Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana 2 günlük səfəri başlayır. Əslində spiker Pelosinin Yerevana ziyarət edəcəyi əvvəlcədən də məlum idi, lakin son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən qanlı döyüşlərdən sonra bu səfərin reallaşması istər-istəməz diqqət çəkir. Yəni Pelosi sərhəddə son hadisələr yaşanmasaydı, Yerevana ən yaxşı halda ilin sonunda gələcəkdi. Şübhəsiz ki, N.Pelosinin Ermənistana indiki mərhələdə səfərini həyata keçirməyə inandıran şəxslərdən biri konqresmen Cəki Spayer və onunla birlikdə gələcək olan Frənk Pallonedir. Bəri başdan deyim ki, hər iki fiqur ABŞ-dakı erməni və yunan diasporuna kifayət qədər yaxındır.
İndiki gələk spiker Nensi Pelosinin Ermənistana səfərinin məqsədlərinə. Beləliklə, Pelosi Ermənistana səfərinə ermənilərin soyqrım hesab etdiyi abidəni ziyarət etməklə başlayacaq. Bu, təbii ki,bir protokol qaydasıdır və qonaqlar əvvəlcə məlum abidəni ziyarət edirlər. Pelosi daha sonra baş nazir Nikol Paşinyan, Ermənistan parlamentinin spikeri Alen Simonyan və başqa hökumət nümayəndələri ilə görüşəcək. Şübhəsiz ki, Pelosinin Ermənistana ziyarəti indiki situasiyada ermənilərə motivasiya vermək kimi anlaşıla bilər. Çünki sərhəddəki son qanlı toqquşmalardan sonra erməni cəmiyyətində Rusiyaya qarşı nifrət oyanıb və ermənilər düşünürlər ki, Moskva Ankara ilə birlikdə Zəngəzur dəhlizinin açılışında maraqlıdır. Eyni zamanda erməni baş nazir Nikol Paşinyanın sərhəddəki son hadisələr fonunda KTMT-yə müraciət etməsi və təşkilatın Ermənistana hərbi dəstək verməməsi də erməniləri əməlli-başlı cin atına mindirib. Yəni ermənilər hal-hazırda Rusiyaya və KTMT-yə o qədər qəzəblidirlər ki, hətta bu təşkilatdan çıxmagı belə düşünməyə başlayıblar. Belə olan təqdirdə, Ermənistan özünə yeni "sıgınacaq liman" axtarışındadır. Və şübhəsiz ki, bu kontekstdə ilk agıla gələn ya ABŞ-dır, ya da Avropa İttifaqı. Aİ Ermənistan üçün iqtisadi investisiyalar, müasir innovasiya deməkdirsə, ABŞ isə həm də təhlükəsizlik amilidir. Ancaq bu,o qədər də asan deyil.
Əvvala, Ermənistanda (Gümrü) Rusiyanın 102 saylı hərbi bazası var və bu baza 2044-cü ilə qədər bölgədə qalacaq.
İkincisi, hazırda Ermənistanın bütün nəqliyyat və energetika sistemi Rusiyanın nəzarətindədir və bu, hələ bir müddət də davam edəcək.
Üçüncüsü, Ermənistanda ən böyük investor hələ də Rusiyadır və belə demək mümkünsə, Ukrayna müharibəsindən sonra bu ölkədə rus sərmayəsinin midarı daha da artıb.
Dördüncüsü, Nensi Pelosinin ziyarətinin nəticələrindən asılı olmayaraq, Ermənistan üçün Rusiyanın təsir orbitindən bu tezliklə qurtulmaq o qədər də asan deyil. Əminəm ki,bu həqiqəti Nikol Paşinyan da gözəl dərk edir.
Məlumdur ki, dekabr ayında ABŞ Konqresinə seçkilər keçiriləcək.Və o da bilinir ki, Pelosinin də təmsil olunduğu Demokratlar Partiyasının nüfuzu xeyli aşagı düşüb və respublikaçıların Konqresin hər iki palatasında üstünlük qazanacagı gözlənilir. Eyni zamanda,respublikaçılar Konqresdə üstünlük qazanarsa, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində də ugur qazana bilərlər. Belə olan təqdirdə, demokratlara həm erməni, həm də yunan lobbisinin dəstəyi lazımdır. Yəhudi lobbisini ona görə demirəm ki, hazırda Bayden adminstrasiyası İranla nüvə sazişini bərpa etmək istəyir və bu,İsrailin maraqlarını müdafiə edən yəhudi diasporunu, ayrı-ayrı sionist təşkilatları narahat edir. Təbii ki, N.Pelosinin Ermənistana səfəri həm də Konqresə keçiriləcək seçkilərdə erməni diasporunun səsini qazanmaga hesablanıb. Hətta ola bilsin ki, ABŞ Ermənistana ciddi miqdarda maddi yardım sözü də versin. Erməni mətbuatı yazır ki, N.Pelosi Ermənistana 18 milyard dollarlıq investisiya paketi təklif edəcək. Bu, o deməkdir ki, Vaşinqton Azərbaycanın indiki mərhələdə Avropa enerji təchizatında oynadıgı rolu dərk edir və Ermənistana böyük miqdarda investisiya yatırmaqla sanki kontbalans yaratmaq istəyir. Təbii ki, bu pulun bir hissəsi də Ermənistan ordusunun moderinləşməsinə xərclənə bilər. Mənə elə gəlir ki, ABŞ sankı Türkiyəyə qarşı Yunanıstan modeli kimi Azərbaycana qarşı da Ermənistanın timsalında kiçik, ancaq təhlükəli rəqib yaratmaq istəyir. Şübhəsiz ki, bu, asan deyil və üstəlik, bu kontekstdə Rusiya amilini də nəzərə almaq lazımdır. Hətta Türkiyə və İran amilini də.
Kamal Əliyev,
Politoliq
Paylaş: