Xəbər lenti

 
İranın dini lideri Əli Xamneyi bu gün "Qüds günü" ilə əlaqədar etdiyi canlı televiziya çıxışında ilk dəfə olaraq Fələstini Osmanlı imperiyasının torpaqları adlandırıb.
 
 Ovqat.com İran mətbuatına istinadən xəbər verir ki, dini lider çıxışında deyib: “1-ci Dünya Müharibəsində qalib gəlmiş ölkələr Asiyanın Qərbini, yəni Osmanlı hökumətinin Asiya torpaqlarını Paris sülh müqaviləsi əsasında mühüm müharibə qəniməti kimi öz aralarında bölüşdülər".


 
Xamneyi bugünkü çıxışında bəzi ərəb və region ölkələrinin İsraillə əlaqələri normallaşdırmağa çalışmasını da kəskin tənqid edərək, onları "Amerikanın əlaltıları" adlandırıb.
 
 Qeyd edək ki, İranın son zamanlar Azərbaycanla bağlı siyasətində də ciddi ritorika dəyişikliyi hiss olunur. İranın Azərbaycan Səfirliyinin dünən və bu gün yayımladığı mətbuat açıqlamalarında Ayətullah Xamneyinin 1990-cı illərin ortalarında Dağlıq Qarabağla əlaqədar söylədiyi fikirlərə yer verilib. Həmin çıxışlarında dini lider açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib və Ermənistan təcavüzkar tərəf kimi tanınır.


 
Ekspertlərin fikrincə, bu ritorika dəyişikliyi əbəs deyil. Son zamanlar xarici güc mərkəzlərinin həvəsləndirməsiylə Yaxın Şərqdə küncə sıxışdırılan İran regionun aparıcı dövlətləriylə qarşıdurmaya getməkdənsə, islami vəhdət anlayışı ilə hərəkət etməyə daha çox üstünlük verir və bunun daha rasional addım olduğunu düşünür.
 
Üstəlik, İranın Yaxın Şərqdə indiyədək müttəfiqlik etdiyi regional güc mərkəzləri də yaranmış yeni situasiyada Tehranın maraqlarına cavab vermirlər. Daha konkret desək, Suriyada “Bəşər Əsəd dostlarının” əsas lokomotivi kimi çıxış edən Rusiyanın son vaxtlar İrana qarşı mövqeyində ciddi dəyişikliklər hiss olunur. Moskvanın Təl-əvivlə anlaşaraq, İranı regiondan, Bəşər Əsədi isə hakimiyyətdən uzaqlaşdırmağa, qurmağı planlaşdırdığı yeni hökumətlə Suriyaya nəzarət imkanlarını ABŞ-la bölüşdürməyə çalışdığı barədə ciddi informasiyalar dolaşır. Kremlin Yaxın Şərqdə oynanan bu çirkli oyunlar İranı daha fərqli ittifaq arayışlarına getməyə vadar edir. 


 
İranın digər müttəfiqi İraqla da işləri yolunda getmir. İraq hakimiyyətinin və Nəcəf məktəbinə bağlı dini liderlərin öz siyasətlərində ərəbçiliyə meyl göstərmələri azmış kimi, xalqın İrana bağlı qüvvələrə qarşı qızışdırılması açıq-aşkar hiss olunur.  Belə görünür ki, İraq da yaxın zamanlarda İranın orbitindən uzaqlaşa bilər.
 
Belə ağır vəziyyətdə Tehran qarşısında dayanan ən optimal variant isə regionun digər böyük gücü Türkiyə ilə müttəfiqliyin əsasını formalaşdırmaqdır. Nəzərə alsaq ki Yaxın Şərqin iki əsas qeyri-ərəb ölkəsi olan bu iki dövlətin ərəb millətçiliyinin yüksələn xətt üzrə inkişaf etdiyi bölgədə milli maraqları da üst-üstə düşür, Tehranın ritorika dəyişikliyinin əsl səbəbi ortaya çıxır. Hazırkı vəziyyətdə Türkiyə ilə İran arasında ən gözəl körpü isə Azərbaycan üzərindən qurula bilər.


 
Zənnimizcə, Azərbaycan hakimiyyəti də bu fürsəti dəyərləndirməlidir. Ən azı ona görə ki, yeni formatda regional müttəfiqlik və səmimi münasibətlər İrandakı soydaşlarımızın milli hüquqlarının tanınmasına vəsilə ola bilər.




Ana səhifəyə qayıt        Baxış: 3 025          Tarix: 22-05-2020, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma