Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Pakistanın “PARHLO” portalında ölkəmizi tanıdan maraqlı yazısı dərc olunub.
“Azərbaycan: milli-mənəvi dəyərlərin qorunduğu, dini tolerantlığın təmin edildiyi ölkə” sərlövhəli məqaləni Ovqat.com oxucularının diqqətinə çatdırırıq.
Azərbaycan Avrasiyada, Cənubi Qafqaz regionunda, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. O, cənubdan İran, cənub-qərbdən Türkiyə, şimaldan Rusiya, şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistanla həmsərhəddir. Bu ölkədə mənəvi dəyərlərə, dini tolerantlığa çox böyük önəm verilir.
Müstəqilliyini 1918-ci ildə elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti (AXC) müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olub. Lakin o, 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal edilib.
Müasir Azərbaycan Respublikası isə müstəqilliyini düz 71 il sonra – 1991-ci il avqustun 30-da, yəni SSRİ-nin dağılmasından bir müddət əvvəl elan edib. Qarabağ regionunun bir hissəsi olan Dağlıq Qarabağ bölgəsi bu ölkənin – Azərbaycanın ən qədim yaşayış məskənlərindən, mədəni mərkəzlərindən biridir. Qarabağın dağlıq hissəsində, 4,400 kvadrat kilometrlik ərazidə Sovet hökuməti yalnız 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini təsis etmişdi. Bu, əslində, regionda separatçılığın əsasının qoyulması idi. Amma problemin kökü 19-cu əsrədək uzanır. Ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinə və ərazi iddiaları ilə çıxış etməsinə o dövrdə başlanılıb.
Ermənilərin Azərbaycanın tarixi ərazilərinə qarşı daha açıq iddialarla çıxış etməyə başladığı, ardınca isə müxtəlif təxribatlara əl atdığı 1988-ci ildə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi baş qaldırıb. Nəticədə Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin 20%-dən çoxunu – Dağlıq Qarabağ regionunu və ona bitişik 7 rayonunu işğal edib. Tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsi vəziyyətin müvəqqəti olsa sakitləşməsinə yardım göstərib. Amma bu gün Ermənistan silahlı qüvvələri atəşkəsə əməl etmir. Üstəlik, ermənilər Azərbaycanın işğal altındakı ərazilərinin infrastrukturunu da dəyişir.
Yeri gəlmişkən, tərəflər arasındakı müharibə zamanı 1 milyondan artıq azərbaycanlı Ermənistan tərəfindən qanlı etnik təmizləməyə məruz qalıb. Başqa sözlə, Ermənistan 1990-cı illərin əvvəllərində 1 milyondan çox azərbaycanlını regiondan didərgin salıb, onları qaçqın və məcburi köçkünə çevirib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə (822, 853, 874 və 884) Qarabağ regionu Azərbaycan ərazisi kimi tanınır, Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən tam çıxarılması tələb olunur. Lakin Yerevan bu qətnamlərə hələ də məhəl qoymur.
Ermənistan təkcə azərbaycanlılara qarşı deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinə qarşı təcavüzkarlıq edir. Bu gün işğal altındakı ərazilərdə 403 tarixi və dini abidə var: 67 məscid, 144 kilsə və 192 ziyarətgah. Onların bir qismi dağıdılıb, digər qismisə dağıdılma və ya başqa məqsədlərlə istifadə təhlükəsilə üz-üzədir. Hər halda, yaxın keçmişə aid presedentlər belə riskin böyük olduğunu göstərir.
Maraqlıdır ki, Ermənistanın bu siyasətinə baxmayaraq, Bakının mərkəzində yerləşən Müqəddəs Maarifləndirici Qriqori erməni kilsəsi təmir edilib və bu gün də Azərbaycan dövlətinin mühafizəsi altındadır.
Azərbaycan əhalisinin 96%-i müsəlmandır. Qalan 4% əhali arasında pravoslavlar, erməni Apostol kilsəsinə mənsub olanlar (əsasən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayırlar), yəhudilər, protestantlığın müxtəlif qollarına aid olanlar, bəhailər, krişnaitlər, katoliklər və s. üstünlük təşkil edir. Göründüyü kimi, burada müsəlmanlardan sonra ən böyük dini qrup xristianlardır. Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başladıqdan (01.09.2009) sonra ölkədə 941 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 906-i islam, 35-i isə qeyri-islam (xristian – 24; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.
Yeri gəlmişkən, Azərbaycanda 2017-ci ildə dini təhsil müəssisələrinin (kolleclərin) yenidən dövlət qeydiyyatına alınması prosesi başlayıb. Bundan sonra 10 dini təhsil müəssisəsi qeydiyyatdan keçib.
Beləliklə, bu gün ölkədə 2250 məscid mövcuddur, onlardan 136-sı Bakıda yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq da fəaliyyət göstərir.
Azərbaycan xalqı dünyada zəngin milli-mənəvi dəyərləri və adət-ənənələri ilə tanınır. Tarixən müxtəlif ictimai-siyasi quruluşlarda yaşamasına baxmayaraq, xalqımız özünün mənəvi dəyərlərini qoruyub saxlayıb, ona ən qiymətli sərvəti kimi yanaşıb.
Milli-mənəvi dəyərlər ictimai şüurun formalaşmasında və vətəndaş həmrəyliyinin təmin olunmasında mühüm rol oynayır. Xalqımız tarixin ən keşməkeşli mərhələlərində belə, milli-mənəvi dəyərlərini qoruyaraq onlara sadiq olub. Keçmiş Sovet İttifaqı dövründə hakim ideologiyanın qadağalarına rəğmən, milli-mənəvi dəyərlərimiz yenə də müəyyən inkişaf yolu keçib.
1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıtması ilə milli-mənəvi dəyərlərin inkişafında dönüş mərhələsi başlayıb, elm, təhsil, mədəniyyət və incəsənətin tərəqqisində böyük nailiyyətlərin bünövrəsi qoyulub.
Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərin tərkib hissələrindən biri olan mütərəqqi dini dəyərlərin cəmiyyətdə özünə mühüm yer tutması üçün məqsədyönlü siyasət həyata keçirməyə başlayıb. O, ölkəmizdə dini dəyərlərin əhəmiyyətini yüksək qiymətləndirirdi: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik”.
Heydər Əliyevin 2001-ci il 21 iyun tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması dövlət-din münasibətlərinin tənzimlənməsində, dini etiqad sahəsində maarifləndirmə işinin aparılmasında və s. mühüm hadisə olub. Adət-ənənələrin qorunması, xüsusilə Sovet dövründə dağıdılmış islam mədəniyyəti nümunələrinin – məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası sahəsində gördüyü işlər Heydər Əliyevin milli-mənəvi dəyərlərə sadiqliyinin bariz sübutudur.
Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin mütərəqqi yolla inkişafını nəzərdə tutan siyasi kursu Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Onun bu sahədəki xidmətləri Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, folkloruna və incəsənətinə yüksək qayğı, diqqət nümunəsidir. Bu istiqamətdə görülən işlər azərbaycançılıq ideyasının və milli-mənəvi dəyərlərin dünyada təbliğini nəzərdə tutan dövlət siyasətindən irəli gəlir.
Dövlət başçısı İlham Əliyev məhz milli-mənəvi dəyərlər əsasında ölkəmizin müasirləşməsini nəzərdə tutaraq deyib: “Müasirlik, yenilik və eyni zamanda milli dəyərlərə, milli köklərə bağlılıq. Bugünkü Azərbaycanı təsvir edən bu ideya artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə bağlı xalq olub və bizim gələcək uğurlarımız da məhz bu amillərlə bağlıdır. Biz tarixi irsimizin, zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq”.
Ölkəmizdəki dini konfessiyaların fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması, mənəvi dəyərlərin qorunması və inkişafı, bu sahəyə dövlət dəstəyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin 2017-ci il 10 oktyabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb.
Ölkəmizdə mövcud olan tolerant mühit, dinlərarası dialoq milli-mənəvi dəyərlərin və dövlət-din münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradır. Azərbaycan müsəlman dünyasının ayrılmaz hissəsi olaraq islam mədəniyyətinin inkişafına və zənginləşməsinə öz töhfələrini verir. İslam dini xalqımızın həm dini əqidəsi, həm də milli-mənəvi dəyəri kimi insanların həyatının ayrılmaz tərkib hissəsidir. Milli-mənəvi dəyərlərin inkişafında, ailə institutunun sağlam və möhkəm təmələ söykənməsində islam dini əhəmiyyətli rol oynayır.
Bu gün dünya dini tolerantlıqla, münaqişələrlə bağlı ciddi problemlərlər yaşayır. Azərbaycanda isə dinlərarası dialoq yüksək səviyyədədir. Burada müxtəlif irqlərə hörmətlə yanaşılır. Bu baxımdan Azərbaycan bütün dünyaya nümunə ola bilər. Prezident İlham Əliyev də bu dəyərin təbliği və təşviqi istiqamətində ardıcıl siyasət aparır.
Ölkəmizin dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, müxtəlif dövlətlərdəki multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin respublikamızın reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Prezidentinin 2014-cü il 15 may tarixli fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi də yaradılıb.
Azərbaycan müxtəlif sahələrlə bağlı vacib beynəlxalq sammitlərə, tədbirlərə və konfranslara ev sahibliyi edib. Bu mənada Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri kimi mötəbər tədbirlər xüsusi yer tutur. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi isə islam dininin mütərəqqi dəyərlərinə ölkəmizin sadiqliyinin göstəricisidir.
Bundan başqa, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva öz növbəsində, elm, təhsil, mədəniyyət sahələrilə bağlı dövlət səviyyəsində icra edilən layihələrə böyük diqqət ayırır. Bütün bunlar milli-mənəvi dəyərlərimizin təkcə Azərbaycanda deyil, həm də bütün dünyada təbliği üçün mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun dəstəyilə çox sayda məscid, kilsə və digər dini abidə bərpa edilərək istismara verilib.
Bütün sadalananlar sübut edir ki, xalqımızın milli-mənəvi dəyərləri tarixi varislik prinsipinə əsaslanaraq inkişaf edir və onlar dünya mədəniyyətinin zənginləşməsində xüsusi yer tutur. Milli-mənəvi dəyərlərin qorunması və təbliği Azərbaycan dövlətinin apardığı siyasətin əsas istiqamətlərindən biridir.
Bir sözlə, ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi bu dəyərlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar