Xəbər lenti
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
Xarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən keçirilən əməliyyat tədbirləri nəinki ölkəmizdə, eləcə də dünyanın əksər dövlətlərində xüsusi böyük marağa səbəb olub. Böyük maliyyə mənbəyi olmayan, dövlətin məhrəm strukturlarından biri sayılan qurumla bağlı əməliyyat tədbirinin keçirilməsi, bir neçə iriçəkili məmurun həbs olunması çox ciddi hadisə sayılır. Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev baş vermiş hadisə ilə bağlı görüşlərini əməkdaşımızla bölüşdü.
– Bədrəddin bəy, XİN-də baş verən bu rüsvayçı hadisəni necə qiymətləndirirsiniz?
– İlk öncə onu demək lazımdır ki, XİN-də DTX tərəfindən həyata keçirilən əməliyyat tədbirlərini gecikmiş hadisə kimi qiymətləndiririk. Biz bu əməliyyat tədbirini çoxdan gözləyirdik. Çünki, beynəlxalq səviyyədə milli siyasətini və hədəflərini məhz bu nazirlik tərəfindən həyata keçirilməsi başlıca dövləti vəzifədir. Təəssüflər olsun ki, XİN milli hegemonçuluq prinsiplərimizi uzun illərdir fərqli məcrada həyata keçirirdi. Partiyamızın başlıca prinsipləri olan cümhuriyyətçilik, istiqlalçılıq, xalqçılıq, milli hegemonçuluq və dünyəvi şərtlərin tələbləri baxımından yanaşdıqda görürük ki, dövlətimizə ən böyük zərbəni bu qurumdakı məmurlar neçə illərdir vurmaqla məşğul olublar. Biz CXP olaraq hər zaman açıq şəkildə bildirmişik ki, dövlətimizin xarici siyasəti milli düşüncəli kadrlardan təşkil olunmalıdır. Ona görə ki, xarici siyasət milli maraqlar müstəvisində idarə olunmalıdır. Milli iqtisadiyyatımız, milli təhsilimiz, milli ordumuz dövlətmizin strateji hədəflərindən biri kimi təqdir olunmalıdır. Bunları nəzərə alaraq xarici siyasətimiz milli hədəflərimizə söykənməlidir.
– Bəs nədən milli hədəfləri önə sürürsünüz?
– İstənilən dövlətin strateji baxımdan təhlükəsizliyinin təməl prinsipi milli hədəflər çərçivəsində tətbiq olunmalıdır. Əgər dövlətimizin xarici siyasəti milli maraqlarımız çərçivəsində həyata keçirilmirsə, deməli orada çalışanlar ölkəmizə yad olan hansısa maraqlarla çıxış edirlər. Təəssüflər olsun ki, 1991-ci ildə dövlət müstəqilliyimizi əldə etdikdən sonra, beynəlxalq münasibətlər kursumuzda milli hegemonluq siyasətimizin maraqlarını özündə ifadə edə biləcək diplomatik kadrların qıtlığı ilə üz-üzə qaldıq. Beləcə ikiyüz ildir Azərbaycanda formalaşmış, düşüncə baxımından “Beşinci Kolon”u təmsil edən qüvvələr ixtisaslı kadr adı altında xarici siyasət doktrinamızın məcrasını bağlı olduqları beyin mərkəzlərinin iradəsi ilə idarə ediblər. Ona görə biz CXP olaraq, milli kadr siyasəti hədəflərini önə çəkirik. Strateji baxımdan dövlətimizin təhlükəsizliyi və inkişafı üçün bu faktor çox önəmlidir. XİN-də çalışanların çoxunun Azərbaycanın milli tarixi, mədəniyyəti, tarixi coğrafiyası, sosial-iqtisadi sistemindən xəbəri yoxdur. Xüsusilə “rusdilli” kadr siyasəti önə çəkildiyi üçün dövlətimizə qarşı sarsıdıcı zərbələr vurulub. Çünki, diplomatik işlə birbaşa əlaqəli olduqları üçün, beynəlxalq səviyyədə dövlətimizin milli ləyaqət və şərəfini qorumaq onların vəzifə borcu idi. Min dəfələrlə təəssüflər olsun ki, bütün bunları XİN-də çalışan məmurların timsalında görməmişik.
–XİN-dəki kadr siyasətinə çox sərt yanaşırsınız...
– Özünə beynəlxalq miqyasda hörmət qoyan və istənilən dövləti təmsil edən kadrlar həm də onun milli institutlarının hədəflərini nümayiş etdirir. Azərbaycanın XİN-də çalışan kadrları bu düşüncədən hər zaman uzaq olublar. Bu nazirlikdə çalışanların əksəriyyətinin “rus, ingilis, fransız aksenti” ilə danışması faktı bir daha sübut edir ki, onlar millilikdən və xəlqilikdən çox-çox uzaqdırlar. Çünki düşüncələri yad dillərin və düşüncələrinin məhsulu olduğu özünü göstərir. Belə məmurlar hətta bu faktı “qürur”la önə çəkərək keçmişdəki kimi, hansısa neokolonial düşüncə sisteminin daşıyıcısı olduqlarını nümayiş etdiriblər. Dövlətimizin strateji və milli maraqlarının əvəzində neçə illərdir lobbiçilik və digər sahələrdə milyonlarla vəsaiti havaya sovurublar. Beləliklə milli düşüncə sistemindən məhrum olan bu kadrlar Qarabağ problemi ilə bağlı BMT, ATƏT-in Minsk Qrupu, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq diplomatik münasibətlərdə birbaşa ermənilərin maraqları çərçivəsində fəaliyyət göstəriblər.
– Bədrəddin bəy, bu çox ciddi ittihamdır.
– Biz CXP olaraq, bu mövqeyimizdən heç bir zaman geri çəkilməmişik. Ona görə ki, XİN-də çalışan məmurların əksəriyyəti keçmiş Rus-Sovet imperiyasının məmurları kimi davranıblar. Baxmayaraq ki, keçmiş sovet rejimi dağılıb, onlar hələ də Rusiyanın agentura sisteminin bir parçası olaraq mövcuddurlar. Bu gün DTX-nın bu şəbəkəni çökdürmək üçün keçirdiyi əməliyyat tədbirlərini təqdir etmək lazımdır. Bu əməliyyatlar Ukraynada təcrübəsində gördüyümüz kimi ən həlledici anda Rusiya ilə qarşı-qarşıya gəlmək perspektivindən ölkəmizi xilas etməyə yönəlib. Hələ bir neçə ay öncə prezident İlham Əliyev ölkəmizdəki “Beşinci kolon”nun milli dövlətçilik siyasi kursumuza qarşı ən böyük əngəlin olması barəsində açıq şəkildə işarə vurmuşdu. Həmin kolon əsasən ideoloji sahədə dövlətmizə qarşı çox ciddi zərbələr vurduqlarını etiraf etmək əvəzinə, hətta dirəniş göstərirdilər. Ona görə də əvvəl Mədəniyyət Nazirliyində və bu gün isə XİN-də DTX tərəfindən bu əməliyyat tədbirləri həyata keçirilibdir. XİN demək olar ki, Azərbaycanda özünü maliyyələşdirən qurumlardan biri hesab olunur. Vizalardan əldə olunan gəlirlər, bundan əlavə Bakıda tikdirdikləri bir sıra korpuslar, xaricdə lobbiçilik fəaliyyətləri adı altında yeyintilər, bir sıra sahibkarlara və məmurlara diplomatik pasportların verilməsi ən gəlirli sahələrdən biri idi. Xarici agenturaya bağlı kadrlara xidməti pasportların verilməsi və digər mənfi hallar bu nazirliyin nə qədər antimilli olduğunu isbat edən mühüm faktorlardır. Bizi ən çox narahat edən faktlardan biri də, dövlətimizin xarici siyasət atributu olan XİN-də çalışanların çoxunun rusdilli olması idi.
– Bəs XİN-in Qarabağ məsələsində nə kimi səhvləri və ya xəyanətləri olub?
– Əvvəla, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. Var Qarabağ bölgəsi. Ölkəmizin Aran, Bakı-Abşeron, Qərb, Cənub, Şimal, Qarabağ və Naxçıvan inzibati bölgələri mövcuddur. Bundan əlavə, qanunla iqtisadi baxımdan bölgə anlayışları var. Quba-Xaçmaz, Kəlbəcər-Laçın və Dağlıq Şirvan iqtisadi rayonları vardır. Ancaq, XİN bu məsələdə uzun illərdir Qarabağ məsələsini kiçik səviyyəyə endirərək ermənilərin maraqları çərçivəsində “Dağlıq Qarabağ” anlayışı çərçivəsində diplomatik yolla milli hədəflərimizə sarsıdıcı zərbələr vurmaqla məşğul olub. Azərbaycan Respublikasının Anayasasında “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, unitar dövlət quruluşuna sahibik. Beynəlxalq səviyyədə Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Qarabağı süni şəkildə iki hissəyə bölərək masa arxasında oturmamalıyıq. Bütün erməni ekspansionizm siyasətinin işğalına məruz qalmış bütün rayonlarımızın adlarını birlikdə sadalamalıyıq. Keçmiş Sovetlər Birliyi dönəmində termin kimi işlədilən “Dağlıq Qarabağ”a bağlı rayonların adlarını da Azərbaycanın ərazisi kimi inzibati vahid olaraq göstərməliyik. Bundan əlavə Ermənistanın işğalçılıq siyasətinin iç üzünü açan Qazax rayonuna məxsus 7 kəndin, Tovuz və Gədəbəy rayonlarının ərazilərinin daim atəş altında saxlanılması siyasəti, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin erməni işğalında olması faktlarını gündəmə gətirməliyik. Azərbaycan dövləti və xalqının iradəsi xaricində rus imperiyasının siyasətinin XİN-nin simasında hələ də davam etməsi dövlətçiliyimizə qarşı vurulan sarsıdıcı zərbələrdən biridir. Elə bir faktı yadınıza salım. Amerikalı jurnalist Pit Erlinin 2008-ci ildə çap olunan kitabında Azərbaycanın BMT-dəki səfiri Eldar Quliyevin FSB-nin (Rusiya) agenti olması barəsində geniş faktlara yer verilib. E. Quliyev 1994-2001-ci illərdə orada çalışıb. İndiki xarici işlər naziri Elmar Məmmədyarov E. Quliyevin himayəsində olmaqla BMT-dəki nümayəndəliyimizin I katibi vəzifəsində (1993-1995) işləyibdir. 2008-ci ildən indiyə kimi XİN tərəfindən bu fakt təkzib olunmayıb.
– XİN bunun üçün əslində nə etməlidir?
– Biz CXP olaraq hər zaman olduğu kimi, indi də öz mövqeyimizdə qalırıq. İşğal altında olan ərazilərimizi Ermənistanın beynəlxalq terrorizm yuvasına çevirməsi faktını ortaya qoymalıyıq. Necə olur ki, Azərbaycan və beynəlxalq KİV-lər bu barədə faktları ortaya qoyur, bizim XİN isə bütün bunlara göz yumur? Rusiyanın işğal altında olan ərazilərimizdə ermənilərə xidmət göstərən bankları var. “Master kart”lar belə, orada asanlıqla çalışır. Əgər bank əməliyyatları həyata keçirilirsə, deməli orada ofşor bölgə kimi irihəcmli çirkli pullar yuyulur. O da bəllidir ki, Azərbaycanın işğal altındakı əraziləri ayrıca beynəlxalq subyekt hesab olunmur. Yaxın Şərqdə terrorizmin dəstəklənməsi, silah və narkotik maddələrin transferi üçün ermənilər münbit şərait yaradıblar. Xüsusilə beynəlxalq terrorizmin gəlir mənbəyi olan və İran molla rejiminə bağlı şirkətlərə qarşı bu günə qədər XİN rəhbərliyi etirazlarını bildirməyib. Həmin faktları ortaya qoyaraq bu məsələdə beynəlxalq tədbir keçirməyib. Ona görə biz milliləşmə siyasətinin dövlət maraqları çərçivəsində həyata keçirilməsi ideyasını irəli sürürük. Otuz ildir dövlətimiz müstəqilliyini yaşayır. Əfsuslar olsun ki, XİN-nin milliləşməsi problemi hələ də aktual olaraq qalır. Biz ancaq, milli təfəkkürə malik kadrlarımızla uğurlara imza ata bilərik. İndiki proseslər bir daha göstərir ki, “Beşinci kolon” sıradan çıxarılır. Milli dövlət sistemi öz yerini tutmaq üçün önə çıxmaqdadır.
Söhbətləşdi: Nicat Türkoğlu
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar