«Heç kim Ermənistanı öhdəliklərdən yayınmaqda ittiham edə bilməz».
Ovqat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Twitter səhifəsində yazıb.
“Aşağıdakı tvit və ona verilən reaksiya sübut edir ki, heç kim Ermənistanı öhdəliklərindən yayınmaqda ittiham edə bilməz. Yenə deyirəm ki, biz öhdəliklərimizi yerinə yetirmək üçün 3 nəzarət-buraxılış məntəqəsi açmağa hazırıq və regional təcridin hərtərəfli açılmasından yaranan imkanlardan istifadə etməyə çalışacağıq”, - Paşinyan yazıb.
Qeyd edək ki, Nikol Paşinyan iki gün əvvəl yenə özünün Twitter səhifəsində Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqələri təmin etmək üçün 3 buraxılış məntəqəsinin açılması ilə bağlı qərar qəbul etdiklərini və bu qərar layihəsinin dövriyyəyə buraxıldığını, rəsmi Bakıdan isə buna müsbət reaksiya gözlədiyini bildirmişdi. O, dünənki paylaşımında da həmin twitə istinad etmişdi.
Bəs, Ermənistan Naxçıvana yolu hardan açmağı planlaşdırır?
Bu suala Ermənistan Milli Təhlükəsizlik Şurası bir neçə gün əvvəl yayımladığı bəyanatında aydınlıq gətirir. Bəyanata görə, Azərbaycanla sərhəddə üç sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı qərar verilib - Zod, Arazdəyən və Qaraxunc istiqamətlərində. Xəritəyə baxsaq, görərik ki, bu məntəqlərdən biri - Arazdəyən Naxçıvanın qərbində yerləşir. Digər iki məntəqə isə Laçın rayonunun cənubunda və Kəlbəcərin şimalındadır. Sovet vaxtı Naxçıvana dəmir yolunun keçdiyi ənənəvi Mehri istiqaməti barədə isə hər hansı fikir bildirilmir.
Bəzi mütəxəssislər bunu onunla əsaslandırırlar ki, Azərbaycanla Ermənistan arasında hazırda mübahisə mövzusu olan istiqamətlər dəmir yolu ilə bağlı deyil. Dəmir yolu məsələsində qarşılıqlı razılaşmalar əldə olunduğundan indi avtomobil yolunun hardan keçməsi müəyyənləşdirilir. Paşinyan da məhz avtomobil yolunun keçəcəyi istiqamətlər barədə danışır.
Həllini gözləyən digər məsələ isə, təbii ki, Ermənistanın bizə verdiyi keçid yolunun statusu ilə bağlıdır. Azərbaycan bu yolun Laçın dəhlizinə uyğun olaraq dəhliz kimi açılmasını tələb edir. Ermənistan isə bununla razılaşmır və yolun öz suverenliyi altında qalmasını istəyir. Təbii ki, rəsmi Bakı da bu təklifi tam rədd etmir. Azərbaycan prezidenti İlham Əliyevin fikrincə, o zaman Laçın yolu da dəhliz kimi açılmayacaq və Azərbaycan səhrədçilərinin nəzarəti altında olacaq. Bu isə o deməkdir ki, Qarabağdakı rus «sülhməramlıları»na da ehtiyac qalmayacaq. Prinsip etibarilə, Ermənistanın hər iki ölkənin suverenliyi altında kommunikasiya əlaqələrinin açılması təklifi də Azərbaycanın maraqlarına uyğundur və üçüncü dövlətin vasitəçiliyinə ehtiyac yoxdur anlamına gəlir. Məsələyə bu aspektdən yanaşanda belə təsəvvür yaranır ki, həm Azərbaycanın, həm də Ermənistanın inadlaşması Rusiyanın Cənubi Qafqazdan çıxarılmasına xidmət edir. Belə çıxır ki, iki qonşu dövlət arasındakı ixtilaf tədricən regional əməkdaşlıq mərhələsinə qədəm qoyur. Son zamanlar Azərbaycan-Ermənistan ixtilafı müzakirələrinin Brüsselə daşınması və Qərbin birbaşa təmaslara üstünlük verilməsi təklifləri də bu ehtimalı qüvvətləndirir.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: