Xəbər lenti


 

Ümumi baxış

 

Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin  kəsişməsində yerləşməsi onun strateji mövqeyini möhkəmləndirir. Tarixi İpək Yolunun Azərbaycan ərazisindən keçməsi bölgəmizdə nəqliyyat yollarının formalaşmasına təsir etmiş və tariximizdə izlər buraxmışdır. XIX əsrin ikinci yarısı Azərbaycan nəqliyyatında intibah dövrü olmuşdur.

 

Nəqliyyat potensialı:

 

Dəniz nəqliyyatı

 

Qeydiyyatda olan gəmilər, kater və. s  sayı 367 ədəddir. Hazırda fəaliyyətdə olan liman və təşkilatlar:

 

• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (Ələtdə)

 

• Zığ Quru Yük Dəniz Limanı

 

• Səngəçal Dəniz Limanı

 

•  Bakı Hövsan Beynəlxalq Ticarət dəniz Limanı

 

•  Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi



 

Avtomobil nəqliyyatı

 

Hazırda fəaliyətdə olan yolların ümumi uzunluğu 18 min 893 km-dir. Bundan:

 

• 935,5 km I-ci dərəcəli

 

• 1283,3 km II-ci dərəcəli

 

•  5036.7 km III-ci dərəcəli

 

•  10458.3 km IV-ci dərəcəli

 

•  1179.2 km V-ci dərəcəli yollardır. 

 

Azərbaycanın işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur rayonlarında 855,2 km maqistral yol və 36.2 km tunel (onların bəziləri qoşadır) inşa edilir.

 

Boru kəməri nəqliyyatı

 

Hazırda Neft Kəmərləri İdarəsi 774 min 919 km uzunluğunda müxtəlif diametrli magistral neft kəmərlərini, 11 neft nəqletmə sahəsini, 2 neft təhvili sahəsini, 1 neft ölçmə sahəsini, 1 ixrac neft təhvili sahəsini, Dübəndi Neft Aşırma Bazasında yerləşən 3 magistral nasos stansiyalarını, ümumi həcmi 499 min 900 kubmetr olan çən parklarını istismar edir. 

 

Azərbaycanı dünya okeanlarına  çıxışı olan limanlarla əlaqələndirən boru kəmərləri:

 

• Bakı-Tbilisi-Ceyhan  neft kəməri

 

• Bakı-Supsa neft kəməri

 

• Bakı-Novorosiysk neft kəməri

 

• Bakı-Tbilisi-Ərzurum qazkKəməri

 

• Cənub Qaz dəhlizi

 

Dəmir yol nəqliyyatı

 

Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulmuş və onun inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Hazırda ölkədə baş yolların istismar uzunluğu 2 min 133 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,7 km-i isə bir yolludur. Bu yolların ümumi istismar uzunluğunun 1169,17 km-i və ya 54,8%-i elektrikləşdirilib, 964,9 km-i və ya 45,18%-i teplovoz dartısı ilə işləyir. 1527,7 km-i avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib. 

 

Beynəlxalq dəhlizlər

 

Müstəqillik qazandıqdan sonra Azərbaycan bir çox beynəlxalq dəhlizlərin iştrakçısı olmuşdur.

 

Traceca

 

Orta dəhliz Marşrutu: Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

 

Şərq - Qərb aşağı dəhliz (Beynəlxalq multimodal marşrut “Asiya-Sakit okean ölkələri ) Marşrut: Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Xəzər dənizi – Azərbaycan – Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa

 

Şimal – Cənub Marşrut: Baltik dənizi – Rusiya – Azərbaycan – İran – Hindistan

 

Cənub – Qərb Marşrut: Hindistan – Fars körfəzi – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa

 

Hava Nəqliyyatı

 

1910-cu ilin 20 oktyabr tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. 

 

Ağır tonajlı hava gəmilərini qəbul etməyə malik hava limanları:

 

· Bakı Heydər Əliyev adına hava limanı 

 

· Gəncə hava limanı  

 

· Qəbələ hava limanı  

 

· Zaqatala hava limanı

 

· Yevlax hava limanı 

 

· Lənkəran hava limanı  

 

· Naxçıvan hava limanı

 

· Füzuli hava limanı

 

· Zəngilan hava limanı (istifadəyə veriləcək 2022-ci il sentyabr ayında) 

 

· Laçın hava limanı (istifadəyə veriləcək 2022-ci il sentyabr ayında)

 

Azərbaycan Hava Yolları (AZAL) 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Həmçinin, qitələr arası hava yükdaşımalarını icra edən 17 hava gəmisi donanmasına və texniki xidməti icra edən şirkətə sahibdir (Silk Way Airlines, Silk Way West Airlines və Silk Way Technics).

 

Beləliklə, Azərbaycanın göstərilən istiqamətlər üzrə nəqliyyat potensialı mövcuddur və inkişaf etməkdədir. Bu mövzu üzrə yazılacaq gələcək yazılarda Azərbaycanın iştirakı etdiyi və onun təşəbbüsü ilə həyata keçirilən nəqliyyat dəhlizləri, onların potensialı, qarşılarında dayanan maneələr və mövcud imkanlar nəzərdən keçiriləcəkdir.   

 

Şərq-Qərb (Ş-Q) dəhlizi

 

Şərq-Qərb dəhlizi üzrə Azərbaycan bir çox beynəlxalq marşrutlara qoşulmuşdur:

 

TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) 

 

Orta dəhliz  (Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu)

 

Asiya-Sakit okean ölkələri  beynəlxalq multimodal marşrutu (Çin–Qırğızıstan–Özbəkistan – Türkmənistan – Xəzər dənizi – Azərbaycan –Gürcüstan – Türkiyə / Qara dəniz – Avropa)

 

Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu (Türkmənistan, Azərbaycan, Gürcüstan, Rumınya)

 

Lapis-Lazuli (Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə və ya Lazurit)

 

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Dəhlizi (CAREC)

 

Ermənistan 25 ildən artıq müddət ərzində Azərbaycanın ərazilərini işğalda saxladığından Ermənistandan keçən Ş-Q vektoruna aid olan dəmir yolları və avtomagistrallar bağlı qalmışdı.  

 

Ş-Q dəmir yolları

 

2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrini birləşdirərək qədim İpək Yolunu polad magistrallar üzərində bərpa etdi. Uzunluğu 850 kilometr olan BTQ xəttinin 504 km-i Azərbaycanın, 263 km-i Gürcüstanın, 79 km-i isə Türkiyənin ərazisindən keçir.

 

BTQ dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən iki dəfə azaldır. BTQ vasitəsilə 1-ci mərhələdə 5 mln ton, 2-ci mərhələdə 17 mln ton, sonra isə daha çox yüklün daşınması nəzərdə tutulur. BTQ Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır, onların ticarət əlaqələrinin inkişafında və digər regionlara inteqrasiyasında mühüm rol oynayır. 

 

Hazırda Ş-Q çərçivəsində qərb istiqamətində dəmir yolları modernləşdirilir. Sürəti və buraxıcılığı artırmaq üçün dəhlizin Gürcüstanda 11 avqustda modernləşdirmə layihəsi çərçivəsində işlər aparılıb. Qatarların hərəkəti yeni istiqamətə keçirilib, 4 yeni sahə, 11 tunel və 3 körpü istifadəyə verilib. Əsas tranzit magistralı Tbilisi-Batumi dəmir yolunun modernləşdirilməsi çərçivəsində 8,5 km uzunluğunda ən uzun tunelin çəkilib. Layihəyə həm də uzunluğu 450 km olan Tbilisi-Batumi avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması da daxildir. 

 

Dəhlizin sürətini artıran və məsafəni qısaldan digər layihələr: 

 

Qazaxstanın şərq və qərbi arasında məsafəni 1000 km qısaldan Jeskazqan-Beyneu dəmir yolu layihəsi.

 

İstanbulda, Bosfor boğazının altında inşa edilən Marmaray tuneli. Avropa və Asiyanı dəmir yolu ilə kəsintisiz əlaqələndirir.

 

Bakıda və Kurikda yeni dəniz ticarət limanları istifadəyə verilib.

 

44 Günlük Müharibə işğala son qoymaqla regionda yeni reallıq  yaratmış və Zəngəzur dəhlizi aktuallaşmışdır. Rusiyaya qarşı sanksiyalar görə ənənəvi ticarət yolları bağlanmış və istehlak zənciri pozulmuşdur. Ona görə diqqət Cənubdan keçən alternativ yollara yönəlmişdir. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində görülən təkmilləşdirmə işləri bitmədiyindən mövcud infrastrukturda sıxlıq yaranıb. Bu da regionda mövcud olan dəhlizlərin şaxələndirilməsini, buraxıcılıq qabiliyyətinin artırılmasını, sərhəd, gömrük prosedurların asanlaşdırılmasını labud edir. Artıq aprel ayında orta koridroun inkişafı üçün birgə müəsisiənin yaradılması razılaşdırılıb. 

 

Məsələn, Türkiyənin cəmi 800 km-lik ikiyollu relsləri var, qalan 13 min km-lik dəmiryolları bir yolludur. Türkiyədən keçən Orta Dəhliz dəmir yolu marşrutu Çin və Avropa arasında ildə 5 min TEU ilə 6 min TEU arasında yük daşıya bilər ki, bu da şimal marşrutunun tutumunun ancaq 1%-ni təşkil edir.

 

Yeni reallıqlar fonunda daha çox tranzit yükü ötürmək üçün Kurik, Aktau, Ələt, Səngəçal limanlarında genişləndirmə işlərinin aparılmasına və Gürcüstanın dərin sulu Anakliya limanın inşasına ehtiyac vardır. Həmçinin, Bakı gəmiqayırma zavodunda fərqli yüklərin daşınmasını təmin etmək üçün yeni gəmilərin (tanker,ro-pax,ro-ro) istehsalı təşkil edilməlidir. Region ölkələri Ş-Q dəhlizini şaxələndirmək, cəlbediciliyini və effektivliyini artırmaq üçün Zəngəzur dəhlizinin potensialından maksimum istifadə etməlidirlər.

 

Müəllif: Rauf Ağamirzəyev

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 6 630          Tarix: 30-08-2022, 22:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma