Xəbər lenti
 
 
Ovqat.com Azərbaycanın İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Məmməd Əhmədzadənin İtaliyanın “Kmetro0” nəşrinə müsahibəsini təqdim edir.
 
- Cənab səfir, bir müddət əvvəl İtaliyanı ölkənizin Avropadakı strateji tərəfdaşı, daha doğrusu, əsas strateji tərəfdaşı adlandırmışdınız. Bunu necə əsaslandırardınız?
 
- İtaliya ilə Azərbaycan artıq illərdir ki, strateji tərəfdaşlardır. Ölkələrimiz arasında əməkdaşlıq siyasətdən, iqtisadiyyatdan tutmuş, bütün sahələri əhatə edir. Bu, mədəni və akademik sahələrə də aiddir. Bu mənada, 2020-ci il xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan prezidenti İlham Əliyevin İtaliyaya ilk rəsmi səfəri məhz bu ilin fevralında baş tutub. Səfər zamanı 28 sənədin imzalanması münasibətlərimizin strateji mahiyyətinə əlavə təkan olub. Onların arasında  imzalanan çoxşaxəli strateji tərəfdaşlığın gücləndirilməsinə dair birgə bəyannamə xüsusi qeyd edilməlidir. Azərbaycan prezidenti İlham Əliyevin təbirincə desək, bu, münasibətlərimizin bütün sahələrini əhatə edən və gələcək əməkdaşlığımızın əsas prioritetlərini müəyyənləşdirən son dərəcə ciddi, mühüm, detallı tərtib olunmuş siyasi sənəddir.
Bundan başqa, İtaliya Apennin yarımadasının neft tədarükçüsü olan Azərbaycanın başlıca ticarət tərəfdaşıdır. Bu ildən “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsilə, Azərbaycandan İtaliyaya qaz tədarükünə başlanacaq. Nəticədə o, Avropa üçün enerji mərkəzinə çevriləcək.
 
- Azərbaycan COVID-19 pandemiyasının ən çox yayıldığı dövrdə Milanda yerləşən “Spallanzani” və “Sakko” xəstəxanalarına yardım etməklə, ölkəmizə yaxınlığını bir daha ortaya qoyub. İtaliyaya yardımınız nədən ibarət idi?
 
- Hələ də öhdəsindən gələ bilmədiyimiz COVID-19 pandemiyası beynəlxalq əməkdaşlıq və həmrəyliyin nə qədər vacib olduğunu bir daha ortaya çıxarıb. Belə çətin anlarda yaxınlarına dəstək normal haldır. Odur ki, ən ciddi fövqəladə vəziyyətlərdə Azərbaycan üçün təkcə strateji tərəfdaş deyil, həm də dost olan İtaliyaya, italyan xalqına dəstək bizim üçün prioritetlər arasında idi. Həmin günlərdə Azərbaycan paytaxtında yerləşən Heydər Əliyev Mərkəzinin binası Bakı Media Mərkəzi tərəfindən dəstək aksiyası kimi, İtaliya bayrağı ilə işıqlandırılmışdı. Adını çəkdiyiniz xəstəxanalara isə virusla mübarizəyə dəstək olaraq, maliyyə yardımını göstərmişik.
Həmrəylik təbii ki, qarşılıqlı olur. Bizim milli bayramımız olan 28 May günü Romadakı “Traiano” kompleksi Azərbaycan bayrağının rənglərinə boyanmışdı. Bundan başqa, italiyalı tibb mütəxəssislərindən ibarət qrup bu günlərdə virusla mübarizə aparmaqda olan həkimlərimizə, səhiyyə müəssisələrimizə öz təcrübələrilə dəstək olmaq üçün Bakıya yollanıblar.
 
-Gəlin, Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişədən də danışaq. Bu problemin səbəbi nədir?
 
- Əvvəla onu deyim ki, Ermənilərin Azərbaycanın Tovuz rayonuna ötən ay etdiyi hücumları iki ölkə arasında 30 ilə yaxındır davam edən Dağlıq Qarabağ münaqişəsi kontekstindən ayırmamalıyıq. Konkret Dağlıq Qarabağ probleminə gəlincə, bu, ərazi münaqişəsidir. O, 1988-ci ildən – SSRİ-nin süquta doğru getməyə başladığı andan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsilə başlayıb. Bu iddialar sonda tərəflər arasında müharibəyə çevrilib və nəticədə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu – ümumilikdə ərazimizin 20%-ni işğal edib.
Bu işğalın Azərbaycan üçün ciddi sosial fəsadları da olub. İşğal nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycandakı demoqrafik artım nəticəsində bu gün onların sayı 1 milyon 200 min nəfərə çatıb.
Ermənistanın bu il iyulun 12-də başladığı hərbi hücumlara da bu problemin davamı kimi baxılmalıdır. Üstəlik, bu dəfə toqquşmalar qoşunların təmas xəttində deyil, Ermənistanla Azərbaycanın dövlət sərhədində baş verib.
 
- Bütün bunların Azərbaycandan Avropaya qaz nəqlinin başlamasına 3 ay qalmış, üstəlik, İtaliyanı da “mavi yanacaq”la təmin etməli olan qaz kəmərinin keçdiyi ərazidə baş verməsi təsadüfdürmü?
 
- Son hücumların təşkilində Ermənistan hakimiyyəti ən azı 3 məqsəd güdüb: diqqəti ölkədaxili problemlərdən yayındırmaq, münaqişəyə üçüncü tərəfi cəlb etmək və Azərbaycanın mühim logistika və enerji mərkəzi sayılan Tovuz kimi strateji ərazini hədəfə almaq. Məlum olduğu kimi, Avropaya Azərbaycan qazını nəql etməli olan “Cənub Qaz Dəhlizi” məhz bu rayonun ərazisindən keçir.
Bölgədə sabitliyi pozmaq, təkcə Azərbaycanın deyil, qonşu ölkələrin də təhlükəsizliyini risk altında qoymaq, infrastruktura ziyan vurmaq da Yerevanın məqsədləri arasında idi.
Özünü dünyaya “iztirablı xalq” kimi göstərən ermənilər müxtəlif təxribatlara əl atmaqla, öz əməllərinə görə belə, Azərbaycanı günahlandırmağa çalışır. Bu dəfə də Tovuz kimi strateji əraziyə hücumun yarada biləcəyi təhlükələr qalıb bir yanda, ermənilər guya Azərbaycanın “Metsamor” Atom Elektrik Stansiyasına hücum edə biləcəyini car çəkməklə, özünün risk qarşısında qaldığı görüntüsü yaratmağa çalışır. Onların bu iddiası Azərbaycan tərəfindən dərhal və birmənalı rədd olunsa da, Ermənistan tərəfi hələ də bu “fakt”ı əlində bayraq etməkdədir. Nəticədə dünyanın müxtəlif bölgələrindəki erməni icmaları Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəliklərinə hücum edir, vandalizm aktları törədir.
 
- Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür, Avropa İttifaqında daimi nümayəndəliyiz var və sair. Şəxsən siz özünüz beynəlxalq birliyi Ermənistana təzyiq etməyə çağırmısınız. Belə bir şəraitdə Avropadan gözləntiniz nədir?
 
- Mən bir fikri tez-tez təkrarlayıram: cəzasız qalan cinayət yeni-yeni cinayətlərə yol açır. Azərbaycanın gözləntisi aydındır: beynəlxalq birlik təcavüzkar Ermənistanla təcavüzə məruz qalmış tərəf – Azərbaycan arasında fərq qoymalı, Yerevan Qarabağ münaqişəsilə bağlı qəbul olunmuş çoxsaylı beynəlxalq sənədlərin tələblərini yerinə yetirməyə məcbur edilməlidir. Belə sənədlər arasında BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə də var.
Hər kəs anlamalıdır ki, Azərbaycan münaqişə zonasındakı mövcud status-kvonu heç vaxt qəbul etməyəcək. Biz ərazi bütövlüyümüzü bərpa etmək üçün əlimizdən gələni edəcəyik.
 
- Bu gün Azərbaycan siyasi baxımdan Avropa ilə Rusiyadan hansı məsafədədir?
 
- Artıq qeyd etdiyim kimi, Azərbaycan İtaliya və ümumilikdə Avropa ilə çox sıx münasibətlərə malikdir. Lakin eyni zamanda, bizim Ermənistan istisna olmaqla, bütün qonşularımızla da mehriban qonşuluq münasibətlərimiz var. Bu, Rusiyaya da aiddir. Biz Rusiya Federasiyası ilə bir çox ortaq təşəbbüslə çıxış etmişik və edirik. Belə təşəbbüslərdən biri kimi, Azərbaycan və Rusiya prezidentlərinin iradəsi ilə ilk dəfə 2011-ci ildə təşkil olunmuş Bakı Beynəlxalq Humanitar Forumunu göstərmək olar. Bu Forum sonradan bütün dünyanın qatıldığı ənənəvi hadisəyə çevrilib.
 
- Sonda belə bir sual verim: əhalisinin əksəriyyəti müsəlman olan ölkəniz həm də dinlərarası dialoqa ciddi töhvə verən dövlət kimi məşhurdur. Bu mənada, Azərbaycanı hər kəs üçün örnək model saymaq olarmı?
 
- Azərbaycan artıq bu məsələdə bir modelə çevrilib. Üstəlik o, bu istiqamətdə təcrübəsini gündən-günə daha da təkmilləşdirir. Azərbaycan müxtəlif din nümayəndələrinin birlikdə sülh şəraitində yaşadığı, Konstitusiya ilə eyni hüquqlara malik olduğu çoxmədəniyyətli ölkədir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Yeri gəlmişkən, bu məqama son həftlərdə baş vermiş hadisələrin kədərli kontekstində də toxunmaq istərdim. Ermənistan Dağlıq Qarabağ problemini dünyaya dini münaqişə kimi təqdim etməyə çalışır. Əslində isə məsələnin dinlə heç bir əlaqəsi yoxdur. Bu, sırf ərazi münaqişəsidir. Hər kəs bilir ki, Azərbaycan bütün dini etiqadlara dəyər verir, onlar arasında fərq qoymur. Bunu Azərbaycanda müxtəlif din nümayəndələri üçün ibadət məkanlarının fəaliyyət göstərməsi də sübut edir. Məsələn, ölkəmizdə çox sayda sinaqoq da var, katolik kilsəsi də. Bakının düz mərkəzində isə erməni kilsəsi mövcuddur və o, bu yaxınlarda bərpa belə, olunub.
Başqa sözlə, bu dəyərlər bizim genimizdə, Azərbaycan xalqının kökündədir. Monoetnik dövlət olan Ermənistan isə belə dəyərlərə sahib deyil. Ermənistan ərazisində başqa mədəniyyətlərə aid tarixi abidələrin beynəlxalq hüquqa zidd olaraq dağıdılması da bunun sübutudur.
 
Alessandro Luoqo


Ana səhifəyə qayıt        Baxış: 3 771          Tarix: 7-08-2020, 16:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma