Xəbər lenti

 
ABŞ Dövlət Katibi Mayk Pompeo, bəyanat verərək 22 may 2020-ci il tarixindən  başlayaraq, Açıq Səmalar Sazişindən (ASA) çəkdiklərini açıqlayıb.
 
Ovqat.com xəbər verir ki, Pompeonun bu gecə yaydığı bəyanatda ABŞ-ın sazişdən hələlik müvəqqəti – 6 aylığına çəkildiyi bildirilir.
 
O da vurğulanır ki, Prezident Donald Tramp özündən əvvəl milli təhlükəsizlik strategiyası çərçivəsində imzalanan bütün müqavilələri gözdən keçirəcək: 


 
"Prezidentin dediyi kimi, ABŞ-ın indiyədək bağladığı müqavilələrə bu günün reallığı nöqteyi-nəzərindən yenidən baxılmalı, milli maraqlara uyğun olub olmadığını qiymətləndirməlidir. Müttəfiqlərimizdən və əsas tərəfdaşlarımızdan gələn məlumatlar və diqqətli qiymətləndirmələrimiz nəticəsində ABŞ-ın Açıq Səma Sazişində tərəf olaraq qalmasının artıq heç bir məna kəsb etmədiyi məlum olub".
 
Bəyanatda 6 aylığına geri çəkilməyin də sirrinə aydınlıq gətirilib: “Rusiya sazişə tam əməl edərsə, qərara yenidən baxıla bilər”.


 
Qeyd edək ki, Tramp hakimiyyətinin çıxdığını elan etdiyi ASA sazişi Rusiya və ABŞ-ın strateji silahların ləğvinə nə dərəcədə əməl edilməsini yoxlamaq üçün imzalanan silahsız müşahidə uçuşlarına dairdir. Bu sənədə görə, həm Rusiya, həm də ABŞ bir-birinin ərazisində silahsız təyyarə uçuşları həyata keçirə və şübhələndikləri yerləri müşahidə edə bilərlər.
 
 
ASA ABŞ-ın Rusiya ilə yürürlüyünü dayandırdığı 3-cü sazişdir. Bundan əvvəl ləğv olunan digər önəmli saziş 1987-ci ildə ABŞ-la Sovet İttifaqı arasında bağlanan, SSRİ-nin dağılmasından sonra isə Rusiyanın öhdəliklərini qəbul etdiyi Ortamənzilli Nüvə Gücü Sazişidir. Tramp bu qərarı verərkən də Rusiyanın həmin sazişin tələblərini pozduğunu əsas gətirmişdi. 


 
Beləliklə, artıq Rusiya ilə ABŞ arasında bağlanmış yeganə hərbi-strateji sənəd qalır – Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilə (New START). Rəsmi Vaşinqton 2018-ci ildə bu sazişin zamanının uzadılmayacağını bəyan etmişdi. 2011-ci ildə 10 illiyinə qüvvəyə minən sazişin müddəti bu il bitir. Belə çıxır ki, Rusiya ilə ABŞ arasında qalıcı sülhü təmin edən bütün müqavilələr də bu il sona çatacaq. Bu isə gələn ildən “soyuq savaş” illərinə yenidən qayıdılcağına işarədir.


Ana səhifəyə qayıt        Baxış: 3 202          Tarix: 23-05-2020, 07:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma