Xəbər lenti


Putinin Valday klubundakı çıxışından sonra və Soçi görüşü  öncəsi Xankəndində minlərlə erməninin böyük aksiya keçirməsi qondarma rejimin tam olaraq Rusiya himayəsində olduğunu bir daha göstərdi. Qondarma parlamentin bu gün qəbul etdiyi bəyanat da Rusiya prezidentinin Valdaydakı çıxışı ilə ardıcıllıq təşkil edir: “heç bir halda Qarabağ Azərbaycanın tərkib hissəsi olmayacaq.” Bəyanatda İrəvana da mesaj verilir ki, Ermənistan hökumətinin qondarma dövlətin suverenliyini şübhə altına salacaq hansısa sənədə imza atmaq hüququ yoxdur. Bu mesajın da kimdən kimə və hansı səbəblə ünvanlandığını anlamaq elə də çətin deyil. 


Həmçinin qondarma parlamentin qəbul etdiyi bəyanatda Rusiyanın Qarabağdakı “təhlükəsizlik” öhdəliyinə davam etməsi istənilir, eləcə də bu istiqamətdə əlavə siyasi və hərbi mexanizmlər yaradılması tələb olunur. 


Bir sözlə, qondarma rejim tam şəkildə Moskvanın proksisi rolundadır. Rusiyanın istənilən variantda öz qoşunlarını Qarabağda müddətli və müddətsiz saxlamaq istədiyi bəllidir. Hazırkı konyukturada bu reallığı Azərbaycan və Ermənistan nə ayrı-ayrılıqda, nə də birlikdə hərəkət etməklə dəyişdirə bilməz. Belə bir ehtimal ancaq Rusiyada daxili təlatümlər dərinləşsə, güc mübarizəsi və ya vətəndaş müharibəsi yaşansa real olaraq gündəmə gələ bilər. 


Rusiyanın Qarabağ münaqişəsi ilə mövqeyi və istəkləri bəlli olduğu üçün Soçidə hansısa ciddi sənəd imzalanıb imzalanmayacağı narahatlıq doğurur.  Adətən imzalanacaq “mübahisəli” sənəd ictimaiyyətdə “şok” effektinə yol açmaması üçün əvvəlcədən mətbuata sızdırılır… 


Amma bu dəqiqdir ki, Putin bu görüş vasitəsilə Qərbə sülh müqaviləsinin imzalanması prosesinin öz himayəsində olduğunu, öz şərtləri çərçivəsində yekunlaşacağını göstərmək istəyəcək. 


Şərqə Baxış Analitik Mərkəz





Ana səhifəyə qayıt        Baxış: 5 434          Tarix: 30-10-2022, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma