Xəbər lenti


Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə hazırda iki vasitəçi format mövcuddur: a) Rusiyanın iştirakı ilə üçtrəfli format, b) Ermənistanın dəvəti nəticəsində 2021-ci ilin dekabrından fəaliyyət göstərən Brüssel formatı. 

 

Sonuncu Brüssel görüşündən belə nəticəyə gəlmək olar ki, Aİ əvvəlki kimi gündəlikdə duran bütün məsələlərlə deyil, yalnız Rusiyanın tərəf olmadığı məsələlərlə məşğul olmaq istəyir. Rusiya sülhməramlı fəaliyyətə və kommunikasiyalarının açılması məsələlərinə tərəf olduğundan Aİ bu məsələlərdə fəallıq nümayiş etdirmir. Kommunikasiyaların açılmasında Aİ-nın vasitəçiliyinə dekabrda müəyyən ümidlər olsa da, Ermənistan bu istiqamətdə razılığın əldə edilməsini ləngitdi. Azərbaycan isə əksinə, hər iki formatın gündəliyinə əsasən ardıcıl işlər aparır, prinsipial mövqe nümayiş etdirir və Ermənistan tərəfindən olan ləngimələri güc tədbiqi ilə dəf edə bilir

 

Brüssel həm də Rusiyanın tərəf olduğu məsələlərdə Ermənistana ciddi təzyiqlər göstərdiyini və Ermənistanın bu təzyiqlər qarşısında aciz qaldığını müşahidə etdi. Bu səbəblərə görə Brüssel Rusiyanın tərəf olduğu məsələlərdən kənar durub, sülh sazişinin əldə edilməsi və “delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları”nın fəaliyyətinə fokuslanır. 

 

31 avqustda, 4-cü Brüssel görüşündə əsas vurğu sülh sazişi və sərhədlərlə bağlı məsələlərin üzərinə edildi. Görüşün nəticələrini əks etdirən bəyanata görə, Ermənistan və Azərbaycan dövlətlərarası münasibətləri tənzimləyən sülh sazişinin təşviqi üçün görülən əsaslı işləri gücləndirmək barədə razılıq əldə ediblər. Razılığa görə, ölkələrin xarici işlər nazirləri sülh sazişinin mətninin hazırlanması üçün sentyabr ayı ərzində görüşməlidirlər. Əldə edilən razılıq istər Azərbaycan, istərsə də prezident Ş.Mişel və Brüssel diplomatiyasının rəhbəri C. Borrelin timsalında Aİ tərəfindən yüksək qiymətləndirilmişdir.

 

Buna baxmayaraq, görüşdən sonra Ermənistan razılığın pozulmasına yönələn addımlar atdı. Belə ki, Təhlükəsizlik Şurasının katibi A.Qriqoryan Qarabağa qanunsuz səfər etdi, N.Paşinyan “Dağlıq Qarabağın” ərazi vahidi kimi inkar edilməsini yersiz adlandırdı, prezident V. Xaçaturyan “Qarabağdakı ermənilərin statusu” məsələsinin Ermənistan üçün prioritet kimi qaldığını bildirdi, xarici işlər naziri A.Mirzoyan isə sülh sazişinin “Dağlıq Qarabağın” yekun statusunu nəzərə alınmaqla imzalanmasına eyham vurdu.

 

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında silah gücünün diplomatiya qədər önəmli olduğu çox yaxşı anlayır. Azərbaycanın Ermənistan rəhbərliyinə etimad göstərməməsi əbəs deyil. Üçüncü və dördüncü Brüssel görüşləri arasında Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitdiyinə görə Azərbaycan güc faktoruna müraciət etmişdir. Bu dəfə də Ermənistan təzyiqlərə rəğmən, vərdiş etdiyi kimi, prosesi ləngitsə Azərbaycan gündəliyində duran məsələləri yerdə həll etmək hüquq və imkanını reallaşdıracaqdır. Azərbaycan Müdafiə Nazirliyinin atəşkəsin pozulması haqqında məlumatları Ermənistan hakimiyyətinə bir mesaj olaraq ötürülür

 

Pozucu addımlarla yanaşı, Ermənistan mətbuatında iki qeyri-rəsmi məlumat dövriyyəyə buraxılıb. Bunlardan biri Paşinyana istinadən ilin sonuna qədər sülh sazişinin imzalanması, digəri isə Qarabağdan ağır texnikanın çıxarılması ilə bağlıdır. 

 

Bundan başqa, 5-8 sentyabr tarixlərində Rusiya və Ermənistan liderləri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda iştirak edəcəklər. Səfər Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılması baxımından əhəmiyyət kəsb edir. Səfər Paşinyanın Rusiyanın təzyiqlərinə müqavimət dərəcəsini müəyyən etməklə yanaşı, Rusiyanın Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılması, kommunikasiyaların açılması və Zəngəzur dəhlizi məsələlərində mövqeyinə aydınlıq gətirəcək. 

 

İstənilən halda Paşinyan qaçılmaz dilemma qarşısındadır: ya Qarabağ məsələsində israr edərək daima təzyiqlərə məruz qalmaq və nəticədə Azərbaycanın sərt gücü ilə qarşılaşmaq; ya da Azərbaycana qarşı ərazi iddialarından imtina edərək və Zəngəzur dəhlizinə razılıq verərək Ermənistanda daha müstəqil siyasətin aparılmasına nail olmaq.

 

Cənubi Qafqaz tədqiqatlar mərkəzi

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 088          Tarix: 7-09-2022, 12:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma