Xəbər lenti
Bu gün, 19:25

 

Başda Səudiyyə Ərəbistanı olmaqla, bir çox ərəb ölkələrinin az qala müharibə elan etdikləri Qətər haqqında irəli sürdükləri ittihamlar ilk gündən mübahisə doğururdu.

Əvvəla, Qətər, terrorizmi dəstəkləməkdə ittiham olunurdu ki,buna dəlil olaraq göstərilən “Müsəlman qardaşları” və HƏMAS təşkilatları indiyə qədər terror aksiyalarından çox, siyasi hədəf və fəaliyyətlərilə diqqəti cəlb etmişdi. Üstəlik, İŞİD, əl-Qaidə və digər vəhhabi ideologiyalı təşkilatların qurulmasında başlıca rol oynayan Səudiyyə Ərəbistanının başqasını terrora dəstək verməkdə günahlandırması xeyli gülməli görünürdü.

İkincisi, Qətər İranla isti münasibətlər qurmaqda ittiham olunurdu ki, bu suçlamaların yer aldığı bəyanata Birləşmiş Ərəb Əmirliklərinin də imza atması təəccüb doğurmaya bilməzdi. Nədən ki, körfəz ölkələri arasında İranla istər iqtisadi, istərsə də siyasi cəhətdən ən yaxın əlaqələri olan ərəb dövləti Qətər yox, BƏƏ idi. Qətər otən il "altılıq"ların İrana qarşı embarqoları ləğv etməsindən sonra bu ölkənin qaz ehtiyatının birgə istismarı üçün qolunu çırmalamağa başlamışdısa, əhalisinin böyük qismi şiə olan BƏƏ-nin İranla iqtisadi münasibətləri əvvəldən var idi.

Statistik məlumatlara görə, bu əlaqələr heç kiçimsəyəcək səviyyədə də deyildi. Azərbaycan qədər əhalisi olan BƏƏ-nin İranla ticari əlaqələri Azərbaycanın illik dövlət büdcəsindən belə, xeyli çoxdur-ən azı, 20 milyard dollar. Odur ki, İranla iqtisadi münasibətlər, əlaqələri kəsmək üçün əsas idisə, ilk növbədə BƏƏ-nin özünə qarşı sanksiyalar tətbiq olunmalıydı.

 

Digər tərəfdən, indiyə qədər İranın Yəmənə yayıla bilməsində, husilərə dəstək verməsində başlıca rol aynayan ölkənin də BƏƏ olduğu bildirilirdi. Təxmin edilirdi ki, husilərdən əvvəl Yəməndə ifratgörüşlü vəhabi ünsürlərinin, xüsusilə əl-Qaidənin güclü olması ilk növbədə Səudiyyə Ərəbistanını və digər körfəz ölkələrini təhdid altında saxladığından əslində BƏƏ-nin bu təşəbbüsünə rəsmi Riyad da göz yummuşdu. Məqsəd isə kralliyyət ənənələrini qəbul etməyən əl-Qaidəçiləri düşmən əliylə məhv etmək idi.

Məsələlərə bu aspektdən baxanda, Qətər haqqında irəli sürülən ittihamların əslində bəhanədən başqa bir şey olmadığı ortaya çıxır. Bəs, böhranın əsl səbəbi nə idi?

Sözsüz ki, Qətəra qarşı sanksiyalara imza atan bütün tərəflərin bu böhranda öz maraqları vardı. Kimisi Qətəri “ərəb baharı”nda yenilikçi qüvvələri dəstəklədiyinə, kimisi isə körfəzdə öz maraq dairələrinə göz dikdiyinə görə cəzalandırmışdı. Amma bütün bu ölkələri öz məqsədləri istiqamətində addım atmağa cəsarətləndirən bir qüvvə var idi-ABŞ. ABŞ-ın razılığı olmasaydı, nə Misir diktatoru Sisi bu bəyanata imza ata, nə Səudiyyə Ərəbistanı ərəbləri başına toplayıb Qətərə barmaq silkələyə, nə də BƏƏ İranla isti münasibətlərini soyuqlaşdıra bilərdi. Deməli, Qətər böhranının ən əsas səbəbi Yaxın Şərqdə deyil, okeanın o tayında axtarılmalıdır.

Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp da Qətərə qarşı kampaniyada birbaşa yer almış, körfəz ölkələrinin bu bəyanatını açıq şəkildə dəstəkləmiş, Dohanı terrorizmə dəstək verməkdə günahlandırmışdı. Üstəlik, sözügedən böhran məhz Trampın Səudiyyə Ərəbistanına səfərindən sonraya təsadüf etmişdi. Həmin səfər isə yeni prezidentin ilk xarici səfəri idi. Bu faktın özü belə, səfərin nəticəsi kimi ortaya çıxan Qətər böhranına verilən önəmi göstərir.

 

Elədirsə, bəs, ABŞ-in Qətər böhranında marağı nə idi?

Ötən gün ABŞ-dan gələn bir xəbər Vaşinqtonun maraqlarından birinə işıq tutur.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata əsasən, Qətər ABŞ-la 12 milyard dollarlıq F-15 təyyarələri almaq barədə müqailə imzalayıb. Qətər Müdafiə Nazirliyindən ölkənin rəsmi xəbər agentliyi QNA-ya verilən açıqlama da bu faktı təsdiqləyib. Məlumatda bildirilir ki, Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyə dünən Vaşinqtonda ABŞ müdafiə naziri Cim Mattislə bir araya gəlib və tərəflər çox önəmli müqavilə imzalayıblar. Müqavilədə nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi nəticəsində ABŞ-ın 42 əyalətində 60 min adamın işlə təmin olunacağı da etiraf olunub.

Pentaqon isə bu müqavilə ilə bağlı şərhində əldə olunan razılaşmanın bölgəyə gətirəcəyi stabillikdən bəhs edərək bildirib:

"Müqavilə bölgə və ətrafında sülh və sabitliyi dəstəkləyəcək, ekstremizmə qarşı strateji əməkdaşlığı təmin edəcək.

O, həmçinin Qətərin müdafiəsinə böyük qabiliyyət verəcək və ABŞ ilə Qətər arasındakı qarşılıqlı təhlükəsizlik istiqamətində əməkdaşılıq imkanlarını artıracaq”.

Dünən Vaşinqtonda tərəflər arasında imzalanan hərbi müqavilə iki dövlətin yeganə sülh sazişi də deyil. Ötən il bu ölkələr 24 milyardlıq yenə F-15 tipli hərbi təyyarələr barədə müqavilə imzalamışdılar. Belə görünür ki, Qətər ABŞ-ın F-15 tipli hərbi təyyarələrinin əsas sponsoruna çevrilir.

Sözsüz ki, müdafiə qüdrətinin artırılmasında təkcə hərbi təyyarələrlə də kifayətlənmək olmaz. Müdafiə sisteminin digər sahələri də inkişaf etdirilməli, ölkənin ordusu yaranan böhranlarda çəkindirici güc kimi ortaya çıxmalıdır. İstər Qətərin, istərsə də onun qarşısında olan qüvvələr bunun üçün qarşı-qarşıya gətirilməli, körfəzdə müharibə rüzgarları əsməlidir.

Pentaqonun Qətərlə imzaladığı müqaviləylə bağlı  şərhində də bu niyyət çox aydın görünür. Belə aydın olur ki, neft zəngini krallıqlar bölgəsi Yaxın Şərqdə tökülən qanlar, müsəlmanların qanına susayan məzhəb müharibələri, ABŞ prezidentinin birbaşa iştirakı ilə çıxarılan süni böhranlar, geriqalmışlıq, cəhalət, bir sözlə, bütün mənfiliklər ABŞ-ın silah sənayesinin milyardlarla dollar qazanması, onminlərlə iş yerlərinin açılması üçün imiş.

Xatırladaq ki, Tramp Riyada səfərində Səudiyyə Ərəbistanı ilə bağladığı hədəfi yüzmilyardlarla ölçülən silah və hərbi anlaşmaları şərh edərkən də eyni arqument üzərində dayanmış, ABŞ vətəndaşlarına yüzminlərlə yeni iş yerlərinin açılacağı müjdəsini vermişdi.

Bu mənada ABŞ-ın Qətərlə bağladığı müqaviləni “xoruzun görünən quyruğu” da adlandırmaq olar.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 527          Tarix: 15-06-2017, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma