Xəbər lenti

 
Azərbaycanda maraqlı proseslər baş verir. Bir tərəfdən hakimiyyət Rusiyaya bağlı qüvvələri zərərsizləşdirir, digər tərəfdən Rusiya keçmiş sovet ölkələrini təhdid edir. Ən əsası isə ABŞ rus qazının Avropaya nəqli qarşısında müxtəlif əngəllər yaradır. Bu cür qarmaqarışıq ortamda Azərbaycan nə etməlidir? 
 
Qlobal neft strategiyasını yaxından izləyən eks-sipker Rəsul Quliyevin fikrini öyrəndik. Rəsul Quliyevin Ovqat.com-a müsahibəsini təqdim edirik.
 
 
 
-Salam, Rəsul müəllim. Azərbaycanda son zamanlar aparılan kadr dəyişikliklərinin Rusiyaya bağlı qüvvələrin zərərsizləşdirilməsi kimi qiymətləndirirlər. Hakimiyyəti yaxından tanıyan insan kimi, bu fikrə nə dərəcədə qatılırsınız?  
 
-Əgər söhbət Ramiz Mehdiyev, Əli Həsənov, Ramil Usubov, Zakir Qaralov və başqalarından gedirsə onların Rusiyaya yaxın olması heç bir şübhə doğurmur. Başqa sözlə, bu insanlar Azərbaycanın taleyini Rusiyadan kənarda təsəvvür etmirdilər. Ancaq onların kənarlaşdırılmasının Rusiya ilə əlaqələrində axtarmaq lazım deyildir. Böyük ehtimalla, onlar ölkə daxilində kifayət qədər səhvlərə yol veriblər. Ona görə də cəzalandırılıblar. Ən təhlükəlisi isə odur ki, bu adamlar özlərinin əvəz edilməməzliyinə inanırdılar. Onlara daxili səhvlərə görə münasibətin mənfi olduğunu başa düşmək çox da çətin deyildir. Qısa müddət ərzində onların kadrlarının həbs edilməsi, onlarla vəzifəlilərinin işdən çıxarılması həmin qüvvələrin də vəzifələrindən azad edilməsinin əsas səbəbi kimi görsənir. 

-Rusiya prezidenti Vladimir Putin son vaxtlar təhdidkar ritorikası ilə seçilir. Post sovet məkanı üçün rus təhlükəsi nə dərəcədə realdır? 
 
-Putin çox təhlükəli adamdır. Bu insan özünün əvəz edilməz olduğuna həqiqətən inanır. Bu, paranoikliyin əsas şərtidir. O belə hesab edir ki, bütün dünya Rusiyanı parçalamaq istəyir. Və o, Rusiyanı bu ədalətsizlikdən xilas etmək üçün dünyaya gəlib. Onun fikrincə, heç bir SSRİ də olmamalı idi. Bu, Leninin səhvidir. Rus imperiyası qalmalı idi və heç bir respublika müstəqil olmamalıydı. Qərbi Belarus, Qərbi Ukrayna, Krım, Donbass, Qazaxstanın yarısı 1991-ci ildə sovet dağılanda Rusiyaya verilməli idi. İndi onun müqəddəs borcu bu ədalətsizliyi aradan götürməkdir. Zaqafqaziya isə ümumiyyətlə İrandan müharibə yolu ilə alınıb, onlar heç vaxt azad ola bilməzlər. Bu insan həqiqətən belə düşünür.
 
-Bəllidir ki, Rusiyanın əsas iqtisadi gücü neft və qaz ixracatına söykənir. Son vaxtlar enerji resurslarının qiyməti ucuzlaşdığı kimi, Rusiyanın neft və ixracatının məhdudlaşdırılması istiqamətində addımlar atılır. Bu proses onun imperial siyasətinə necə təsir edə bilər? 
 
-Rusiyanın heç neft və qaz sahəsində də gücü yoxdur. Rusiya Ümum Daxili Məhsul istehsalına görə 12-ci yerdədir. Əhalisi 2 dəfə, ərazisi  10 dəfələrlə çox olmasına baxmayaraq Almaniyadan 4 dəfə az məhsul istehsal edir. Hərbi qüdrətinin güclü olmasının səbəbi isə camaatını dilənçi kimi yaşamağa məcbur etməsindədir. 
 
-Belarusdan söz düşmüşkən, bu ölkə belə Rusiyadan üz döndərərək ABŞ-ın enerji şirkətləri ilə neft və qaz müqavilələri bağladı. Bilirsiniz ki, ötən il Belarusa səfər edən ABŞ Dövlət Departamentinin sədri digər ölkələri də Rusiyadan üz döndərməyə çağırmışdı. Belarusun bu addımından sonra digər ölkələr də cəsarətlənə bilərlərmi?
 
- Belarus Avropanın ortasındadır. Rusiyadan başqa sərhədi olduğu dövlətlərin hamısı qərb sivilizasiyasına aiddir. Ona görə Belarusun cəsarətə gəlməsi üçün elə bir qeyrət tələb olunmurdu. Ukraynada baş verənlərdən sonra qərb, xüsusilə Belarusun qonşuları Rusiyanın aqressiyasının qarşısını almaq üçün dərhal kömək edəcəklər. Digər dövlətlərə gəlincə, Qazaxstan ümidini Çinə bağlayıb. Ancaq təhlükəni dərindən başa düşür. Gürcüstanın ümidi Avropa və ABŞ-adır. Ancaq onlar köməyə gələnə qədər müqavimət göstərmək əzmindədir. Ermənistan qismən işğal altındadır. Azərbaycansa ümidini Türkiyəyə bağlamalıdır və həmçinin hər cür ssenariyə hazır olmalıdır.
 
 
-Rusiyanın Qərblə əlaqələrinin kəsilməsindən sonra Çinlə iqtisadi əməkdaşlığa yönəlmə potensialı var. Sizcə, ABŞ-ın Rusiyanı təcrid etmə siyasətinin reallaşma ehtimalı nə dərəcədə uğurludur? 
 
-Çin Rusiya yaranandan bu ölkəyə, ruslara ikrahla baxıb və indi də bu cür baxır. Rusiyanın Cinə yaxınlaşmasının Çinə ziyanı vardır, çünki Çin əsasən istehsal etdiyi malları satmağa yer axtarır, Rusiyanın isə bu sahədə potensialı yoxdur. Çinin Rusiyada maraqları Uraldan bu tərəfə torpaqları ələ keçirməkdir. Çin Konfutsi fəlsəfəsi ilə işləyir. Yəni siyasətdə tələsmədən məqsədinə doğru irəliləyir. Məsələn, Sibirin 100 ilə onun olacağına inanır. 

-Rusiyanın Avropa qaz bazarında sıxışdırılmasından sonra Azərbaycanın TANAP-TAP layihəsinin əhəmiyyəti artırmı? 
 
-Azərbaycanın qaz ehtiyatları çox cüzi miqdardır. Bu proyektin Avropa üçün elə bir əhəmiyyəti yoxdur. Rəsmi Bakı enerji resurslarına bel bağlamaqla öz iqtisadi siyasətini yürüdə bilməz. Qeyri-neft sənayesini inkişaf etdirməlidir. Bunun üçün isə ciddi iqtisadi-siyasi islahatlar aparmalı və investisiya mühitini yaxşılaşdırmalıdır. İndiki şəraitdə Azərbaycanın öz yerli iş adamları belə, ölkədəki mühitə bel bağlayıb müxtəlif sahələrə investisiya qoymurlar. Ciddi dəyişikliklər olmasa xarici investisiyaya ümumiyyətlə bel bağlamağa dəyməz.
 
-Enerji resurslarımızın perspektivinə inanmırsınız. Bəs kommunikasiya potensialımız barədə nə deyə bilərsiniz? Məsələn, Orta Asiya qazının TANAP-TAP layihəsi ilə Avropaya nəqli potensialı varmı və tranzit haqqı bizə ildə nə qədər qazandıra bilər? 
 
-Açığı, TANAP-TAP və ya Cənub Qaz Dəhlizi layihələrinin perspektivinə də inanmıram. Çünki türkmənlər qazlarını Çinə satır. Qazaxstan da Çinə qaz satmaqda maraqlıdır. Xəzər dənizinin altı ilə qaz borusu çəkmək yaxın vaxtlarda planlaşdırılmır.
 
Söhbətləşdi: Heydər Oğuz


Ana səhifəyə qayıt        Baxış: 6 556          Tarix: 12-07-2020, 14:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma