Xəbər lenti

 

Azərbaycanın həm Rusiya, həm də Avropa İttifaqı ilə bağlı yürütdüyü xarici siyasət ermənilərdə xəyal qırıqlığına yol açıb. Məsələ burasındadır ki, İrəvan Rusiyadan umduğu dəstəyi ala bilmir. Enerji təhlükəsizliyi baxımından Rusiyadan asılı olduğundan ondan üz çevirmək iqtidarında da deyil. Azərbaycan isə Rusiyanın iqtisadi maraqlarının ziddinə, Avropaya qaz və neft nəql edir. Avropa da bizim bu xidmətimizi yüksək qiymətləndirir. Rusiya isə cınqırını belə çıxara bilmir. 

 

Ermənistanın iki daş qarşısında qalması ArmenianReport saytının müəllifi Qalust Qriqoryanın “Hər şey pisdir, daha da betər olacaq” sərlövhəli məqaləsində də əks olunur.

 

Ovqat.com məqalənin tərcüməsini təqdim edir:

 

Avropa diplomatiyasının rəhbəri Josep Borrell əmin edib ki, Rusiyaya qarşı sanksiyalar işləyir, lakin tammiqyaslı effekt əldə etmək üçün vaxt lazımdır. Onun sözlərinə görə, Ukraynada müharibə uzun müddət davam edəcək, ona görə də Avropa ölkələri “strateji səbr” nümayiş etdirməlidir. Borrel həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin hərəkətləri heç vaxt iqtisadi mülahizələrə əsaslanmayıb.

 

Onun sözlərinə görə, Putin “siyasi iradəsinin sehrli gücünə” inanır, lakin bu, əbədi davam edə bilməz. “Ona görə də Avropa strateji səbir nümayiş etdirməlidir. Müharibə uzun sürəcək, güc sınağı davam edəcək. Bizim başqa seçimimiz yoxdur. Rusiyanın üstünlüyü əldə etməsinə imkan vermək ona demokratiyalarımızı və qaydalara əsaslanan beynəlxalq dünya nizamının əsasını məhv etməyə imkan vermək deməkdir”, - deyə Avropa diplomatiyasının rəhbəri öz blokunda yazıb.

 

Ümumiyyətlə, uzun müddətdir hər kəs üçün çətin günlər gəlib. O cümlədən Ermənistan üçün. Gəlin, özümüzü aldatmayaq və etiraf edək ki, ölkəmiz baş verənlərin mənfi nəticələrindən qaça bilməyəcək. Əgər Avropa iqtisadiyyatı onsuz da partlayırsa, o zaman həddən artıq çox amillərdən asılı olan iqtisadiyyatımız ən ağır dövrlərlə üzləşməli olacaq.

 

Bəli, Rusiya hələ də bizə təbii qazı kifayət qədər ucuz qiymətə satır. Amma ilk növbədə bu, sonsuza qədər davam edə bilməz. Xüsusən də Rusiya iqtisadiyyatındakı problemləri nəzərə alsaq, vəziyyət tezliklə daha da pisləşəcək. Və o zaman Kreml qərar verə bilər ki, ölkəmiz üçün qazın qiymətini qaldırmağın vaxtı çatıb. Əslində, Rusiyanın Ukraynadakı müharibəsinin pulunu ödəməyə məcbur olacağıq.

 

İkincisi, hamı çoxdan bilir ki, təbii qaz və neft Rusiya üçün heç vaxt sadəcə əmtəə olmayıb. Bu, onun dünyanın müəyyən ölkələrinə siyasi təzyiq rıçaqı idi və indi də elə olaraq qalır.

 

Bu isə o deməkdir ki, Kremldən yeni siyasi ultimatumlar gözləmək lazımdır. O zaman nələr olacaq? Bu sualın dəqiq cavabı yoxdur. İndi hər şey Ukrayna uğrunda gedən döyüşün nəticəsindən çox asılıdır.

 

Bu döyüşdə Rusiyanın tərəfini tutmağa məcbur olmağımız da üzücüdür. Bu səbəbdən, biz artıq itkilər veririk. Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Agentliyi (FinCEN) və ABŞ Maliyyə Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) Ermənistanı ABŞ-ın sanksiyalarına məruz qalan Rusiya və Belarusa ixrac olunan malların keçə biləcəyi ölkələr sırasına daxil etdikdən sonra ilk həyəcan siqnalı verildi. 

 

Aydındır ki, bu, ABŞ-dan ölkəmizə qarşı ən sərt sanksiyaların tətbiq oluna biləcəyinə dair konkret siqnaldır. Bəs o zaman hökumətimiz nə edəcək? Axı o, özünü və bizi o qədər uzun müddət inandırırdı ki, demokratik Qərbin sevimlisidir. Uzun müddətdir ki, Azərbaycanın sanksiyalar altında qalacağı ilə bağlı mesajlar verirdi. Ancaq hamımız tamamilə fərqli bir şey görürük.

 

Avtoritar Azərbaycan Qərblə dialoq qurmaq üçün Ukraynadakı müharibədən ağıllı şəkildə istifadə edir. Vaşinqtonda və Brüsseldə Azərbaycanın “Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını” barədə sözlər eşidilir.

 

Reallıqda isə təbii ki, bu, cəfəngiyyatdır. Çünki Rusiya Avropa İttifaqı və İsveçrəyə ildə 145 milyard kubmetrə qədər təbii qaz verirdi və onu yalnız ən iri maye qaz istehsalçıları - Avstraliya, ABŞ, İndoneziya əvəz edə bilər.

 

Logistika qurulduğu üçün yeganə sual qiymət və həcmdir. Ona görə də Azərbaycan təbii ki, Avropanın aparıcı qaz tədarükçüsü olmayacaq. Amma rəsmi Bakı Avropaya təbii qazın tədarükündə kiçik iştirakından siyasi, hətta maliyyə baxımından maksimum dərəcədə dividentlər əldə etməyə çalışır. Təəssüf ki, uğur da qazanır.

 

Biz artıq ABŞ və Aİ-nin Azərbaycanda demokratiya axtarışında olmamasına nə qədər sədaqət nümayiş etdirdiyini görürük. Onu da görürük ki, Rusiya da Bakının hərəkətlərinə göz yumur. Burada izahat çox sadədir - Türkiyə Azərbaycanın arxasında dayanır və Rusiyanın onunla münaqişə etmək gücü çatmır. Bu isə o deməkdir ki, ümumi vəziyyət ölkəmizin əleyhinə inkişaf edir. Təəssüf ki, onu dəyişdirmək bizim səlahiyyətimizdə deyil.

Tərcümə etdi: Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 6 327          Tarix: 18-07-2022, 12:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma