Xəbər lenti
 
Deniz Caner 
İRAM
 

Məlum olduğu kimi, 14 iyul 2015-ci il tarixində İranla imzalanan Nüvə Sazişinin əsas məqsədi 2000-ci illərin əvvəllərindən bəri davam edən İranın nüvə fəaliyyətinə dinc bir ölçü gətirmək idi. Bunun üçün on ildən çoxdur ki, iki tərəf arasında çox sərt danışıqlar aparılır. Ancaq Trampın 2018-ci ilin may ayında Sazişdən çəkilməsi, 2019-cu ilin mayından bəri isə İranın Müqavilə öhdəliklərini rədd etməsi, bu ilin ilk günlərində isə Qasım Süleymaninin öldürülməsi və ardınca avropalıların “tətikləmə mexanizmi” başlatdıqlarını elan etməsi, artıq Sazişin çox da ürəkaçan vəziyyətdə olmadığını göstərir. Əslində tərəflərin bu qarşılıqlı siyasi manevrləri indiyə qədər heç bir nəticə verməyib və mövcud bütün problemlərin yalnız danışıqlar yolu ilə həll olunacağına inamı gücləndirib.
 
ABŞ Prezidenti Donald Trampın koronavirus epidemiyası dövründə qeyri-sabit bir siyasət izləməsindən və ölkə daxilində ortaya çıxan bəzi etirazları ciddi şəkildə yatırmasından sonra anketlərdə müşahidə olunan səs itkisi ABŞ-ın təzyiqlərinə qismən laqeyd qalan Avropaya daha cəsarətli bir strategiya izləməyə imkan verdi. ABŞ-ın İrana silah embarqosunu müddətsiz uzatmaq və “tətikləmə mexanizmi” başlatmaq təşəbbüsü kimi ardıcıl addımlarına qarşı, AB bu gün daha yüksək səslə sazişə sadiq qalacaqlarını və mövcud problemləri danışıqlar yolu ilə həll edə biləcəklərini vurğulayır. Məsələn, silah embarqosunun müddətsiz uzadılmasına baxmayaraq, Almaniyanın Xarici İşlər Naziri Heiko Maas İsrailli həmkarı Gabi Eşkanaziyə, 27 avqustda Berlindəki görüşü zamanı İranın qabaqcıl silah almasına qarşı olduqlarını, ancaq BMMT-dəki Rusiya və Çin maneələri səbəbindən bunu danışıqlar yolu ilə həll edə biləcəklərini çatdırıldı. Üstəlik, ABŞ-ın 20 Avqustda başlatdığı “tətikləmə mexanizmi”nə qarşı İngiltərənin BMT-dəki səfirinin müavini Ceyms Roskoe, "Tətikləmə mexanizmini bu anda dəstəkləmirik" dedi.


 
AB, ABŞ-ın tətikləmə mexanizmini dəstəkləməsə də, bu işi ona buraxmamaq və öz əlində saxlamaq üçün yanvar ayında fəaliyyətə başlatdı. Əslində eyni problem 1997-ci ildə Liviya böhranında da yaşandı və ABŞ Liviya ilə işləyən Avropa şirkətlərini sanksiyalarla hədələdikdə, AB bu şirkətləri öz sanksiyaları ilə xəbərdar edərək qoruya bildi. ABŞ-ın artıq beynəlxalq qurumlar adından başlatdığı tətikləmə mexanizmi böyük ehtimalla həm avropalılar, həm də Çin və Rusiya tərəfindən BMM-də bloklanacaq. Əslində Rusiya və Çin silah embarqosunu uzatmaqdan imtina edərkən, Təhlükəsizlik Şurasının Almaniya, İngiltərə və Fransa kimi digər 11 müvəqqəti və daimi üzvü bitərəf qaldı. Üstəlik, BMT-nin 18 oktyabrda tətbiq etdiyi silah embarqosu ləğv edildikdə belə, sanksiyalardan zəifləyən İranın yüksək texnoloji silah almaq üçün iqtisadi gücə sahib olub-olmadığı da mübahisəli idi.
 
ABŞ-ın 20 avqustda başlatdığı tətikləmə mexanizminə bənzər bir reaksiya veriləcəyi təxmin edilərkən, rəsmi Vaşinqton 20 sentyabrda Trampın BMT-dəki mümkün çıxışını bir qələbə kimi qeyd edəcəyini düşünür. Əslində, ABŞ BMT TŞ-nin qəbul etdiyi qərara veto qoymaq hüququnu əlində saxladığını düşünür, AB diplomatlarıAİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell isə ABŞ-ın Nüvə Müqaviləsindəki iştirakçı kimi mövqeyini itirdiyini iddia edir. Bu da BMT-nin 75 illik tarixindəki ən əhəmiyyətli diplomatik böhran kimi xarakterizə edilə bilər.


 
ABŞ-ın tətikləmə mexanizmi tətbiq etməməsi ilə BMT TŞ-da qarşılaşacağı mümkün məğlubiyyəti, şübhəsiz ki, həm avropalılar, həm də Rusiya və Çin üzərində öz təsirini göstərəcək. Bu cəza Liviyada, Suriyada və ya digər münaqişə bölgələrində özünü büruzə verə bilər. Çin ilə Səudiyyə Ərəbistanı arasında ciddi neft sövdələşmələri mövcuddur və ABŞ da Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətlərini aktivləşdirə bilər. Digər bir nümunə - Şimal Axını-2 Layihəsidir. Ötən ilin son aylarında şirkətləri təhdid edərək layihəni donduran ABŞ Avropanı bu mənada öz maye qazını almağa məcbur edir. Bunlar müstəqil məsələlər kimi görünsə də, ABŞ super gücünü tez-tez tətbiq olunan qanunsuz sanksiyalarla ortaya qoymaqdan çəkinmir.
 
AB-nin İran Strategiyası
 
Avropalılar bir tərəfdən Baltik dənizində Rusiyanın aktivləşən hərbi varlığı və milyardlarla dollarlıq “Şimali Axın-2” layihəsinin ABŞ-ın saksiya təhdidilə dayandırılması problemləriylə uğraşarkən, digər tərəfdən də Liviya vətəndaş müharibəsinin dayandırılması və Türkiyə-Yunanıstanın arasında yaşanan gərginlikdə oynadığı rolla çətin  xarici siyasət vizionuna ehtiyac duymaqdadır. Aİ İran-ABŞ gərginliyində bu günə qədər hər iki tərəfə də bəlli bir məsafədə dayanmışdı. Nə ABŞ-ın mənafelərini tam qorumaq üçün bir siyasət izlədi - hər platformada Nüvə Sazişinə sadiqliyini ifadə etdi , nə də İranı ABŞ-ın sanksiyalarından qoruya bildi. Bu günə qədər Avropa İran siyasətini konyunktur vəziyyətə və zamana görə müəyyənləşdirmişdir. Bu səbəbdən də Aİ, beynəlxalq ictimaiyyətdə itirmək istəmədiyi nüfuzuna görə 13 ildir imzalamaq üçün mübarizə apardığı sazişə sadiqliyini hər zaman dilə gətirdi. Digər tərəfdən, onsuz da ideoloji cəhətdən çox uzaq olduğu İran üçün ABŞ bazarını itirməyi bacara bilmədi və təbii olaraq amerikalılarla münasibətlərin gərginləşməsinə imkan vermədi.


 
Avropa Nüvə Sazişi danışıqlarından sonra uzun bir yol qət etmiş İranın nüvə fəaliyyətini dayandıra bilməyəcəyini anladı, hərbi irəliləməsini dayandırmaq və ondan yalnız mülki ərazidə istifadə etməyi daha məntiqli həll yolu olaraq gördü. Bu vəziyyəti yalnız Avropa da görmədi. Danışıqlarda iştirak edən Çin və Rusiya da sazişin maddələrinə eyni çərçivədə yaxınlaşdılar. Avropa müqaviləyə daxil olduğu deyilən ballistik raketlər mövzusunu indi də klassik bir təhlükə olaraq qəbul edir və ilk növbədə bunu İsrailə qarşı bir müdafiə strategiyası kimi qiymətləndirir. Avropa ballistik raket məsələsinə İranın nüvə fəaliyyətləri qədər ciddi yanaşarsa, bu mənada təhlükəsizlik strategiyasını tamamilə dəyişdirəcək və İrana qarşı ciddi bir münasibət göstərəcək. Balistik raketlərin hələ də Aİ-nin gündəmində mübahisəli bir mövzu olduğunu görməməzlikdən gəlmək olmaz. Bununla birlikdə, Avropa Körfəzdə yerləşdirilən ABŞ müdafiə sistemlərinə güvənir və İranın ballistik raketlərinin kifayət qədər inkişaf etmiş bir texnologiyaya sahib olmadığını düşünür. Bu səbəbdən də İranın ballistik raketlərini hələlik birbaşa Avropa üçün rasional bir təhlükə olaraq görmür. Bundan əlavə, mövcud problemlərin həll edilməməsi qanunun aliliyini əsas prinsip kimi qəbul edən Avropa üçün problem yaratmır; sadəcə məsələlərin qanuni bir çərçivədə qorunması əsas hədəf olaraq ortaya çıxır. Buna nail olmağın yolu ölkəni hər hansı bir şəraitdə hərbi əməliyyatlarla deyil, digər mülki və iqtisadi təzyiqlərlə beynəlxalq arenadan təcrid etməkdir. Çünki Aİ-nin yeni bir İran gündəmi olmasa da, illərdir Suriyadakı və İraqdakı vətəndaş müharibəsində hələ də həll yolunu tapmayıb. Aİ-nin İran vətəndaş müharibəsindən təsirlənmə ehtimalı ABŞ-la eyni səviyyədə deyil. Əslində Aİ Suriya vətəndaş müharibəsi ilə başlayan terrorizm və qaçqın problemləri ilə əlaqədar çox çətin bir dövr keçmişdir.


 
Nəticə
 
Avropanın İran siyasətindəki əsas hədəfi nüvə anlaşmasını qorumaqdır və Bayden yaxud Trampın ABŞ Prezidentliyinə gəlişi ilə bu vəziyyət dərhal dəyişməyəcək. Bu dövrdə maksimum təzyiq siyasəti ilə İranı diz çökdürə bilməyən ABŞ-ın Trampın seçiləcəyi təqdirdə masaya oturmaqdan başqa bir çarəsi olmadığını düşünürlər. Xarici siyasətdəki bütün tarazlıqları iqtisadi gərginliklər üzərində quran və əslində iş adamı kimliyinə sahib olan Trampın İran məsələsində ideoloji davranmayacağını və əvvəldən müharibə istəmədiyini nəzərə alsaq, onun masaya oturması mümkün ehtimaldır. Baydenin seçiləcəyi təqdirdə isə, özünün də dediyi kimi, ABŞ-ı sazişə daxil edəcəkdir. Bu, avropalıların çox məmnun olacağı bir vəziyyətdir. Ancaq burada da masada hansı şərtlərdə oturulması sualı ortaya çıxır. Çünki nüvə anlaşmasına qəfil daxil olmaq beynəlxalq ictimaiyyətə ABŞ-ın bu vaxta qədər boş yerə avar çəkdiyi imicini yaradacaq və ABŞ-ın xarici siyasəti adından İrana qarşı böyük məğlubiyyəti kimi qəbul ediləcək. Bu səbəbdən, Baydenin heç bir ilkin şərt olmadan İranı qucaqlamasının çox mümkün bir siyasi manevr olduğunu düşünmək mümkün deyil. İran tərəfinin daxili siyasətdəki parametrləri nəzərə alaraq ABŞ-a güvənəcəyini və qeyd-şərtsiz masaya oturacağını da gözləmək olmaz. Əvvəla, İran SWIFT-ə nəyin bahasına olursa olsun yenidən qoşulmaq və bütün sanksiyaların əvvəldən bildirdikləri kimi qeyd-şərtsiz qaldırılmasını tələb etmək istəyəcəkdir. Yenə də deyə bilərik ki, həm Avropa, həm də vasitəçi rolunu alacaq digər ölkələr tərəflər arasında çətin bir danışıqlar prosesinə girəcək və bu danışıqlardan sonra sazişin taleyi müəyyənləşəcəkdir.

Tərcümə etdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 3 332          Tarix: 10-09-2020, 21:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma