Xəbər lenti

 
Ötən gün facebook səhifəsində onu xəyanətdə günahlandıran müxaliflərin ittihamlatına cavab verən Ermənistan Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı məğlubiyyətin əsas səbəbkarların əvvəlki hakimiyyətlər olduğunu vurğulamışdı. 
Paşinyanın iddiasına görə, diplomatik masada hələ 2011-ci ildə Dağlıq Qarabağ faktiki uduzulmuşdu. İrəvan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu həmin il Rusiyanın təşəbbüsü ilə Kazanda keçirilən sammitdə Azərbaycana verilməsini qəbul etmişdi. Azərbaycan isə Dağlıq Qarabağa heç bir status vermək istəmədiyindən bu təhvil-təslim sövdələşməsi baş tutmamışdı. Şuşaya gəlincə, bu şəhərin Azərbaycana qaytarılması üzrə razılaşmanın tarixi isə daha “qədim”dir. Hələ Madrid sammitində ATƏT həmsədrləri bu şəhərin Azərbaycana qaytarılmasını şərt kimi İrəvanın boynuna qoymuşdular
 
Ermənistan Baş naziri həmçinin vurğulamışdı ki, o, 2018-ci ildə hakimiyyətə gələndə ya bu şərtlərə boyun əyib Dağlıq Qarabağı Azərbaycana qaytarmalı, ya da müharibəyə hazırlaşmalı idi. Birinci ehtimalda onsuz da ermənilər bu təkliflə razılaşmayacaq və yenə müharibəyə üstünlük verəcəklərdir. Qısası, Dağlıq Qarabağı o yox, əvvəlki hökumət güzəştə getmişdi.
 
Ovqat.com-un məlumatına görə, Paşinyanın dolayısıyla “xəyanət”də gühanlandırdığı əvvəlki hökumətin Xarici İşlər naziri Edvard Nalbəndyanın ittihamlara cavabı özünü çox gözlətməyib. “Sputnik Ermənistan”-a müsahibə verən Nalbəndyan Azərbaycan oxucusu üçün də xeyli maraqlı açıqlamalarda bulunub.
 
 
 
Edvard Nalbandyan: 2008 – 2018-ci illərdə Ermənistanın xarici işlər naziri olub.
 10 il ərzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bilavasitə iştirak edib. 
 
Müsahibəni təqdim edirik.
 
- Cənab Nalbəndyan, bu gün Ermənistanda Dağlıq Qarabağda son müharibəyə, onun nəticələrinə, nizamlanmanın perspektivlərinə aid məsələlər sürətlə müzakirə olunur. Münaqişənin nizamlanması ilə bağlı danışıqların əvvəlki dövrü, xüsusilə də ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz, təhlükəsizlik zəmanəti kimi parametrlər üzrə aparılan danışıqlar da böyük maraq doğurur. Bu parametrlər üzrə danışıqların bəzi detallarını açıqlaya bilərsinizmi?
 
-Sizin redaksiyanızın oktyabrın 15-də dərc etdiyi məqaləsində qeyd etdiyim kimi, ATƏT - in Minsk Qrupu həmsədrlərinin təklif etdikləri və tərəflərin danışıqlarının predmetinə çevrilmiş bütün iş sənədləri, Dağlıq Qarabağ probleminin nizamlanmasının bütün komponentləri arasındakı qarşılıqlı əlaqədə mərhələli şəkildə həyata keçirilməsi ilə bağlı Paket həllini nəzərdə tuturdu. Məlumdur ki, Rusiya 2008-2018-ci illərdə vasitəçilik səylərində əsas rolunu digər iki həmsədr ölkənin – ABŞ və Fransanın tam dəstəyi ilə oynayıb.
 
Tərəflər arasında danışıqların predmeti olan sonuncu iş sənədi, mənim məqalədə vurğuladığım kimi, 2011-ci ilin iyununda Kazan sammitində təqdim edilib. Lakin 2011-ci ildən 2018-ci ilə qədər intensiv danışıqlar davam etdirilib: 10 sammit, xarici işlər nazirlərinin 30-a qədər görüşü, həmsədr ölkələrin vasitəçi səfirləri ilə onlarla ayrı-ayrı görüşlər.
 
Rusiya və digər həmsədr ölkələr tərəfindən bu dövrdə irəli sürülən təkliflər "iş sənədləri" olmasa da, onların əsasında sanballı baza hazırlanıb və Dağlıq Qarabağ münaqişəsinin həllinə kompleks yanaşma təsbit edilib. Bu yanaşma müxtəlif versiyalarda Kazan sənədindəki bütün komponentləri ehtiva edib. Bu zaman Ermənistan tərəfi bəyan edib ki, hazırlanan təkliflər praktiki olaraq Ermənistanın mövqeyi ilə üst-üstə düşür.
 
Kazan sammitində heç bir sənədin imzalanması nəzərdə tutulmurdu. Söhbət əsas prinsiplərin mətninin şifahi razılaşdırılmasından gedirdi və yalnız Dağlıq Qarabağ tərəfindən təsdiq edildikdən sonra prezidentlər xarici işlər nazirlərinə Dağlıq Qarabağın nümayəndələri ilə birgə, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əməkdaşlıq şəraitində münaqişənin həllinə dair hərtərəfli saziş layihəsi hazırlamağı tapşırmalı idilər.
 
-Kazan sənədində söhbət nədən gedirdi?
 
-Nəzərdə tutulurdu ki, yekun status Dağlıq Qarabağ əhalisinin hüquqi cəhətdən məcburi xarakter daşıyan sərbəst iradəsini ifadə edən ümumxalq səsverməsi vasitəsilə müəyyən ediləcəkdir. Həmçinin vurğulanırdı ki, səsverməyə çıxarılan sual və ya sualların ifadəsi heç nə ilə məhdudlaşmayacaq, çünki bu sənəd istənilən statusun seçilməsini nəzərdə tutur. 1988-ci ildə Dağlıq Qarabağda olduğu kimi, səsvermədə iştirak edən Dağlıq Qarabağın əhalisi dedikdə, istənilən milliyyətdən olan şəxslər (burada söhbət yalnız səsvermədə iştirakın faiz nisbətindən və başqa məsələrdən gedirdi) başa düşülürdü.
 
Dağlıq Qarabağ yekun statusunu müəyyənləşdirənədək onun bütün modallıqlarının ətraflı təsviri, o cümlədən qanunverici və icra hakimiyyəti orqanlarının formalaşdırılması və fəaliyyəti, məhkəmələrin, hüquq-mühafizə qüvvələrinin yaradılması və fəaliyyəti, sazişdə nəzərdə tutulmuş sahələrdə xarici münasibətlərin həyata keçirilməsi, birbaşa xarici sərmayələrin əldə edilməsi və beynəlxalq bazarlara çıxış, təcrübədə "status-kvo plus" demək idi.
 
Aralıq status (yəni referenduma qədərki dövrdə) şəraitində çoxsəviyyəli təhlükəsizlik təminatları nəzərdə tutulurdu: Azərbaycanın Dağlıq Qarabağa qarşı güc tətbiq etməmək öhdəliyi, sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə sülhü qorumaq üçün beynəlxalq əməliyyat, Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı rolunu Ermənistan tərəfindən tanınması, Dağlıq Qarabağın özünümüdafiə qüvvələri tərəfindən təhlükəsizliyin təmin edilməsi, həmsədr ölkələrin təhlükəsizliyinə təminat, həmçinin bu məqsədlə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsi kimi məsələr.
 
Yekun status müəyyən edilməzdən əvvəl təhlükəsizlik və dəhlizlərdən istifadə ilə bağlı bütün məsələlər sülh razılaşmasının qüvvəyə mindiyi dövrdə mövcud olan status-kvo şəraitində Dağlıq Qarabağ hökuməti tərəfindən təmin edilməli və həll edilməli idi. Bu dəhlizin yekun statusu və eni Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi kontekstində müəyyənləşdirilməli idi.
  
Paket razılaşması çərçivəsində yekun statusun, aralıq statusun, dəhlizin və digər elementlərin müəyyən edilməsi, dəqiq beynəlxalq və digər təminat və təhlükəsizlik tədbirlərindən, həmçinin sülhün qorunması üzrə qüvvələrin yerləşdirilməsindən sonra beş rayonun qaytarılması nəzərdə tutulurdu.
 
Kəlbəcər və Laçın rayonunun dəhlizdən kənar hissəsinin qaytarılması Dağlıq Qarabağın yekun statusunu müəyyənləşdirən ümumxalq səsverməsinin keçirilməsi üzrə təşkilati məsələlərin əlaqələndirilməsi ilə birlikdə nəzərdə tutulurdu. Eyni zamanda, tərəflər bu məsələləri elə bir şəkildə koordinasiya etməyə çalışacaqdılar ki, müvafiq razılaşmalar sülh müqaviləsi qüvvəyə mindikdən beş il sonra tətbiq olunmağa başlansın.

Prinsipial olaraq, Ermənistanın mövqeyi bu məsələlərdə həmsədrlərlə praktiki olaraq üst-üstə düşürdü və bu, olduqca vacib məqamdır. Bu prinsiplərlə razılaşmayan Azərbaycan beynəlxalq vasitəçilik mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərinə, yəni beynəlxalq birliyə praktik olaraq qarşı çıxırdı.
 
Mən 2018-ci ilin mayında Ermənistanın xarici işlər naziri postunu tərk edərkən sülh yolu ilə nizamlanmaya nail olmaq üçün danışıqlar prosesində bu illər ərzində görülmüş bütün işlərin qorunub saxlanması, möhkəmləndirilməsi və daha da təkmilləşdirilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd etdim.
 
Bütün bunlardan imtinanın gözlənilməz nəticələr verə biləcəyi aydın idi. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu fikirdə idilər.

Tərcümə Ovqat.com-a aiddir 



Ana səhifəyə qayıt        Baxış: 4 989          Tarix: 30-11-2020, 12:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma