Xəbər lenti
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
İraqın “Əl-Muraqib əl-İraqi” nəşri Qafqazda nüvə qaçaqmalçılığından bəhs edən məqalə yayımlayıb. Məqalədə bu işlə xüsusilə xüsusilə ermənilərin məşğul olduğu bildirilir.
“Azərbaycanla hərbi münaqişədə olan Ermənistandan gələn nüvə təhlükəsi” sərlövhəli məqaləni Ovqat.com oxucularına təqdim edirik.
Dünya dövlətləri radioaktiv maddələrin, kütləvi qırğın silahının terror təşkilatlarının, yaxud radikal qrupların, qeyri-qanuni birləşmələrin əlinə keçməsindən böyük narahatlıq keçirir, bunun qarşısını almaq üçün nəzarəti gücləndirirlər. Xatırladaq ki, belə bir hal İraqda baş vermişdi – İŞİD orada kimyəvi silaha əl atmışdı. Odur ki, belə halların qarşısının alınması üçün xüsusi təhlükəsizlik tədbirləri həyata keçirilir.
Lakin münaqişə zonalarında geniş manevr imkanına malik, nüvə maddələrinin qaçaqmalçılığı ilə məşğul olan qrupların əməliyyatlarına tam nəzarət etmək çətin olur. Bu baxımdan, Qafqazın və bütün dünyanın təhlükəsizliyinə təhdid olan dövlətləri tanımaq lazımdır. Məsələn, ərazisində təhlükəsizlik şərtlərinə cavab verməyən nüvə reaktorlarının olduğu Ermənistan, yaxid nüvə qaçaqmalçılarının ərazisindən tez-tez istifadə etdiyi Gürcüstan bu mənada diqqəti cəlb edir. Bu ölkələrin vətəndaşlarının silah və təhlükəli maddələrin qaçaqmalçılığı ilə məşğul olduğuna dair xəbərlərə kifayət qədər çox rast gəlinir.
Uran qaçaqmalçılığı əməliyyatlarında “sövdələşmə”lər
2019-cu ilin mayında Gürcüstanın hakimiyyət orqanları dəyəri 200 milyon dollar olan bir neçə kiloqram uranın qaçaqmalçılığına cəhd edən 6 nəfərin saxlandığını açıqlamışdı. O zaman saxlanılanlardan üçü erməni idi. Tbilisi məhkəməsinin qərarı ilə onlar 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Bu, 2010-cu ildə baş vermiş daha bir əməliyyatı xatırladır. Gürcüstan Daxili İşlər Nazirliyinin sabiq sözçüsü, siyasi təhlilçi Şota Otiaşvili 2016-cı il mayın 10-da “The Daily Beast” qəzetinə etiraf etmişdi ki, hər il Gürcüstanda nüvə maddələrinin qaçaqmalçılığı üzrə müxtəlif sövdələşmələr baş tutur. İnsanlar Rusiyadan radioaktiv maddələri sistemli şəkildə oğurlayıb Gürcüstan üzərindən Türkiyəyə və İrana daşıyırlar. Məsələn, Gürcüstan hakimiyyət orqanları 2010-cu ildə 2 dəfə böyük miqdarda yüksək səviyyədə (89,4%) zənginləşdirilmiş uran qaçaqmalçılığının qarşısını alıb. Qeyd edək ki, 89,4% zənginləşdirilmiş urandan nüvə bombasının hazırlanmasında istifadə edilə bilər. O zaman saxlanılan şəxslər – onların içərisində Ermənistandan olan iş adamları da var idi – uranı qatarla Yerevandan Tbilisiyə apardıqlarını etiraf etmişdilər.
Belə qaçaqmalçılığın arxasında Ermənistan durur
Dünya dövlətlərini təhdid edən bu nüvə qaçaqmalçılığı əməliyyatlarında baş rolu Ermənistan oynayır. Cinayətkar ünsürlərin Ermənistan vətəndaşları olması və ya onları erməni iş adamlarının himayə etməsi belə işlərin arxasında Ermənistanın dayandığını sübut edir.
Dünya Bankın məlumatına görə, bu gün Ermənistan vətəndaşlarının 37%-i yoxsulluq həddində yaşayır. Odur ki, Qafqazda istənilən yolla pul qazanmaq istəyən çoxdur. Onlar bu yolda həbsxanaya düşmə ehtimalını belə, gözə alırlar. Odur ki, Ermənistan qeyri-qanuni qruplaşmaların, terrorçu dəstələrin bu təhlükəli nüvə maddələrini əldə etməsi üçün münbit meydana, təhlükəsiz körpüyə çevrilib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatına görə, Ermənistan nüvə və digər radioaktiv maddələrin qeyri-qanuni ticarətində rekordçudur. 1999-cu ildən bəri orada bir neçə belə hadisə qeydə alınıb. Elan olunmuş hadisələrin böyük qismi Ermənistanın Gürcüstanla sərhədində baş verib. Aparılan təhqiqatlar burada yüksək radioaktiv maddə olan uran-238-in oğurlanıb satılması cəhdlərinin çox olduğunu göstərir.
Qarabağ və aktiv qaçaqmalçılıq fəaliyyəti
2016-cı ilin əvvəlində radioaktiv sezium izotopunun qaçaqmalçılığına bir neçə cəhd olunmuşdu. Narahatlıq doğuran məsələlərdən biri də odur ki, bu istiqamətdə işlərin əksəriyyəti qeyri-sabit, Azərbaycanın və Gürcüstanın nəzarətindən kənar, separatçıların əlində olan ərazilərdə – Dağlıq Qarabağ və Cənubi Osetiyada aparılıq.
Ermənistanın nüvə proqramı və onun perspektivləri
Hələ 2016-cı ildə Ermənistanın sabiq baş naziri beynəlxalq birliyi şoka salan bəyanla çıxış etmişdi. O, bildirmişdi ki, Ermənistan doğrudan da nüvə imkanlarına malikdir və bu sahəni davamlı inkişaf etdirmək istəyir. Bu, əslində, onsuz da gərgin olan regionda sabitliyə böyük təhlükədir. Belə bir vəziyyət təcavüzkarlıq əməllərinin dərinləşdirilməsinə, regional sülhə inamın itməsinə aparıb çıxarır.
Yeri gəlmişkən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bir neçə hesabatında bu mənada narahatlıq doğuran məqamlar var. Məsələn, sənəddə deyilir ki, Cənubi Osetiya üzərindən Ermənistana daşınmasına cəhd edilən bəzi nüvə maddələri Rusiyanın nüvə obyektlərindən götürülüb. Əslində, bu, təəccüblü deyil. Çünki Ermənistanın yeganə atom elektrik stansiyası olan “Metsamor”a nüvə yanacağının rəsmi ixracatçısı məhz Rusiyadır.
“Metsamor” nüvə reaktoru
Təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorlarının hansı fəlakətlərə yol aça biləcəyini bütün dünya bilir. 1979-cu il martın 28-də ABŞ-ın “Three Mile” adasında, 1986-cı il aprelin 26-da Çernobılda, 2011-ci il martın 11-də Fukusimada baş vermiş hadisələr bütün bəşəriyyət üçün qorxulu mesajlardır. Məhz bundan çıxış edərək biz Cənubi Qafqaza təhlükə törədən, köhnə “Metsamor” Atom Elektrik Stansiyasının yaratdığı təhdiddən danışırıq.
SSRİ rəhbərliyi bu reaktorun tikilməsi haqqında qərarı 1967-ci ildə qəbul edib. Ermənistanın paytaxtı Yerevanın 40 kilometliyində yerləşən Metsamorda reaktorun tikinti işlərinə 1973-cü ildə başlanıb. Reaktorun birinci enerji bloku 1976-cı ildə, ikincisi isə 1980-ci ildə işə düşüb.
1983-cü ildə üçüncü və dördüncü enerji bloklarının tikilməsinə başlanılsa da, 1986-cı ildə Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş məlum hadisədən sonra Metsamorda işlər tamamilə dayandırılıb.
Metsamordan cəmi 75 kilometr aralıda yerləşən Spitakda 1988-ci ildə baş vermiş dağıdıcı zəlzələdən sonra isə “Metsamor” AES-in fəaliyyəti tamamilə dayandırıb (1989-cu il yanvarın 15-də). Lakin 1993-cü ildə Ermənistan üzləşdiyi enerji böhranını bəhanə gətirərək, köhnə AES-in işini bərpa etmək qərarına gəlib. Nəticədə 1995-ci ildə onun ikinci bloku işə salınıb.
Reaktordan gələn təhlükəni nəzərə alan Avropa İttifaqı 2000-ci ildə Ermənistana onun fəaliyyətinin dayandırılması müqabilində 138 milyon avro təklif etsə də, Yerevan məbləğin azlığını əsas gətirərək, təkliflə razılaşmayıb.
Reaktordan gələ biləcək təhlükələr
“Metsamor” AES istifadə vaxtı keçmiş köhnə avadanlıqlarla və cihazlarla təmin edilib. Bu da Çernobılda, Fukusimada olduğu kimi, fəlakətin yaşanma ehtimalını gücləndirir. Ermənistanın bütün bunlara rəğmən, stansiyanın istismar müddətini 2026-cı ilədək uzatması bir çox dövlətlər və xalqlar üçün təhlükədir. Nəzərə almaq lazımdır ki, “Metsamor” AES Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədindən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən isə cəmi 16 kilometr aralıda yerləşir. Başqa sözlə, o, Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsi üçün fəlakətə səbəb ola bilər.
Üstəlik, “Metsamor” AES seysmik zonada yerləşir – burada zəlzələnin gücü “Rixter” şkalası ilə 11 dərəcəyə çata bilər. AES-in ətrafında 5 tektonik qırılma mövcuddur ki, onlardan biri stansiyanın cəmi 500 metrliyində yerləşir. 1988-ci ildə Spitakda baş vermiş zəlzələ təhlükənin nə qədər böyük olduğuna dəlalət edir.
Ekspertlər hesab edir ki, “Metsamor” AES-də təhlükəsizlik tədbirləri çox aşağı səviyyədədir. Məsələn, 1982-ci il oktyabrın 15-də AES-də baş vermiş yanğını yalnız 7 saatdan sonra, ciddi səylər nəticəsində söndürə bilmişdilər.
Bu gün Ermənistan Azərbaycanla müharibə aparır və Azərbaycanın yeni ərazilərini işğal etmək üçün açıq hərbi müdaxilələrə əl atır. Məsələn, bu il iyulun 12-də Ermənistan Azərbaycanın iki ölkə sərhədində yerləşən Tovuz rayonunu ağır silahlardan atəşə tutub. Bundan başqa, Qarabağ regionunda Azərbaycana qarşı elan olunmamış müharibə davam edir. Bütün bunların fonunda Azərbaycan “Metsamor” AES-ə məxsus nüvə tullantılarının işğal altında olan ərazilərində basdırılması barədə faktlara malikdir. Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlayır.
Azərbaycan bu tullantıların qismən Kür və Araz çaylarına axıdılması ehtimalını da istisna etmir.
Sonda
Ermənistan tərəfinin ekspansionist iddialarından istər Avropa İttifaqının rəhbərliyi, istərsə də BMT üzvləri xəbərdardır. O, hər an qonşu müsəlman ölkələrdən, xüsusilə Azərbaycan və Türkiyədən intiqam almaq eşqilə yaşayır. Bu vəhşi istəyin qarşısı alınmalı, Ermənistan rəhbərliyinin məsuliyyətsiz əməlləri dayandırılmalıdır.
Ermənistan nüvə reaktoruna, iddia etdiyi kimi, elektrik enerjisi almaq üçün deyil, məhz ətraf dövlətləri qorxutmaq üçün ehtiyac duyur. O, qonşu xalqların və dövlətlərin hesabına ucuz siyasi dividendlər əldə etmək, onların ərazilərini talamaq məqsədilə bu reaktordan azad dünyaya qarşı təzyiq vasitəsi kimi istifadə edir.
Buna görə də Ermənistan rəhbərliyinə təzyiq göstərərək onu sülhə, işğal etdiyi və milyonlarla sakini didərgin saldığı Qarabağ regionundan çəkilməyə məcbur etmək lazımdır. Buna isə quru bəyanatlarla deyil, beynəlxalq qərarlar əsasında nail olmaq mümkündür.
Mutəzz Muhy Əbdülhəmid
Əl-Muraqib əl-İraqi, İraq
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar