Xəbər lenti

 
Bəşər tarixində bu vaxta qədər kütləvi qırğınlara səbəb olmuş bir sıra xəstəliklər olmuşdur. Lakin bütün faciələrdən sonra yenə bir canlanma yaranıb, həyat tədricən əvvəlki axarına düşüb. 
 
Əlbəttə, koranavirusdan sonra da hansısa bir yenilik meydana çıxacaq. Amma hazırda dünya iqtisadiyyatı böhran içindədi. Dünyanın aparıcı ölkələri iqtisadi təşviq paketləri açıqlayırlar. Bununla onlar zərbə altına düşən iqtisadi sektorlarını böhrandan çıxartmaq istəyirlər. Bu addımları elmi nəzəriyyə baxımından düzgün hesab etmək olar. Amma dərin iqtisadi analiz baxımından səhv qərardı. 


 
Belə ki, 2008-ci ildəki maliyyə böhranı zamanı bu yolla vəziyyətdən çıxıldı. Lakin o yalnız maliyyə böhranı idi. Ona görə ölkələrin Mərkəzi Bankları bazara çoxlu pul çıxardılar və beləliklə də vəziyyətə nəzarəti ələ ala bildilər. 
 
2008-ci ilin sentyabrın 15-də “Lehmann brothers” iflas edərkən ard-arda daha bir neşə bank “domino effekti ilə” eyni aqibəti yaşadı. O vaxt FES-in (Federal Ehtiyat Sistemi- bundan sonra FES. H.A.) uçot faizi 4.25 -idi. İlin sonuna qədər faizi 0-a çəkdilər. İlk olaraq ABŞ bazara 4 trilyon dollar çıxardı. Bundan əlavə FES bank və şirkətlərdən bahalı kağızlar alaraq onları ayaqda tutdu. Çin, Japonya və Almanyanın mərkəzi bankları ümumillikdə bazara 7 trilyon dollar pul səpələdi. Nəticədə, 2009-cu ilin sonuna qədər artıq maliyyə bazarları özünə gəldi.


 
İndi isə elə deyil. Real sektor dərin böhran içindədir. Xidmət sahələri hal-hazırda tamam dayanıb. Vəziyyəti daha da qəlizləşdirən isə həm Çinin, həm də ABŞ və AB-nin əllərindəki bütün “silahlar”dan dərhal istifadə etmələri oldu. Yəni bundan o tərəfə onların atılası addımları sadəcə olaraq yoxdur.
 
İndi isə Koranavirusun ölkələrə  necə iqtisadi zərbələr vurduğunu analiz edək.


 
AZƏRBAYCAN – Canım məmləkətimin ölkə iqtisadiyyatı "anatomiyasını" gözəl bilirəm. Çünki çox sadə modelimiz var: neft satılır və ordan gələn qazanc  Neft Fonduna gedir, oradan da büdcəyə transfer olunur. Təssüflər olsun ki, ölkədə qeyri-neft sektorunu böyüdə bilmədik. Özəl sektor yaxşı işləyə bilmədi ya da imkan vermədik. Sahibkarlara olan təzyiqlərə görə orta sinif inkişaf edə bilmədi (Ölkədə səs-küylü həbslərdən sonra sahibkarlara olan təzyiqlər üzə çıxmışdı). 
 
Bu günlərdə isə qeyri-neft sektorunun önəmini daha yaxşı dərk etməyə başlamışıq. Neftin qiyməti demək olar ki, yerlərdə sürünür. Ölkə iqtisadiyyatı yaxşı institutlaşmayıb deyə yardım imkanları və sxemləri çox məhduddur. Əmək bazarına diqqət yetirək. Turizm sektorunda rəsmi rəqəmlərə görə, 23 min insan çalışır. Onlarda çox zərbə altındadı – məsələn, Bakıdan Qəbələyə hər hansısa turistini daşıyan sürücü, yolda onlara səhər yeməyi verən kafe, təkəri buraxanda İsmayillıda təkərini yamayan usta da qazancsız, vəsaitsiz qalıb. 


 
Qeyri-ərzaq ticarəti və xidmət sektoru da demək olar ki çökməyə yaxındı – rəsmi rəqəmlərə görə, ticarət və xidmət sahəsində 300 minə yaxın insan çalışır. (Şadlıq sarayları, kafelər, restoranlar, çayçılar, qeyri-ərzaq ticarəti və s.) – Toyların və yığıncaqların ləğv edildiyini nəzərə alsaq, vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu deyə bilərik. Ölkəmiz çox ciddi iqtisadi problemlər yaşaya bilər. BVF proqnozlarına görə iqtisadiyyat 3% daralacaq. Daha sonra isə 5% daralacağını bildirdi. 
 
Neftin qiymətinə görə manata təzyiqlər artıb. Manat dəyərdən düşsə inflyasiya 2 rəqəmli olacaq. Ticarətdə mənfi saldo yaranacaq.  Biz bu təcrübəni 2015-ci ildə də görmüşük. 
 
Möhtərəm cənab Prezident  əvvəlcə 200.000 daha sonra isə 600.000 nəfərə 1 dəfəlik 190 AZN verilməsini tapşırmışdır. Düşünürəm ki, bu müsbət addımdır. İşin başqa tərəfləridə var. Belə ki, istehlakçıları da canlı tutmaq lazımdır ki, onlar da heç olmazsa nəfəs ala bilsınlər, ölkədə maliyyə dövriyyəsi inkişaf etsin...


 
Gürcüstan - Azərbaycanın investisiyası hesabına “ayaqda dura bilən” qonşu dövlətdə ölkə iqtisadiyyatı turizm üzərində qurulub. ÜDM-in 11,3%-i tək turizmdə formalaşır, əmək qabiliyyətli əhalinin isə 28%-i turizmlə bağlı çalışır. Gürcüstana son illərdə turizmdən 3-3.5 mlrd. dollar daxil olub. Milli pul vahidi larini məhz turizmdən gələn gəlir ayaqda tuturdu. İndi isə turizm ciddi dəyər itirir. 3-4 ay əvvəl 1$ - 2 lari 30 tetriyə satılırdısa, indi 1$ - 3 lari 20 tetriyə satılır. 
 
2020-ci ildə Gürcüstanda iqtisadiyyat 20 %-a yaxın darala bilər. Pandemiyanın daha çox xidmət və turizm sektorunu zərbə altına qoyduğunu nəzərə alsaq, onda onun Gürcüstana daha dərindən təsir edəcəyini düşünə bilərik. 
 
İxracat da getdikcə azalır. Aqrar və içki ixracatında 38%-a yaxın azalma olacağı praqnozlaşdırılır. Ölkənin ticarət balansı hər zaman mənfi saldo olub. Mənfi saldonu çox vaxt turizimdən gələn gəlir qapadırdı. İndi ticarət balansında mənfi saldonu qapatmağa valyuta yoxdur. Düzdü neftin qiymətinin düşməsi ticarət balansına müsbət təsir edib. Lakin ciddi açıq var və lari məhz buna görə dəyər itirir. Gürcüstanın vəziyyəti ağırdır. Yəqin ki, qərb qonşumuz yaxın zamanlarda BVF-dan və Dünya Bankından yardım istəməyə məcbur olacaqdır.


 
Ermənistan – Düşmən ölkədə də vəziyyət ağırdır. Ölkə iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdı. Məşhur ifadəni Ermənistan üçün işlətsək, “Rusiya iqtisadiyyatı asqıranda Ermənistan iqtisadiyyatı sətəlcəm olur”, deyə bilərik. Rusiyada iqtisadiyyat zəiflədikcə düşmən ölkədə də ciddi fəsadlar olacaq. Artıq erməni dramı ciddi dəyər itirməyə başlayıb. İranla sərhədlərin bağlı olması da Ermənistana böyük zərbə vurur, artıq İrandan gələn iqtisadi dividentlər sıfırlanıb. Rusiya Ermənistana böyük həcmdə iqtisadi dəstək verə bilməyəcək. Çox güman ki, Paşinyan da yaxın zamanlarda BVF və Dünya Bankından yardım istəməyə məcbur olacaqdır.
 
Heydər Abdullayev,
Turkiyənin Sakarya Dövlət Universitetinin məzunu


Ana səhifəyə qayıt        Baxış: 3 280          Tarix: 30-05-2020, 06:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma