Xəbər lenti
Dünən, 19:25


“Bu gün ABŞ Aİ-nin mayeləşdirilmiş təbii qaz bazarında öz payını artırmağa çalışır. Lakin Amerika qazının qiyməti digər tədarükçülərə nisbətən daha yüksəkdir. Belə bir şəraitdə, Aİ-nin təbii qaza artan tələbatı, qaz mənbələrinin şaxələndirilməsi zərurəti Azərbaycanı enerji imkanlarını daha da genişləndirməyə sövq edir”.
                                                                             
Ovqat.com xəbər verir ki, İranın rəsmi İRNA agentliyi Azərbaycanla bağlı analizində bu iddianı irəli sürür.
 
Agentliyin fikrincə, Azərbaycanın Avropa İttifaqının mühüm enerji təchizatçılarından biri olması dövlət müstəqilliyimizin də əsas zəmanətlərindən biridir.
 
İRNA-nın Azərbaycan iqtisadiyyatı ilə bağlı analizini təqdim edirik. 
 
 
 
 
Azərbaycanın regional və qlobal enerji bazarlarında artan rolu onun Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyində də mühüm rol oynaması üçün əlverişli imkan yaradır.
 
Sovet İttifaqının dağılması ilə müstəqillik qazanmış Azərbaycan əslində, dövlət müstəqilliyini neft ehtiyatlarının ölkənin inkişafına ciddi təsir göstərə biləcəyi bir vaxtda əldə etdi. Xəzər dənizində karbohidrogen ehtiyatlarının kəşfiyyatına başlanması ilə Azərbaycan yeni geosiyasi sima qazandı. Artıq onun neft ehtiyatları bölgədəki digər ölkələrlə, həmçinin əsas beynəlxalq aktorlarla əməkdaşlıqda vacib amilə çevrilmişdi.
 
Yeri gəlmişən, Azərbaycanda ilk neft emalı zavodu hələ 1901-ci ildə yaradılıb. Bu gün onun 6,3 milyard barel sübut edilmiş, 27 milyard barel isə potensial neft ehtiyatı var.
 
Bu gün enerji sektoru Azərbaycan iqtisadiyyatının əsas dayağı kimi tanınır. Bu sektora böyük həcmdə xarici investisiya cəlb olunub. Ölkənin ən önəmli neft yatağı isə “Azəri-Çıraq-Günəşli” yataqlar blokudur.
 


Azərbaycanın neft-qaz sənayesi: çağırışlar və imkanlar
 
Müstəqilliyini 1991-ci ildə qazanmış Azərbaycan ilk dönəmdə gündəlik 180 min barel neft hasil edirdi. O zaman ölkə ağır iqtisadi problemlərlə çəkişirdi. Neft sənayesində Sovet dövrünə aid infrastruktur köhnəlmşdi və nəticədə, bu sektora investisiya yatırılması ciddi problemə çevirmişdi. Lazımi qurğu və avadanlıqların olmaması ölkənin qaz ehtiyatının böyük bir hissəsinin yandırmasına səbəb olurdu. Lakin son illər Azərbaycan elektrik stansiyalarının işində belə, təbii qazdan istifadə edir. Nəticədə enerji istehlak səbətində təbii qazın payı xeyli artıb.
 
Yeri gəlmişkən, Rusiyanın Sibirdəki neft ehtiyatlarının istismarınadək, Azərbaycan gündəlik təxminən 450 min barel hasilatla, hələ SSRİ məkanında əsas neft tədarükçülərindən sayılıb. Bu üzdən İkinci Dünya müharibəsi dövründə Hitler ordusunun hədəflərindən biri məhz Bakı olub.
 
Son illər ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkədən Aİ-yə qaz tədarükünə də öz təsirini göstərir. Belə bir şəraitdə, avropalı istehlakçıların Xəzər dənizinin qaz ehtiyatına, həmçinin onu Azərbaycandan Türkiyə və Yunanıstan vasitəsilə Avropaya çatdıracaq TANAP və TAP boru kəmərlərinə diqqəti daha da artıb. Uzunluğu 1850 km, diametri 56 düym olan TANAP boru xətti Türkiyə, Yaxın Şərq və Avropada ən uzun və ən həcmli beynəlxalq qaz kəməri hesab olunur. O, Azərbaycanı Türkiyənin ikinci böyük qaz tədarükçüsünə çevirib.


 
Azərbaycanın regional və qlobal enerji bazarında artan rolu onun Aİ, xüsusilə Balkan ölkələrinin enerji təhlükəsizliyində də mühüm rol oynaması üçün fürsətdir. Hazırda Aİ üçün də ən yaxşı variantlardan biri təbii qazın məhz Azərbaycandan alınmasıdır.
 
Bu gün ABŞ Aİ-nin mayeləşdirilmiş təbii qaz bazarında öz payını artırmağa çalışır. Lakin Amerika qazının qiyməti digər tədarükçülərə nisbətən daha yüksəkdir. Belə bir şəraitdə, Aİ-nin təbii qaza artan tələbatı, qaz mənbələrinin şaxələndirilməsi zərurəti Azərbaycanı enerji imkanlarını daha da genişləndirməyə sövq edir. Artıq Bakı Yunanıstan və Türkiyə kimi ölkələrdə bu sektora sərmayə qoyur. İndi, Azərbaycan diqqəti daha çox qaz sənayesinə yönəldib. Çünki karbohidrogen ehtiyatları Aİ ilə yanaşı, ölkənin öz təhlükəsizliyi baxımından da vacibdir.
 
Enerji mütəxəssisləri deyir ki, son 10 ildə Avropa ölkələrinin yaşayış və sənaye zonalarında kömür əvəzinə təbii qazdan istifadənin artması qaz idxalının böyüməsinə səbəb olub. Bu isə Aİ-nin təbii qazdan asılılığını artırıb. Belə olan təqdirdə Xəzər dənizindən Avropaya qaz nəqli layihəsinin reallaşdırılması ilə Azərbaycan bölgənin enerji bazarında vəziyyəti öz xeyrinə dəyişə bilər.
 
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, 2040-cı ilə qədər Azərbaycan ildə 55 milyard kubmetr qaz hasil edəcək. Bu, Azərbaycanın enerji sənayesindəki əhəmiyyətini ikiqat artıra bilər.


 
Neft-qaz sənayesi və təkməhsullu iqtisadiyyatdan qurtulma
 
Azərbaycanın müstəqillik qazanmasından sonra hökumətin iqtisadi sektorda diqqəti daha çox neft sahəsinə yönəlmişdi. Bu gün isə hökumət müxtəlif özəlləşdirmə proqramları həyata keçirməklə, özəlliklə kənd təsərrüfatı torpaqlarını özəlləşdirməyə açmaqla, fermerlərə yanacaq subsidiyaları və s. ayırmaqla, bu sektorun da inkişafına çalışır. Azərbaycan iqtisadiyyatının neft və təbii qaz gəlirlərindən asılılığını nəzərə alan iqtisadi ekspertlər hesab edir ki, ölkə qeyri-neft iqtisadiyyatının inkişafı istiqamətində effektli tədbirlər görməzsə, gələcəkdə neft gəlirlərinin azalması ilə iqtisadi problemlərlə üzləşə bilər. Odur ki, neftlə zəngin Azərbaycan dünya bazarında “qara qızıl”ın ucuzlaşması fonunda təkməhsullu iqtisadiyyatdan xilas olmanı özü üçün iqtisadi prioritet elan edib. Neft-qaz layihələrindən böyük gəlir əldə olunsa da, Bakı artıq təkməhsullu iqtisadiyyatın arzuolunmazlığının, bunun təhlükəli nəticələrə yol aça biləcəyinin fərqindədir. Bu üzdən də qeyri-neft sektorunun inkişafı üçün ciddi tədbirlər görülür.


 
Müstəqilliyin ilk illərində xarici ölkələrlə əlaqələrin olmaması üzündən ölkənin istehsal müəssisələrinin əksəriyyəti işləmirdi. Maliyyə çatışmazlığı üzündən, neft-qaz sənayesində də tam durğunluq idi. Ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olması fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox azərbaycanlının ev-eşiyindən didərgin düşməsi əlavə yük idi və işsizlik Azərbaycan üçün böyük problemə çevrilmişdi. Belə bir şəraitdə ölkə rəhbərliyi xilasın yeganə yolunu ölkənin neft-qaz sənayesinin bərpasında görürdü. Odur ki, 1994-cü ilin sentyabrında Azərbaycanın o zamankı prezidenti Heydər Əliyev ABŞ və Avropanın 11 transmilli neft şirkətilə Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənməsinə dair müqavilə imzaladı. “Əsrin müqaviləsi” kimi tanınan bu neft sazişi qısa zamanda nəinki ölkənin neft-qaz sənayesini, bütünlükdə ölkə iqtisadiyyatını canlandırdı. Bu müddətdə Azərbaycan xarici tərəfdaşlarla birlikdə neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün lazımi infrastrukturun yaradılması istiqamətində də iş apardı.
 
Bütün sadalananlar müstəqilliyin ilk dövrlərində Azərbaycanın təkməhsullu iqtisadiyyata arxalanmasına səbəb idi. O zaman kənd təsərrüfatı kimi qeyri-neft sektorlarına diqqət kifayət qədər deyildi. Nəticədə son bir neçə ildə neft gəlirlərinin azalması ölkə büdcəsinə və iqtisadiyyatına mənfi təsir göstərmiş, hətta bəzi banklar fəaliyyətini dayandırmalı olmuşdu. Nəticədə hökuməti qeyri-neft sektoruna, xüsusilə kənd təsərrüfatına diqqəti artırdı.
 
Lakin Azərbaycan neft və qaz hasil edən mühüm ölkələrdən biri kimi, Aİ-nin enerji təchizatında bu gün də vacib rol oynayır.
İRNA, İran
 


Ana səhifəyə qayıt        Baxış: 3 067          Tarix: 17-06-2020, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma