Xəbər lenti


Bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin növbəti tarixi görüşü keçiriləcək. Görüşdə Rusiya tərəfindən region ölkələrinin liderlərinə təqdim olunacağı düşünülən 15 maddəlik çərçivə sazişinin müzakirəyə çıxarılacağı gözlənilir. Bəs, bu müzakirələrdən hansısa nəticə gözləməyə dəyərmi? Zənnimizcə, yox.


Əvvəla, ona görə ki, bu saziş təkcə bizim yox, həm də digər qlobal güc mərkəzlərinin regiondakı maraqlarını təhdid edir. Odur ki, nə rəsmi Bakının bu sazişi imzalaması, nə də Qərbin bu təşəbbüsü dəstəkləməsi mümkündür. 


Bildiyimiz kimi, Qərb ölkələrinin Rusiya enerji mənbələrindən imtina etməsindən sonra Azərbaycan onu əvəz edəcək mühüm alternativlərdən biri kimi qəbul olunur və rus sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması təkcə Cənubi Qafqaza nəzarət etməyə deyil, həm də alternativ enerji güzərgahının qarşısını almağa hesablanıb. Nəticədə təkcə Azərbaycandan deyil, həm də Orta Asiya ölkələrindən Avropaya nəql olunması nəzərdə tutulan enerji xətti üzərində təhlükə meydana gətirir. Bu isə Avropanın enerji təhlükəsizliyi məsələsi deməkdir və Qərb dövlətləri bu təhlükə ilə razılaşa bilməzlər. İstər Putinin, istərsə də Paşinyanın açıqlamaları da sübut edir ki, başda ABŞ olmaqla bütün Qərb ölkələri Qarabağın Azərbaycanın suverenliyi altında qalmasını dəstəkləyirlər. Arxasına bu qədər böyük beynəlxalq dəstək alan İlham Əliyevin rus «sülhməramlılarının» Qarabağdakı missiyasının uzadılmasına razılıq verməsi mümkün görünmür.


İkincisi, rus ordusu əvvəlki kimi dünyanın müxtəlif coğrafiyalarında, o cümlədən Qarabağda qoşun saxlayacaq qədər qüdrətli deyil. Əksinə, Rsuiya hər gün bir rəsmi nümayəndəsinin ortaya çıxıb Ukrayna ilə danışıqlara hazır olduğunu bildirəcək, az qala Qərbə yalvaracaq qədər zəifləyib. Belə bir vəziyyətdə Kremlə dünyanın dörd bir tərəfinə səpələnən qoşunlarını toplayıb Ukrayna savaşına fokuslanmaq zərurəti yaranıb və bunu qüruruna yaraşacaq şəkildə həyata keçirmək üçün münbit bəhanələr lazımdır. Ən yaxşı bəhanə isə ermənilərin «uzaqgörənliklə bir araya sığmayan inadkarlığı» nəticəsində Azərbaycanın rus «sülhməramlılarının» Qarabağdan çıxarılması qərarı ola bilər. 


Üçüncüsü, İlham Əliyevin Soçi görüşündə liderlərə təqdim olunacağı gözlənilən 15 maddəlik razılaşma mətninə qol çəkməsi onun şəxsən bu zamanadək irəli sürdüyü prinsiplərə də zidd addım kimi səciyyələndirilə bilər və heç bir lider buna getməz. Zira 15 maddəlik yeni sazişin detalları tam bəlli olmasa belə, media orqanlarına sızdırılan bəzi məlumatlar həmin sənədin ən azı 2 maddəsinin Azərbaycanın milli maraqlarına və Prezident İlham Əliyevin indiyədək səsləndirdiyi prinsiplərlə daban-dabana ziddiyyət təşkil edir. Onlardan biri 15-ci maddədir. İddialara görə, həmin maddədə «Qarabağın statusu» məsələsi yer alır ki, bunun da «cəhənnəmə getdiyi» İlham Əliyev tərəfindən dəfələrlə ifadə olunub. Ölkə başçısının həmin maddənin yer aldığı hər hansı sənədi imzalaması inandırıcı görünmür. 


Digər bir maddədə isə rus «sülhməramlılarının» hələ 10, 15, 20 il Qarabağda qalmasını nəzərdə tutulduğu bildirilir. Hərçənd bu iddia Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülüb və digər qaynaqlar tərəfindən nə doğrulanıb, nə də təkzib olunub. Oktyabrın 29-da rəhbərlik etdiyi «Mülki müqavilə» partiyasının qurultayında çıxış edən Paşinyan deyib: “Rəsmi olaraq bəyan edirəm: Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Qarabağda qeyd-şərtsiz və ilkin şərt olmadan mövcudluğunun 10, 15, 20 il müddətinə uzadılmasını tanımağa hazıram».


İlk baxışdan, Paşinyanın sözlərindən belə anlaşılır ki, təklif Rusiya tərəfindən irəli sürülüb və Ermənistan Baş naziri onunla razılaşır. Amma çıxışın sonrakı hissələrinə nəzər salanda tamamilə başqa mətləblər ortaya çıxır: «Mən təklif edirəm ki, Rusiya prezidenti belə bir təkliflə çıxış etsin, lazım gələrsə, mən belə bir təklif verəcəm, lakin Rusiya bu təklifi dəstəkləməlidir, çünki mən Rusiya sülhməramlılarının orada heç bir müddət qalmasına qərar verə bilmərəm. Bu, üçtərəfli sənəddir və biz Rusiya ilə razılaşsaq, çoxluq təşkil edəcəyik». Çıxışın bu hissəsindən aydın olur ki, rus «sülhməramlılarının» missiyasının uzadılması əslində Paşinyanın fikridir və o, öz təklifinin Rusiya tərəfindən dəstəklənməsini sadəcə arzu edir. 


Paşinyanın belə bir söz oyunu ilə gündəm yaratmağa çalışması da zənnimizcə, səbəbsiz deyil və Putinin ona qarşı yönəlmiş təxribatçı iddialarına cavab xarakteru daşıyır. Məlum olduğu kimi, Prezident Vladimir Putin ötən cümə axşamı "Valday" forumunda çıxış edərkən demişdi ki, sülh müqaviləsi üçün variant seçimi Ermənistanın öz ixtiyarındadır: «Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan Washington variantını seçməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır».


O həmçinin vurğulamışdı ki, vaxtilə rəsmi İrəvan ona təklif olunan əlverişli təklifləri rədd edərək, özünü indiki ağır vəziyyətə salıb: “Uzun illər ərzində Ermənistan tərəfi ilə danışırdıq, dialoq aparırdıq və vəziyyəti nizama salmağı təklif edirdik. Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Deyirdik ki, gəlin, münasibətlərin normallaşmasına doğru gedək. İki Azərbaycan rayonu var ki, onlar böyük rayonlardır. Hansısa mərhələdə Azərbaycan tərəfi ilə razılaşacağıq, 5 rayonu verin. Onlar lazım deyil, mənasızdır və boşdur. Oradan adamlar gedib, onları saxlamağın mənası nədir? Qarabağla əlaqə üçün 2 rayon var, özü də onlar böyükdür. Lakin Ermənistan rəhbərliyi öz yolu ilə getdi. Məlum olduğu kimi, bu da bugunkü vəziyyətə gətirib çıxardı. Hesab edirik ki, qaçqınların qaytarılması ədalətli addımdır. Bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı», - deyən Putin bu sözlərlə rus imperiyasının Qarabağdakı məğlubiyyətinin bütün günahını bir növ erməni liderlərin üzərinə atmışdı. Təbii ki, bu «günah»da Paşinyanın da özünəməxsuz və hər kəsdən daha böyük payı vardı. Putinin erməni ictimai rəyində hakim olan «Paşinyan hakimiyyətinin ilk iki ilində tutduğu destruktiv mövqe, xüsusilə «yeni müharibə - yeni ərazilərin işğalı» tezisi ilə çıxış etməsi 44 günlük müharibə ilə nəticələndi» düşüncəsinin gücləndirən bu açıqlamasına, əlbəttə, erməni baş naziri laqeyd qala bilməzdi. Əks halda İrəvandakı erməni millətçiləri onu rahatlıqla devirər və ya 1999-cu ildəkinə bənzər terror hadisələri yaşanardı. Xatırladaq ki, həmin illərdə də Qərb tərəfindən dəstəklənən Pol Qobl variantında da Laçın dəhlizi müqabilində Zəngəzur dəhlizi ideyası nəzərdə tutulur və həm Bakıda, həm də İrəvanda bu təklif müdafiə olunurdu. Qızğın müzakirələrin getdiyi Ermənistan parlamenti birdən-birə erməni terrorçularının basqınına məruz qalmış və ölkənin baş naziri Vazgen Sarkisyanla parlamentinin sipkeri Karen Dəmirçiyan öldürülmüşdü. Görünür, Putinin yenidən eyni ssenarini təkrarlanması üçün Valdaydakı fikirlərini dilə gətirdiyini düşünən Nikol Paşinyan erməni ictimai rəyini sakitləşdirmək üçün bu fikirləri səsləndirmişdi.


Dördüncü ən mühüm səbəblərdən biri Azərbaycan-Ermənistan məsələsinin artıq Rusiyanın təsir dairəsindən çıxıb beynəlxalq problemə çevrilməsidir. Bunu əslində Putin də Valdaydakı çıxışında etiraf etmişdi. Sözsüz ki, dünya yenidən Rusiyanın bu bölgədə möhkəmlənməsinə razılıq verməz. Əksinə başda ABŞ olmaqla bütün Qərb dövlətləri açıq şəkildə region ölkələrini Rusiyaya ikinci cəbhə açmağa çağırırlar. Belə bir vəziyyətdə tərəflərdən hansının uduzan Rusiyanın tərəfinə keçməsi onunla bərabər batması anlamına gəlir. Əlbəttə ki, Qərbin açıq dəstəyini alan Azərbaycan liderinin belə həlledici məqamda düşərgə dəyişməsi üçün heç bir əsası yoxdur.


Bütün bu deyilənlərdən çıxarılacaq nəticə bunlardır: Putinin bu gün Soçidə Azərbaycan və Ermənistan liderlərinə təqdim edəcəyi gözlənilən 15 maddəlik sülh təklifi Prezident İlham Əliyev tərəfindən imzalanmamaq üçün nəzərdə tutulub. Məqsədlərdən biri, təbii ki, Putinin erməni ictimaiyyətində getdikcə vüsət alan anti-rus əhval-ruhiyyəsini müsbət yöndə dəyişdirmək, onların ABŞ və Avropaya meyllənməsinin qarşısını almaqdır.  Digər bir məqsəd Ukraynada sülh arayışları məcburiyyətində qalan və bütün çağırışlarına müsbət cavab almayan Kremlin Qərbi Cənubi Qafqazla şantaj etmək istəyi ilə bağlı ola bilər. Ən mühüm məqsədlərdən biri isə Qərbin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətində olduğunu anlayan Putinin bizim coğrafiyada da Ukraynadakına bənzər aqibətlə qarşılaşmaq istəmədiyi üçün bölgədən üzüsulu çəkilməsi və bunun bütün günahını öz gücsüzlüyündən yox, ermənilərin «müdriklikdən uzaq» siyasətindən və Azərbaycanın buna təpkisindən qaynaqlanması təsəvvürünü yaratmaq istəyindən də qaynaqlana bilər. Məsələyə bu aspektdən yanaşanda Soçidə keçirilən bugünkü görüş əslində rus sülhməramlılarının Qarabağda daha 10, 15, 20 il ilişib qalmasına yox, əksinə tamamilə çıxarılmasına hədəflənmiş kimi görünür. Putinin Valdaydakı çıxışının açıq-aşkar Azərbaycanın milli maraqlarına qarşı yönəlməsini bu baxımdan təsadüfi olmaya bilər. Zira Qarabağdakı rus «sülhməramlıları» ilə bağlı son sözü Bakı deməlidir və yəqin ki, Soçi görüşündən sonra bu söz deyiləcək: «Şələ-şüləni yığışdır, itil mənim torpağımdan».

Ovqat.com





Ana səhifəyə qayıt        Baxış: 6 535          Tarix: 31-10-2022, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma