Xəbər lenti
Dünən, 19:25


Naxçıvan MSSR Ali Sovetinin Katibi, tarixçi-alim Əli Əliyevin Moskva, Kremlə Siyasi Büroya Sov.İKP MK-nın birinci katibi Leonid Brejnevə müraciəti
 
 
Ötən buraxılışımızda qeyd etmişdik ki, 1960-cı illərdə türk düşməni erməni general Andronikin anadan olmasının 100 illiyi münasibətilə keçmiş sovet imperiyasında Naxçıvan MSSR-nin Ermənistana verilməsi məsələsi müzakirə olunurmuş. Azərbaycanı bu fəlakətdən Naxçıvan MSSR Ali Sovetinin Katibi, tarixçi-alim Əli Əliyevin Sov.İKP MK-nın birinci katibi Leonid Brejnevə yazdığı müraciəti xilas edib.
 
Maraqlıdır ki, Əli Əliyevin bu təkcə İrəvanda deyil, Bakıda da qəzəblə qarşılanıb. Azərbaycanın ozamankı rəhbəri Vəli Axundovun “lütfkarlığı” (dırnaqarasına alınmış ifadə Əli Əliyevə məxsusdur – Ovqat.com) nəticəsində Naxçıvanı faktiki erməniləşməkdən xilas edən Əli Əliyev MSSR Ali Sovetinin Katibi vəzifəsindən uzaqlaşdırılaraq, yeni yaranmaqda olan Naxçıvan Dövlət Universitetinin rektoru təyin olunur.
 
Ovqat.com bu iddiaları təsdiqləyən yeni tarixi materiallar əldə edib. Heç bir əlavə şərhə ehtiyac duymadan həmin materialları olduğu kimi oxucuların nəzərinə çatdırırıq.
 


Andronik “milli qəhrəman”dır, yoxsa anti-bəşər vəhşi 
 
Naxçıvanda yaşayan tarixçi-alim, maarifci, Naxçıvan MSSR Ali Sovetinin Katibi Əli Əliyevin fevralın 27-də, martın 11-də və aprelin 16-da Andronikin regionun müsəlman əhalisinə qarşı törətdiyi terror və qətllər haqqında "Pravda"qəzetinə geniş məqalələr göndərmişdi. Lakin qəzet məqalələri dərc etmədiyindən o, 1965-ci il mayın 8-də Andronikin əməlləri barədə Sov.İKP MK-nın birinci katibi Leonid Brejnevə müraciət etməli olur. 
 
Əli Əliyev məktubunda dəqiq tarixi sənədlər əsasında Andronikin Naxçıvan, Zəngəzur və Qarabağda törətdiyi bütün cinayətlər barədə Brejnevə məlumat verib. O, qeyd edib ki, Andronik Naxçıvan qəzasında qadın, uşaq və qocaları qılıncdan kecirmiş, qəzanın müsəlman əhalisini qan icində boğmuş, Yaycı kəndində qadın və uşaqları süngü ilə qətlə yetirmiş, onları diri-diri Araz cayına tökmüş, kəndi oda tutmuşdur. 


 
Əli Əliyev Andronikin dəstəsinin Naxçıvanın Aza, Dizə, Kələntər, Camaldın, Qızılca, Kırna, Bənəniyar, Nehrəm, Çeşməbasar və digər kəndlərində törətdiyi vəhşiliklər haqqında dəqiq faktlar göstərir, onun Zəngəzurdakı talançılığı, hətta Qarabağda yerli erməni əhalisinin ona soyuq münasibət göstərməsindən maraqlı nümünələr gətirirdi. Əli Əliyev sonda yazır ki,"cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, Andronikin cinayətlərini də gizlətmək, ört-bastır etmək mümkün deyildir".
 
O, sual edirdi ki, "Sovet Ermənistanı belə bir cinayətkarı necə qəhraman, erməni xalqının milli azadlıq hərəkatının lideri etmək istəyir?"



“Bakıda bu tarixi rəzalətə reaksiya verən tapılmır”

  Əli Əliyev öz xatirələrində yazır: "1965-ci ildə, yanvar ayında Ermənistan Elmlər Akademiyası bədnam Andronikin anadan olmasının 100 illiyini təntənə ilə qeyd edirdi. Akademik Nersesyan geniş məruzə ilə cıxış etmişdi. Onun "məruzə"si bütün qəzetlərdə dərc olunmuşdu. "Kommunist" (Yerevan) qəzetində o əliqanlı quduzun at belində şəkli verilmişdi. Xalqımızın qəddar düşməni olan, adi insaniyyətdən uzaq, Naxçıvanda körpələri şişə taxdıran bu anti-bəşər vəhşinin "yubileyinin" keçirilməsi ilə əlaqədar alimlərimizin, tarixçilərimizin, ictimaiyyətimizin susmağı məni sözün əsl mənasında "dəli" eləmişdi. Azərbaycan Respublikasının "yuxarılarında" da bu tarixi rəzalətə reaksiya verən tapılmadı. Əqidəcə mənə yaxın olan bir neçə nəfərin köməyi ilə Andronikin törətdiyi qeyri-insani cinayətlər, xəyanətlər barədə illərlə toplamış olduğum tarixi faktları rəsmi məktubla Azərbaycan KP MK-ya göndərdim. Sən demə, məktubum oradan da Azərbaycan SSR Ali Sovetinə verilibmiş. Məni ora cagırdılar. Getdim. Rəyasət Hayətinin katibi Zərifə Şükürova qeyzlə soruşdu: "Bu nədir yazmısınız?" Cavabımda bildirdim:"Sizə yazmamışam."


        
Məsələ aydın idi, bizimkilər qorxaqlığa yol vermişdilər. Oradan çıxandan sonra götür-qoy edib məktublarımın, giley-güzarımın istiqamətini Moskvaya yönəltdim..."
        
Andronik “Zaqafqaziyada xalqlar dostluğunun simvolu” kimi təqdim edilirmiş
 
Əli Əliyevin qaldırdığı məsələləri yoxlamaq üçün onun məktubları mayın 22-də Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutuna, Azərbaycan KP MK və Ermənistan KP MK-ya göndərilib. Vəli Axundovun tapşırığı ilə Azərbaycan KP MK-nın Marksizm-Leninizm İnstitutu təcili olaraq Azərbaycan arxivlərində, Zaqafqaziya mətbuatında Andronikin 1917-1920-ci illərdəki fəaliyyəti ilə bağlı sənədləri toplayıb institut direktorunun müavini Cəmil Quliyevin qoşma məktubu ilə Moskvaya göndərilir. 84 səhifədən ibarət olan bu sənədlər Andronikin Naxçıvan, Zəngəzur, Qarabag və İravanda törətdiyi qanlı əməllərinin tarixi ittihamı idi. 1917-1920-ci illərdə Andronikin Qarabag, Zəngəzur və Naxçıvanda törətdiyi qanlı əməlləri özündə əks etdirən bu sənədlər Azərbaycan, Ermənistan və Gürcüstan arxivlərindən toplanmışdı. Ermənistan KP MK-elm və mədəniyyət şöbəsinin müdüri V.Avatesyan və Marksizm-Leninizm institutunun direktoru Satur Ağayan Andronik Ozanyan haqqnda hazırlayıb Moskvaya göndərdikləri arayışda onu Zaqafqaziyada xalqlar dostluqunun simvolu kimi təqdim edir və guya şəxsiyyətə pərəstiş dövründə onun unuduldugundan şikayətlənirdilər. Sonda onlar yazırdılar ki,"Andronik əlbəttə, proletar mübarizi düşüncəsinə yüksələ bilmədi, lakin o, heç vaxt Sovet hakimiyyətinə qarşı mübarizə aparmayıb."


 
Həlledici məqam
 
Məsələnin həlledici və maraqlı tərəfi Sov.İKP MK yanında Marksizm-Leninizm institutunun rəyi idi. İnstitut rəhbərliyi Əli Əliyevin məktubunda qoyulan məsələləri dəqiqləşdirməyi Sov.İKP tarixi şöbəsinin baş elmi işciləri Mixail Anderson və Şota Çivadzeyə tapşırmışdı. İyunun 14-də onlar tərəfindən hazırlanan rəy ermənilər ücün gözlənilməz oldu. Onlar yazırdılar ki, Birinci dünya müharibəsinin sonlarında Andronikin komandanlıgı altında olan erməni dəstələri bir sıra Azərbaycan kəndlərini məhv etdilər və onların sakinləri ilə qəddarcasına davrandılar. Bu faciəli hadisələrin hərbi zərurətdən və ya milli əhval-ruhiyyədən irəli gəldiyini ayırd etmək çətindir. Lakin fakt faktlıqında qalır ki, qırgın və zorakılıq halları olubdur və azərbaycanlılar Androniki bunun baiskarı hesab edirlər. 

Mixail Anderson və Şota Çivadze yazırdı: "Ona görə də, təəccüblü deyildi ki, Andronikin hədsiz təriflənməsi azərbaycanlılar arasında dərhal hiddət və etiraz dogurur. Andronikin 1965-ci ilin fevral ayında tamam olan 100 illiyi haqqında qərar qəbul edərkən bunu hökmən nəzərə və göz önünə almaq gərəkdir."



 Onlar sonda qeyd edirlər ki, partiya və sovet orqanlarında çıxan məqalələrdə Androniki tərifləmək, onu milli qəhraman hesab etmək səhvdir. M.Andefson və Ş.Çivadze tərəfindən hazırlanmış rəy iyunun 14-də institutun elmi katibi M.İskrov tərəfindən Sov.İKP MK-ya göndərilir. Onların bu rəyi və respublikalardan müvafiq arayışları aldıqdan sonra Sov.İKP MK-nın təbligat və təşviqat şöbəsinin müdüri V.Stepakov və həmin şöbənin bölmə müdiri T.Kuprikov iyunun 25-də Sovet partiya və hökümət rəhbərliyinə hesabat hazırladılar. Onlar qeyd edirlər ki, tarix elmlər namizədi Əli Əliyevin Androniki "millətçi şovinist", Azərbaycanın dinc əhalisini məhv etmiş "islaholmaz düşmən" adlandırır, Ermənistan KP MK-nın elm və mədəniyyət şöbəsinin müdiri Avetisyan və Marksizm-Leninizm institutunun Yerevan filialının direktoru Ağayan isə birgə imzaladıqları arayışda onu "erməni xalqının türk işgalçılarına qarşı milli azadlıq hərəkətinin əsl qəhrəmanı" hesab edirlər. Sov.İKP MK yanında Marksizm-Leninizm institutunun Əli Əliyevin məktubuna verdiyi rəydə qeyd edilir ki, Andronikin bioqrafiyası mürəkkəb və çox məqamda ziddiyyətlidir. 1918-ci ildə türklərə qarşı döyüşlərin gedişində onun komandası altında olan erməni hərbi dəstələrinin bir sıra Azərbaycan kəndlərini məhv etməsini, həmin kəndlərin əhalisi ilə qəddarcasına rəftar etməsini nəzərə almamaq olmaz. İndi bir çox azərbaycanlılar üçün Andronikin adı hər şeydən əvvəl bilavasitə bu qəddarlıqla bağlıdır.


         
Hasabatın sonunda onlar təklif edirlər ki, Sov.İKP MK yanında Marksizm-Leninizm institutunun Ermənistan və Azərbaycan filialarına tapşırılsın ki, Marksizm-Leninizm institutu ilə birlikdə Andronikin fəaliyətini obyektiv qiymətləndirən məqalə hazırlayıb onu Ermənistan KP MK-nın "Laniniyan uqiov", Azərbaycan KP MK-nın "Azərbaycan kommunisti" jurnalında dərc etsinlər.
         
 

Vəli Axundovun “dəyərli” məsləhəti: “Bir də Moskvaya heç nə yazmayın”
 
Şöbənin rəyi 1965-ci il iyunun 10-da Ermənistan KP MK- nın birinci katibi Zorabyana və Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Vəzirova, Sov.İKP MK yanında Marksizm-Leninizm institutunun elmi katibi M.İskrova, habelə Əli Əliyevə göndərildi. Məsələnin bu cür həlli Azərbaycan tərəfini təmin etməsə də, hər halda 1965-ci ildə ermənilərin Andronik Ozaniyanı milli qəhraman hesab etmək, Yerevanda ona abidə qoymaq niyyəti baş tutmur.
 
        
Moskvaya yazdıqı məktubların taleyi ilə baqlı Əli Əliyev sonralar yazırdı: "Bir gün məni Vilayət Partiya Komitəsinin birinci katibi Hacıağa İbrahimovun kabinetinə çagırdılar. Nə məqsədlə "çağırıldığımı" təxminən də olsa öz-özlüyümdə yəqin etmişdim. Yenə quduz Andronik... Birinci katibin kabinetində Azərbaycan KP MK-nın təbligat və təşviqat şöbəsinin müdiri Teymur Əliyevi görəndə, doğrusu, heyrətləndim. Təəccübüm bir daha ona görə artdı ki, məni son dərəcə "səmimi" qarşıladılar. Onlar hətta yerlərindən duraraq mənə tərəf gəldilər, əl tutub, hal-əhval soruşdular... Söhbət əsnasında əxz etdim ki, mənə göstərilən bu "lütfkarlıq" Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundovdan gəlir... Teymur Əliyev mətləbə keçdi: "Əli müəlim, Moskvaya göndərdiyiniz bütün məktublar Vəli Axundov yoldaşdadır. O sizin bütün tezislərlnizi qəbul edir, tərafdar olduğunu bildirir, amma məsləhət bilir ki, daha Moskvaya yazmayasınız..."
 
---- 
MƏNBƏLƏR
Əli Əliyevin Leonid Brejnevə məktubu. 08.05.1965//RDƏYTA,
f.5, s.33, i.221, v.37. Yenə orada, v.37-39.
V.Avetisyan və S.Aqayan. Erməni milli-azadliq hərəkətinin qəhrəmanı Andronik Tovosoviç Ozanyan haqqında arayış. 1965. RDƏYTA, f.5, s.33, i.221, v.47.
M.Anderson və Ş.Çıvadze Əli Əliyevin məktubuna rəy. 14.06.1965 RDƏYTA, f.5, s.33, i.221, v.51.
M.İskrovun Sov. İKP MK-ya məktubu. 14.06.1965 RDƏYTA,
f.5, s.33, i.221, v.48.
V.Stepakov və T.Kuprikovun Sov. İKP MK-ya arayışı. 25.06.1965.
RDƏYTA, f.5, s.33, i.221, v.35-36.
A. Yeqorov və T. Kuprikov. Arayış .10.07.1965
 RDƏYTA, f.5,s.33,i.221,v.36.


Ana səhifəyə qayıt        Baxış: 6 104          Tarix: 18-06-2020, 09:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma