Xəbər lenti

 

Mərkəzi Asiyanın strateji önəmi artmasının regionda çox ciddi qeyri-stabilliyə səbəb olacağını proqnozlaşdırmaq elə də çətin deyil.

 

Təkcə son 1 ildə bölgədə baş verən çox önəmli proseslərə baxsaq: ABŞ qoşunlarının çıxmasından sonra Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi, Qırğızıstan-Tacikistan toqquşmaları, Qazaxıstandakı hadisələr və KTMT müdaxiləsi, Tacikistan və Özbəkistandakı daxili toqquşmalar sanki böyük hadisələrin xəbərçisidir. 

 

Çox güman ki, Mərkəzi Asiya növbəti onilliklərdə son 30 ilin Yaxın Şərqinə çevriləcək. Yaxın Şərqin strateji önəmi əsasən resursla bağlı olsa da, Mərkəzi Asiyanın əsas strateji önəmi coğrafi mövqeyidir. Mərkəzi Asiyada regionun ənənəvi protektoru Rusiyanın işini mürəkkəbləşdirmək və Çinin “yumşaq qarnı” Uyğur bölgəsinə təhdidlər yaratmaq potensialı mövcuddur. Ona görə də növbəti illərdə Rusiya və Çin bu regiondakı strategiyasını və həmlələrini çox diqqətlə seçməlidir. Bölgəyə yaxın olan digər böyük güc Hindistan da Mərkəzi Asiyaya xeyli maraq göstərir. 

 

Regionda xeyli zəif olan Qərbin möhkəmlənə biləcəyi əsas ölkə isə Özbəkistan ola bilər. Təsadüfi deyil ki, hazırda Britaniyanın ən çox diqqət ayırdığı region ölkəsi Özbəkistandır. Region əhalisinin az qala yarısının yaşadığı Özbəkistanın Mərkəzi Asiyanın digər 4 ölkəsi və Əfqanıstan ilə sərhədi var. Əfqanıstanın şimalında, Çin sərhədlərinə uzanan bölgədə sayları 3 milyonu ötən özbək əhali yaşayırYəni, Özbəkistandan bir çox prosesləri “yönləndirmək” mümkündür

 

Qısası, Özbəkistanın regional dinamikaları dəyişdirə bilmək imkanları daha çoxdur. Ona görə də düşünürəm ki, regiondakı maraq toqquşmalarının ən intensiv hiss ediləcəyi ölkə məhz Özbəkistan olacaq. 

 

 

ŞƏRQƏ BAXIŞ Analitik Mərkəz




Ana səhifəyə qayıt        Baxış: 5 484          Tarix: 9-07-2022, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma