Son dövrlərdə Azərbaycan xarici siyasətində Mərkəzi Asiya açılımı xüsusi diqqət çəkir. Son 4 ayda prezident İlham Əliyev Özbəkistan və Qırğızıstana dövlət səfərinə gedib. Dövlət səfəri ən ali səfərdir, təntənəli protokol qaydaları ilə müşaiyət olunur və dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini göstərmək məqsədilə həyata keçirilir. Eyni zamanda Prezident avqust ayının sonunda Tokayevlə Qazaxıstana yenilənmiş rəsmi səfər edib.
Mərkəzi Asiyanın gələcək 10 ildə bir sıra geosiyasi kombinasiyaların mərkəzində olacağı barədə müzakirə aparmışdıq. Bu mənada, Türkiyəylə son dərəcə yaxın münasibət qurduğu bir dönəmdə Azərbaycanın Mərkəzi Asiyada aktivliyini artırması gözlənilən idi. Bölgənin ənənəvi hegemonu olan Rusiyanın da məlum səbəblərə görə regiona təsirlərinin azalması Türkiyə-Azərbaycan tandeminin bölgədəki manevr imkanlarını artırır.
Mərkəzi Asiya Azərbaycanın Çinə, Azərbaycan isə Mərkəzi Asiyanın Avropaya açılan qapısıdır. Nəzərə alsaq ki, Rusiya-Avropa münasibətləri də minimuma enib, o zaman Mərkəzi Asiya nəzdində Azərbaycan istiqamətinin önəmini artırır. Təbii ki, Xəzər dənizindən Aralıq dənizinə daha qısa alternativ çıxış təklif edən Zəngəzur dəhlizi reallaşarsa, bu, region ölkələrinin Azərbaycana marağını da xeyli artıracaq.
Ortaq etnik və mədəni kimlik Azərbaycanın Mərkəzi Asiyada hərəkət imkanlarını artırır. Düzdür, bu barədə ciddi mənbə qarşıma çıxmayıb, ancaq görünən odur ki, Azərbaycanın yeni dövr musiqiləri, xüsusilə müsiqili meyxana janrı Mərkəzi Asiyada xeyli rəğbət görür. Əslində bu da Azərbaycanın regiondakı “yumşaq gücü” rolunu oynayır. Fikrimcə, bu barədə ciddi araşdırmalara ehtiyac var. Ümumiyyətlə, təəssüflə onu demək olar ki, bizim üçün nə qədər önəmli bölgə olsa da, Mərkəzi Asiya regionşünaslığı Azərbaycan beynəlxalq münasibətlərində ən kasad olan sahələrdən biridir, bu region üzrə ciddi ekspert çatışmazlığı var. Regionun beynəlxaq miqyasda artan önəmini nəzərə aldıqda, beynəlxalq münasibətlər tələbələrinin Mərkəzi Asiya üzrə ixtisaslaşmaqlarını şiddətlə tövsiyə olunur.
Şərqə Baxış Analitik Mərkəz
Paylaş: