Azərbaycanın müxtəlif üçtərəfli formatlar daxilində xarici siyasətinin qarşısında qoyduğu əsas məqsəd iştirakçı dövlətlərin ikitərəfli münasibətlərində olan ziddiyyətlərin üçtərəfli formata sirayət etməməsi, ortaq maraqlar və qarşılıqlı asılılıq əsasında regional əməkdaşlığın dərinləşdirilməsidir.
Ziddiyyətlərin imkanlara çevrilməsi mümkün olan sahələr:
- Azərbaycan və Türkiyənin regional siyasətini İranın müvafiq siyasətindən fərqləndirən ən başlıca məqam Ermənistana münasibətdir. İranın şiə-müsəlman dövləti kimi istər işğal dövründə, istərsə də sonrakı dövrdə Ermənistana dəstək verməsi Türkiyə və Azərbaycanda ciddi narahatlıqla və narazılıqla qarşılanmışdır. 44 Günlük Müharibə və ondan sonrakı proseslər nümayiş etdirir ki, Ermənistana güvənərək regional siyasətini quran ölkələrin mövqeləri zəifləyir. Türkiyə-Azərbaycan tandemini uzun illər ərzində Ermənistandan istifadə edərək məhdudlaşdırma cəhdləri 2020-ci ildən sonra sıfırlanmışdır.
- Rusiya-Ukrayna müharibəsi hər üç dövlətin enerji və nəqliyyat sahəsində strateji dəyərini artırmaqdadır. Belə ki, Avropaya alternativ enerji mənbələri lazımdır ki, bunlar da, İranla Azərbaycanda və bu ölkələrin qonşularında mövcuddur. Türkiyə isə coğrafi mövqeyinə görə təbii olaraq tranzit funksiyasını öz üzərinə götürən ölkədir.
Çindən Avropaya Rusiya vasitəsilə gedən nəqliyyat xətti Ukraynada müharibə ilə əlaqədar faktiki olaraq bağlanıb. Bu isə alternativ olaraq Azərbaycan-Türkiyə və İran-Türkiyə dəhlizlərinin əhəmiyyətini artırmaqdadır. Bu məsələdə Azərbaycan və Türkiyə Mərkəzi Asiya - Xəzər dənizi - Türkiyə xəttini dəstəkləyir ki, bu da İran xəttinə rəqibdir. Bu rəqabəti Zəngəzur dəhlizi və İranın da iştirakı ilə yeni yolların çəkilməsi ilə müəyyən qədər aradan qaldırmaq mümkündür.
- Xəzər dənizi hövzəsində Türkiyənin Azərbaycanla birlikdə təsirinin artmasından İran narahatdır. İran Xəzər dənizində Xəzəryanı dövlətlərdən başqa ölkələrin silahlı qüvvələrinin mövcudluğunu istəmir. Eyni zamanda bu istəyin əks olunduğu Xəzərin statusu ilə bağlı Konvensiyanı parlamentdə ratifikasiya etməyən yeganə ölkə də İrandır. Xəzər dənizinin hərbiləşməsi Azərbaycanı və İranı narahat edən məqamdır.
- Post-münaqişə dövründə Azərbaycan və Türkiyə tərəfindən gündəmə gətirilən regional güclərin və Cənubi Qafqaz dövlətlərinin daxil olduğu 3+3 əməkdaşlıq platforması İran tərəfindən də dəstəklənir. Azərbaycan və İranın XİN rəhbərlərinin sonuncu görüşündə İran tərəfi bu formatda növbəti görüşün Tehranda keçirilməsini təklif etdi. Bu platforma əslində müharibədən sonrakı dövrdə Ankara və Bakı tərəfindən regional proseslərdən kənarlaşdırıldığını düşünən İran üçün bir fürsətdir və Tehran bu fürsətdən istifadə etmək istəyir.
- Hər üç dövlət regiona xarici güclərin təsirində maraqlı deyil. Bu post-münaqişə dövrünün əsas meyarlarından biri kimi görünür. İranda bəzi qüvvələr Azərbaycanı Qərb və İsrail ilə əməkdaşlığının İrana qarşı olmasında günahlandırır. Lakin, Azərbaycanın ikitərəfli münasibətləri heç zaman üçüncü tərəfə, xüsusilə qonşulara qarşı təhdid mənbəyi olmayıb və bu ölkəmizin xarici siyasətində əsas prinsiplərdəndir. Bu mənada İran necə regionun xarici güclərin mübarizə məkanına çevrilməsinə qarşıdırsa, Azərbaycan və Türkiyə də bir o qədər kənar qüvvələrin regionda təsirə malik olmasına qarşıdır. Başqa sözlə, müstəqil xarici siyasət hər üç dövlətin oxşar cəhətləri hesab edilə bilər.
Azərbaycan - Türkiyə - İran üçtərəfli münasibətlərinin gündəliyi böyük potensiala malikdir. Azərbaycanın əsas marağı Rusiya-Türkiyə münasibətlərində olduğu kimi, Türkiyə - İran münasibətlərində də yarana biləcək toqquşmaların Cənubi Qafqaza sirayət etməsinin qarşısını almaq, münasibətlərdə qarşılıqlı asılılıq, əməkdaşlıq və bərabərhüquqluluğu təmin etməkdir. Bunun isə başlıca şərti Azərbaycanın subyektliliyini yüksək səviyyədə qorumaq və gücləndirməkdir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: