Xəbər lenti

 
Azərbaycan əhalisinin 93.4%-i müsəlman olan sekulyar ölkədir. Başqa dinlərə, inanclara tolerantlığımız da görünür, bu sekulyarizmimizdən irəli gəlir. Dini tolerantlığımız xarici siyasətə də yansıyıb. Biz həm 1991-ci ildən İslam Əməkdaşlıq təşkilatının üzvüyük, həm də İslam dünyası ilə ulduzu barışmayan İsraillə də dostuq. Bununla belə, islam həmrəyliyinə sadiq qalıb Təl-əvivdə səfirlik açmağa da tələsmirik. 
 
Sözsüz ki, Yaxın Şərqin ağ-qara görüntülü münasibətlər sistemində sərgilədiyimiz bu mövqe bəzi dostlar tərəfindən tam başa düşülmür. İnanc savaşlarının bir an belə, durmadığı bu məkanda, yəqin ki, siyasi xadimlərimiz, ölkəmizi təmsil edən diplomatlarımız tez-tez “siz Fələstin məsələsində kimin yanındasınız” kimi çətin suallarla da qarşılaşırlar.


 
İordaniyanın “Uruba əl-İxbari” nəşrinin bu ölkədəki səfirimiz Rasim Rzayevlə müsahibəsində mərkəz xəttində də məhz bu sual dayanır.
Ovqat.com Azərbaycan Respublikasının İordaniyadakı səfiri Rasim Rzayevin müsahibəsinin tərcüməsini təqdim edir.
 
- İki ölkə arasında münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?
 
- İordaniya Azərbaycan Respublikasının müstəqilliyini ilk tanımış ərəb dövlətlərindəndir. İki dövlət arasında diplomatik münasibətlər 1993-cü il fevralın 13-də başlayıb. O vaxtdan iki dost ölkə arasında münasibət davamlı olaraq güclənir və möhkəmlənir. Dövlət rəhbərləri arasındakı dostluq və qardaşlıq münasibəti, ölkələr arasındakı ortaq mədəni irs, tarixi və dini bağlar, eləcə də dövlətlərin suverenliyinə hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanma, müxtəlif regional və beynəlxalq problemlərin həllində həmrəylik bu münasibətlərin daha da inkişaf etməsinə yol açır.
Əlaqələrimizin necə inkişaf etdiyini, nə qədər geniş olduğunu göstərən çox nümunə var. Əmmanın Yeni Bədr rayonunda küçələrdən biri mərhum prezidentimiz Heydər Əliyevin adını daşıyır. Azərbaycanda isə mərhum kral Hüseyn bin Talalın adına küçə var. Bunlar iki qardaş xalqın mənafeyinə xidmət edən əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliyin göstəricisidir. Bu, eyni zamanda, iki qardaş şəhər – Əmmanla Bakı sakinləri arasında mədəni sahədə münasibətlərin inkişafına marağın göstəricisidir. Yüksək səviyyəli qarşılıqlı səfərlər də ikitərəfli əməkdaşlıq bağlarının daha da genişləndirilməsinə marağı göstərir.
 
- İqtisadi əməkdaşlıq haqqında nə deyə bilərsiniz?
 
- Birgə Hökumətlərarası Komissiyamı Bakıda keçirilməli olan 4-cü iclasında iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın perspektivləri, ticarət mübadiləsinə maneələrin aradan qaldırılması, investisiyaların qarşılıqlı təşviqi, özəl sektor nümayəndələrinin ikitərəfli görüşlərinin dəstəklənməsi kimi məsələlər müzakirə olunacaq. İclasda iki ölkə arasında bağlanmış müqavilələrin reallaşdırılması məsələsi də diqqət mərkəzində olacaq. Yeri gəlmişkən, Azərbaycanla İordaniya arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 40-dan çox saziş imzalanıb. İqtisadi, ticari, mədəni, turizm, müdafiə sənayesi sahələrində əməkdaşlıq üzrə müqavilələrin yerinə yetirilməsi üçün işçi komitələr də yaradılıb.


 
Tərəflər çalışır ki, Azərbaycan şirkətləri İordaniyada neft-qaz axtarışı sahəsinə investisiya yatırsın. Azərbaycan təbii qazının idxalı imkanları da araşdırılır. Məlum olduğu kimi, son illər Azərbaycan xüsusilə təbii qaz, enerji nəqli sahəsində Avropa ilə Uzaq Şərqi birləşdirən dəhlizə çevrilib. Bunu o cümlədən, Bakı-Tbilisi-Ceyhan neft borusu təmin edib. Bu kəmərlə Xəzər dənizi regionundan neft məhsulları Türkiyənin Aralıq dənizi sahillərinə daşınır. 2018-ci ilin mayından isə “Cənub Qaz Dəhlizi”nin tikintisinə başlanılıb. Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan qaz məhz bu dəhliz vasitəsilə Avropaya çatdırılacaq. Sonradan başqa qaz mənbələrinin də bu layihəyə qoşulması nəzərdə tutulub. İlkin olaraq bu kəmərlə 16 milyard kubmetr qaz ixrac olunacaq. 2026-cı ildə bu həcmin 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
 
Bundan başqa, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu xətti istismara verilib. Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən bu xəttin uzunluğu 826 kilometrdir. Bu, Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Azərbaycan arasında qədim İpək yolu üzərindən bağlantı yaradan mühüm layihədir. Onunla ildə 5 milyon ton yükün daşınması nəzərdə tutulur. 2019-cu ildə bu dəmir yolu ilə sərnişin daşımalarına da başlanılıb.
 
- Turizm sahəsində əməkdaşlıq nə səviyyədədir? Bakı ilə Əmman arasında birbaşa hava əlaqəsinin yaradılması gündəmdədirmi?

- Turizm əlaqələrimiz də fəallaşıb. Ötən üç il ərzində İordaniyadan Azərbaycana gedən turistlərin sayı bir neçə dəfə artıb. Ümumiyyətlə, bu sahədə əməkdaşlıq üçün real imkanlar var. Əlahəzrət kral II Abdullah Azərbaycana səfəri zamanı cənab prezident İlham Əliyevlə Əmmanla Bakı arasında birbaşa hava xəttinin açılması məsələsini də müzakirə edib. Bu uçuşlara il mayın sonundan başlanacağı gözlənilidi. Uçuşların “Buta Airways” şirkətinin “Embrayer 190” tipli təyyarələrilə həftədə iki dəfə təşkili nəzərdə tutulmuşdu. Yeri gəlmişkən, “Buta” Azərbaycanın aşağı büdcəli aviasiya şirkətidir. Mənzil qərargahı Bakıdadır. Əsas fəaliyyət məkanı Heydər Əliyev Beynəlxalq Hava Limanıdır.
 
Lakin koronavirus epidemiyası üzündən Bakı-Əmman reysinin açılışı təxirə salınıb. Ümid edirik ki, bu xəttin açılması ölkələr arasında xüsusilə iqtisadi və turizm sahələrində ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.



 
İordaniya ilə Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirmək üçün turizm şirkətləri nümayəndələrinin qarşılıqlı işçi səfərlərinin təşkili də nəzərdə tutulur. Bu, ölkələr arasında əlaqənin inkişafında yeni mərhələ olacaq. Birbaşa hava əlaqəsi iki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində əlaqələri artıracaq. Bu, ticarət əlaqələrinin artmasına, qarşılıqlı investisiya yatırımlarına da təkan verəcək.
 
- Əlahəzrət kral II Abdullahın Azərbaycana bu yaxınlarda etdiyi səfərin əhəmiyyəti haqda fikirlərinizi bilmək istərdik.
 
- İordaniya Haşimilər Krallığının kralı əlahəzrət II Abdullah Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin dəvətilə Bakıya 2019-cu ilin dekabrında səfər etmişdi. Bu səfər iki qardaş ölkə arasında əməkdaşlıq yolunda böyük əhəmiyyət daşıyır. Bu, ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin, beynəlxalq məsələlərdə ortaq mövqe formalaşdırmağın müzakirəsi üçün fürsət idi. Səfər zamanı ölkələr arasında iqtisadi, investisiya, turizm, müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də ticarət dövriyyəsinin artırılması məsələləri diqqət mərkəzində olub, iki ölkə arasında qarşılıqlı maraqlara xidmət edən koordinasiyanın davam etdirilməsinin vacibliyi vurğulanıb, bir sıra beynəlxalq və regional problemlər və s. müzakirə edilib.
 
Bundan başqa, səfər zamanı birbaşa hava əlaqəsinin təşkili, sənaye sərgilərinin təşkili, qarşılıqlı ticarətin inkişafı, təcrübə mübadiləsi, iqtisadi, ekoloji və hərbi sahələrdə İordaniya təcrübəsindən istifadəyə dair razılıq əldə olunub.
 
- Əlahəzrət Kral II Abdullahın İslamın müdafiəsində, onun həqiqi simasının təqdim edilməsindəki rolu haqda nə düşünürsünüz?


 
- Əlahəzrət Kral II Abdullahın aydın və hədəfləri bəlli baxışı, həmçinin İslamın həqiqi simasının ortaya qoyulması, bu istiqamətdə gördüyü işlər Kralın şəxsi səyləri sayəsində beynəlxalq səviyyədə məşhurlaşmış “Əmman mesajı”nda da vurğulanır. Bu iş əlahəzrət kral üçün prioritetdir və uca İslam dininin ülvi dəyərlərinin tanıdılması, onun pak simasının aydınlaşdırılması məqsədi güdür. İslam terroru, ekstremizmi rədd edən tolerantlıq dinidir. Əlahəzrət Kral II Abdullahın səyləri bununla da bitmir. Onun sayəsində İslamın həqiqi simasının tanıdılması işi milli və regional sərhədləri aşaraq beynəlxalq müstəviyə çıxıb. Başqa sözlə, Əlahəzrət beynəlxalq kampaniyaya başlayıb və müxtəlif dövlətlərlə bununla bağlı dialoq aparılır.
 
Kral II Abdullah cəmiyyətdə şəffaflığın təminində də fəal iştirak edir. O, sivil azadlıqların təmini üçün yorulmadan çalışır. Kralın sayəsində İordaniya Yaxın Şərqin ən mütərəqqi dövlətlərindən birinə çevrilib. Bundan başqa, qadınların Krallığın ictimai, iqtisadi və siyasi həyatında fəal iştirakını təmin etmək üçün zəruri qanunvericilik aktları qəbul olunub.
 


- Azərbaycanın Fələstin, Qüds problemilə bağlı mövqeyi necədir?
 
- Məlum olduğu kimi, Sovet hakimiyyəti dönəmində Azərbaycan İslam dünyası ilə əlaqələrini itirmişdi. Lommunist rejiminin süqutundan dərhal sonra bu əlaqələr bərpa olunub, 1991-ci il dekabrın 8-də isə Azərbaycan o zaman İslam Konfransı Təşkilatı adlanan İslam Əməkdaşlıq Təşkilatına üzv olub. Bununla da Bakı beynəlxalq təşkilatlarda İslam ölkələrinin problemlərinin müdafiəsinə qoşulub, İslam dünyasını narahat edən münaqişələrin, xüsusilə Fələstin probleminin həlli yollarının tapılmasında fəal şəkildə iştirak etməyə başlayıb.
 
Azərbaycan Respublikası paytaxtı Şərqi Qüds olmaqla, müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaracaq “iki dövlət” prinsipini, münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir. Azərbaycanla Fələstin bir-birini 1992-ci ildə tanıyıb, elə həmin il tərəflər arasında diplomatik əlaqələr qurulub. Azərbaycan müstəqillik qazandığı 1991-ci ildən Fələstinə imkanı daxilində birbaşa və dolayı yardımlar göstərib. 2013-cü il iyunun 11-də Bakıda Qüds şəhərinə dəstək məqsədilə donor konfransı, həmçinin Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransı keçirilib. Bu tədbirlər İslam ölkələri tərəfindən yüksək qiymətləndirilmişdi.
 
Bundan başqa, Azərbaycan hökuməti özünün qaçqın və məcburi köçkünlərlə bağlı iqtisadi-sosial yükünə rəğmən, 2013-cü ildən bəri Fələstin dövlətinə və BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Kömək və Sosial İnkişaf Agentliyinə (UNRWA) 7 milyon dollardan çox maliyyə yardımı göstərib. Bakı Bakıda 2010-cu ildən fəaliyyətə olan Fələstin səfirliyinin fəaliyyətinə mane ola biləcək bütün maliyyə problemlərinin həllinə də tam dəstək verir.
 
- Bəs İordaniyanın Azərbaycana dəstəyi haqda nə deyə bilərsiniz?
 
- Biz İordaniya Krallığını ikinci vətənimiz sayırıq. Bütün sahələrdə İordaniyanın hərtərəfli dəstəyini hiss edirik. O, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinə beynəlxalq səviyyədə dəstək verir. İordaniya Senatının Xocalı qətliamını pisləyən bəyanatı da bu qəbildəndir. Bəyanatda qətliam soyqırım kimi qiymətləndirilir.
 
Digər tərəfdən, azərbaycanlı tələbələrin İordaniyada təhsil alması üçün bütün lazımi şərait yaradılır. Buradakı Azərbaycan diasporuna, eləcə də səfirliyimizə də hər cür dəstək və kömək göstərilir, problemlərimizlə maraqlanılır, diplomatlarımızın təhlükəsizliyi və sağlamlığı yüksək səviyyədə qorunur.
 


- Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti haqda nə deyə bilərsiniz?
 
- Azərbaycan və İordaniya hökumətləri arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ilk iclasını hələ 2009-cu il fevralın 25-26-da Əmmanda keçirib. Komissiyanın növbəti – dördüncü iclası 2020-ci ildə Bakıda keçirilməlidir. İclasın gündəliyi və işçi proqramı hazırlanacaq. İclasda ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılmasına yönəlmiş məsələlər müzakirə ediləcək. Sərgilərin təşkili, müştərək ticarət şirkətlərinin təsis edilməsi, iki qardaş ölkə arasında ticari və iqtisadi əməkdaşlıq sahələrinin genişləndirilməsi ilə bağlı Biznes Şurasının yaradılması da diqqət mərkəzində olacaq.
 
- Terrorla mübarizə, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq problemlərlə bağlı əməkdaşlıq nə səviyyədədir? Bu məsələlərdə fəaliyyət koordinasiya olunurmu?
 
- Azərbaycan terrorun bütün təzahür formalarını – siyasi, iqtisadi, dini və s. –pisləyir, dünya birliyinin terrorla mübarizə cəhdlərini tam dəstəkləyir. Biz terroru xalqların təhlükəsizliyinə, sabitliyə təhdid sayırıq. Onu ərazi bütünlüyü və toxunulmazlığına, suverenliyə, sabitliyə təhlükə yaradan beynəlxalq təhdid hesab edirik. Azərbaycan hər zaman dünya birliyini terrorla mübarizədə birgə fəaliyyətə və əməkdaşlığa çağırır.
 
Cənab prezident İlham Əliyev əlahəzrət Kral II Abdullahla danışıqlarında da vurğulayıb ki, Azərbaycan İordaniya ilə bütün sahələrdə əməkdaşlığın, koordinasiyanın gücləndirilməsində maraqlıdır. Biz Yaxın Şərq regionunda sülhün və sabitliyin bərqərar edilməsi üçün İordaniyanın Kralın rəhbərliyilə həyata keçirdiyi mühüm tədbirləri yüksək qiymətləndiririk.
 
Azərbaycan 2019-cu ildə Qoşulmamaq Hərəkatına sədrliyi təhvil alıb və növbəti 3 ildə quruma Bakı rəhbərlik edəcək. Bu təşkilat isə dünyada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır.


 
- Azərbaycanla İordaniyanın beynəlxalq qurum və təşkilatlarda qarşılıqlı dəstəyi haqda nə deyə bilərsiniz?
 
- Siyasi məsələlərdə Azərbaycanla İordaniyanın mövqeyi tam üst-üstə düşür. Üstəlik, iki qardaş ölkə müxtəlif regional və beynəlxalq problemlərə münasibətdə də yaxın mövqedən çıxış edir. Bu, xüsusilə Fələstin-İsrail münaqişəsinə münasibətdə özünü göstərir. Biz hesab edirik ki, bu problem “iki dövlət” prinsipi əsasında həll edilməlidir. Başqa sözlə, bölgədə 1967-ci ildə mövcud olmuş sərhədlər daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaradılmalıdır.
 
İordaniya Haşimilər Krallığı isə beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyinə dəstək verir, Bakının problemin danışıqlar yolu ilə həll edilməli olduğuna dair mövqeyini yüksək qiymətləndirir. Yeri gəlmişkən, biz bu münaqişənin məhz bu yolla ədalətli həll olunacağına inanırıq. Nəticədə Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, məcburi köçkünlərimiz öz yurdlarına qayıdacaq.
 
Biz İordaniya rəhbərliyinin bütün regional çağırışlara rəğmən, əldə etdiyi böyük nailiyyətlərlə fəxr edirik. Krallığın hüquqa, dövlətlərin suverenliyinə hörmətə, onların daxili işlərinə müdaxilə etməmək prinsipinə əsaslanan xarici siyasətini yüksək qiymətləndiririk.


 
- Ölkələrimiz arasında neçə əməkdaşlıq sazişi imzalanıb?
 
- Müxtəlif sahələri əhatə edən 40-dan çox əməkdaşlıq sazişi imzalamışıq. Artıq qeyd etdiyim kimi, bu il Bakıda Hökumətlərarası Birdə Komissiyanın dördüncü iclası keçirilməlidir. Bundan başqa, cənab prezident İlham Əliyevin bu il İordaniyaya səfər edəcəyi gözlənilir. Bu səfər çərçivəsində biznes-forum da təşkil ediləcək.
Bundan başqa, Azərbaycan iordaniyalı tələbələr üçün təhsil təqaüdləri ayırıb. Xəzər və ADA universitetləri tərəfindən münasib şərtlərlə təqdim olunan bu təqaüdlər iki ölkə arasında əməkdaşlıq sahələrinin genişlənməsinə xidmət edəcək.
 
Biz əlaqələrimizin daha da inkişafına, imzaladığımız saziş və razılaşmaların reallaşdırılmasına çalışırıq.
 
- Ermənistanın Azərbaycana təcavüzünün nəticələri haqda danışardınız...
 
- Bəli, bəzi xarici güclərin yardımına arxalanan Ermənistanın Azərbaycana təcavüzü davam edir. Ermənistan Azərbaycan torpaqlarının 20%-ni – Dağlıq Qarabaq bölgəsi və ona bitişik 7 rayonu işğal edib. İşğal illərdir davam edir. Bu, beynəlxalq hüququn, ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin pozulmasıdır.


 
Bundan başqa, Ermənistanın Azərbaycana təcavüzü bir milyondan çox vətəndaşımızın doğma yurdundan didərgin düşməsinə səbəb olub. Onlar uzun illər ağır şəraitdə yaşamaq məcburiyyətində qalıblar. Bu, bir çox humanitar problemə də yol açıb.
 
Azərbaycan prezidenti cənab İlham Əliyev bu gün də münaqişəsinin sülh yolu ilə həllinə ciddi cəhdlər edir. Azərbaycan münaqişələrin sülh yolu ilə nizamlanması prinsipinə sadiqliyini dəfələrlə bəyan edib. Bakı hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, insan hüquqlarına ehtiram prinsipləri əsasında həll olunmalıdır.


 
Sonda, bu xoş fürsətdən istifadə edərək, İordaniya Haşimilər Krallığının Kralını, hökumətini, xalqını ölkənin müstəqilliyinin 74-cü ili münasibətilə təbrik edirəm. İordaniyalı qardaşlarımızın milli bayramlarını qeyd etmələri respublikamızın milli günü münasibətilə keçirilən tədbirlərlə eyni vaxta düşür. Bu münasibətlə İordaniya Haşimilər Krallığının bütün vətəndaşlarına səmimi təbriklərimi çatdırıram, Krallığın xalqına və rəhbərliyinə əlahəzrət kral İkinci Abdullahın himayəsi altında daimi sabitlik, əmin-amanlıq arzulayıram.




Ana səhifəyə qayıt        Baxış: 4 006          Tarix: 17-06-2020, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma