avstriyanın paytaxtı Vyanada 5 gün davam edən danışıqlardan sonra yenilənmiş Tranzit sazişində Moskvanın bu xəttlə 5 il müddətində cəmi 225 milyard kubmetr qaz nəql etməsi nəzərdə tutulur. Sazişə əsasən, Ukrayna üzərindən 2020-ci ildə 65 milyard kubmetr, 2021-ci ildən-2024-cü ilə qədər isə ildə 40 milyard kubmetr qaz nəql olunacaq. Bu isə Ukraynanın ildə 3 milyard dollar tranzit pulundan məhrum olması mənasına gəlir. 2024-cü ildən sonra isə bu xətt üzrə qaz nəqlinə ümumiyyətlə son qoyula bilər.
Sözsüz ki, Avropaya inteqrasiya xətrinə böyük bədəllər ödəyən, Krım, Şərqi Ukrayna kimi torpaqlarını itirən rəsmi Kiyev üçün bir də ildə 3 milyard dollarından vaz keçmək anlamına gələn “Şimal axını-2” layihəsi dost xəyanətindən başqa bir şey deyil. Ukrayna xətti həm də Polşadan keçdiyi üçün Varşava da məsələyə eyni gözlə baxır.
Üstəlik, Rusiya ilə Almaniyanın Avropanı qaz inhisarına almaq məsələsində ortaq məxrəcə gəlməsi Varşava üçün daha ciddi bir təhlükədən xəbər verir. Polşa hökuməti dəfələrlə dilə gətirdikləri etirazlarında “Şimal axını-2” layihəsi ilə əlaqədar bağlanmış müqaviləni II Dünya müharibəsi ərəfəsində Almaniya ilə Rusiya arasında imzalanmış Molotov-Ribbentrop Paktına bənzədib. Digər adı SSRİ-Almaniya arasında Qeyri-Təcavüzkarlıq Paktı olan bu sənəddə Polşanın iki dövlət arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Başqa sözlə desək, Almaniya ilə Rusiyanın qaz təchizatı üzərində anlaşmalarını Varşava öz suverenliyinə təhdid kimi görür və bu məsələdə haqsız da deyil.
Məsələ burasındadır ki, “Şimal axını-2” layihəsi baş tutarsa, Avropa qitəsinin ümumi qaz təchizatının 20%-nə nəzarət həm də Almaniyanın əlinə keçə bilər. Həmin boru xəttindən isə əsasən Mərkəzi, Şərqi Avropa və Baltikyanı ölkələr qaz alırlar. Ümumiyyətlə, bu ölkələr 60% rus qazından asılı vəziyyətdədirlər. Bu asılılıqdan qurtulmasalar, Moskva istənilən an həmin ölkələrdə enerji böhranı yaradıb onları yenidən öz orbitinə daxil edə bilər. Almaniya da elə bu gücə ortaq olmaq üçün “Şimal axını” layihələrinə əhəmiyyət verir. Dolayısıyla Varşavanın ehtiyat etdiyi versiya həqiqətən də ortaya çıxır.
Almaniyanın Şərqi Avropa və Baltik ölkələri üzərində öz hegemonluğunu qurmaq üçün Rusiya ilə sazişçiliyə getməsinin digər səbəbləri də var. Burada təkcə enerji təhlükəsizliyindən söhbət getmir. Almaniya bu məsələdə Rusiya ilə razılığa getməsə, Avropanın qaz tələbatını ödəmək üçün alternativ enerji mənbəyi tapmalıdır. Əsas alternativ isə ABŞ-ın LNG qazıdır. Maye qaz olan LNG-nin istehsalı və Avropaya daşınması Rusiyanın təbii qazından 30% baha qiymətə başa gəlir. Bu isə ciddi fərqdir və Almaniyanın iqtisadi maraqlarına cavab vermir.
Məsələ bununla tamamlansaydı, dərd yarı idi. Ən ciddi problem isə ABŞ-ın Avropa bazarını Polşa vasitəsilə inhisara almaq istəməsidir. Bu isə yaxın gələcəkdə Almaniyanın polyak boyunduruğu altına girməsinə qədər vara bilər.
ABŞ şirkətləri artıq Polşa ilə bu barədə müqavilələr bağlayıblar və bu ölkədə qaz terminalları inşa edirlər. Plana əsasən, ABŞ-da istehsal olunan LNG qazı Polşadakı terminallara daşınacaq və ordan Baltikyanı ölkələrə, Mərkəzi və Şərqi Avropaya nəql ediləcək. Məlumata görə, Ukraynaya nəql üçün nəzərdə tutulan ilk ABŞ LNG tankeri ötən ilin noyabrın ortalarında Polşanın Swinoujscie LNG terminalına öz yükünü boşaldıb. Həmin yükün Ukraynaya çatdırılıb-çatdırılmadığına dair hər hansı məlumat verilmir.
ABŞ-ın məqsədi təkcə Ukrayna və Baltik ölkələrini rus orbitindən uzaqlaşdırmaqla da yekunlaşmır. Eyni şəkildə Belarus, Qara dəniz və Xəzərətrafı ölkələr də bu planın tərkib hissəsinə daxildir. Ötən günkü yazımızda da qeyd etdiyimiz kimi, artıq Belarus XİN Rusiyanın orbitindən rəsmən ayrıldığını bildirən bəyanat yayımlamış, bundan sonra ona lazım olan enerjini ABŞ-dan alacağını vurğulamışdır. ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeonunun bu ilin fevralında Minskdə səsləndirdiyi “Sadəcə bizə müraciət etmək yetər” mesajının da təkcə Belarusa deyil, regionun digər ölkələrinə ünvanlandığı ortadadır.
İddialara görə, ABŞ strateqlərinin Xəzərin şimalına qədər yayılmaq arzusu ingilis coğrafiyaşünas Halford Makkinderin "Tarixin tarixi məhvəri" (Pivotal of History) nəzəriyyəsindən ilham alır. Halford Makkinderin fikrincə, dünyanın ürəyi Atlantik okeani ilə Sakit okeanın sahiləri arasında qalan coğrafiyanın tam ortasında yerləşir və oraya hakim olan dünyanın yenilməz super gücünə çevriləcək. Bu ərazi isə Xəzərətrafına düşür və Qara dənizə qədər uzanır.
Son zamanlar Rusiyanın başında oynanan oyunların məhz bu geostrateji hədəflərdən qaynaqlanıb-qaynaqlanmadığını demək, sözsüz ki, bizim iradəmiz xaricindədir. Fəqət son vaxtlar neft qiymətlərinin ucuzlaşması ilə Rusiyada başlayan iqtisadi böhranın ən çox Şimali Qafqaz və Qara dəniz sahillərində öz təsirini göstərməsi, xüsusilə Çeçenistanda və Şimali Osetiyada müstəqillik çağırışlarının artması istər-istəməz bu nəzəriyyənin həyata keçirildiyinə inananların sayını artırır.
Sual oluna bilər: Bir halda ki ABŞ-ın “dünyanın ürəyinə girmək” layihəsi Rusiya qədər Almaniyanın da geostrateji və iqtisadi hədəflərinin əleyhinədir, o zaman Bundesnetzagentur niyə “Şimal axını-2” layihəsi barədə məlum qərara imza atıb?
Zənnimizcə, bunun bir neçə səbəbi var. Bunlardan biri həmin layihədə iştirak edən şirkətlərin ABŞ-ın sərt sanksiyalarına məruz qalmasıdır. Belə ki, ötən ilin dekabr ayında ABŞ Senatı “Şimal axını-2” və “Türk axını” layihələrində iştirak edən şirkətlərə ağır sanksiyalar tətbiq olunması barədə qərar vermiş, bu da layihənin podratçılarını xeyli təşvişə salmışdı.
Sirr deyil ki, dünyanın bütün finans sistemləri ABŞ-ın əlində olduğundan tətbiq olunan həmin şirkətləri çətin vəziyyətə sala bilərdi. Məhz bu qərardan sonra layihəni inşa edən İsveçrə podratçısı Allseas tikintini dayandırmağa məcbur olmuşdu. Halbuki, kəmərin 93%-i artıq başa çatmışdı. Görünür, Almaniyanın layihədə iştirak edən 2 şirkəti – “Uniper” və “Wintershall” da iqtisadi maraqlarını siyasi didişmələrə qurban verməmək üçün bu sanksiya qərarından sonra “Şimal axını-2”-yə soyuq yanaşdıqlarından Bundesnetzagentur da üzüsulu şəkildə bu layihəyə arxa çevirmək məcburiyyətində qalıb.
Digər önəmli səbəb isə Almaniyanın Şərqi Avropa ölkələrinin həyati məsələsi olan bir projedə iştirakının ölkə və ittifaq ictimaiyyəti arasında da birmənalı qarşılanmamasıdır. Təsadüfi deyil ki, Avropa Parlamenti də ötən il mart ayında üzv ölkələrini "Şimal Axın 2" qaz boru kəməri layihəsini dayandırmağa çağırmışdı. Layihədə isə Almaniya ilə yanaşı Fransa, İngiltərə, Avstriya və Hollanda şirkətləri də iştirak edirdilər. Həmin dövlətlər isə bu çağırışa müsbət reaksiya vermişdilər. Belə vəziyyətdə Almaniyanın təkbaşına Rusiya ilə sövdələşməsi onu üzv olduğu ittifaqda diligödək edirdi.
Görünən budur ki, bütün amilləri nəzərə alan Almaniya rus müttəfiqlərinə nəzakətli şəkildə “yox” deməyə məcbur olub.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar