Xəbər lenti


DTX-nın bəzi korrupsioner məmurlara qarşı apardığı mübarizə cəmiyyətimizdə birmənalı qarşılanmır. Böyük əksəriyyət bu əməliyyatları təqdirlə qarşılayır və növbənin öz rayonlarına gəlməsini arzlayırlar.  Bu əməliyyatları gözdən salmağa çalışanlar da var. Xüsusilə bəzi müxalif çevrələr bu əməliyyatların DTX-nın təyinatına aid olmadığı barədə fikir yaratmağa çalışırlar.

Bəs bu iddialar nə dərəcədə doğrudur? 

Ədalət partiyasının sədr müavini Heydər Oğuzla bu suala işıq tutmağa çalışdıq. Partiya yetkilisinin Moderator.az-a müsahibəsini təqdim edirik.



- Heydər bəy, bu iddialarla bağlı nə deyərdiniz? Doğrudanmı DTX bu əməliyyatlarla öz təyinatından kənara çıxır?

- Açığı, bu barədə irəli sürülən bir çox fikirlərlə mən də tanışam. Korrupsiyaya qarşı mübarizəni DTX-nın fəaliyyət dairəsinə daxil etməyənlər olduğu kimi, “Mədəniyyət Nazirliyi hara, DTX əməliyyatı hara” deyib ağız büzənlər də var. Halbuki, istər korrupsiyaya qarşı mübarizə, istərsə də mədəni irsin qorunması, xarici mədəni impozisiya siyasətini durdurmaq 1 nömrəli təhlükəsizlik məsələsidir. 
Əvvəla, gəlin, korrupsiyadan başlayaq. Korrupsiya bir dövləti içəridən gəmirən qurda bənzəyir. O, dövlətin iqtisadi gücünü zəiflədir, maliyyə potensialının xaricə axmasına şərait yaradır, nəticədə ölkəni çökdürür. Bir çox hallarda xarici kəşfiyyat orqanları hədəfə aldıqları ölkəni tam ələ keçirmək üçün korrupsioner məmurların hakimiyyətə gətirilməsində maraqlı olurlar. Onlar vasitəsilə sömürülən ölkənin bütün zənginlikləri xaricə axıdılır. Dolayısıyla, korrupsioner məmur xarici güc mərkəzlərinin və kəşfiyyat orqanlarının istismara məruz qalan ölkədəki xortumlarıdır. Xarici güc mərkəzləri bu xortumlar vasitəsilə talan etdikləri ölkələrin sərvətini daşıyıb qurtardıqdan sonra iri məmurların cinayətlərini ifşa edib öz banklarında saxladıqları kapitalını ələ keçirirlər. ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı barədə dilə gətirdiyi məşhur sözlər bu siyasətin ən lakonik ifadəsidir. Yadınızdadırsa, Tramp prezident seçkiləri dövründə Səudiyyə Ərəbistanını ABŞ-ın sağmal inəyinə bənzətmiş və demişdi: “Nə qədər ki, döşlərindən süd gələcək, əməcəyik. Südü qurtaranda isə kəsib yeyəcəyik”. Liviya lideri Qəddafinin və İraq prezidenti Səddam Hüseynin başına gətirilənlər, Latın Amerikasının müxtəlif ölkələrində baş verən hadisələr eyni siyasətin bütün müstələkələrdə həyata keçirildiyini göstərir. Daha sonra tam iflas etdirilən dövlətlərin bütün şirkətləri və idarələri özəlləşdirməyə çıxarılaraq su qiymətinə alınır. Beləcə dövlətlərin iqtisadi gücü imperialistlər tərəfindən özünküləşdirilir. Ölkələrin yeganə sahiblərinə çevrilən büyük güc mərkəzləri asılı vəziyyətə saldıqları regional dövlətlərdə istədikləri siyasəti həyata keçirə bilirlər 

Son zamanlar Azərbaycanın bəzi məmurlarının qanunsuz sərvətləri barədə ortaya çıxarılan sənədlər bizim də “südümüzün” artıq tükənməkdə olduğundan xəbər verir. Dövlətimizin bu cür çətin vəziyyətdə qaldığı dövrdə bu xortumların kəsilməsi, sözsüz ki, bir nömrəli milli təhlükəsizlik məsələsi olmalıdır.

- Bəzi müxaliflər də hazırda DTX-nın əməliyyatlarını iri məmurların xaricdəki mülkiyyəti barədə informasiyaların yayılması ilə əlaqələndirirlər. Onların fikrincə, həmin pulların geri qaytarılması üçün Azərbaycan hökuməti hərəkətə keçib və adı “pulyuyan maşın” əməliyyatında hallanan məmurların iqtisadi cinayət ittihamı ilə həbsində maraqlıdırlar...

- Mənim anlamadığım bir şey var. Deyək ki, bu iddia düzdür. Burada Azərbaycan hökuməti və ya DTX başqa nə yol tutmalıdır? Xarici güc mərkəzlərinə deməlidir ki, mən korrupsioner məmuru vəzifədə saxlayacağam, siz istəsəniz, o məmurun qanunsuz mülkiyyətini müsadirə edin? Alternativ təklifləri nədir?



- Yəni deyirlər ki, o kompromatlar ortaya çıxmasaydı, mədəniyyət naziri də işdən çıxarılmayacaqdı...

- Məncə, siyasətşünaslıq olmayanlar yox, faktiki baş verənlər üzərində mülahizə yürütməli, araşdırma aparmalıdır. Fakt budur ki, həmin iri məmurların cinayət yoluyla mənimsədikləri ortaya çıxarılıb və Prezident onlardan birini işdən uzaqlaşdırıb. Digərinin fəaliyyəti isə ortaya çıxacaq faktların nəticələrindən asılı olacaq. Əgər Dövlət Sərhəd Xidməti rəisinin əməlində də korrupsiya  aşkarlanarsa, onun da barəsində, yəqin ki, adekvat tədbirlər görüləcək. Zənnimizcə, DTX da məhz həmin şəbəkənin işini və əlaqələrini araşdırır. İndiyədək niyə araşdırılmayıb deyə bilərsiniz. Xarici ofşor hesablarında bir çox məlumatlar gizli tutulur. Cinayət faktı üzə çıxmadan hüquq mühafizə orqanları məlumatları necə araşdıra bilər?

- Maraqlı məqama yaxınlaşdıq. Bir çoxları Mədəniyyət Nazirliyində aparılan əməliyyatları şərh edərkən “Mədəniyyət hara, DTX hara” sualını verirlər. Sizcə, Mədəniyyət Nazirliyini araşdırmaq DTX-nın təyinatına aiddirmi?

- Səhv etmirəmsə, bu fikirləri böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğu İsfəndiyar Vahabzadə  səsləndirmişdi. Mən onun mətbuata verdiyi müsahibəsini dinləyəndə çox təəccübləndim. Ona görə ki, İsfəndiyar Vahabzadə özünün də etiraf etdiyi kimi, QRU-nun sıralarında xidmət göstərib. Bundan əlavə, o, mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. Üstəlik, Bəxtiyar Vahabzadə kimi dərin bir şairin övladıdır və uzun illər müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərib. Mədəniyyət siyasətinin birbaşa milli təhlükəsizlik məsələsi olduğunu bilməməsini nə SSRİ-nin ən önəmli xüsusi xidmət orqanının sabiq əməkdaşı, nə mədəniyyət xadimi, nə də diplomat kimi ondan gözləməzdim. Milli dəyərlərə sadiq şair kimi tanıdığımız bir insanın oğluna bu düşüncələri yaraşdırmaq çətindir. Mən hələ onu demirəm ki, söhbət burada Mədəniyyət Nazirliyində hansı müğənniyə fəxri adın verilməsinin düzgün olub-olmadığını araşdırmaqdan da getmir. Söhbət korrupsiya əməlindən gedir ki, yuxarıda da bəhs etdiyim səbəblərdən, birbaşa milli təhlükəsizliyi hədəfə aldığı üçün DTX-nın fəaliyyət dairəsinə daxildir.

Digər tərəfdən, mədəniyyətin özü belə milli təhlükəsizliyin əsas sahələrindən biridir. Ümumiyyətlə, istənilən dövlətin dəyərlər sistemini iki kateqoriyaya ayrımaq olar. Onlardan biri dəyişən dəyərlər, digəri isə stabil dəyərlərdir. Dəyişən dəyərlərə ordu gücü, iqtisadi potensial, maliyyə imkanları, coğrafiya və dolayısıyla ərazi bütövlüyü, bayraq, pul vahidi və sairələr daxildir. Bu o deməkdir ki, biz vaxtilə dünya ağalığına can atan dövlət olmuşuq. Sonradan iqtisadi və hərbi cəhətdən zəifləmişik və parçalanaraq bugünkü vəziyyətə düşmüşük. Amma sabah yenidən dirçələ və əvvəlki gücümüzü özümüzə qaytara bilərik. Yaxud istənilən dövlətin yenidən işğala məruz qalıb hansısa imperiyanın müstəmləkəsi olmaq ehtimalı da istisna edilmir Necə ki, 170-180 il biz də o taleyi yaşamışıq. Deməli, bütün bu dəyərlər tez-tez dəyişikliyə uğraya bilər. Amma hər bir dövlətin elə dəyərləri var ki, bunların dəyişilməsi mümkün deyil. Məsələn, dünya dağılana qədər Füzuli yaradıcılığı Azərbaycan xalqının mədəni-mənəvi sərvəti olacaq. Eynilə, babalarımızın bizim üçün miras qoyduğu digər bir çox mental dəyərləri qoruya bildiyimiz müddətcə, müstəmləkədə olsaq belə yaşayacağıq və o dəyərlər üzərində yeni dövlət quracağıq. O dəyərlər itəndən sonra millətlər də yox olmağa məhkumdur. Məhz bu səbəbdən onları dəyişilməyən dəyər adlandırırıq. Dəyişilməyən dəyərlərini qoruyan yəhudilər minillər boyu dövlətsiz yaşaya bildi. Amma bu dəyərləri itirmədikləri üçün indiki İsraili qurub dünyanın ən güclü dövlətlərindən birinə çevrildilər. Demək ki, bir millətin qorunması üçün əsas diqqət mental dəyərlərə ayrılmalıdır. Əks halda başqa xalqların içərisində əriyib yox ola bilərsən.



Üstəlik, müharibələr tarixinə baxsaq, iki əsas səbəbin ön plana çıxdığını görə bilərik: İqtisadi və mədəni səbəblər. Dünya yüzillərlə davam edən məzhəb müharibələrinə səhnə olub. Dinlərarası müharibələr isə dünya var olandan bəri davam edir və edəcək. ABŞ-ın ən önəmli strateqlərindən olan Samuel Fillip Hantinqtonun 1990-cı illərdə irəli sürdüyü  bir nəzəriyyə vardı. Strateq deyirdi ki, Soyuq savaş bitdi, bundan sonra baş verəcək bütün müharibələrin əsas bazasında mədəniyyət çarpışması dayanacaq. Hazırda bir çox beynəlxalq münasibətlərdə qarşılaşdığımız problemlərin mədəniyyət fərqliliyindən doğduğunu görürük.  İstər Ermənistanla aramızdakı olan problemlərdə, istərsə Avropa Şurasına tam inteqrasiya ola bilməməyimizdə bu fərqlilik özünü göstərir. Ölkəmizlə əlaqəsi olan bütün dövlətlər bizə öz mədəniyyətini yeritməyə çalışır. Ümumiyyətlə, bütün inteqrasiya proseslərinin başında mədəni impozasiya siyasətinin dayandığı hər kəsə bəllidir. Azərbaycanı bu təhlükələrdən qorumaq üçün yaxşı düşünülmüş və həyata keçirilən mədəniyyət siyasəti, konsepsiyası lazımdır. O başqa məsələdir ki, Azərbaycan Mədəniyyət Nazirliyi bu kimi siyasətlərlə məşğul olmur. Mədəniyyət Nazirliyi özünün vəzifəsini hansısa klubu, mədəniyyət evini və ya tarixi əsəri satıb-talamaqda görüb. Məncə, dövlətləşmə prosesinə biz bu anlayışı dəyişməkdən başlamalıyıq. İndiyə qədərki  fəaliyyətləri ilə Azərbaycanın izini silməyə çalışan mədəni oğrular sərt cəzalanmalıdırlar ki, bu, digərlərinə də dərs olsun. Yenə təkrarlayıram, Azərbaycanın pulunu mənimsəyib öz mülkiyyətinə çevirən hansısa bankir, iqtisadçı və ya SOCAR rəsmisi Azərbaycanın dəyişən dəyərlərinə zərbə vurubsa, Əbulfəs Qarayevin komandası bu torpaqlardan stabil dəyərlərimizi silib. Dolayısıyla şüurlu və ya şüursuz olaraq Azərbaycanı özlərinin tarixi torpağı elan edən ermənilərə işləyiblər. Sizcə, hansı daha çox milli təhlükəsizlik məsələsidir?

- Maraqlı yanaşmadır. Belə çıxır ki, Əbülfəs Qarayevi Azərbaycan mədəniyyətini bu torpaqlar üzərindən silməkdə günahlandırıb cəzalandırıblar...



- Mən bunu iddia edəcək hər hansı informasiyaya sahib deyiləm. Əsl həqiqətlər istintaq prosesi başa çatdıqdan sonra bilinəcək. Sadəcə bəzi şəxslərin tələsiyə düşüb “DTX hara, mədəniyyət hara” iddialarının yanlış olduğunu sübuta yetirmək üçün bunları söyləyirəm. Bəzən bir millətin mədəni sərvətlərinin talanması işğalçılıq və müstəmləkə siyasətinin əsas məqsədlərindən birinə çevrilir. Tarixdən bununla bağlı xeyli sitatlar gətirə bilərəm. Məsələn, heç uzağa getməyək; İŞİD-in Suriyada ələ keçirdiyi Palmira dünyanın ən zəngin mədəni irsinin canlı muzeyi idi. İŞİD işğalından sonra Palmiradakı bütün qədim heykəllər, müxtəlif abidələr küfrün nişanəsi adı altında sökülüb Avropa ölkələrinə daşındı. Bu terrorçu təşkilat Palmira abidələrindən qazandığı pulu heç neftdən, qazdan əldə edə bilməmişdi. Yaxud Talibanın nəzarəti altında olan Əfqanistanda partlatdığı Buda heykəlləri dünya mədəniyyətinin ən qədim izləri idi. Ümumiyyətlə bir milləti manqurtlaşdırmaq siyasəti onun tarixini saxtalaşdırmaqdan başlayır. Millətə mədəniyyətinin yeni olduğuna inandırsan, ondan istənilən toplum düzəldə bilərsən. Fərqli mədəniyyətlər insanları bir-birindən ayırır və onların yoxoluşunu əngəlləyir. Təsadüfi deyil ki, ta qədim dövrdən indiyə qədər müstəmləkəçi dövlətlər işğal etdikləri ərazilərdə ənənəvi mədəniyyəti məhv etməyə çalışıblar. Mədəni irsdən məhrum olan millətlər mühafizəkarlığını itirir və ona təqdim olunan yeni reseptlərə uyğunlaşaraq assimiliyasiya olunurlar. Hər bir imperialist dövlətin də başlıca silahı öz imperiyasına uyğun insanlar yaratmaqdır. Sovet hakimiyyətini görənlər xatırlamamış olmazlar ki, həmin dövrlərdə imperializmin əsas hədəflərindən biri “sovet insanı” yaratmaqdı. Bu nəzəriyyəyə görə, bütün millətlər məhv olacaq və vahid sovet xalqı yaradılacaqdı. Təbii ki, dilləri də rusca olacaqdı. Yaxud İran İslam Respublikasının bu gün yürütdüyü əsas siyasət şiə təlimi adı altında digər xalqları assimiliyasiya etməkdir. İmperialist dövlətlər monoetnik toplum yaradacaqları halda özlərini daha təhlükəsiz hiss edirlər. Bu siyasətlərin qarşısını almağın isə yeganə yolu var: öz milli mənəvi dəyərlərini, mədəni irsini diri tutmaq. Nə yazıq ki, Azərbaycanda Mədəniyyət Nazirliyinin xəttiylə bu siyasətin əleyhinə işlər aparılıb. Nəticə etibarilə qədim mədəni  tarixi fundamenti dağılan insanlarımız rus, Avropa, İran mədəniyyətinə meylləniblər, tədricən özlərinin kimliyini unudublar. Bu gün Azərbaycanda rusdilli məktəblərin artması da bu siyasətin təbii nəticəsidir. Öz keçmişiylə fəxr etməyən xalqlar başqa mədəniyyətlərin təsiri altında özgələşir və başqa mədəniyyət sahəsinin fərdi olmağa həvəslənirlər. Azərbaycan hökuməti də bu prosesin daha da dərinləşməməsi üçün milli mədəniyyət konsepsiyasına yenidən baxmalı və onu dövlətin bir nömrəli strategiyası kimi həyata keçirməlidir.





Ana səhifəyə qayıt        Baxış: 5 718          Tarix: 28-05-2020, 23:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma