Çarlz Darvinin məşhur bir fikri var: “Elm və incəsənət bir quşun iki qanadı kimidir. Bu iki qanaddan istifadə edən toplumlar azad quşa çevrilib uçarlar. Uçmaq keyfiyyətini itirən toplumlar isə toyuq olurlar. “Toyuq cəmiyyətlər” qabağına atılan bir ovuc yemi dimdikləyərkən arxadan yumurtalarının oğurlandığının belə fərqinə varmaz”.
Çarlz Darvinin bu fikirlərindən rus agentura şəbəkəsinin Azərbaycanda yürütdüyü siyasətlərinə nəzər salanda görürük ki, bizdə son 30 ildə əməlli-başlı toyuqlaşdırma siyasəti yürüdülüb.
Toyuqlaşdırma siyasətinin əsasən 2 istiqamətdə aparıldığını görürük. İlk istiqamət Əli Həsənov vasitəsilə media üzərində aparılan işdir. Bilirsiniz ki, Azərbaycan mediası məhz bu adamın əli ilə tamamilə təsirsiz, yaltaq, simasız, ancaq mədhiyələr yazan orqan halına gətirildi. Xüsusilə TV kanallarında ciddi mövzular müzakirə edilmədi, Flora Kərimova kimi dəyərli incəsənət adamları verilişlərə buraxılmadı, onları düşük mahnılarla ad çıxarmış donqili müğənnilər əvəzlədi, sanballı teatr tamaşaların yerini meymunluqla adam güldürən cılız səhnəciklər tutdu. Dərin fəlsəfi düşüncələrdən yoxsul şairlər, meyxanaçılar tele-ekranların ulduzuna çevrildilər. Hətta Elza Seyidcahan kimi nə yazdığını özü də başa düşməyən adamlar cəmiyyətimizə şair olaraq təqdim edildi. Beləcə, insanlarımızın da estetik zövqü korlandı və Darvinin təbirilə desək, qanadımızın biri qırıldı.
Toyuqlaşmanın ikinci və ən ağır forması isə elm sahəsində aparılırdı. Bu istiqamətə isə birbaşa 5-ci kolonun bir nömrəli adamı Ramiz Mehdiyev şəxsən rəhbərlik edirdi. Hələ sovet hakimiyyəti illərində milli azadlıq hərəkatlarının Elmlər Akademiyasından biləcəyindən ehtiyatlanan rus imperializmi ən güclü agentləri bu strukturlarda rəhbər vəzifələrə yerləşdirərək milli ziyalıların ortaya çıxmasının qarşısını alır, onların fəaliyyətini nəzarət altında tutmağa çalışırdı. Bununla belə, Azərbaycan ziyalılarının qarşısı alına bilinmədi. Görünür, bu səbəbdən SSRİ dağıldıqdan sonra AMEA ilə bağlı daha fərqli siyasət yürüdülməyə başlanıldı. İlk növbədə elmə ayrılan büdcə azaldıldı. Ayrılan bu mütəvazi büdcənin belə, əsl elm adamlarına çatmaması üçün donqili alim yetişdirilməsinə start verildi. Təsəvvür edin ki, Azərbaycan elmi ritorikasına “burcutmaq” sözündən başqa heç nə gətirməyən Metro Tağı belə, texnika elmləri namizədi adını alıb və 2012-ci ildə Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalına layiq görülüb. Onun kimi minlərlə alim bu gün ölkəmizdə at oynadır. Hazırda 10 mindən çox alimi olan AMEA üzvlərinin neçə faizinin Metro Tağıdan fərqlənmədiyini yəqin ki, heç kim müəyyənləşdirə bilməyəcək.
Ramiz Mehdiyevin xidmətləri sayəsində yetişdirilən donqili alimlərin AMEA-nın ən rəhbər vəzifələrinə yerləşdirildiyi də heç kimə sirr deyil. Oksford Universitetinin adından saxta təltifnamələr düzəldərək özünü dünyanın ən parlaq alimi kimi göstərməyə çalışan “akademik” Qərib Məmmədovun bu fəaliyyətini biz ifşa etmişdik. Akademiyanın Hüquq təminatı şöbəsinin rəhbəri Rasim Ağasıyevin öz neqativ fəaliyyətinə görə polis orqanlarındakı işindən qovulduğu da məhz bizim araşdırmalarımız nəticəsində üzə çıxmışdı. AMEA-da onlar kimi nə qədər “alim”lər var ki, hamısı Ramiz Mehdiyev tərəfindən bu qurumun rəhbərliyinə gətirilib.
Sözsüz ki, AMEA-nın bu vəziyyətə gətirilməsi sözügedən qurumun təkcə dost-aşna klubuna çevrilməsi istəyindən irəli gəlmirdi. Əsas məqsədlərdən biri də toplumumuzu toyuqlaşdırmaq və altımızdakı yumurtanı oğurlamaqdı. Bəlkə də bu səbəbdən AMEA-da eşşəyə professordan 2 dəfə çox maaş kəsirdilər. Həqiqi alimlərimizi, ziyalılarımızı elmdən soyutmaq, onsuz da yetərsiz olan büdcəni darmadağın edib başqa istiqamətlərə yönləndirmək üçün.
Heydər Oğuz
Paylaş: