Xəbər lenti

 
Azərbaycan ağır sınaq qarşısındadır. Bir tərəfdən dünya bazarında neftin qiymətlərinin ucuzlaşması və ölkəmizin qeyri-neft sektorunu inkişaf etdirə bilmədən bu çətin vəziyyətlə qarşılaşması, digər tərəfdən isə dünyanı saran pandemiyanın xüsusilə ölkəmizdə böyük sürətlə yayılması Azərbaycanı çətin vəziyyətə salır. Toplumlar bu cür ağır vəziyyətdən iqtidarlı-müxalifətli bir yumruq kimi birləşərək çıxa bilirlər”.
 
Ədalət partiyasının sədri, hüquq elmlər doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında koronavirus pandemiyasının getdikcə yayılmasını şərh edərkən belə deyib.
 
Partiya sədrinin fikrincə, ölkəmiz bu qədər ağır vəziyyətdə olmasına baxmayaraq, pandemiya ilə mübarizə elmi əsaslarla deyil, inzibati yolla aparılır və bu iş faktiki olaraq təcrübəsiz insanların çiyninə yüklənib: “Azərbaycanda hər gün 600-ə qədər yeni yoluxma halı aşkarlanır. Bu, hələ rəsmən etiraf olunanlardır. Sirr deyil ki, koronavirusu gizli keçirənlər də var və virusun yayılmasının əsas səbəbkarı da onlardır. Pandemiya yayılmağa başlayandan bəri isə Səhiyyə naziri hörmətli Oqtay Şirəliyev gözə dəymir. Faktiki olaraq koronavirusla mübarizə TƏBİB adlı hər hansı ciddi təcrübəsi olmayan quruma və inzibati orqanlara tapşırılıb. Onlar əllərindən gələni etməyə çalışsalar da, yayılmanın qarşısını aldıqlarını söyləmək mümkün deyil. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamaları isə pandemiyanın hələ uzun illər davam edəcəyini göstərir. Bu cür ağır sınaq qarşısında hakimiyyət ilk növbədə inzibati mübarizədən elmi yolla mübarizəyə keçməli, ölkənin bütün tibb mütəxəssisləri siyasi mövqeyindən asılı olmayaraq bir araya gəlməli, koronavirusa qarşı ümumxalq mübarizəsi komitəsi yaradılmalıdır”.
 
İlyas İsmayılovun fikrincə, yaranmasını təklif etdiyi yeni komitədə ən tanınmış mütəxəssislərlə yanaşı, bütün iddialı siyasi partiyalar da yer almalıdır: “Ən azı ona görə ki, koronavirusa qarşı mübarizə və qarşılaşacağımız itkilər kimlərinsə əlində hakimiyyətə qarşı təzyiq vasitəsinə çevrilməsin. Hər kəs əlini qoyduğu daşın altında öz məsuliyyətinin də olduğunu nəzərə alıb ümumi bəlamıza obyektiv yanaşsın. Koronavirusla bağlı mübarizə tədbirlərinə xərclənən vəsaitlər üzərində ictimai nəzarət təmin olunsun və əsassız dedi-qodulara yer qalmasın. Bütün bunlara isə sözsüz ki, koronavirusla mübarizəyə hər kəsin qatıldığı formatlarla nail olmaq mümkündür”. 
 
Partiya sədri təklif etdiyi koronavirus komitəsinin tərkibi barədədə də öz variantını açıqladı: “Açığını desəm, bu yaxınlarda keçmiş Səhiyyə naziri Əli İnsanovun tele-müsahibələrindən birinə baxdım. Onun 1990-cü illərdə malyariya xəstəliyinə qarşı apardığı mübarizə barədə dediklərində bugünkü səhiyyə sistemimiz üçün öyrəniləsi və həyata keçiriləsi dərslər mövcuddur. Üstəlik, Əli İnsanov ağciyər xəstəlikləri üzrə ölkəmizin yetişdirdiyi ən yaxşı mütəxəssislərdəndir və koronavirusun da bu sahə ilə əlaqəsi var. Hesab edirəm ki, həm Əli İnsanov, həm hakimiyyət siyasi ədavətləri bir kənara atıb Azərbaycan xalqının sağlamlığı naminə bir araya gəlməli və digər qurumlarla birgə çalışmalıdır. Ondan əlavə mən yaranmasını təklif etdiyim komitəyə Adil Qeybulla, Vüqar Məmmədov, Təyyar Qurbanov və s. kimi savadlı tibb alimlərinin də cəlb olunmasını istərdim”.
 
Həmsöhbətimiz Azərbaycan hakimiyyətinin siyasi mövqeyindən asılı olmayaraq, koronavirusla mübarizəni mütəxəssislərə həvalə etməsinin ölkədə milli birlik istiqamətində atılmış ciddi addım olacağına inanır: “Təəssüf ki, Azərbaycanın bu qədər ağır vəziyyətində hakimiyyətlə müxalif qüvvələrin bir-birinə qarşı mübarizədə etik normaları aşan, hətta söyüşə, təhqirə varan ritorikaları ilə tez-tez üzləşirik. Bu istər-istəməz siyasi mübarizəni gərginləşdirir, rəqabət mühitini pozur və xalqı düşmənçiliyə yuvarladır. Azərbaycan hakimiyyətinin koronavirusa qarşı ümumxalq mübarizəsində bütün tərəfləri bir hədəf ətrafında toplaması bu təhlükəli tendensiyanın qarşısını almaq üçün ata biləcəyi ən uğurlu addım olardı”.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 640          Tarix: 30-06-2020, 21:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma