Xəbər lenti

 
Tarix boyu zəiflərin ən təsirli silahı “dilgödəkliliyi” və “sülhpərvər mehribanlığı” olub. Bu xüsusiyyətlərini yumşaq gücə çevirə bilən dövlətlər yalnız yaşamaq hüququ qazana biliblər. Ətrafdakı daha böyük güclərə arxalanıb başqasının ərazisinə göz dikənlər isə adətən uzun illər himayədarlarının istismarına məruz qaldıqdan sonra düşmənləri qarşısında ağır məğlubiyyətə uğrayıblar. Çünki hər alətin son istifadə müddəti olur və himayə qarşılığında özünü tükəndirən zəiflər əvvəlki faydalılıq əmsalını itirəndə tərk edilirlər. 30 il Rusiyanın himayəsinə sığınaraq Azərbaycandan qazandıqlarını ordumuzun dəmir yumruğu ilə 44 gün ərzində itirən Ermənistan kimi. 
 
44 günlük Vətən müharibəsində zəng edib yalvarmadığı dünya lideri buraxmayan Ermənistan rəhbərliyi yenidən Rusiyanın himayəsinə sığınıb revanş müharibələrindən dəm vurur. Bəzi erməni liderləri bir az da uzağa gedərək son uğursuzluqlarını müharibə məğlubiyyəti kimi yox, sadəcə müvəqqəti geriçəkilmə kimi qiymətləndirməkdən belə çəkinmirlər. Onların ümid yeri kimi baxdıqları ünvan isə yenə də əsasən Rusiyadır
 
Bəs bu ümidin müqabilində Kreml Ermənistana nə vəd edir?
 
Rusiyanın hərbi sənaye kompleksinin sözçülərindən olan MDB Ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri, hərbi ekspert Vladimir Yevseyevin İrəvana qurtuluş resepti kimi təqdim etdiyi müdafiə təklifləri bu suala kifayət qədər aydınlıq gətirir.
 
Ovqat.com-un məlumatına görə, rus hərbi eksperti “Sputnik Ermənistan”a verdiyi açıqlamasında öz tövsiyyələrini bu cür sıralayır: 
 
“İlk növbədə, Ermənistan Silahlı Güvvələri gələcək inkişafı və silahlanması zamanı əsas diqqəti kəmiyyətcə deyil, keyfiyyətcə üstünlüyə ayırmalıdır”. Onun sözlərinə görə, Rusiyanın bu sahədə müttəfiqinə təklif edə biləcəyi çox şey var:
 
"Bu yaxınlarda Azərbaycanın havadakı üstünlüyü ilə keçən müharibənin təcrübəsini nəzərə alsaq, Ermənistana hava hücumundan müdafiə sisteminin müasirləşdirilməsi son dərəcə vacibdir. Aydındır ki, yalnız ZRK "OSA" və bir neçə ədəd "Tor" silah sistemləri ilə kifayətlənmək olmaz. Müasir hava müdafiə sistemlərinin yaradılması üçün bir sıra komponentlər olmalıdır. Birincisi, C-400 sistemləri almaq lazımdır, HHM hərbi sistemlərindən isə mən ZRK "Pansir - SM" və bundan başqa daha çox "Tor" komplekslərini təklif edərdim", - Yevseyev “Sputnik Ermənistan”a müsahibəsində bildirib.


 
Ekspertin fikrincə, güclü HHM sisteminin inkişafı müasir radioelektron mübarizə sistemləri olmadan mümkün deyil: “Odur ki, Ermənistan "Krasuxa" REB-in yerüstü sistemlərini və "Xibina" hava bazalarının REB-ni əldə etməlidir. Hər iki sistem düşmən uçuş aparatlarına qarşı mübarizə aparmaq üçün etibarlı və effektiv hərb aləti kimi özünü təsdiqləyib”.
 
Bundan əlavə, Yevseyev hesab edir ki, Azərbaycan Ordusunun çoxlu sayda pilotsuz uçan aparatları var, gələcəkdə Ermənistan da pilotsuz uçan aparatlardan istifadə etməli olacaq. Ekspertin təklifinə əsasən, Ermənistanın pilotsuz uçan aparatlar sahəsində öz istehsalının olduğunu nəzərə alsaq, gələcəkdə bu seqmenti inkişaf etdirmək olar: “Məlumdur ki, hazırda Rusiya da öz pilotsuz aviasiyasını sürətlə inkişaf etdirir. Söhbət 2024-cü ildə Rusiya ordusuna daxil ola biləcək "Oxotnik"lərdən gedir”. 
 
Müasir pilotsuz təyyarələrin Ermənistan-Rusiya birgə istehsalını tamamilə real sayan Yevseyev nədənsə, Azərbaycanın da 2024-cü ilə qədər yatmayacağını, Türkiyə və İsraillə bərabər ərsəyə gətirdiyi “İtiqovan”larını inkişaf etdirə biləcəyini hesaba qatmır.
 
Bununla belə, Yevseyev də pilotsuz uçan aparatlardan səmərəli istifadə etmək üçün inkişaf etmiş idarəetmə sisteminin lazım olduğunu anlayır və İrəvana Rusiyanın hərbi idarəetmə sistemlərini almağı məsləhət bilir.


 
"Rusiyanın peyk sistemlərinə çıxış əldə etmək də Ermənistan üçün maraqlı olardı. Bu barədə danışıqlar aparmağa başlamaq olar. Əgər Ermənistan Rusiya kosmik kəşfiyyatının verdiyi məlumatlardan istifadə etmək imkanı əldə etsə, bu, onun döyüş imkanlarını xeyli artıracaq. Müharibəni real vaxtda aparmağı bacarmaq lazımdır, amma hələlik, təəssüf ki, erməni silahlı qüvvələri bunu edə bilmir", - deyə o bildirir. 
 
Bu yerdə rusiyalı ekspert unudur ki, Ermənistan Rusiyanın kosmik peyklərindən nə dərəcədə istifadə edib-etməyəcəyi bəlli olmadığı halda, Azərbaycanın fəzada 3 ədəd öz peyki var. Və onlardan istifadə etmək üçün nə kiməsə ağız açmalı, nə də əlavə pul ödəməlidir.
 
Hərbi ekspert hesab edir ki, yaxın illərdə Ermənistan pilotlu aviasiyanın inkişafını da davam etdirməlidir: “Güclü qırıcı aviasiya olmadan təkcə havada üstünlük qazanmaq yox, həm də hava hücumundan səmərəli müdafiə barədə danışmaq mümkün deyil. Ümumiyyətlə, havada hökmranlıqdan danışırıqsa, bu “uzun zəncir”də bütün həlqələr eyni dərəcədə vacibdir – qırıcılar, dronlar, hücum təyyarələri, vertolyotlar. Bu sahədə qırıcılar bütün bu sistemin təməl daşıdır. Onlar olmadan havadan müdafiə sistemi tamamilə dağıla bilər. Qeyd etmək lazımdır ki, Ermənistan hərbi rəhbərliyi uzun illər bu sadə həqiqəti anlamırdı və bu səbəbdən Ermənistan ilk addımlarını yalnız indi atmağa başlayıb. Keçən il isə İrəvan 4 ədəd Su-30SM çox məqsədli qırıcı almışdı və bu təyyarələrin daha səkkizini almağı planlaşdırırdı”.
 
Ekspert deyib ki, effektli hava müdafiəsi üçün dörd təyyarəylə kifayətlənmək sadəcə “ağılsızlıq”dır: “Cəmi 4 təyyarə sadəcə faydasız oyuncaqlardır. Bu maşınların tam imkanlarını təmin etmək üçün ən azı bir dəstə – 12 təyyarəyə malik olmalısan. Elə həmin müharibədən bir ay əvvəl oraya göndərilmiş Türk F-16-ları sayəsində Azərbaycan havada hökmranlıq qazana bildi. Türkiyə təyyarələri olmasaydı, Bakının imkanları xeyli məhdudlaşardı”. 


 
Görünür, rus ekspert həmin F-16-ların Dağlıq Qarabağ döyüşlərinə qatılmaq üçün Azərbaycana göndərilmədiyini və bu savaşda istifadə olunmadığını da  unudur.
 
Vladimir Yevseyev təkcə hərbi aviasiya ilə kifayətlənməməyi, quru qoşunlarını da inkişaf etdirməyi məsləhət görür.
 
“Aviasiyanın roluna, əlbəttə, etiraz etmək mümkün deyil, amma nəzərə almaq lazımdır ki, hərbi əməliyyatların əsas hissəsi yer üzündə gedir. Bu isə o deməkdir ki, quru qoşunlarının da ciddi modernləşməyə və komplektləşdirməyə ehtiyacı var”, - deyən Yevseyevin fikrincə, Qarabağdakı son müharibə Ermənistan ordusunda özüyeriyən silahların çatışmazlığını üzə çıxardı: 
 
"Bu qədər az sayda özüyeriyən texnikaya sahib olmaq yolverilməzdir. Erməni artilleriyasının əsas hissəsi yedəyə qoşulan alətlərdir. Bu vəziyyət artilleriyanın hərəkətliliyini son dərəcədə azaldır. Özüyeriyən silahların kalibrləri də müxtəlif olmalıdır – böyük kalibrli "Pionlardan" kiçik kalibrli silahlara qədər. Mən bunları deyərkən batalyon taktiki qruplar səviyyəsində effektiv döyüş əməliyyatlarında istifadə olunan atəş dəstəyini nəzərdə tuturam. Bu atəş dəstəyi ilk növbədə, özüyeriyən texnikalarla təmin olunur", 
 
 Azərbaycanın hərbi arsenalında "Qrad”lar və "Tornada”lardan tutmuş İsrailin “LAR – 160” və Türkiyənin “Kasirga”larına qədər geniş diapazonlu reaktiv sistemlərin olduğunu xatırladan ekspertin fikrincə, Ermənistan ordusu bu cür zənginliklə öyünə bilməz: “Düzdür, Ermənistanın da "Qradları" və "Tornada”ları var, amma onların sayı düşmənlə müqayisədə xeyli azdır”.
 
Ekspert Ermənistana gələcəkdə müasir T-90 tanklarının, piyadaların döyüş maşınlarının – BMP-3-lərin alınmasına xeyli pul xərclənməyi də məsləhət bilir. Amma nə ilə? Nəzərə alsaq ki, Ermənistanın bütün dövlət büdcəsi cəmi 2 milyard dollardır və son döyüşlərdə Azərbaycan ordusunun sıradan çıxardığı hərbi texnikaların dəyəri bu rəqəmdən daha böyükdür, Ermənistan nəinki hərbi qüdrətini inkişaf etdirmək, hətta əvvəlki vəziyyətə gəlmək üçün illər boyu yeməyib, içməyib əlindəki-ovcundakı bütün pullarını müdafiə sisteminə xərcləməlidir. Üstəlik, pandemiya iqtisadiyyatı dövründə bu pulu tapa bilsə.

 

Görünür, rusiyalı ekspert də açıqlamasının axırında Ermənistanı çox çətinə saldığının fərqinə vardığından fikrini belə yekunlaşdırıb: “Şübhəsiz ki, sadalanan bütün silah sistemlərinin satın alınması ölkə iqtisadiyyatdan və əhalidən böyük fədakarlıqlar tələb edir”.
 
Bir sözlə, Rusiyanın hərbi sənaye kompleksinin sözçüsü kimi çıxış edən Vladimir Yevseyev guya dost canıyananlığı ilə son müharibədə bədbəxt vəziyyətə düşən İrəvana “əlin cibində olsun” mesajı göndərir. Halbuki, onun bu dostanə təklifləri ilə qarşılaşdırdığımızda Ermənistanın düşmən kimi gördüyü Azərbaycanın və Türkiyənin məsələyə yanaşmaları müqayisəedilməyəcək dərəcədə daha ədalətli və vicdanlıdır. Xatırlayırsınızsa, müharibənin son günlərində Azərbaycan prezidenti İlham Əliyev İrəvanı bu axmaq düşmənçilikdən vaz keçib ölkəmizin qoşulduğu beynəlxalq iqtisadi layihələrdə iştirak etməyə çağırmışdı. İlham Əliyevin bu təklifi erməni xalqına firavanlıq və iqtisadi yüksəliş gətirəcəyi kimi, başqalarının təlqinləriylə Azərbaycanın yumruğu altında bir daha əzilməmək fürsəti verərdi. 
 
Eyni təklif 100 ildir yalançı “erməni soyqırımı” ittihamları ilə İrəvanın guya beynəlxalq arenada çətinə saldığı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən də səsləndirilmişdi. Türkiyə prezidenti Bakıya son səfərində Ermənistanın da aralarında yer aldığı regional 6-lıq ittifaqının qurulması ideyasını irəli sürmüşdü. Türkiyə, İran, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın iqtisadi əməkdaşlığını ön görən bu təklifə hazırda iqtisadi böhran keçirən düşmən dövlətin daha çox ehtiyacı var. 
 
Bax, budur Türk dünyası ilə Kremlin fərqi: Biz düşmənimiz belə islah edib haqq yoluna gətirməyi, Rusiya isə döşlərindən qan gələn dostunu hələ də sağmağı düşünür.
 
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 256          Tarix: 4-01-2021, 00:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma