“Hazırda diqqət ayırdığımız yer Raqqadır. Bu şəhərin işğaldan azad edilməsinə fokuslanmış diqqətimizı dağıdacaq və ya başqa istiqamətə yönəldəcək hər hansı əlavə problemin çıxmasını istəmirik”.
Strateq.az xəbər verir ki, bu sözləri dünən video-konfrans vasitəsilə Pentaqonda mətbuat konransına bağlanan İŞİD-ə qarşı beynəlxalq koalisiyanın sözçüsü polkovnik Ryan Dillon bildirib.
ABŞ polkovniki jurnalistlərin suallarını cavablandırarkən onu da əlavə edib ki, əgər Suriya Demokratik Gücləri (SDG) hər hansı səbəbdən Raqqa döyüşündən yayınar və başqa bir istiqamətə yönələrsə, bu, onların İŞİD-lə mübarizə aparmaq istəmədiyini göstərəcək: “Biz bu vəziyyətin ortaya çıxmasından narahatıq. Bunun hansı səbəbdən baş verdiyi və kimlər tərəfindən təhrik edildiyi bizim üçün əhəmiyyətli deyil”.
ABŞ polkovnikini bu qədər sərt danışmağa vadar edən hadisə Suriyanın Türkiyə sərhədlərində yerləşən PKK qüvvələrinin bir neçə gün əvvəl qardaş ölkənin sərhədçilərinə atəş açmasından sonra yaşanan gərginliklər olub. Bu qızışdırıcı hadisədən sonra Türkiyə PKK-çılara adekvat cavab vermiş, Afrindəki kürd separatçılarına aid mövqeləri ağır top atəşinə tutmuşdu.
Polkovnik Ryan Dillonun sözlərindən də anlaşıldığı kimi, ABŞ bu təhrikedici əməli İŞİD-lə mübarizədə istəksizlik kimi qiymətləndirib və onurğa sütununu YPG-nin təşkil etdiyi SDG-ni “bir də bu kimi hadisələr baş verərsə, yalnız buraxıla bilə bilərsiniz” mesajıyla qorxudub.
ABŞ hərbçilərinin kürd separatçılarının Raqqada İŞİD-lə mübarizədə çox da həvəssizliyindən və müxtəlif bəhanələrlə diqqəti başqa istiqamətə çəkməkdə maraqlı olduğundan şübhələnməsi təsadüfi deyil. Ümumiyyətlə, son zamanlar kürd separatçılarının onlara həvalə edilmiş missiyadan kənara çıxması və əlavə problemlərə yol açmağa çalışmaları adi hala çevrilib. Bir müddət əvvəl Raqqa ətrafında da bənzər hadisə yaşanmış, YPG qüvvələri İŞİD-in paytaxtı sayılan bu şəhərə Bəşər Əsəd ordusunun yaxınlaşmasının qarşısını almaq üçün Jadin adlanan məntəqəyə hücum etmiş və qarşı tərəflə ağır döyüşlərə girmişdi. Kürd separatçılarının bu hücumuna hava zərbələriylə cavab verən Suriya təyyarəsi ABŞ tərəfindən vurulmuş və beləcə Moskva-Vaşinqton arasında ciddi ixtilaf yaranmışdı. Vaşinqtonun öz müttəfiqini qoruması istər-istəməz Rusiyanı da Suriyaya qahmar çıxmağa məcbur etmiş, Moskva ABŞ-la bağladığı uçuş təhlükəsizliyi barədə sazişi birtərəfli qaydada ləğv etdiyini açıqlamışdı. Bu isə gələcəkdə Rusiya-ABŞ təyyarələrinin Suriya səmalarında qarşı-qarşıya gələ bilməsi demək idi.
Qeyd edək ki, PYG qüvvələrinin hücum etdiyi həmin məntəqə Rusiya və ABŞ arasında əldə olunan razılığa əsasən, Suriya ordusunun nəzarətində olmalıydı. Bu fakt razılığı pozan tərəfin kürd separatçıları olduğunu təsdiqləyir, ABŞ-ı beynəlxalq ictimaiyyət qarşısında çətin vəziyyətə qoyur və Moskvanın sərt addımlarına haqq qazandırırdı. Bənzər xoşagəlməz hadisənin bir də Türkiyə ilə yaşanması kürd separatçılarının sağa-sola saldırmasının təsadüf olmadığını göstərir və ABŞ-da məlum şübhələrə yol açır.
Sual oluna bilər: YPG Raqqada İŞİD-lə mübarizədə niyə bu qədər həvəssizdir? Niyə əlavə gərginliklər yaratmaqla əsl hədəfdən yayınır?
Zənnimizcə, bu sualların bir neçə cavabı var. Əvvəla, Raqqa ABŞ və ya Suriyada marağı olan digər qüvvələrin əsas hədəflərindən biri ola bilər. PYG-yə gəldikcə isə, təşkilatın elə bir hədəfi yoxdur. İstər Raqqa əhalisinin böyük əksəriyyətinin ərəblərdən təşəkkül tapması, istərsə də “Böyük Kürdüstan” hədəfinin Suriyanın mərkəzinə yox, İraq sərhədlərindən Aralıq dənizinə doğru uzanması separatçıların zorla məhkum edildikləri mübarizəyə həvəssiz yanaşmasını şərtləndirir.
Üstəlik, Raqqa azad edildikdən sonra kimə onun məxsus olacağı da tam bəlli deyil. Regional dövlətlər Raqqanın ərəblərin əlində qalması tələb edir. ABŞ da prinsip etibarilə bu tələblərin haqlı olduğunu gizlətmir. Dolayısıyla, kürd separatçılarının böyük qanlar bahasına alacağı Raqqada borularının nə qədər ötəcəyi hələ də qeyri-müəyyənliyini qoruyur.
Raqqa uğrunda döyüşlərdə isə YPG-ni ciddi itkilər gözləyir. Məlumatlara görə, İŞİD-in Raqqadan kifayət qədər zəif olduğu Münbiçin alınmasında belə, kürd separatçıları mindən çox itki vermişdilər. Raqqada isə YPG daha ciddi sınaqlarla qarşılaşa bilər. Sözsüz ki, özünün olub-olmayacağını bilmədiyi bir macərada böyük itkilər verməyi heç kimsə arzulamaz, kürd separatçılar da həmçinin...
Digər tərəfdən, Raqqa işğaldan azad edildikdən sonra PYG də öz cazibəsini itirəcək. Nədən ki, onu əhəmiyyətli edən səbəb İŞİD-lə mübarizədir. Sabah bu amil ortadan qalxdıqdan sonra anti-tezisi də yox olacaq. ABŞ-ın müttəfiqi olmaq özəlliyini itirən kürd separatçıları regionun digər qüvvələrinin hədəfinə çevriləcək.
Zənnimizcə, separatçıları ən çox qorxudan da məhz bu ehtimaldır. Baxmayaraq ki, ABŞ Raqqa əməliyyatı bitdikdən sonra YPG qüvvələrinə yenə silah yardımlarını dayandırmayacağına boyun olur, amma supergücün tez-tez öz siyasətini dəyişdiyini, regionun əsas söz haqqına malik dövləti kimi bütün tərəflərlə “oynamağa” çalışdığı da heç kimə sirr deyil. Təsadüfi deyil ki, bir tərəfdən Raqqanı kürd separatçıları ilə işğaldan azad etməyə çalışan ABŞ, digər tərəfdən də Türkiyəni təkbaşına buraxmaq istəmir, müttəfiqini itirməsinin başqalarının işinə yarayacağından ehtiyatlanır.
ABŞ-ın hazırda kürd separatçılarını nəyin başahsına olursa-olsun dətəkləməsi super gücün də Yaxın Şərqdə tamamilə yalnızlaşmasına səbəb ola bilər və bunun ilk simptomları artıq görünməyə başlayıb. İran, Türkiyə, Rusiya, Suriya, İraq və digər regional dövlətlər ABŞ-ın Yaxın Şərqdə yürütməyə çalışdığı siyasətlərə açıq şəkildə qarşı çıxır, bir çox hallarda dirəniş göstərməkdən belə çəkinmirlər. Super gücün dünənə qədər ərəblərdən aldığı dəstək də tədricən zəifləyir, xüsusilə körfəz ölkələrində ciddi böhrana səbəb olur. Bu gün ərəb dünyasında yalnız idarəçilərin rəğbətini qazanmaqla uzağa getməyin mümkün olmadığını ABŞ da anlayır. Terrorizmi başlıca səbəblərindən biri məhz bu ikiüzlü siyasət olduğu üçün bataqlığı qurutmadan acqanad ovunun nə qədər mənasızlığı da ortadır və bölgəni tamamən itirmək istəməyən Vaşinqtonun hər an geriyə addım atması istisna deyil. Belə bir vəziyyətdə isə olan onun regionda itirmədiyi yeganə “müttəfiqi” sayılan kürd separatçılarına olacaq. Bu dəhşətli perspektiv, sözsüz ki, separatçıları da ciddi narahat edir və onların əl-qolunu soyudur.
Məsələyə bu aspektdən yanaşanda kürd separatçılarının ABŞ-ı şübhəyə salan müəmmalı mövqeyini anlamaq çətin deyil.
Heydər Oğuz
Paylaş: