İngiltərənin “The Economist” jurnalı hazırladığı “Qlobal Qida Təhlükəsizliyi İndeksi 2021 hesabatı”nı açıqlayıb. Hesabata görə, Azərbaycan 113 ölkə arasında 56-ci sırada yer alır. Hesabatda yaxından tanıdığımız ölkələrdən Rusiya 23-cü, Belarus 36-cı, Türkiyə 48-ci, Qazaxıstan 41-cı, Özbəkistan 78-ci və Tacikistan 83-cü yerdə qərarlaşıb.
Azərbaycan əvvəlki il hesabatında 54-cı yerdə idi. Bu onu göstərir ki, Ukrayna müharibəsi ilə bərabər başlayan qida təhlükəsizliyi böhranı Azərbaycandan da yan keçməyib.
Bununla belə, ölkəmizin qida təhlükəsizliyi indeksində yeri o qədər də zəif deyil. Belə ki, bu indeks aşağıdakı kateqoriyalar üzrə hazırlanıb: ərzaq məhsullarının əlçatanlığı, mövcudluğu, keyfiyyəti, təhlükəsizliyi, təbii resurs vəziyyəti və davamlılığı. Tədqiqat üzrə ən yüksək qiymət 100 baldır.
Sözsüz ki, bu kateqoriyalar arasında ən önəmli olanı əlçatanlıqdır. Çünki qida məhsullarına çıxış nə qədər əlçatandırsa, problemin öhdəsindən bir o qədər rahatlıqla gəlmək mümkündür. Azərbaycan ümumi göstəricilərdə maksimum 62.6 balla 56 sırada qərarlaşsa da, əlçatımlılıq baxımından 82.3 balla bir sıra inkişaf etmiş ölkələri belə üstələyir. Bu da onu göstərir ki, ölkə rəhbərliyi işini düzgün qursa, qarşıdakı qlobal qida çatışmazlığı təhlükəsini rahatlıqla adlaya bilərik.
Azərbaycanın Qida Təhlükəsizliyi İndeksində yerinin ən çox narahatlıq doğuran tərəfi isə təbii ehtiyatlar və davamlılıq kateqoriyasında xeyli geri qalmağımızdır. Azərbaycan bu kateqoriya üzrə 38.2 balla 113 ölkə arasında ən axırdan 6-cı yeri tutur. Bizdən geriyə alan ölkələr isə Benin, Qana, Banqladeş, Mozanbik və İndoneziyadır. Bu aşağı göstəricidən belə çıxır ki, biz bir çox qıda məhsullarında hələ də idxal asılılığından qurtula bilməmişik. Təbii resurslarımızın bu qədər aşağı səviyyədə olmasına baxmayaraq, ümidvarıq ki, Azərbaycan hakimiyyətinin son zamanlar apardığı məqsədyönümlü işlər sayəsində ölkəmiz bu problemin də öhdəsindən gələ biləcək.
Azərbaycanın əsas qida məhsulları ilə özünü təminat məsələsində həssas durumu ölkə rəhbərliyini də ciddi addımlar atmağa sövq edir. Prezident İlham Əliyevin 19 iyul 2022 tarixində imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” da, fikrimizcə, bu narahatlıqdan doğur. Fərmanda ölkə başçısı ərzaq təhlükəsizliyi sahəsində üzləşdiyimiz problemlərdən çıxış yolunu müasir texnologiyaların tətbiqi və su ehtiyatlarından düzgün istifadədə görür. İşğaldan azad olunmuş ərazilərin aqrar sektora cəlbi məsələsi də bu istiqamətdə atılacaq mühüm addımlardan biri kimi qarşıda dayanır.
“Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir”, - Prezidentin sözügedən fərmanında bildirilir.
Fərmanda qida təhlükəsizliyi sahəsində ən mühüm problem kimi ərzaqlıq buğda istehsalının artırılması nəzərdə tutulur. Fərmanın 1. Bəndində göstərilir ki, “ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilsin”.
5 illik məhsul subsidiyasının tətbiqi, sözsüz ki, fermerlərimizin ərzaqlıq buğda istehsalına həvəsləndirilməsi zərurətindən doğur. Fərmanın 2.2-ci bəndində isə fermerlərə müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə kreditlərin verilməsi mexanizminin təkmilləşdirilməsindən bəhs olunur və Nazirlər Kabinetinə bununla bağlı layihələr hazırlayıb ölkə rəhbərinə təqdim etməsinin vacibliyi vurğulanır.
Sənəddə həmçinin Kənd Təsərrüfatı Nazirliyinin üzərinə də ciddi məsuliyyətlər qoyulur. 3.3 bənddə göstərilir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ərzaqlıq buğda istehsal etmək məqsədilə müasir suvarma sistemlərini qurmaq istəyən təsərrüfatlara həmin sistemlərin alınması üçün qanunvericiliyə uyğun olaraq güzəştlər tətbiq etsin.
Yeri gəlmişkən haşıyəyə çıxaraq qeyd etmək istərdik ki, Prezidentin əsas ərzaq məhsulları ilə təminat strategiyası yeni ortaya çıxan siyasət də deyil. Məlum olduğu kimi, ölkə başçısı hələ 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” proqramı hazırlamış, fermerlərimiz qarşısında özümüzü qida məhsulları ilə 100% təmin edilməsi tapşırığı qoymuşdu. Hətta bundan bir il əvvəl 2016-cı ili “kənd təsərrüfatı ili” elan etmişdi. O, öz çıxışlarında dəfələrlə özümüzü ərzaq məhsulları ilə tam təmin etməyimizin vacibliyinə toxunaraq demişdi: “Biz özümüzü ərzaq məhsulları ilə tam, yəni, 100 faiz təmin edə bilərik və ərzaq məhsullarının tərkibində yerli komponent daha da böyük həcmdə ola bilər. Vəzifəmiz isə özümüzü ərzaq məhsulları ilə 100 faiz təmin etməkdir. Ərzaq təhlükəsizliyi bu deməkdir”.
Ölkə başçısının bu çıxışı onun necə uzaqgörən olduğunu, dünyanın bir neçə ildən sonra qlobal ərzaq böhranı ilə qarşılaşa biləcəyini əvvəlcədən hiss etdiyini göstərir. Həqiqətən də, 2015-ci ildən etibarən Azərbaycanda aparılan ardıcıl siyasətlərin ölkə başçısının bu qida təhlükəsizliyi sahəsində nə qədər qətiyyətli olduğundan xəbər verir. Onun bir neçə gün əvvəl imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” da bu qətiyyətin və ardıcıllığın təzahürüdür.
Prezidentin son Fərmanından sonra Real TV-yə müsahibə verən Kənd Təsərrüfatı naziri İnam Kərimov qarşılarında dayanan vəzifələrdən danışıb və atmağı planlaşdırdıqları addımlar barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın ərzaqla özünü təminatı sahəsində qarşılaşdığı problemlər daha çox obyektiv səbəblərdən qaynaqlanır: "Ərzaq təhlükəsizliyi təhdidləri və çağırışları yaradan, dövlətləri narahat edən səbəblərdən biri qlobal səviyyədə iqlim dəyişiklikləri, qlobal istiləşmə ilə bağlıdır. Ötən ilin sonunda BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO ) “Dünyanın torpaq və su resursları-sistem tənəzzül astanasında” adlı hesabat dərc edib. Bu hesabatın əsas məğzi ondan ibarət idi ki, hazırda dünya əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün artıq torpaq və su resursları özlərinin son istifadə imkanları həddindədir... Həmin hesabata görə, son 20 ildə dünyada 191 milyon hektar ərazi əkin dövriyyəsindən çıxıb. Yəni, iqlim dəyişikliyi ərzaq təhlükəsizliyini ən böyük stress altında saxlayan amillərdən biridir. Azərbaycan üçün də bu hal xarakterikdir", - nazir bildirib.
Nazirin sözlərinə görə, əkin dövriyyəmizin əsas hissəsi 1 milyon hektar ərazi taxıl məhsullarının istehsalı üçün istifadə edilir: “Bunun təqribən 50 %-i suvarılan, digər 50 %-i isə dəmyə ərazilərdir. Quraqlığın gələcəkdə kəskinləşməsi qaçılmazdır. Beynəlxalq Təbii Resurslar İnstitutu 2040-ci ilə qədər Azərbaycanı səhralaşmaya məruz qalan 20 ölkə sırasına daxil edib. Ona görə də su və torpaq resurslarının düzgün istifadə etmək ən vacib amillərdən biridir”.
Nazir onu da etiraf edib ki, ərzaq təhlükəsizliyi sahəsində ən vacib istiqamət məhz buğda və taxıl məhsulları ilə özümüzü təmin etməyimizdir: “Son illər dövlətləri narahat edən, onların qarşısında təhdid kimi duran məsələlərdən biri əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Bu təhdidləri yaradan, onlara səbəb olan bir sıra amillər var. Bunlardan birincisi, son bir neçə ildə koronavirus pandemiyasının bütün sahələrdə yaratdığı çətinliklər aqrar sahədə yan ötüşməyib, məhsul istehsalında, həm məhsulun daşınmasında, həm də logistika baxımından bir çox çətinliklər yaradıb. Bu da ölkələrin kənd təsərrüfatı məhsulu ilə özünütəminetməsində bir sıra çətinliklər yaradıb və bununla əlaqədar bir sıra dövlətlər ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağalar qoyublar. Bununla yanaşı, digər səbəblərdən biri də regionda baş verən konfliktlərlə bağlıdır. Münaqişə məhsulun istehsalına mənfi təsir göstərir, o cümlədən məhsulun həmin ölkələrdən çıxarılması, digər ölkələrə çatdırılması, dövlətlərin ərzaq təhlükəsizliyinin təminatında çətinliklər yaradır”.
The Economist” jurnalı hazırladığı “Qlobal Qida Təhlükəsizliyi İndeksi 2021 hesabatı”nda Azərbaycanın ərzaq məhsullarında ciddi ölçüdə idxala bağlılığının vurğulandığını və bir sıra dövlətlərin ərzaq məhsullarının ixracına müəyyən məhdudiyyətlər və qadağalar qoymasını nəzərə alsaq, İnam Kərimovun narahatlığını anlamaq mümkündür. Bütün bu narahatlıqlar Azərbaycanın ciddi sınaq qarşısında olduğunu və hakimiyyətin bu sınaqdan üz ağ çıxmağa çalışdığını bir daha təsdiqləyir.
Səudiyyə Ərəbistanında yerdən çıxarılan su ilə suvarılan tarlalar
Ölkəmiz bu problemin öhdəsindən gələ bilməsi üçün İsrail və Yaxın Şərq dövlətlərinin təcrübələrini öyrənib tətbiq etməlidir. Cənab nazirin haqlı olaraq vurğuladığı kimi, biz torpaq və su ehtiyatı baxımından həssas vəziyyətdə ola bilərik. Amma hər halda bu sahədə İsrail və Yaxın Şərq ölkələrindən geridə deyilik. Torpağının cəmi 10-15%-i əkinə yararlı olan İsrail təbii sərvətlər və davamlılıq indeksində 47.6 balla bizdən xeyli irəlidədir. Eynilə Səudiyə Ərəbistanı (44.3 bal), Qətər (43.4 bal), Küveyt (43 bal) və s. kimi ölkələr də bizdən daha münbit torpaqlara sahib deyillər. İnanıram ki, Azərbaycan xüsusilə sudan və torpaqdan düzgün istifadə sahəsində görəcəyi tədbirlər nəticəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə çata biləcək.
Mürvət Həsənli,
“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri
Paylaş: