19 iyul tarixində Türkiyə, İran və Rusiyanın iştirakı ilə Tehranda üçtərəfli sammit keçiriləcək. Hər 3 dövlətin Cənubi Qafqaz regionu ilə qonşu olması və sammitin Qərbin Rusiya ilə rəqabəti, İranla isə nüvə məsələsi üzrə qarşıdurması şəraitində keçirilməsi bizim üçün görüşün əhəmiyyətini artırır.
Bu ölkələr bir neçə regionda rəqib olsalar da aralarındakı rəqabəti birbaşa yox, proksi qüvvələr vasitəsilə aparırlar. Suriyada İran Rusiya ilə maraqlarını qismən uyğunlaşdıra bilsə də, üç dövlət əsasən rəqib hesab olunurlar. Rəqabətdən əməkdaşlığa keçid üçün 2017-ci ildə Astanada Suriya münaqişəsinin dinc tənzimlənməsinə yönələn danışıqlar baş tutmuşdu. Əldə edilən razılaşmalara rəğmən tərəflər arasında mövcud ziddiyyətlər tam aradan qalxmadı. Münaqişə 12 milyona qədər məcburi köçkün və qaçqın yaradaraq, bir neçə region üçün böyük miqrasiya probleminə səbəb olub. Astana formatında 2-ci görüş 2021-ci ildə Soçidə keçirilmişdi. Əldə edilən razılaşmalara rəğmən münaqişə hələ də davam edir, tərəflər arasında ziddiyyətlər isə artır.
Ziddiyyətlərin münaqişəyə çevrilməməsi üçün 3-cü sammit olduqca əhəmiyyətlidir. Qlobal geo-siyasi qarşıdurma şəraitində 3 dövlət arasında münaqişənin yaranması ABŞ başda olmaqla Qərb ölkələrinin vəziyyətdən öz maraqlı naminə istifadə etməsinə şərait yaradacaqdır. Ona görə də 3-cü sammit Astana formatına yeni impuls verilməsi kimi qiymətləndirilir.
Hər 3 dövlət müstəqil xarici siyasət yürüdür. Türkiyə NATO üzvü olsa da Qərbin Rusiya və İrana qarşı sanksiyalarına qoşulmur və xarici siyasətini beynəlxalq öhdəliklərini nəzərə alaraq tarazlı şəkildə həyata keçirir. Rusiya və İranın da Türkiyəyə münasibəti Qərbə olan yanaşmadan keyfiyyətcə fərqlənir.
3-cü sammiti aktual edən digər amil Türkiyə və İranın Rusiyanın üzv olduğu “BRİCS” və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) artan marağıdır. İranın bu il ŞƏT-ə üzv olacağı gözlənilir. “BRİCS”-in iyunda keçirilən sammitində 5 üzv ölkədən əlavə 13 ölkə iştirak edirdi. Sammitdə Çin lideri S.Cinpin birliyə yeni həmfikir ölkələrin daxil olmasını tezləşdirməli olduqlarını bildirdi. Sammitdən sonra birliyə İran və Argentinanın üzvlük üçün müraciət etmələri məlum oldu. Ardınca forumun prezidenti P.Anand Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin birliyə qoşulmağı planlaşdırdığını Rusiyanın “İzvestiya” nəşrinə bildirdi. P.Ananda görə yeni müraciətlərin müzakirəsi və ola bilsin həlli 2023-cü ilin CAR-da keçiriləcək sammitində baş tutacaqdır.
“G7”-ə alternativ birlik olan “BRİCS” dünya əhalisinin 42%-ni, ÜDM-nin 24%-ni təşkil edir. Qoşulmaq istəyən yeni üzvlərlə birlikdə birliyin ÜDM-i 27 trilyon dolları ötə bilər. Vacib su hövzələrinə çıxışı olan, boğazlara nəzarət edən Türkiyənin, Aralıq dənizi və Qırmızı dənizə çıxışı olan, Süveyş kanalının keçdiyi Misirin, enerji resursları ilə zəngin, Hind okeanı və Fars körfəzinə çıxışı olan S.Ərəbistanı və İranın “BRİCS”-a üzvlüyü formalaşan yeni dünya düzənini fərqli istiqamətə yönəldə bilər. Yeni üzvlərin qoşulması həm də Rusiya və İrana qarşı tətbiq edilən sərt sanksiyalar şəraitində yeni logistik marşrutların açılmasını mümkün edib, Qərbin qlobal rəqabətdə mövqelərini zəiflədə bilər.
Hər 3 dövlət Tehran sammitində həll edilməmiş regional problemlər və potensial qlobal perspektivlərlə iştirak edəcəkdir. Regional səviyyədə qismən uzlaşan və toqquşan maraqlar, qlobal səviyyədə əməkdaşlıq perspektivləri 3 dövlət arasında münasibətləri “rəqabətli əməkdaşlıq” vəziyyətinə gətirir.
Bu üç ölkənin münasibətləri Cənubi Qafqaz regionuna da təsirsiz ötüşmür. 2017-ci ildən sonra Astana formatında əməkdaşlıq onların Cənubi Qafqazda rəqabətinin əməkdaşlıqla əvəz olunmasına şərait yaratmışdır və onlar İkinci Qarabağ müharibəsindən sonra təklif edilmiş 3+3 formatının iştirakçılarıdır. Ona görə Tehran sammitində tərəflər arasında yarana biləcək uzlaşma Cənubi Qafqazın təhlükəsizlik və stabilliyi baxımından olduqca əhəmiyyətlidir. İstənilən halda bu ölkələr arasında yarana biləcək münaqişənin təsirlərindən qorunmaq üçün Cənubi Qafqaz ölkələri subyektivliklərini artırmalı və möhkəmləndirməlidir.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi
Paylaş: