Xəbər lenti


“Dünən (03.11.2022-ci il) axşam saatlarında işdən çıxıb evə gedərkən 28 may metrosunun qarşısında 10 nömrəli avtobusa minib ön sırada oturdum. Az sonra arxadan uca səslə bir kişinin danışdığını eşitdim. Adam rəsmən bağıra-bağıra yaxın günlərdə İranın Azərbaycanı bombardıman edəcəyini, bizim bu hücum qarşısında aciz qalacağımızı bildirirdi. Cənubi Azərbaycanda “40 milyon qoyun yaşadığını” bildirən vətəndaş sanki qəsdən ətrafa qorxu saçırdı. Əvvəl bunun adi bir hadisə olduğunu düşünüb reaksiya vermədim. Amma adam getdikcə öz fikirlərini daha yüksək səslə car çəkməyə başladı və bu durum nəinki məni, həmçinin digər sərnişinləri də narahat etməyə başladı. Avtobus sərnişinlərinin hamısı bu adama ya başını bulayaraq, ya da açıq şəkildə etiraz edərək susmağa dəvət edirdi”.

 

Ovqat.com-un redaksiyasına göndərilən məktubda belə deyilir.

 

Müəllifin iddiasına görə, həmin şəxsin səsini başına atıb İran xofu yaratmaq cəhdinin təxribat cəhdi ola biləcəyini düşünüb və ona yaxınlaşıb. Yanında oturub adamı sakitləşdirməyə çalışıb. İranın Azərbaycana hücum edəcək qədər güclü olmadığını, Cənubi Azərbaycanda isə 40 milyon türkün yaşadığını ona xatırladıb. Adam buna bənd imiş kimi, səsinin tonunu daha da artırıb. Təmkinini pozmayan müəllif asta danışa-danışa “narazı” şəxsi sakitləşdirib. Bu zaman isə gözləmədiyi hadisə ilə qarşılaşıb. Arxada oturan bir qadın söhbətə müdaxilə edib və “narazı” şəxsin müdafiəsinə qalxıb. Müəllifə bildirib ki, niyə onu susdurmağa çalışır, qoy, bildiyi həqiqətləri ictimaiyyətə çatdırsın”.

 

Qısası, dünən 10 saylı avtobusda İranla Azərbaycan arasında əməlli-başlı ideoloji mübahisələr gedib.

 

Məktub müəllifi bu hadisəni, xüsusilə söhbətə sonradan qoşulan qadının hərəkətlərini təsadüfi saymır. Onun fikrincə, 10 saylı avtobusda qarşılaşdığı bu hadisə İran kəşfiyyat orqanlarının qurduğu bir kompazisiya  bənzəyir. Məqsəd ictimai yerlərdə İranın təbliğatını aparmaq, onun yenilməz orduya sahib olduğu, Azərbaycana qarşı müharibə aparacağı təqdirdə rahatlıqla qələbə çalacağına dair qənaət formalaşdırmaq, bir növ ictimai fikrə İran xofu calamağa xidmət edir.

 

“Hörmətli, Ovqat.com redaksiyası!

Səhv etmirəmsə, sizin saytdan oxumuşdum, Rusiya Müdafiə nazirinin müşaviri Andrey İlnitski ötən il mart  ayının əvvəllərində mətbuata verdiyi müsahibəsində maraqlı bir ideya ortaya atmışdı. Hərbi strateq bildirmişdi ki, dünyada bir neçə müharibə növü var: klassik müharibə, hibrid müharibə və mental müharibə.

 

Andrey İlnitskinin fikrincə, bunlardan ən çətini və dağıdıcısı mental müharibədir. Çünki mental müharibənin silahları gözə görünmür və bu səbəbdən də onun “əsgərlərini” müəyyənləşdirmək, hücumların qarşısını almaq xeyli müşküldür. Digər tərəfdən, mental müharibənin nəticələri uzunmüddətli olur və millətlərin onun təsirindən çıxması üçün bir neçə nəslin dəyişməsi lazımdır. 

 

Mental müharibənin hədəfi insanların zehnidir. Məqsəd düşmən tərəfin insanlarının zehnində özünəinamsızlıq və çöküş yaşatmaqdır. Bu isə dövlətlər arasındakı ziddiyyətlərin real müharibəyə çevrildiyi anda qarşı tərəfi ruh düşkünlüyünə düçar edir və əsgərlər döyüşmədən əllərindəki silahları atıb qaçırlar. Bir çoxları hətta əsgərlikdən yayınırlar.

 

İlnitskinin 2021-ci ilin əvvəlində söylədiyi bu fikirlərin özünü doğrultması çox uzun sürmədi. Bu ilin 24 fevralında Rusiyanın Ukrayna hücumu ilə başlayan müharibədə rus əsgərlərinin ağır silahlarını atıb qaçması artıq adi hala çevrilib. Hətta Ukrayna hərbçiləri yarıgerçək, yarızarafat ən səxavətli sponsorlarının Rusiya olduğunu bildirənlər də var. Zira Ukrayna əsgərləri hər gün çox sayda tərk edilmiş rus texnikasını mənimsəyərək öz arsenallarına qatırlar. Eynilə Rusiya prezidenti Vladimir Putin qismi səfərbərlik elan edəndə ölkə gənclərinin mühüm qisminin xaricə qaçmağa çalışması da gözdən yayınmadı. Görünən bu idi ki, İlnitski haqlıdır. Qərbin mental zərbələri rusların iliyinə qədər işləyib.

 

Acınacaqlıdır ki, Qərb necə Rusiyaya qarşı mental müharibə aparıb və indi onun meyvələrini toplayır, qonşu dövlətlər də eyni metodlarla Azərbaycanı diz çökdürmək istəyirlər. Bu sahədə ən aktiv mübarizə aparan ölkə isə İrandır. İranın bu Azərbaycanda mental müharibə apardığını DTX-nın bir müddət əvvəl keçirdiyi əməliyyatlar da sübut edir. Rəsmi məlumata görə, əməliyyat zamanı 19 nəfər saxlanılmış və onların təxribatlara hazırlaşdığını aşkarlanmışdır. Sorğulamanın hara qədər varacağını, yəqin ki, yaxın zamanlarda görəcəyik.

 

Bununla belə, İranın mental savaş həmlələri yalnız hansısa dindar qrupların dövlətimizin təməllərini hədəf alan ideoloji işlə də məhdudlaşmır. İrana bağlı bəzi şəxslər ictimai yerlərdə siyasi şiə şüarları səsləndirir, insanların beyninə Azərbaycanın dövlət dəyərlərini heçə sayan ideyalar yerləşdirirlər. Eynilə  İranın hərbi qüdrətini tərifləməklə, mövcud gücünü qat-qat artıq göstərməklə də insanlarımız arasında vahimə yaratmağa çalışırlar.

 

Dünən qarşılaşdığım həmin hadisə də İranın Azərbaycana qarşı apardığı mental müharibəsinin bir təzahürü idi. Yəqin ki, bənzər hadisələr digər marşrutlarda da təkrar olunur. Azərbaycanın təhlükəsizlik qurumları belə hallara diqqət yetirməli, İran kəşfiyyatının caynağına keçən vətəndaşlarımızla ciddi işləməli, ilk növbədə onları bu asılılıqdan qurtarmalıdırlar”, - məktubda belə deyilir.




Ana səhifəyə qayıt        Baxış: 6 672          Tarix: 4-11-2022, 16:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma