Bu il Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra qeydə alınmış ilk siyasi partiyanın, AMİP-in yaranmasının 30 ili tamam olur. Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzu, gücü, aydın ideoloji xətti olan, milli dəyərlərin mühafizəçisi kimi tanınan, beynəlxalq münasibətlərini müvəffəqiyyətlə inkişaf etdirən, müasir dünya standartlarına uyğun şəkildə təşkil olunmuş Milli İstiqlal Partiyası Azərbaycan istiqlalının bərpası ərəfəsində, daha konkret desək, 1992-ci ilin 15 oktyabr tarixində partiyanın yaradılması barədə Təşkilat Komitəsinin Bəyannaməsi haqqında Dövlət televiziyasında məlumat verməsi və bir gün sonra “Millət” qəzetinin sınaq nömrəsində həmin bəyannamənin dərc olunması ilə siyasi səhnəyə qədəm qoydu.
Partiyanın yaranması haqqında Bəyannamə qəbul edildikdən sonra təşkilatlanmağa başlayan və qurucuları sırasında Etibar Məmmədov, Fuad Ağayev, İsa Məmmədov, Şadman Hüseyn, Nazim İmanov, xalq şairi Məmməd Araz, akademik Eldar Salayev, Elçin Əfəndiyev, Vilayət Quliyev, Şərqiyyə xanım Ələkbərova kimi tanınmış və nüfuzlu şəxsləri birləşdirən AMİP, 3-4 iyul 1992-ci il tarixdə 1-ci təsis Qurultayını keçirərək Azərbaycanda birpartiyalı sistemdən çox partiyalı sistemə keçidin əsasını qoydu. Elə həmin andan etibarən ölkədə ictimai-siyasi həyatın formalaşmasında xüsusi rol oynamağa başlayan AMİP, 17 iyul 1992-ci il tarixində Ədliyyə Nazirliyi tərəfindən rəsmi olaraq dövlət qeydiyyatına alındı. O dövrün Ədliyyə naziri İlyas İsmayılovun imzası ilə siyasi fəaliyyətinə rəsmi olaraq başlayan AMİP-in qeydiyyata alınması Azərbaycanda yeni dövrün başlanğıcı kimi tarixə düşdü. Ondan sonra ölkədə yaranan bir çox partiyalar siyasi mühitimizin yeni carçıları oldular.
AMİP yarananda hər kəs Azərbaycanın tezliklə demokratikləşməsinə, siyasi rəqabətin yeni müstəviyə keçəcəyinə böyük ümidlər bəsləsə də, təəssüf ki, rus imperializminə bağlı köhnə komandanın mürtəce siyasəti bir sıra ümudlərin tam doğrulmasına imkan vermədi. Bununla belə, AMİP bu gün də ölkəmizin demokratikləşməsi yolunda ən güclü təsisatlardan biri kimi ümid qaynağı olmaqda davam edir. AMİP-in ictimaiyyətimizdə yaratdığı bu ümid isə heç də səbəbsiz deyildi. Yuxarıda da qeyd etdiyim kimi AMİP milli azadlıq hərəkatının ən tanınmış üzvləri tərəfindən təsis olunmuşdu. Yeni yaranmış partiya təkcə müxalif cameədə deyil, həmçinin iqtidardakı bir çox mütərəqqi ziyalılar tərəfindən böyük simpatiya ilə qarşılanmışdı. Təsadüfi deyil ki, I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseynlə təmsil olunan AMİP daha sonra Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova kimi deputatların və eləcə də keçmişdə müxtəlif vəzifələr daşıyan şəxslərin - sabiq təhsil naziri Firudin Cəlilov, Azərbaycan Yeyinti Sənayesi Konsernin Prezidenti olmuş Vaqif Musayev, sabiq deputat Yusif Bağırzadə və s. bu kimi ziyalıların könül verdiyi quruma çevrilmişdi. Yazıçı İsi Məlikzadə, xalq şairi Xəlil Rza, aktyorlar Həsən Məmmədov, Ramiz Məlik, Həsənağa Turabov kimi tanınmış simalar da siyasi həyatlarını AMİP-lə bağlayan ziyalılardandır.
Zamanında AMİP üzvü olmuş və sonrakı dövrlərdə yüksək dövlət vəzifələrinə təyinat almış şəxslərin də sayı kifayət qədərdir. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, hazırda azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri olan sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sabiq sədri Fərhad Məmmədov, Ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqalarını nümunə göstərmək olar. Heç şübhəsiz ki, müxtəlif ixtisaslardan olan, zamanında ayrı-ayrı vəzifələrdə təmsil olunmuş və bu gün təmsil olunmaqda davam edən xeyli sayda insanın məhz AMİP-də təmsil olunması bu partiyaya olan ümumxalq etimadının nəticəsidir.
AMİP-i Azərbaycanın digər partiyalarından fərqləndirən bir sıra cəhətlər var. Bunlardan ən önəmlisi partiyada təmsil olunan şəxslərin ideologiya əsasında birləşməsi ilə bağlıdır. Məhz bunun sayəsindədir ki, partiya dövrün tələblərinə uyğun olaraq rahat şəkildə təşkilatlana bilir. Partiyanın indiyə qədər 11 qurultay keçirərək 5 dəfə yeni sədr seçməsi də AMİP-in şəxsiyyətə pərəstiş amili üzərində qurulmadığını, ideoloji dəsti-xəttini hər şeydən üstün tutduğunu göstərir. Bu mənada hər hansı bir partiyanı AMİP-lə müqayisə etmək qeyri-mümkündür. Çünki, ölkədə 25-30 il ərzində fəaliyyət göstərən partiyaların indiyə qədər ən yaxşı halda iki dəfə sədr dəyişikliyinə getməsinin şahidi olmuşuq və bü cür faktların özünə belə nadir hallarda rast gəlinir.
AMİP-i həm də bir sıra partiyaların anası da saymaq olar. Belə ki, Azərbaycan Milli İstiqlal Partiyasından ayrılmış ayrı-ayrı şəxslərin daha sonra öz partiyalarını təsis etməsi ilə bağlı da kifayət qədər nümunələr mövcuddur. Məsələn, 1992–1993-cü illərdə partiyanın Sumqayıt Şəhər Təşkilatının sədri olmuş Abutalıb Səmədov 1993-cü ildə Azərbaycan Naminə Alyans Partiyasını, 1992–1993-cü illərdə partiya rəhbərliyində təmsil olunmuş Vilayət Quliyev, Mübariz Qurbanlı, Qabil Hüseynli, Gündüz Cəlilov, Vaqif Kərimov və başqaları 1993-cü ildə Azərbaycan Demokratik İstiqlal Partiyasını, partiya rəhbərliyində 2003-cü ilədək təmsil olunmuş Elşad Musayev 2005-ci ildə Böyük Azərbaycan Partiyasını, partiyanın sədri olmuş Əli Əliyev 2005-ci ildə Vətəndaş və İnkişaf Partiyasını, 1998–2003-cü illərdə partiyanın sədr müavini olmuş İlqar Məmmədov isə 2009-cu ildə Respublikaçı Alternativ partiyasını təsis etmişdir.
AMİP həm də Azərbaycan siyasi reallığını dəyişdirəcək potensiala sahib partiyadır. Məlum olduğu kimi, partiyamızın qurucusu Etibar Məmmədov Azərbaycan prezidentliyinə iki dəfə (1998, 2003-ci illər) namizəd olmuş və seçicilərin böyük rəğbətini qazanmışdır. O, xüsusilə 1998-ci ildə Azərbaycanın siyasi nəhəngi kimi tanınan mərhum Heydər Əliyevlə girdiyi rəqabətdə indiyədək heç bir siyasi liderin qazanmadığı uğura imza atmışdı.
Göründüyü kimi, AMİP bu 30 ildə çox keçməkeşli həyat yolu keçmişdir. Təkcə mövcud siyasi mühitlə mübarizə aparmamış, həm də siyasi təşkilatlanmanın şaxələnməsində mühüm rol oynamışdır. Bu da AMİP-in gücünü, demokratik cəmiyyət quruculuğuna nə qədər hazır olduğunu göstərir.
Rəşad Bayramov,
AMİP Mərkəzi Şura sədri
Paylaş: