Xəbər lenti
 

Keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov 16 il həmin postda oturub. Onun son iki ilini isə ermənistanlı həmkarı ilə danışmağa sərf edib. Elə bu boşboğazlığı da onun sonunu gətirib. Məlumatlara görə, aşığın sözü qurtaranda “yar aman, aman” dediyi kimi, Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan da koronavirusdan danışmağa başlayırmışlar. Bu da XİN-nin sözçüsü Leyla Abdullayeva tərəfindən faş edildikdən sonra Prezident İlham Əliyev son qərarını verir: Elmar Məmmədyarov getməlidir.
 
İndi Elmar Məmmədyarov 16 illik postunda yoxdur. Zöhrab Mnatsakanyan da qiybətləşməyə adam tapa bilmir. Hər halda bunu onun özü etiraf edib. Ermənistan telekanallarından birinə müsahibə verən erməni Xarici İşlər naziri indiyədək yeni həmkarı Ceyhun Bayramovun səsini eşitmək vüslətinə qovuşa bilmədiyini bildirib. Bununla belə, o, ümidini itirməyib: “Ceyhun Bayramovla Qarabağ nizamlanmasına dair danışıqlarda konstruktiv dialoqu sürdürəcəyimizə ümid edirəm”.
 
 
Ovqat.com xəbər verir ki, Mnatsakanyan bu ümidini Ermənistanın "Şant-TV" telekanalına açıqlayıb.
 
O, qeyd edib ki, indiyədək Bayramovla ünsiyyətdə qurmaq imkanı olmayıb.
 
"Prinsipcə, bu gün mən danışıqlar prosesinin xarici işlər nazirləri səviyyəsində aparılmasına görə siyasi məsuliyyət daşıyıram. Mən Ermənistanın mövqeyinin əsasında duran bütün yanaşmaları şərh etdim, bu prosesi şəxsiyyətdən asılı olmayaraq irəli aparmaq üçün hamı ilə işləməyə hazıram", - deyə Mnatsakanyan bildirib.
 
Onun sözlərinə görə, hazırda deeskalasiyanın (Ermənistan-Azərbaycan sərhədində) öhdəsindən gəlmək və danışıqların növbəti mərhələsinə hazırlaşmaq çox vacibdir.
 
"Xatırladım ki, əvvəlki görüşümüz yanvarın sonunda olub. Biz bütün istiqamətlər üzrə kifayət qədər dolğun iş aparmışdıq və növbəti mərhələlərə keçməli idik", - deyə erməni nazir qeyd edib.
 
Bu kontekstdə Mnatsakanyan pandemiyanın Azərbaycanda müxtəlif daxili siyasi proseslərə əlavə olaraq mövcud planları həqiqətən də qarışdırdığını qeyd edib.
 
"Bizi (Ermənistan tərəfini) rahat düşmən kimi istifadə etmək yolverilməzdir və səmərəsizdir. Düşünürəm ki, Azərbaycan öz daxili siyasi məsələlərini, demokratiya, insan hüquqları və korrupsiya məsələlərini müstəqil həll edə bilsə, bizi düşmən kimi təqdim etməsə, daha faydalı olar", - deyə Mnatsakanyan vurğulayıb.


Ana səhifəyə qayıt        Baxış: 3 234          Tarix: 1-08-2020, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma