Xəbər lenti

 
Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxovun “BRASÍLIA IN FOCO” nəşrində Azərbaycanla Ermənistan arasında ötən ay baş verən döyüşlərdən bəhs edən məqaləsi dərc olunub.
 
Ermənistan-Azərbaycan münaqişəsinin gerçək mahiyyəti sərlövhəli məqaləni Ovqat.com oxucularına təqdim edirik.
 
Azərbaycanla Ermənistanın dövlət sərhədində bu ilin iyulunda baş vermiş silahlı toqquşma dünyanın diqqətini yenidən Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Üstəlik, bu dəfə şiddətli döyüşlər Azərbaycanın ermənilərin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində deyil, ondan xeyli uzaqda, ölkənin şimal-qərbində yerləşən Tovuz rayonu istiqamətində baş verib.
 
Bu dəfə Ermənistan Azərbaycanın əhəmiyyətli enerji və nəqliyyat infrastrukturunun yerləşdiyi bölgəsinə hücum edib. Bu isə ölkənin enerji layihələri üçün də ciddi təhdid yaradıb.
 
Son toqquşmalar nəticəsində Azərbaycan 11 hərbçisini və 1 mülki vətəndaşını itirib.
 
İki ölkə arasında Sovet İttifaqının dağılması ilə başlamış münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib. Bölgədə azərbaycanlılara qarşı etnik təmizləmə aparmış Ermənistanın təcavüzkar siyasəti bu gün də davam etməkdədir.
 
İyulda baş vermiş toqquşmalara gəlincə, Azərbaycanın erməni təcavüzünə reaksiyası kifayət qədər sərt olub. Ermənilərin pandemiya dövründə əl atdıqları bu təxribat bir sıra beynəlxalq təşkilat tərəfindən də kəskin şəkildə qınanıb.
 
Bəs onsuz da ciddi iqtisadi problemlər içərisində olan Ermənistan belə bir şəraitdə qonşusuna niyə hücum etsin? 
 
Bütün təhlillər göstərir ki, Yerevanın əsas məqsədi diqqəti daxili iqtisadi və siyasi problemlərdən yayındırmaqdır. Məhz bu məqsədlə o, münaqişənin həllinə yönəlmiş bütün cəhdlərə mane olur.
 
Lakin təxribatın arxasında daha bir məqsəd də dayanırdı. Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməyə çalışırdı.
 
Bütün bunlarla yanaşı, Ermənistan hökuməti dünyadakı erməni diasporuna qeyri-rəsmi mesajında son hadisələri “yeni ərazilər uğrunda yeni müharibə” kimi xarakterizə edib. Bunun ardınca Fransa, İngiltərə, İsveç, Polşa, Avstraliya, ABŞ, Hollandiya, Belçika, Kanada və s. ölkələrdə ermənilər müxtəlif təxribatlara əl atıb, Azərbaycanın bu ölkələrdəki diplomatik nümayəndəliklərinin binaları qarşısında Bakıya dəstək ifadə edən dinc nümayişçilərə hücumlar olunub.
 
Təəssüf ki, belə hallar Braziliyada da yaşanıb. İyulun 24-də ermənilər Türkiyənin San-Pauludakı Baş Konsulluğunun divarlarına, müxtəlif küçələrinə Azərbaycan və Türkiyəyə qarşı nifrət şüarları yazdılar. Sosial mediada Braziliyada yaşayan azərbaycanlılar və türkiyəlilərə qarşı dərc olunan paylaşımlar isə vəziyyəti daha da gərginləşdirir.
 
Biz bu cinayətləri yolverilməz sayırıq. Çünki Braziliya yüz illərdir fərqli mənşəyə, inanca, irqə məxsus insanların sülh şəraitində yaşadığı ölkədir. O, hörmətə layiq sülh və harmoniya ölkəsidir. Odur ki, Ermənistanın təcavüzü ilə bağlı həqiqətləri hər kəs bilməlidir.
 
Yeri gəlmişkən, Azərbaycanla Braziliya arasında istər ikitərəfli, istərsə də çoxtərəfli münasibətlər kifayət qədər güclüdür. Son illərdə iki ölkənin parlamentariləri yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirib, siyasi, iqtisadi, idman, mədəniyyət və s. sahələrdə münasibətlər daha da dərinləşib. İki ölkənin qanunverici orqanlarında parlamentlərarası dostluq qrupu da fəaliyyət göstərir.
 
Azərbaycanın Braziliyadakı səfirliyinin fəaliyyətə başladığı 2012-ci ildən bu ölkənin dövlət qurumları ilə birlikdə müxtəlif mədəni və humanitar layihələr həyata keçirilir. Mədəniyyət sahəsində atılan son addımlara nümunə kimi, San-Paulu şəhərində keçirilmiş “Azərbaycan xalçaları” fotosərgisini göstərmək olar. Humanitar əməkdaşlığa gəlincə, COVID-19 pandemiyası ilə əlaqədar bəzi əyalətlərdə cəmiyyətin həssas təbəqəsinə yardımlar paylanıb.
 
Beləliklə, ərazicə o qədər də böyük olmayan, coğrafi baxımdan Braziliyadan uzaqda yerləşən Azərbaycan ərazisinin 20%-i 30 ildir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlı doğma yurdundan qaçqın və məcburi köçkün düşüb. Onlar bu gün də Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir.
 
Biz dövlət və millət olaraq, hər zaman bəşəriyyətin ali dəyərlərinə sadiq qalmışıq. Buna misal olaraq, bu yaxınlarda yüzlərlə insanın həyatını itirməsinə səbəb olmuş, Beyrut şəhərinin bir hissəsini məhv etmiş dəhşətli partlayışdan sonra Livana göstərilmiş 1 milyon dollarlıq yardımı göstəmək olar.


Ana səhifəyə qayıt        Baxış: 3 422          Tarix: 21-08-2020, 17:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma