Xəbər lenti


Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Xarici Humanitar Siyasət Konsepsiyasını təsdiqləyib və prioritet vəzifələri müəyyənləşdirib.

 

Ovqat.com xəbər verir ki, konsepsiya qarşıya 4 prioritet vəzifə qoyur:

 

— “Region ölkələrinin hazırlıq səviyyəsini” nəzərə alaraq, Mərkəzi və Şərqi Avropada Rusiya Federasiyasının mədəni mövcudluğunu genişləndirmək;

 

- Postsovet dövlətlərlə mədəniyyət, elm, təhsil, gənclər siyasəti, idman, turizm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirmək;

 

Baltikyanı dövlətlərlə, habelə Moldova və Gürcüstanla humanitar və mədəni əlaqələri inkişaf etdirərkən bu dövlətlərdə rusdilli əhalinin hüquqlarına riayət olunması məsələləri nəzərə almaq;

 

- Ən yaxşı rus filmlərini seçib xarici bazarlara çıxarmaq, xaricdə Rusiya kinofestivalları keçirmək və bu tədbirlərdə rus kinorejissorlarının iştirakı təmin etmək.

 

Fikrimizcə, Putinin dünənki Sərəncamı Moskvanın mədəni imperializm siyasəti yürütməyə çalışdığının ən bariz sübutlarından biridir. Bəs mədəni imperializm nədir, hansı metodlarla həyata keçirilir, Rusiya buna niyə ehtiyac duyur və öz istəyinə nə dərəcədə nail ola bilər?

 

İlk öncə ondan başlayaq ki, bütün klassik imperialist siyasətlərin bətnində əslində mədəni dəyərlər də ön planda olub. Başqa xalqların ərazilərini işğal və ilhaq edən bütün böyük dövlətlər vahid mədəniyyət yaratmağa cəhd göstəriblər. Fəqət klassik imperializmin əsas qayəsi torpaqları işğal etmək, başa ölkələrin sərvətini mənimsəmək, insanlarını köləyə çevirmək idi. Bu mənada mədəni imperializmə 20-ci əsrə qədərki imperatorluqlarda ikinci dərəcəli məsələ kimi baxılırdı. Təbii ki, bunun başlıca səbəblərindən biri də keçmiş dövrlərdə təhsil sistemi indiki qədər yayğınlaşmamış olması, müstəmləkə xalqlar savadsız qaldıqlarından dünyada baş verən hadisələri və şəxsən özünün yaşadığı istismarın fərqinə də vara bilməməsi idi. 

 

Bununla belə, yeni ərazilər işğal edildikcə, imperiyanın sərhədləri genişləndikcə, təbəələrin milli-etnik çeşidliliyi artdıqca, imperialist dövlətin daha rahat idarə olunması zərurəti ortaya çıxırdı. Bunun üçün isə ortaq dəyərlərə sahib millət yaratmaq siyasəti yürüdülürdü. Biz bunun ən bariz örnəyini keçmiş SSRİ-nin “sovet insanı” yaratmaq konsepsiyasında görmüşük. Hazırda İran İslam Respublikası da “müsəlman ümməti” adı altında bənzər siyasət yürütməyə çalışır. Avropa və ABŞ da “beynəlmiləlçi” bəzi dəyərlər formalaşdıraraq qlobalist fikirlərlə eyni siyasəti həyata keçirir.

 

Mədəni imperializmin xüsusilə II Dünya müharibəsindən sonra, soyuq savaş illərində daha geniş vüsət aldığı da sirr deyil. Klassik imperializmdə silah gücünə xalqları ram etmək daha önəmli rol oynayırdısa, yeni dövrün tələblərinə uyğun olaraq yürüdülən mədəni yayılmaçılıq siyasəti Putinin də məlum sərəncamında göründüyü kimi, imperialist qüvvələrin özlərinə məxsus incəsənət, dil, mədəniyyət və s. kimi humanitar dəyərlərinin təbliği, müstəmləkələrin bu yöndə tərbiyələndirilməsi və əsir xalqlarda müstəmləkəçilərin mədəniyyətinə özləm yaratmaq kimi hədəflər ön plana çıxarılırdı. Bununla da müstəmləkələr onların öz kökündən qoparılmış sakinləri tərəfindən ram edilir və mərkəzə bağlanılırdı

 

Mədəni imperializmin həyata keçirilmə mexanizmləri: 

 

1) Özgələşdirmə

 

Mədəni imperializmin əsas hədəfi olan özgələşdirmə siyasətinin bu gün Rusiya tərəfindən xüsusi etina ilə aparıldığını görürük. Özgələşdirmə siyasətinin əsas məqsədi müstəmləkə xalqların dil, milli mədəniyyət, folklor, dünyagörüşü, din kimi dəyərlərini sıradan çıxarmaq, onların yerinə müstəmləkəçi xalqların mənəvi dəyərlərini hakim qılmaqdır. Təsadüfi deyil ki, sovet hakimiyyəti illərində “milli burjuaziyanı və meşşanlığı, yaxud geridəqalmışlığı təbliğ edir” bəhanəsi ilə ziyalılarımız kimi, milli mədəniyyət nümunələrimiz də repressiyaya məruz qalırdı. “Oxuma tar, oxuma tar, sənin yerində gitara var” kimi əttökən şeirlərin yazılması, tariximizin doğru tədris olunmaması, milli qəhrəmanlarımız düşmən, tarixi satqınlarımız vətənpərvər kimi göstərilməsi və s. kimi hadisələr o dövrün ən yadda qalan ağrılı xatirələridir. Bütün bunlar təbii ki, insanlarımızın öz vətəninə və mədəniyyətinə özgələşdirmək məqsədi güdürdü.

 

2. Milli təhsil sistemi yerinə, müstəmləkəçilyə qulluq edən məktəblərin açılması;

 

Təhsil insan yetişdirməyin ən mühüm sahəsidir. Sovet hakimiyyəti illərində Kommunist partiyası açıq şəkildə bildirirdi ki, bu siyasi təşkilatın əsas hədəfi “sovet insanı” yetişdirməkdir. “Sovet insanı” öz milli kimliyindən qoparılıb imperializmin ayağına bağlanan şəxs demək idi və sovet təhsil sisteminin 1 nömrəli vəzifəsi məhz bu cür natamam şəxsiyyətlər meydana gətirmək idi. 

 

Əslində bənzər siyasətlərin digər imperiyaların da tarixində görə bilərik. Bildiyimiz kimi, Osmanlı imperiyası xüsusilə özünün son dövrlərindən osmanlıçılıq ideyasını ortaya atmışdı. Bu ideyaya görə, milli və dini mənsubiyyətindən asılı olmayaraq osmanlı deyilən bir xalq vardı. Yaxud Baburilər dövründə Hindistanda islam və buddist dinlərinin sintezindən təşəkkül tapmış müştərək hind mədəniyyətinin formalaşdırılmasına çalışılmışdı. Bütün bu ortaq mədəniyyətlər isə vahid təhsil strategiyası ilə həyata keçirilə bilərdi.

 

İstər Osmanlı, istərsə də Baburilər dövründə təhsil sistemi bugünkü qədər yayğın olmadığından bu plan baş tutmadı. Sovet hakimiyyəti illərində isə bütün imperiya ərazisində vahid təhsil sisteminin yaradıldığının şahidi oluruq. SSRİ-nin “sovet insanı” yaratmaq cəhdinin nə qədər təsirli olması isə bir-birinə bənzər sosial və mənəvi problemlərlə çarpışan postsovet ölkələrinin ortaya çıxması da təsdiqləyir. Biz nə qədər fərqli dillərdə danışsaq da, oxşar təfəkkürə malikik və korrupsioner rejimlər tərəfindən idarə olunur. Rüşvət, öz xalqının əmlakını oğurlayıb xaricə daşımaq, bir-birinə badalaq gəlmək, cəzasız cinayətlər və s. kimi neqativ xarakterlər “sovet insanı” məfhumunun ortaq dəyərləridir. Və bütün bunları bizə bu gün rus mədəniyyətini dünyaya yaymaq istəyən rus imperializmi qazandırıb.

 

Bəs tarix boyu super güc sayılan dövlətlər niyə ortaq vətəndaş yarada bilmədilər?

 

Zənnimizcə, bunun başlıca səbəbi mədəni imperializmin təkbaşına mövcud olmaması və digər mədəniyyətlərlə amansız rəqabət aparması ilə əlaqədardır. Məlum olduğu kimi, imperiyaların gücü zəiflədikcə, xarici təzyiqlər də güclənir və özünüqoruma səyləri daha güclü mədəniyyət sahələrinin təsiri ilə heç bir nəticə vermir. Xüsusilə Fransa inqilabından sonra millətçilik ideyalarının yayılması Osmanlı və Hindistan imperiyalarının sonunu gətirmiş, bu böyük dövlətləri parçalamışdı. Osmanlı imperiyasının bu parçalayıcı ideyalara qarşı dirəniş ideologiyalarının 3 mərhələdən keçdiyini görürük: Osmanlıçılıq, İslamçılıq və Türkçülük. Millətçilik düşüncəsinin bütün imperialist qüvvələr tərəfindən yayıldığından və bu ideologiyanın arxasında yeni güc mərkəzləri dayandığından Osmanlı imperiyasının dağıntısı altından Osmanlıçılıq və İslamçılıq yox, yalnız Türkçülük düşüncəsinə söykənən Türkiyə meydana çıxmışdı.

 

Yeri gəlmişkən, I Dünya Müharibəsi ərəfəsində yayılmağa başlayan millətçilik ideyaları rus imperiyasından da yan keçməmişdi. Çar Rusiyası zamanında unitar dövlət formasına malik olan bu imperiya I Dünya Savaşından sonra federallaşmaq məcburiyyətində qalmışdı. Bu gün Putin Rusiyanın federallaşmasında nə qədər Lenini günahlandırsa da, əslində bu proses zamanın tələbi idi və SSRİ başqa cür qurula da bilməzdi. Hətta federallaşma belə rus imperiyasını qorumadı, sadəcə ömrünü bir qədər uzatdı. SSRİ dövründə “sovet insanı” yaratmaq cəhdinin baş tutmamasının kökündə, təbii ki, bu ölkənin iqtisadi tənəzzülü və müasir çağımızla ayaqlaşmayan iqtisadi konsepsiyası da dayanırdı. Bu konsepsiya isə Qərb mədəni imperializminə qarşı alternativ kimi seçilmişdi və Rusiya öz labüd taleyindən yayına bilmədi.

 

Maraqlıdır ki, Putin Rusiyası hələ də tarixdən dərs almayıb və özünün boş xülyalarından əl çəkmir. Hələ də özünün keçmiş sərhədlərində rus mədəniyyəti yaymağa çalışır və 5-ci kolonu vasitəsilə rusca təhsili həyati önəm daşıyan nəsnə halına gətirir. Təsəvvür edin ki, əhalisinin heç 1 faizi belə etnik ruslardan təşəkkül tapmayan Azərbaycanın təhsil ocaqlarında belə, şagirdlərimizin 34%-dən çoxu bu dildə təhsil görür. Halbuki rusdilli məktəblərdə yetişdirilən bu gənclərin sabah iş tapmaq imkanlarının məhdud olacağı və ya bu gün məktəbdə qazandıqları biliklərin gələcəkdə onların işinə yarayıb-yaramayacağı şübhəlidir. Bütün bunlara baxmayaraq, valideynlərin öz uşaqlarını qeyri-müəyyən perspektivin ağzına atması rus kültürəl imperializminin beyinlərimizə nə qədər dərin nüfuz etdiyindən xəbər verir.

 

Vladimir Putinin də dünən qəbul etdiyi Xarici Humanitar Siyasət Konsepsiyası da heç bir real perspektivi olmayan bu təşəbbüsün daha da dərinləşdirilməsi cəhdidir.

 

3. Mənəvi-psixoloji natamamlılıq

 

İnsanların başqa mədəniyyətin təsir dairəsinə girməsi özünə və mənsub olduğu millətə inamsızlıqdan meydana gəlir. Bütün imperialist qüvvələr hədəf seçdikləri əraziləri və xalqları əllərində saxlamaq üçün onlarda öz mədəniyyətlərinə nifrət hissi aşılamalı və beynəlmiləlçi don geyindirdikləri imeprialist “mədəniyyət”ə heyranlıq oyandırmalıdırlar. Bunlar isə bir neçə alətlə həyata keçirilir. 

 

Alətlərdən biri iqtisadi faktordur. Hələ Karl Marks 150 il əvvəl müstəmləkə xalqlarının özgələşdirmə prosesində iqtisadi alətlərdən istifadə olunduğunu təsbit edərək bildirirdi ki, özgələşdirmə kapitalizmin yol açdığı təbii prosesdir. Onun fikrincə, istehsalda əməyin məhsuldarlığı artdıqca, kapitalizmin yaratdığı istehsal münasibətləri özgələşdirməyə yol açır. Özgələşmə demək olar ki, insanın mexanikləşdirilməsi və ya mahiyyətindən uzaqlaşması aktıdır. Yəni neqativ kimlik və ya anomiyadır. Bu xəstəliyə düçar olanlar inkişaf etmiş ölkələrin hər cür dəyərlərini kor-koranə və tənqid süzgəcindən keçmədən qəbul edərlər.

 

Marksın bu fikirlərinə inansaq, hazırda rus imperializm düşüncəsinin ən böyük qənimi özünün iqtisadi durumudur. Zira müasir çağımızda iqtisadiyyat deyiləndə sənaye gücü və intellektual texnologiyalar ağla gəlir. Rusiya müasir çağımızın bu iki aparıcı gücündən tamamən uzaq düşüb. Odur ki, sadəcə kütləvi qırğın silahlarına əl atmaq təhdidi ilə keçmiş müstəmləkələrinə hökm etmək istəyir. Özünün regionlardakı qüvvələrini aktivləşdirərək, təxribatlar törədir, əksər hallarda rusdillilərin hüquqlarının pozulmasını əsas gətirib bu bölgələrə hərbi müdaxilələr edir. 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Ukraynada olduğu kimi, indi də Mərkəzi Asiyada eyni siyasəti yürütməyə çalışır. Bununla isə uzağa varmaq olmaz və bir müddətdən sonra bütün bu təxribatlar bumeranq kimi özünə qayıdacaqdır. Çünki müasir çağımızın əsas özünə bağlamaq aləti yumşaq gücdür. Təhdidlərlə, hədə-qorxularla isə yumşaq güc yarada bilməzsən. Rusiya isə öz yumşaq gücünü belə, zor gücünə yaymağa çalışır. Məhz bu paradoksallıq da onu məhvə sürükləyir.

 

İqtisadi potensialının olmamasına baxmayaraq, bu gün tarixi rus imperiyasının sərhədləri daxilində də iqtisadi amil mənəvi natamamlığın formalaşdırılması sahəsində əsas alətlərdən biri kimi istifadə edilir. Təbii ki, Karl Marksın təsbitlərindən bir qədər fərqli formada. Məsələn, Azərbaycan təcrübəsinə nəzər salaq. Dövlət dilimizin Azərbaycanca olmasına baxmayaraq, hakimiyyət və qeyri-hökumət müəssisələrində işə qəbul zamanı rusça biliyin vacib şərt kimi irəli sürülür və bu da istər-istəməz gəncləri öz kökündən qoparır. 

 

Prinsipcə, Rusiyanı da anlamaq olar. Bu ölkə özünün kadrlarının acgözlüyü nəticəsində müstəmləkələrində real iqtisadiyyatın qurulmasına imkan verməyib. Bütün postsovet ölkələri kimi, Azərbaycanda da “iqtisadi məşğulliyyət”in bir yolu varməmur olub dövlət əmlakını talamaq. Odur ki, Rusiyanın kültür imperializmi məhz idarəetmə orqanlarında həyata keçirilir. 

 

Amma postsovet məkanlarında rusca bilməyin böyük məziyyət halına gətirilməsi də heç bir perspektiv vəd etmir. Çünki bu dilin əhatə dairəsi günü-gündən daralır və əhəmiyyətini itirir. Təsəvvür edin ki, Baltikyanı ölkələrdə əhalinin 33-35%-nin rus olmasına baxmayaraq, etnik rusların özləri belə bu dildə danışmaq istəmirlər. 

 

Zaman keçdikcə, rus dilinə maraq daha da öləziyəcək. Ən azı ona görə ki, Qərb dünyası təkcə rus qazına və neftinə embarqo tətbiq etməyib. Əksinə, neftdən və qazdan daha çox, bu sanksiyalar rus mədəniyyətini hədəf alıb. Səbəb də başadüşüləndir. Rusiya öz mədəniyyətindən imperialist məqsədlərlə istifadə edərsə (Putinin dünən imzaladığı Sərəncam bunu təsdiqləyir), təbii ki, bu cür reaksiya ilə qarşılamalı idi. Məhz bu səbəbdən də, zamanla rus mədəniyyət dəyərlərinin daha sürətlə sıxışdırıldığının şahidi olacağıq.

 

Millətlərdə aşağılıq kompleksinin yaradılmasının digər alətlərindən biri də onların adət-ənənələrındəki neqativ halların qəsdən artırılması və mütərəqqi dəyərlərin isə boğulmasıdır. İnsanlara isə yalnız neqativ ənənələr onun milli dəyərləri kimi göstərilir. Rüşvətə və korrupsiyaya meyl, cəhalət və mövhimatçılıq, narkomaniya və min cür əxlaqsızlıq sanki Rusiyanın 5-ci kolonu tərəfindən qəsdən yayılır, onlara qarşı mübarizə istənilən səviyyədə aparılmır. Nəticədə insanlar özündən iyrəndirilir. Fəqət bunun da uzunmüddətli olacağı inandırıcı görünmür. Çünki zaman keçdikcə, internet yayğınlaşır və millətlərin dünyagörüşü də genişlənir, savadsızlıq mühiti yox olur. Hesab edirəm ki, Qərbin rus imperializminə qarşı ən gözəl silahı məhz sosial şəbəkələrdir və bu alətlə yürüdülən maarifləndirmə siyasəti getdikcə rus mədəni imperializm təbliğati gücünü də sıradan çıxaracaq.

 

4) Beyin axını: 

 

Mədəni imperializmin ən dağıdıcı aləti beyin axınıdır. Beyin axını digər özgələşdirmə alətlərinin də təsiri ilə savadlı gənclərin xarici ölkələrdə məskunlaşmaq və vətənə qayıtmaqdan vaz keçmək səylərindən doğur. Halbuki, bu gənclərin təhsili millətin dar büdcəsindən verilən böyük fədakarlıqlarla başa gəlir. Daha sonra həmin intellektual güc xaricə üz tutur və imperialist qüvvələrin güclənməsinə xidmət edir. Beləcə, heç bir xərc çəkmədən istedadlı şəxsləri əldə edən inkişaf etmiş ölkələr onların intellektual gücü sayəsində yeni texnologiyalar yaradaraq, daha çox qazanırlar. Həmin texnologiyalar olduqca baha qiymətə istedadlı gənclərin öz ölkələrinə satılır. Nəticədə müasir imperializm müstəmləkələrin həm intellektual gücünü, həm də maddi sərvətlərini mənimsəyir.

 

Sözsüz ki, bütün bu fikirlər Qərb imperializmi üçün keçərlidir. Rusiya isə özünün yetişdirdiyi satqınların müstəmləkələrdəki təxribatlarına bel bağlaya bilər. Həmin satqınların təxribatçı fəaliyyəti nəticəsində ölkələrdən qaçıb Rusiyaya sığınan xeyli insan bu ölkənin azalan əhalisinin yerini doldursa da, salxaq iqtisadiyyatını qismən hərəkətə gətirsə də, onu gözləyən tənəzzüldən və geriqalmışlıqdan xilas etmir. Çünki rus müstəmləkələrinin belə, intellektual gücünün qaymağını Qərb yeyir. Rusiya isə qaymaq altında qalan qaymaqla kifayətlənməli olur

 

Nəticə

 

Göründüyü kimi, Vladimir dünən imzaladığı Xarici Humanitar Siyasət Konsepsiyası ilə əslində yüzillər boyu Rusiyanın yürütdüyü mədəni imperializm siyasətinə hansısa yenilik gətirməyib, sadəcə bunu açıq şəkildə bəyan edib. Konsepsiyada Mərkəzi və Şərqi Avropadan tutmuş adı konkret çəkilməsə belə Mərkəzi Asiyaya qədər uzanan coğrafiyaya haqq iddia edilməsi, zənnimizcə, içiboş təhdiddən başqa bir şey deyil. Rusiya öz kültür imperializmi alətlərində belə, artıq Qərbə uduzmaqdadır və hətta bəyan etdiyini həyata keçirsə belə, bu onu gözləyən mütləq yoxoluşdan sığortalaya bilməyəcək. 

 

Heydər Oğuz,

Ovqat.com

 




Ana səhifəyə qayıt        Baxış: 7 178          Tarix: 6-09-2022, 12:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma