Xəbər lenti

 
“Türkiyənin inkişaf yolunda ən böyük problemlərdən biri xarici enerji qaynaqlarından yüksək asılılığı olmuşdur. Kiçik neft və təbii qaz mənbələrinə sahib olsaq da, bu, ehtiyaclarımızın yanında dəvədə qulaq nisbətindəydi”.
 
Ovqat.com xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu gün keçirdiyi müşavirədən sonrakı çıxışında belə deyib. 
 
Ölkənin ətraf dənizlərdə apardığı neft və təbii qaz tədqiqatları barədə danışan Ərdoğan 2023-cü ilədək özünü yerli enerji mənbələriylə təchiz edə biləcək ölkə olmağı hədəflədiyini bildirib. Türkiyəni hazırda ən çox qazla təmin edən ölkənin Azərbaycan olduğunu nəzərə alsaq, Ərdoğanın sözlərindən biz də mühüm dərslər çıxarmalıyıq. Elə bu səbəbdən də Türkiyə prezidentinin bugünkü çıxışından bəzi sətirləri oxucularımızla bölüşürük.
 
“İxracatımızı çox artırsaq da, enerjidəki struktur problemi səbəbiylə cari hesab kəsirimizi bağlaya bilmədik. Enerji sahəsindəki nəhəng çatışmazlığı qismən də olsa, yerli və milli imkanlarımızı səfərbər edərək çözməyə çalışdıq. Elektrik enerjisinin istehsal nisbətini üçdə ikiyə qədər artırdıq. 
 
Dərin dəniz kəşfiyyatı üçün ilk qazma gəmimizi alaraq “bismillah” dedik. Sonra ikinci, üçüncü qazma gəmimizi bu ilin əvvəlində dövriyyəyə buraxdıq. Biz artıq “Fatih”, “Yavuz” və “Kanuni” adlandırdığımız dərin dəniz qazma gəmiləri ilə dünyanın ən böyük donanmalarından birinə sahibik. “Oruç Rəis”, “Barbaros Hayrettin Paşa” seysmik tədqiqat gəmilərimizi işə saldıq.
 
 
İşlərimizin qarşısını kəsmək istəyənlərə göstərdik ki, lazım olanda güc tətbiqi hesabına haqqımızı tələb edə bilərik. Egeydə, də Aralıq dənizində də ən uzun sahili olan dövlət olaraq, yurdumuzun haqqı, qanuni maraqlarını tərəddüd etmədən yerinə yetirdik. Qara dənizi də tədqiqat bölgəmizə daxil etdik. 
 
Qara dənizdəki “Sakarya” qaz yatağı adlandırdığımız bölgədə 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarladıq. Bu xoş xəbəri cümə günü millətimizlə bölüşdük. Ehtiyatın daha böyük olduğuna dair güclü sübutlar var. Ümid edirəm ki, bu xoş xəbərin davamı gələcəkdir. Bu quyuların çox olması oradakı ümidlərimizi artırır.
 
Türkiyənin yerli qazla təchizi 2023-cü ilədək uzana bilər. Önümüzdəki dövrdə Aralıq dənizində də oxşar nəticəni əldə edəcəyimizə ümidliyik. 
 
İllərlə xaricə bulaq kimi axan maliyyə resurslarımızdan ölkəmizin inkişafı, hədəflərimizin gerçəkləşməsi və millətimizin zənginləşməsi üçün istifadə edəcəyik. Ticarət istifadəsindən tutmuş müdafiə sənayesinin Türkiyədəki layiq olduğu səviyyəyə qaldırılması səylərini dəstəkləyən sahələrə qədər təşviq edirik. Qazandığımız hər bir uğur millətimizin özünə inamını artırır.
 
İllərdir bu millətin inkişafını əngəlləyən bütün vasitələri yıxırıq. Qeyri-mümkün hesab olunanları, “cəsarətləri çatmaz” kimi bilinənləri həyata keçirdik. “İcazə verilmir” kimi bilinənlərin icazəsiz edilə biləcəyini göstərdik. Bizə sarsılmaz qalalar kimi göstərilən şüşəli evlər əməliyyatlarımızla sarsıldı. Keçilməz bəndlər kimi göstərilən gil divarları əzm və cəsarətlə məhv etdik.
 
Qəti mövqeyimizə görə sanksiya təhdidlərini bir-bir boşa çıxardıq. Məruz qaldığımız ikili standartlara baxmayaraq, yolumuzdan dönmədik. Siyasi, iqtisadi, hərbi sahələrdə öz qərarlarını özü alan, hədəflərini təyin edən, layihələrini həyata keçirən bir Türkiyə qurduq. Ümid edirəm ki, ən çətin dövrü geridə qoyduq. Əkdiyimiz toxumların məhsulunu toplamaq və səylərimizin bəhrəsini görmək vaxtı gəldi. Allah bu çətin mübarizədə ölkəmizin və millətimizin yanında olan hər kəsdən razı olsun.
 
Öz xalqının tərəfində dayanmaq əvəzinə kafirin qılıncı olmağa üstün verənləri millətimizə həvalə edirik. Rəbbim bizi terrorçuya  terrorçu, çevrilişə çevriliş deyə bilməyən mankurtlardan etməsin. Nifrət və düşmənçilik çuxurunda boğulanları öz taleləri ilə baş-başa buraxırıq. 83 milyon ilə daha güclü, böyük, dinc və firavan gələcəyə doğru başladığımız bu mübarək yürüşü davam etdirəcəyik.
 
Ölkəmizdə başqa sahələrdə dişini qıcaya bilməyənlər yenidən iqtisadiyyatımıza hücum edirlər. Klassik şeytan üçbucağı halına gələn məzənnə, faiz və inflyasiya ilə bizi bütün var gücləri ilə sınağa çəkmək istəyirlər.
 
Bir daha xatırlatmaq istərdim ki, Qara dənizin altından böyük qaz ehtiyatı kəşf etdik. Ümid edirəm ki, tezliklə Türkiyə dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə sahib olacaqdır. Buradan qazanılan hər qəpik millətimizin həyat səviyyəsini yüksəldəcək işlərə gedəcəkdir. Hər sahədə millətimiz üçün əlavə mənbələr verəcəyik.


Ana səhifəyə qayıt        Baxış: 3 055          Tarix: 24-08-2020, 23:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma