Xəbər lenti
Bu gün, 21:42
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Yadınızdadırsa, 2014-cü ildə ölkə başçısının Sərəncamı ilə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti adlı qurum yaradılmış və müəssisəyə Samir Dönməz oğlu Cəfərov adlı çoxlarımızın tanımadığı bir şəxs təyin olunmuşdu. Türkiyənin nüfuzlu universitetlərinin məzunu və magistri olan Samir müəllimin bu təyinatından sonra Daşkəsən dəmir yataqlarında ciddi işlər başlamış, qısa müddət ərzində Azərbaycanın qara metallurgiya sahəsi üzrə Yol xəritəsi hazırlanıb bəzi mühüm irəliləyişlərə imza atılmışdı. Hətta yaxın zamanlarda qara metallurgiya sənayesinin neft hasilatından sonra Azərbaycan iqtisadiyyatının ən mühüm sektoru olacağı barədə ümidlər cücərməyə başlamışdı.
Di gəl ki, yenicə tumurcuğunu partladan bu ümidlər qısa müddətdən sonra soldu. Çünki qara metallurgiya sənayesinin inkişafı ölkəmizdəki bəzi iri məmurların marağına uyğun deyildi. Üstəlik, bu sektorun inkişafı Azərbaycan iqtisadiyyatının şaxələnməsi demək idi ki, nəticədə ölkəmiz neftdən asılılıqdan xilas ola və böyük dövlətlərin nəzarətindən çıxa bilərdi. Məhz bütün bu və hələ ki sadalamaq istəmədiyimiz bəzi amillər qara metallurgiya sektorunun beşikdə boğulmasını tələb edirdi.
Təsadüfi deyil ki, işə ciddi uğurlarla başlayan Samir Cəfərovun fəaliyyəti də uzun sürmədi. Üzərindən cəmi 1 il keçdikdən sonra o, vəzifəsindən uzaqlaşdırıldı, daha 1 ildən sonra isə “Azərbaycan Polad İstehsalı Kompleksi” Qapalı Səhmdar Cəmiyyəti də ümumiyyətlə ləğv olundu. Beləcə, Azərbaycanda dəmir-polad məhsullarının istehsalı kimlərinsə ümidinə qaldı. Daha sonra isə iri məmurların inzibati dəstəyə baxmayaraq, həmin kimsələr də bəslənən ümidləri doğrulda bilmədi. Və qara metallurgiya sektoru qara günlərə qaldı.
Ovqat.com xəbər verir ki, bu gün dəyərli gənc mütəxəssis, yenilikçi hakimiyyət komandasının ilk qaranquşu sayılan və buna görə də qəzəbə tuş gələn Samir Cəfərovun Xalqqazeti.com portalında maraqlı yazısı dərc olunub.
“Fateh və xilaskar liderlə yeni gələcəyə doğru” sərlövhəli məqalədə Azərbaycanın iqtisadi potensialı və Dağlıq Qarabağın fəthinin bu potensiala mümkün təsirləri barədə mülahizələr öz əksini tapıb. Azərbaycan hakimiyyətində yenilikçi komandanın növbəti ayaq səsləri kimi dəyərləndirdiyimiz məqaləni təqdim edirik:
Başa vurmaqda olduğumuz 2020-ci ildə Azərbaycan möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında mühüm və tarixi qələbələrə imza atdı. İlin əvvəllərindən bütün dünyanı bürüyən Covid-19 pandemiyası fonunda verilən doğru qərarlar və operativ tədbirlər nəticəsində ölkə iqtisadiyyatında və sosial sferada hər hansı bir böhranın yaşanmamasının və ölkəmizin bütövlükdə bu sınaqdan da uğurla çıxmasına şahidik. Azərbaycandan daha zəngin və hətta bizə “dərs” verməyə cəhd edən ölkələrə nəzər yetirdikdə iqtisadi itkiləri, sosial gərginliyi, valyutaların devalvasiyasını, aciz qalmış səhiyyə sistemi və mükəmməl olmayan dövlət idarəçiliyini görürük.
2020-ci ildə qazanılmış digər ən böyük və mühüm Qələbə isə 44 günlük Vətən Müharibəsində 30 il işğalda qalan tarixi torpaqlarımızın azad olunmasıdır. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının və onun xilaskar Liderinin əzmini və eyni zamanda dərin humanizmini göstərdi. Ermənistanın rəsmi mənbələrinin göstərdiyi rəqəmlərə görə erməni tərəfin itkiləri içində mülki şəxs itkisi cəmi 1 faiz təşkil etmişdir, bu itkilərə də səbəb düşmənin hərbi texnika və silah-sursatlarını mülki binaların arasında yerləşdirməsi olmuşdur. Bu göstərici 20-21-ci əsrlərdə baş vermiş müharibələrdə görünməmiş bir rəqəmdir. Bu, Ali Baş Komandanın və Azərbaycan ordusunun peşəkarlığının və humanizminin bariz nümunəsidir. Misal üçün, yaxın keçmişdə təxminən Qarabag böyüklükdə olan Çeçenistanı nəzarətə almaq üçün Rusiya 6 il vaxt sərf etdi və həmin müharibədə minlərlə əsgər və mülki şəxs həlak oldu. Bundan başqa, Rus - Yapon, 1-ci və 2-ci Dünya müharibələrində, Şimali Koreya, Kambodja, Vyetnam, Əfqanıstan, Yuqoslaviyada baş vermiş müharibələrin heç birində II Qarabağ müharibəsində Azərbaycan tərəfindən düşmənin mülki əhalisinə olan humanizm nümayiş etdirilməmişdir.
Azərbaycan öz zəngin təbii sərvətləri, coğrafi mövqeyinə görə hər zaman özünü təmin edən ölkələr sırasında olub. Keçmiş SSRİ dövründə, II Dünya müharibəsi və ondan sonrakı illər ərzində iqtisadi cəhətdən, qida təminatı baxımından əksər respublikalar ciddi böhran yaşadığı bir dövrdə Azərbaycan özünü təmin edən ölkələrdən idi. Azərbaycanın əlverişli iqlim şəraiti aqrar sahədə taxıl istehsalının, üzümçülüyün, pambıqcılığın, tütünçülüyün habelə heyvandarlığın inkişafına imkan verirdi. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkənin aqrar sektoru ilə yanaşı sənaye sektorunda da ciddi sıçrayış olmuşdur. Bakı şəhəri ilə yanaşı, Sumqayıt, Əli Bayramlı (indiki Şirvan), Mingəçevir kimi gənc şəhərlərdə sənaye inkişafının bumu yaşanırdı. Neft-qaz sənayesi ilə yanaşı, kimya sənayesi, maşınqayırma, cihazqayırma, metallurgiya, elektrik enerjisi sahələri inkişaf etdirilirdi.
1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələrinin SSRİ-dən qalan qoşunların hərbi dəstəyi ilə Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi nəticəsində ölkənin aqrar və sanaye potensialının xeyli hissəsi itirildi. Lakin 27 sentyabr 2020-ci ildə düşmənin növbəti təxribatı ilə başlayan Vətən Müharibəsində müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə tariximizə qızıl hərflərlə yazıldı və ölkəmizin iqtisadi, sosial potensialının artmasına, güclənməsinə ciddi zəmin yaratdı. Düşməndən azad olunan Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonlarının kənd və qəsəbələrində yaşayış, iaşə obyektlərinin, inftrastruktur xətlərinin bərpası və yenidən tikintisi tikinti sektorunun və tikinti materiallarnın istehsalının inkişafı ilə yanaşı əhalinin məşğulluğuna da təkan verəcəkdir.
İşğaldan öncə Qarabağın rayonları ölkənin ümümi taxıl istehsalının 18, üzüm istehsalının 32, ət və süd məhsulları istehsalının 32, yun və ipək istehsalının isə 36 faizini təmin edirdi (1988-ci ilin statistik məlumatları). Kəlbəcər və Zəngilan rayonlarında qızıl ehtiyatı isə 135 tondan artıq qiymətləndirilmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi tarixi Qələbədən sonra Azərbaycanda artıq yeni strateji dövr başlanmışdır və bu inkişaf dövrünün yeni mərhələsində işğaldan azad olunmuş hər bir rayonun iqtisadiyyatının dirçəlişi ölkənin iqtisadi rifahında öz əlavə dəyərini yaradacaqdır. Belə ki, Qarabağın aran rayonlarında dənli bitkilərin, pambıqçılıq, üzümçülük, tütünçülük, heyvan yemi təsərrüffatlarının, müxtəlif istehsal sahələrinin, dağlıq rayonlarda isə heyvandarlığın bərpası və inkişafı, habelə Kəlbəcər və Zəngilan rayonlarında qızıl, mis və digər faydalı qazıntı yataqlarının yenidən təşkili və istehsalının bərpası ölkənin daxili tələbatını ödəməklə yanaşı ixrac potensialına da ciddi dəstək verəcəkdir.
Dövlət başçısının qeyd etdiyi kimi, yeni dövrün daha bir çağırışı da regionda geniş nəqliyyat infrastrukturunun yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirəcək yeni nəqliyyat xəttləri (dəmir və avtomobil yolu) çox əhəmiyyətli regional şəbəkənin formalaşmasına səbəb olacaqdır. Bu xətt həm də qardaş Türkiyə ilə Azərbaycanı birbaşa bağlamaqla yanaşı, Şərqlə Qərbi bağlayan alternativ bir infrastruktur vasitəsi olacaq. Belə bir mühüm infrastruktur layihəsinin baş tutması Azərbaycanın idxal-ixrac potensialına əhəmiyyətli təkan verəcək, eyni zamanda tranzit ölkə rolunu da xeyli artıracaq.
Ölkəmiz yeni strateji dövrə qədəm qoymuşdur. Yeni dövrün çağırışlarını nəzərə alaraq iqtisadiyyatı qısa vaxt ərzində əlavə dəyəri yüksək olan və premium bazarları hədəf alan məhsulların istehsalına və ixracatına yönəltməliyik. Necə ki, 2000-ci illərin əvvələrindən bütün dünya Azərbaycanın iqtisadi sıçrayış möcüzəsini izləyirdi və 2020-ci ildə də Qarabağın işğaldan azad edilməsi ilə bütün dünyaya yeni və taktiki bir hərb nümunəsi olduqsa, ən qısa vaxtda yeni “Azərbaycan – 2025” iqtisadi möcüzəsini və qələbəsini də nümayiş etdirməliyik. İnnovativ maşıngayırma, hərbi sənaye, orqanik qida sənayesi və metallurgiya sahələrində yüksək nəticə verəcək, dost və neytral ölkələrdən inverstorları da cəlb etməklə yeni layihələr başladılmalıdır. Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, son 20 ildə ölkəmizə 2 mlrd. dollar həcmində ət və süd məhsulları, 5 mlrd. dollardan artıq taxıl və digər dənli bitkilər, 3 mlrd.dollarlıq tütün məhsulları, 16 mlrd.dollardan artıq polad məhsulları idxal edilmişdir. Yeni strateji dövrdə azad olunmuş ərazilərin də potensialından səmərəli istifadə etməklə yeni istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatı, qida istehsalı və bir çox sahələrdə idxaldan asılılığın azaldılmasına nail ola bilərik. Burada həmçinin hərbi-sənaye kompleksinin xarici ölkələrin polad məhsullarından asıllılığını azaltmaq üçün öz poladımızın hazırlanması və bu sahəyə yönəldilməsi də vacib məqamlardandır.
Görülən iri miqyaslı tədbirlərin nəticəsi olaraq ölkəmizin kənd təssərrüfatı, metallurgiya sənayesi, tikinti və nəqliyyat sektorları, habelə turizm sahəsinin potensialı ölkənin ixrac imkanlarını ciddi şəkildə artıracaq. Bu isə Azərbaycanımızın inkişifına, maliyyə dayanıqlığının möhkəmlənməsinə, hərbi cəhətdən güclü olmasına, insanlarımızın rifahının yüksəlişinə xidmət edəcəkdir.
Samir Cəfərov, Beynəlxalq Münasibələr üzrə fəlsəfə elmləri doktoru
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar