Xəbər lenti
Dünən, 19:25

 
Bu gün Azərbaycanın Milli Diplomatiya Günüdür. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli sərəncamı ilə 9 iyul Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı olaraq təsis edilib və diplomatlarımız 13 ildir ki, bu günü öz bayramları kimi keçirirlər
 
Sözsüz ki, ölkə rəhbərinin başqa günü deyil, niyə məhz 9 iyulu Diplomatiya Günü kimi seçməsinin də tarixi əsası var. Məlumata görə, Diplomatiya Günü təsis edilərkən Azərbaycan hökumətinin qarşısında bir neçə variant olub. Variantlardan biri olaraq Azərbaycan Xalq Cümhuriyyətilə Osmanlı imperiyası arasında bağlanmış ilk müqavilənin imzalanma tarixi, digəri Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması və s. kimi hadisələr üzərində xeyli müzakirələrdən sonra 9 iyul üzərində dayanılıb. Nədən ki, arxivlərdə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ən əski rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatdır və məhz bu sənəd əsas götürülərək diplomatiya tariximizin yaranma tarixi də o gündən başlanılıb. Əslində isə yeni diplomatiya tariximizin başlanğıcının həmin sənədin imzalanmasından əvvəllərə təsadüf etməsi şübhəsizdir və bunu sözügedən təlimatın özü də təsdiqləyir. Belə ki, sənəd mövcud olan nazirliyin katibliyi tərəfindən imzalanmışdır və deməli, AXC-nin XİN bizə qədər gəlib çatan bu müvəqqəti təlimatdan əvvəl mövcud idi.


 
Prezidentin 2007-ci ildə imzaladığı Sərəncamla biz bu gün milli diplomatiya tariximizin 101-ci ildönümünə qədəm qoyuruq. Amma bu o demək deyil ki, min illərlə qədim tarixə malik olan Azərbaycan xalqının diplomatiya ilə  tanışlığı bu gündən başlayır. Tarixə onlarla böyük dövlətlər, imperiyalar bəxş etmiş Azərbaycan xalqının diplomatiya tarixi bəşəriyyətin özü qədər qədimdir. Ən azı ona görə ki, qədim dövrlərdən indiyədək böyüklüyünə-kiçikliyinə baxmayaraq, harda dövlət varsa, onun əsas komponenti diplomatiya olub və olacaq. Azərbaycan xalqının tarixi isə insanlığın ən qədim dövrlərinə qədər gedib çıxır və minillər boyu dövlətsiz qalmağımız yalnız son 200 ilin müxtəlif dövrlərinə təsadüf edir.
 
Bəllidir ki, bir dövlətin ayaqda dura bilməsi üçün söykənəcəyi 3 sac ayağa ehtiyacı var: iqtisadiyyat, hərb və diplomatiya. Hələ mədəniyyətin ortaya çıxmadığı qədim dövrlərdə belə, insan oğlu iqtisadi məqsədlər naminə ya döyüşmüş, ya da bir-biriylə dil taparaq yaşadıqları ərazilərin bölüşdürülməsi əsasında müəyyən razılığa gəlmişlər. İlk diplomatik fəaliyyət də məhz bu ibtidai razılıqdan başlamışdır. Bu baxımdan diplomatiya tarixi hətta hərb tarixindən də qədimdir. Zira ibtidai dövrlərdə dünya insanoğlu üçün xeyli geniş olduğundan rahatlıqla bölüşə bilirdilər. Daha sonra mülkiyyət anlayışının ortaya çıxmasıyla hərbi hesablaşmalar başlamış və bu da nəticə etibarilə qaliblərlə məğlubların bir araya gəlib anlaşmalar bağlamasına – ilk diplomatik fəaliyyətlərin yaranmasına vəsilə olmuşdur


 
İnsanoğlu əsas uğurunu da hərbdən çox, diplomatik bacarığı ilə qazanmışdır. Tarix savaş meydanlarda qalib olanların diplomatik masalardan məğlub ayrılması örnəkləriylə doludur. Bəzən bu diplomatik uğursuzluqlar tarixin seyrini dəyişdirmiş, əldə edilən sülh yüzillərlə səngiməyən yeni savaşların əsasını qoymuş, dövlətlər arasında və daxilində qarşısıalınmaz ziddiyyətlərin yaranmasına gətirib çıxarmışdı. Bunun ən bariz nümunələrindən biri 14 əsrdir müsəlman dünyasını qanını axıdan məzhəb müharibəsidir. Tarixi faktlar sübut edir ki, Müaviyə ilə girdiyi döyüşlərdə qələbənin bir addımlığında olan Həzrət Əli qarşı tərəfin və öz əsgərlərinin təkidilə sülh danışıqlarına başlayır. Danışıqlarda Həzrət Əlinin təmsilçisi Əbu Musa Əşərinin diplomatik bacarıqsızlığı savaş meydanının qalibi olan tərəfin məğlubiyyətilə nəticələnir və 1400 ildən çox davam edən məzhəb müharibələrinin əsası qoyulur. Bu müharibələrin nə zaman bitəcəyini isə təxmin etmək mümkün deyil.
 
Minillər boyu insanlıq tarixinə öz damğasını vuran, indisə bir ovuc qalmış torpağını belə erməni təcavüzündən qoruya bilməyən Azərbaycan türkünün də diplomatiya tarixinin uğurlu-uğursuz anları olmuşdur. Hər halda böyük imperiyalar quran bir xalqın bu naliyyətini təkcə hərbi qələbələrlə əlaqələndirməyimiz mümkün deyil. Hərbi uğurlarımızın meyvəsini məhz diplomatik uğurlarla dadmış, babalarımızın qanıyla qazandıqlarımızı əqlimizlə qoruyub saxlaya bilmişik. Bu mənada hərb sənətini bir millətin əzələ gücünə, diplomatiyanı isə onun əqli qabiliyyətinə bənzətmək olar. 


 
Üstəlik, Azərbaycan dövləti indiki adına iddia edirsə, istənilən sahə tarixini yalnız BMT tərəfindən qəbul olunan 86,6 min km²-lik ərazi ilə məhdudlaşdıra bilməz. Ən azı ona görə ki, hazırda Azərbaycan adıyla qonşumuz İranda 4 əyalət (onlardan ikisi bizim dövlətimizin adını daşıyır, Şərqi Azərbaycan və Qərbi Azərbaycan adlanır) mövcuddur və tarixi ərazilərimizin sahəsi 221,6 min km²-dən çoxdur. Söhbət əgər tarixdən gedirsə, biz də məsələyə mütləq bugünkü siyasi-inzibati coğrafiyamızdan yox, tarixi nöqtə nəzərdən baxmalıyıq. Necə ki, Türk ordusu öz quruluş tarixini Mete xanın hakimiyyətə gəldiyi bizim eradan əvvəl 209-cu ildən başladır, biz də Azərbaycan xalqının diplomatiya tarixini ilk dövlətimizin ortaya çıxdığı gün olaraq qəbul etməliyik
 
Bu gün bəzi rəsmilərimizin heçdən bir dövlət yaradıb bugünkü nəsillərə miras buraxdığı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini vaxtaşırı aşağılamasına şahid oluruq. Halbuki rəsmi tariximizdə milli dövlətçiliyimizin fundamental əsası kimi qəbul edilən AXC hökumətinin hökmran olduğu torpaqların yarısını belə, əldə saxlaya bilməmişik. Burda təbii ki, müasir diplomatiyamızın da uğursuzluğunun rolu az deyil.


 
Bəli, cəsarətlə deyə bilərik ki, ölkəmizin bu gün dövlət kimi var olmasını rəsmilərimizin tarixini 1919-cu ildən başlatdıqları AXC qurucularının diplomatik qabiliyyətlərinə borcluyuq.  Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini elan edəndən sonra ölkəmizin ziyalıları dünyanın aparıcı dövlətləriylə görüşmək üçün səfərlərə çıxmış və bir çox beynəlxalq konfranslarda iştirak etmişlər. 1919-cu ilin 9-28 may tarixlərində Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında nümayəndə heyətimizin Paris konfransında apardığı məkik diplomatiyası Azərbaycanın de-fakto bir dövlət kimi tanınması ilə nəticələnmişdi. Topçubaşovun görüşdüyü dövlət xadimlərindən biri ABŞ prezidenti Vudro Vilson həmin tarixi hadisəni belə xatırlayır:
 
Bu vaxta qədər siz heç Azərbaycanın adını eşitmişdiniz? Yüksək şəxsi ləyaqət hissinə malik bir neçə xoş simalı insan mənimlə görüşmək üçün  Azərbaycandan gəlmişdi. Ölkələrinin harada olduğunu onlardan soruşmağa risk etmədim, amma sonra gizlicə xəritədə axtarıb tapdım və gördüm ki, bura Qafqazın cənubunda yerləşən çox firavan vadidir, böyük və qədim sivilizasiyaya malikdir. Həmin adamların danışdıqlarından haqqında bəhs etdikləri məsələlərlə bağlı geniş biliyə malik olduqlarını anladım, lakin mənim onların işləri ilə bağlı heç bir məlumatım yox idi. Digər tərəfdən, onlar Amerikanın mövqeyinə də bələd idilər.  Ona görə də yanıma gəlib kömək üçün əli uzadaraq deyirdilər: “Biz Amerikanın nəzərlərinin üstümüzdə olmasını istəyirik, Amerikanın yardım və məsləhətinə ehtiyacımız vardır”.


 
Vilsonun bu sözlərindən anlaşılır ki, Azərbaycanın müasir diplomatiyasının ataları sayılan cümhuriyyətçilərin, Məmməd Əmin Rəsulzadənin təbirləriylə desək, heçdən bir dövlət var etmək üçün başlatdıqları məkik diplomatiyası 1919-cu ildən öz nəticələrini verir, dünyanın aparıcı dövlətləri tərəfindən müstəqilliyimiz de-fakto qəbul olunurdu. Əlimərdan bəy Topçubaşovun etiraflarına görə, Paris sülh konfransında dövlət kimi rəsmən tanınmamağımızın yeganə səbəbi Rusiya amili və dünya güc mərkəzlərinin Cənubi Qafqazı vahid federativ halda görmək istəməsi idi: “Prezident Vilson müxtəsər danışdı və cavab olaraq bizə aşağıdakıları bildirdi:
 
1. Onlar dünyanın kiçik hissələrə bölünməsini istəmirlər. 

2. Qafqazda federasiya yaradılması ideyasının dəstəklənməsi bizim üçün daha məqsədəuyğun  olardı.
 
3. Yaranmış Konfederasiya Millətlər Liqasının tapşırığı ilə hər hansı bir dövlətin himayəsi altında ola bilərdi.
 
4. Bizim məsələmiz rus məsələsindən əvvəl həll edilə bilməz”.
 
Topçubaşovun bu sözlərindən də göründüyü kimi, I Dünya Müharibəsindən sonra dünyanın bölünməsi üçün Parisdə toplanan qaliblər müstəmləkə kimi gördükləri ərazilərində müstəqil dövlətlərin ortaya çıxmasında maraqlı olmadıqlarından Azərbaycan nümayəndə heyətinin diplomatik manevrləri də çox işə yaramasa belə, hər halda Zaqafqaziya Federasiyasının təsis olunmasına qərar verilir. Osmanlı I Dünya Müharibəsinin məğlub tərəfi olduğundan Cənubi Qafqaz da Rusiyanın ixtiyarına verilir. 1922-ci ildə federal dövlət olaraq SSRİ-yə qoşulan Cənubi Qafqaz Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası adlanır. 1936-cı ildə isə bu federasiyaya son qoyulur və Azərbaycan SSRİ-nin 15 subyektindən biri ünvanını qazanır. Bugünkü Azərbaycanın da məhz həmin Sovet Azərbaycanının hüquqi varisi olduğunu nəzərə alsaq, bir dövlət kimi mövcudluğumuzu 2 ildən az yaşamış  AXC-yə borcluyuq
 



Hazırda İrəvanı ermənilərə satmaqda günahlandırdığımız həmin AXC əslində Paris sülh konfransına əliboş getməmiş, torpaqlarının böyük qismini işğaldan azad etmək əzmini nümayiş etdirərək qatılmışdı. Paris Sülh Konfransından sonra Osmanlı dövlətinin də köməkliyi ilə ərazilərini işğaldan azad edərək Zaqafqaziya SSR-nin subyektlərindən biri olmuşdur. Sözsüz ki, bu uğurda yeni yaranmış sələf dövlətimizin hərbi qüdrəti ilə yanaşı Vilsonu heyran qoyan diplomatik ağlımızın da misilsiz xidmətləri var.  Amma həmin sözləri 30 ilə yaxındır yenidən özünü bərpa etdiyi iddiasıyla ortaya çıxan indiki dövlətimizin diplomatiyası barədə deyə bilərikmi? Əlbəttə ki, yox. AXC-dən miras qalan torpaqlarımızın bir qismini Azərbaycan SSR vaxtında itirdiyimiz kimi, ondan heç də az olmayan hissəsi də məhz indiki yeni müstəqillik tariximizdə bir ovuc erməninin işğalı altına düşmüşdür. Azərbaycan diplomatiyasına isə 16 ildir mürgülü nazir əfəndi rəhbərlik edir. DTX-nın son əməliyyatlarının əsas səbəbi də yəqin ki, bu mürgülü xarici siyasətimizlə bağlıdır. Korrupsiya, viza rejiminin tətbiqində yaşanan xoşagəlməz hadisələr bu əməliyyatın bəhanəsidir. Axı rəsmi Bakı bütün dünyaya necə elan edə bilər ki, sən demə 16 ildir Azərbaycanın xarici siyasəti başqa dövlətlərin maraqlarını qoruyan komandanın nəzarəti altında olub? Diplomatiya dövlət kimi varolmanın vacib komponentlərindən olduğundan bunu etiraf etmək asan deyil.


 
Məsələyə bu nöqteyi-nəzərdən yanaşanda, DTX-nın XİN-də apardığı əməliyyatları həm də milli diplomatiyamıza və onun şərəfli aparıcılarına bəxş edilmiş ad günü hədiyyəsi kimi qəbul etmək olar. Ümidvarıq ki, bu əməliyyatdan sonra xarici siyasətimiz Əlimərdan bəy Topçubaşovdan yadigar qalan və Heydər Əliyev tərəfindən müasirləşdirilən prinsiplərə geri qayıdacaq. Həmin prinsiplər bunlardan ibarətdir:
 
“Azərbaycanın müstəqilliyinin qorunması və Xalq Cümhuriyyətinin acı aqibətinin yenidən yaşanması üçün ölkəmizin yaxın və uzaq tarixi keçmişi əsasında formalaşdırılan xarici siyasət strategiyası.  Bu strategiya ilk növbədə respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını ehtiva edir. Yeni xarici siyasətimizin əsas istiqamətlərindən biri də Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsi və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasıdır.
 
Biz 30 ildir hələ formalaşma prosesini tamamlamamış diplomatik xidmət əməkdaşlarını ad günü münasibətilə təbrik edir və onlara bundan sonrakı fəaliyyətlərində böyük uğurlar arzulayırıq. 
 
Heydər Oğuz,
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 6 301          Tarix: 9-07-2020, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma