Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Rusiyanın Mərkəzi Avropaya qaz nəqlini nəzərdə tutan və tikintisində yer alan şirkətlərə ABŞ-ın sanksiyalar tətbiq etdiyi “Şimal axını-2” qaz kəmərinin inşası yenidən bərpa olunub.
Ovqat.com xəbər verir ki, bunu tikintinin operatoru “Nord Stream 2” şirkəti jurnalistlərə verdiyi açıqlamada bildirib.
Məlumata görə, şirkətə məxsus "Fortuna" borudöşəmə gəmisi Danimarka sularında "Şimal Axını-2" qaz kəmərinin tikintisinin bərpası üzrə işlərə yenidən başlayıb. “İşlər əldə olunan razılıqlara uyğun şəkildə gedir", - deyə şirkətdən bildiriblər.
“Marinetraffic” gəmilərinin izlənməsi portalının məlumatına görə, "Fortuna" gəmisi hazırda kəmərin yaxınlığındadır, borunun çəkilməsi zonasında Rusiyanın çoxfunksiyalı "Vena" təminat gəmisi və "Katun" yedək gəmisi də fəaliyyət göstərir. Bundan başqa, "Murman" da qaz kəmərinin çəkilmə yerinin həndəvərindədir.
Xatırladaq ki, hardasa 1 həftə əvvəl Tramp hakimiyyəti “Şimal axını-2” layihəsinə sanksiyaları genişləndirmək qərarı almış və ABŞ Dövlət Departamentinin sabiq sədri Mayk Pompeo Co Bayden administrasiyasının da boru kəmərinin inşasına qarşı çıxacağını bildirmişdi. Bundan sonra “Nord Stream 2” təmir bəhanəsilə "Fortuna" gəmisini tikinti sahəsindən geri çəkmişdi. Kəmərin sifarişçisi “Qazprom” da yaydığı bəyanatda “Şimal axını-2” layihəsinin tamamən dayandırılması ehtimalını istisna etməmişdi. İndisə birdən-birə “Fortuna”nın tikinti sahəsində görünməsi Rusiya ilə ABŞ arasında hansısa razılığın əldə olunması fikrini ağla gətirir.
"Şimal Axını - 2" layihəsi Rusiyanın sahillərindən Baltik dənizi vasitəsilə Almaniyaya qədər ümumi gücü illik 55 milyard kub metr olan iki kəmərin tikintisini nəzərdə tutur. 2019-cu ilin dekabrında İsveçrənin “Allseas” şirkətinin ABŞ-ın mümkün sanksiyaları səbəbindən boruların çəkilməsindən imtina etdikdən sonra bu layihədə işlər müşkülə düşmüşdü. Uzun danışıqlardan sonra 2020-ci ilin dekabrında “Nord Stream 2” şirkəti Almaniyanın müstəsna iqtisadi zonasında 2,6 km boru xətti salmaqla inşaatı bərpa etsə də ABŞ-ın sanksiyaları da genişləndirməsi kəmərin çəkilişində yenidən fasilələrin yaranmasına yol açmışdı.
Hal-hazırda qaz kəmərinin 2 460 km-dən 2 300 km-dən çox hissəsi çəkilmişdir ki, bu da borunun ümumi uzunluğunun 94% - ni təşkil edir. Kəmərin Danimarka sularında 120 km, Almaniyanın sularında 28 km-dən bir qədər çox hissəsi çəkilməmiş hissə qalıb. Kəmərin hardasa 150 km-lik son hissəsinin salınması xeyli zaman ala bilər. Zira bundan əvvəl “Fortuna” gəmisi gündə cəmi 350 metr kəmər inşa edirdi. Deməli, 1 km kəmərin çəkilişi 3 gün vaxt aparır. Deməli, heç bir fasilə verilmədən eyni sürətlə inşaata davam ediləcəyini fərz etsək belə, 160 km-lik məsafə 450 günə çəkilə bilər.
Məlumat üçün bildirək ki, Avropanın illik qaz tələbatı 500 milyard kub metrə yaxındır. Rusiyadan müxtəlif kəmərlər vasitəsilə qitəyə ildə 200 milyard kub metr qaz idxal olunur ki, bu göstərici tələbatın 40%-dən çoxuna bərabərdir. İqtisadçıların fikrincə, istənilən qaynaqdan 30%-dən çox qaz alınması təbii inhisarçılıq yaradır və alıcını satıcıdan asılı vəziyyətə salır. Rusiyanın mövcud ixrac göstəriciləri ilə həmin limiti çoxdan keçdiyi ortadadır və ona qarşı tətbiq olunan sanksiyaların əsas səbəbi də bundan qaynaqlanır.
Rusiyadan Avropaya qaz nəql edən kəmərlər
“Şimal axını” – illik qaz həcmi 55 milyard kub metr. Rusiyadan Baltik dənizi vasitəsilə Almaniyaya qaz nəql edir. “Şimal axını-2” layihəsinin də ona paralel və eyni həcmdə çəkilməsi nəzərdə tutulur.
“Mavi axın” – illik qaz həcmi 16 milyard kub metr. 2003-cü ildə Türkiyəyə qaz ixrac etmək məqsədilə çəkilib. 25 illik müqavilə bağlanıb. Müqaviləyəyə əsasən, Türkiyə qaz almasa belə, pulunun 75%-ni ödəməlidir.
Urenqoy-Pomari-Ujqorod boru xətti (Ukrayna) – illik 85 milyard kub metr. Hələ Sovet İttifaqı dağılmamışdan xeyli əvvəl – 1978-ci ildə layihəsi cızılan və Avropanın müxtəlif bankları vasitəsilə maliyyələşdirilən bu kəmər Rusiyaya qarşı bütün qaz embarqolarının əsasını, əsl səbəbini təşkil edir. 2014-cü ildə Ukraynanın bir sıra bölgələrinin işğalı ilə başlayan qaz savaşları həm Qərbi, həm də Rusiyanı enerji nəqlində şaxələnmə siyasətinə sürüklədi. Qərb bir qaynaqdan qaz almağın enerji təminatını təhlükə altına saldığını anladı və alternativ layihələrə daha çox önəm verməyə başladı. Rusiya isə Ukrayna ilə arasında yaranan konflikt səbəbindən Avropaya qaz nəqlində başqa marşrut arayışlarına girdi. Beləcə, “Cənub axını”, “Türk axını” və “Şimal axını-2” kimi başqa layihələr üzərində işlədi. Məqsədi isə Ukrayna marşrutundan tamamilə imtina etmək idi. Zira Ukrayna ilə bağlanan qaz nəqli müqaviləsi 2019-cu ildə sona çatır və Kiyev bu marşrutdan ya imtina, ya da özünə sərfəli tranzit tarifi tətbiq edə bilərdi.
Bütün boru kəmərləri layihələrində ciddi əngəllərlə qarşılaşan Rusiya 2019-cu ildə yenidən Ukrayna ilə razılaşmaq məcburiyyətində qaldı. Yenilənən qaz müqaviləsinə görə, Rusiya bu xətt üzrə 2020-ci ildə 65 milyard kub metr, bu ildən başlayaraq 2024-cü ilə qədər isə illik 40 milyard kub metr həcmində qaz ixrac edəcək.
“Türk axını” – illik qaz həcmi 31.5 milyard kub metr. İnşası hələ tamamlanmamış bu kəmərlə nəql olunacaq qazın yarısının - 15,75 milyard kub metrinin Türkiyəyə, digər yarısının isə Avropaya ixrac edilməsi planlaşdırılır. Ötən il Türkiyə Rusiyadan aldığı qazı yarıbayarı azaltmaqla bu kəmərin taleyini şübhə altında aldı. “Qazprom”-un məlumatına görə, 2019-cu ildə Türkiyə Rusiyadan aldığı qazı 36% azaltmış, 2020-ci ildə bu azalma daha böyük olmuşdu. Ötən ilin ilk yarısında əvvəlki ilə nisbətdə Türkiyəyə qaz ixracı 8.11 milyard kub metr qaz ixracı 4.73 milyard kub metrə düşmüşdü. Bu isə 40%-dən çox azalma deməkdir. Avropa Birliyi də “Türk axını” ilə qitəyə nəql olunacağı düşünülən miqdarın tələbatı aşdığını bildirərək, faktiki sözügedən layihənin ətrafındakı şübhə haləsini bir qədər də böyütmüşdü.
Təsadüfi deyil ki, ötən ildən etibarən Rusiyanın qaz ixracında azalma təkcə Türkiyədə deyil, Avropa ölkələrində də özünü büruzə vermişdi. Rəsmi statistikaya görə, ötən ilin ilk yarısında Rusiyadan Almaniyaya 26,98 milyard kubmetrdən 20,13 milyard kubmetrə, ümumilikdə Qərbi Avropaya isə təbii qaz ixracatı 75,3 milyard kubmetrdən 60,09 milyard kubmetrə enmişdi. Eyni dövrdə Şərqi Avropaya ixracat isə 20,88 milyard kubmetrdən 17,73 milyard kubmetrə düşmüşdü.
Əsas alternativ
Avropaya qaz nəqlində problemlərlə qarşılaşan Rusiyanın son illərdə Çinə yönəlməyə başladığı sezilir. 2019-cu ildə istifadəyə verilən “Sibir gücü” layihəsi 30 illiyinə bağlanıb və bu müddət ərzində Rusiyaya 400 milyard dollar qazanc gətirəcəyi düşünülür. Altay dağlarının ətəklərindən çəkilməsi planlaşdırılan “Sibir gücü-2” layihəsi də təxminən eyni həcmdə və dəyərdə olacaq.
Mümkündür ki, Rusiyanın bu alternativi onun yeni bazarlara çıxışını və Çinlə daha çox yaxınlaşma ehtimalını yaratdığından Vaşinqtonun Rusiya qarşısında müəyyən güzəştlərə getməyə vadar etsin.
Heydər Oğuz,
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar