Türkiyə və Yunanıstan arasında yaxın gələcəkdə Egey dənizindəki adalara görə toqquşma ehtimalları fikrimcə, istisna deyil. Amma toqquşma olsa belə, açıq hərbi sürtüşmə münaqişəyə səbəb olan adalarla limitli qalacaq deyə düşünürəm (Kiprdə olduğu kimi).
Xırda adalara nəzarət uğrunda toqquşmaya görə tərəflərin bir-birinin materik ərazilərini hədəf almasına, böyük şəhərlərin vurulmasına, irimiqyaslı quru əməliyyatların keçirilməsinə ehtimal vermirəm. Böyük ehtimal ki, yekun nəticə donanma və hava qüvvələrinin “qol güləşi”ndən sonra müəyyən olunacaq.
Müharibə böyükmiqyaslı olmasa da, geosiyasi proyeksiyası çox böyük ola bilər. İki NATO üzvü arasındakı toqquşma təşkilat daxilindəki qruplaşmanı sürətləndirəcək. Yəqin ki, Yunanıstana açıq dəstək olan Fransa/Almaniya qrupuna yaxın Qərbi Avropa ölkələri və “üstüörtülü” Türkiyəyönümlü olan Britaniya xəttinə yaxın Şərqi Avropa ölkələrinin münaqişə ilə bağlı fikir ayrılıqları olacaq. Ona görə də məhz, “ABŞ-ın Avropa üzərində təsirinin azalması üçün” NATO-dakı fikir ayrılıqlarının dərinləşməsini istəyən qüvvələr Yunan-Türk toqquşmasında daha maraqlıdır deyə düşünürəm. Almaniya-Fransanın nəzarətindəki birinci qrupu nəzərdə tuturam.
Təbii ki, burada ABŞ-ın mövqeyi həlledici olacaq ki, Vaşinqtonun da son illərdə Yunanıstana çox böyük strateji önəm verdiyi bəllidir. Ancaq belə bir toqquşma olsa, Vaşinqtonun reaksiyası konyunkturadan asılı olacaq. Fikrimcə, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir situasiyada Vaşinqton həm NATO daxilindəki çatı böyütməmək, həm də Türkiyəni “itirməmək” üçün nisbətən balanslı davranmağa çalışacaq.
Hərbi ittifaqlar əsasən iki yolla dağıla bilər: ya xarici düşmənlər tərəfindən məğlub edilərək, ya da daxili anlaşmazlıqlarla. Hazırda NATO-nu məğlub edə biləcək gücdə xarici düşmənlər olmadığını nəzərə alsaq, təşkilat üçün ən ciddi təhlükə daxili anlaşmazlıqlardır. Türk-Yunan gərginliyi isə sözügedən daxili təhlükələrin ən ciddi olanıdır və bu gərginlik düzgün idarə oluna bilməsə Avropanın təhlükəsizlik arxitekturasında fundamental dəyişikliklər qaçınılmaz olacaq.
“Şərqə Baxış” Analitik Mərkəzi
Paylaş: