Xəbər lenti

 

“Köhnə Mosul bu gün iraqlı güclərin tam nəzarətinə keçdi, şəhərin tamamilə azad olunmasına sadəcə bir neçə metr qaldı”.

Ovqat.com xəbər verir ki, İraq Müştərək Hərbi Komandanlığı bu məlumatı yayıb.

İraqın “əl-Məyadin” telekanalı da faktı təsdiqləyib, yalnız əl-Midan bölgəsinin şərqində Dəclə çayının sahilində bir müqavimət nöqtəsinin qaldığını bildirib.

Məlumatlara görə, həmin kiçik sahəyə sıxışdırılan İŞİD-çilər artıq qaçmağa cəhd göstərirlər. Dəclə çayının qərb sahilindən şərqə keçmək istəyən terrorçulardan 35-nin öldürüldüyü, 6-nın isə diri ələ keçirildiyi xəbər verilir. İraq hərbi dairələri öldürülən terroristlərdən birinin Səudiyyə əsilli İŞİD lideri olduğunu irəli sürüblər.

 

Qeyd edək ki, bu gecə yayılan məlumatın üzərindən bir neçə saat keçib. Bu hesabla, son müqavimət nöqtəsinin də artıq təmizlənməsi ehtimalı böyükdür.

Köhnə Mosulun İŞİD-çilərdən təmizlənməsi isə bütün şəhərin xilas edilməsi deməkdir. Nədən ki, Mosulun şərq bölgəsi 24 Yanvar 2017 tarixində qurtarılmış, fevralın 19-da isə qərb bölgəsində hərbi əməliyyatlar başlamışdı. Əslində bu əməliyyatlar da ötən ayın son günlərində öz missiyasını tamamlamış, ölümcül vəziyyətə salınan təşkilatdan geriyə qalan və şəhərin xarabalıqlarında gizlənən təkəm-seyrək İŞİD-çilərin zərərsizləşdirilməsinə start verilmişdi.

   

Bununla belə, Mosulun İŞİD-çilərdən azad edilməsi şəhər üzərində qanlı çarpışmaların tamamilə bitməsi anlamına gəlmir. Əksinə, bundan sonra Mosulun kimin nəzarətində olması mübahisələri başlaya bilər.

İŞİD işğalından azad edilərkən daşı daş üstündə qalmayan şəhərə həm kürd separatçıları, həm də mərkəzi İraq hakimiyyəti iddia edir. Son zamanlar iki qüvvə arasında mübahisələrin xeyli böyüdüyü də nəzərdən qaçmır. Ehtimallara görə, bu mübahisələr iki tərəf arasında qanlı hesablaşmalara yol açacaq. Şimali İraq kürd muxtariyyətinin müstəqillik referendumuna hazırlaşması və rəsmi Bağdadın buna birmənalı şəkildə qarşı çıxması da növbəti müharibəni qaçınılmaz edir.

Mosula sahiblənmək uğrunda tərəflər arasında başlayacağı güman olunan qarşıdurmaya Türkiyə və İranın da qarışacağı istisna olunmur.




Ana səhifəyə qayıt        Baxış: 1 366          Tarix: 9-07-2017, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma