Naxçıvan Muxtar Respublikası DTX-nın ləğv edilib, yerində Azərbaycan DTX-nın Baş İdarəsinin yaradılması ölkə gündəminə bomba kimi düşdü. Bu struktur dəyişikliyini şərh edən bir çox siyasilər yaxın zamanlarda Naxçıvanın muxtar statusunun da ləğv olunacağını bildirir, DTX-da başlayan islahatı bunun ilk addımı kimi xarakterizə edirlər. Hətta bəziləri bir az da irəliyə gedərək, Naxçıvanın muxtar statusunun beynəlxalq hüquq aktlarından qaynaqlandığını, dolayısıyla bunun üçün Qars müqaviləsini imzalayan bütün dövlətlərinin razılığının alınmasını vacib sayırlar. Halbuki, Qars müqaviləsinin sovet Rusiyası tərəfindən dəfələrlə pozulduğunu, müqavilədə Azərbaycanın ərazisi kimi nəzərdə tutulan torpaqların bir qisminin Ermənistana verildiyini əsas gətirib bu beynəlxalq sənədin artıq işləmədiyini irəli sürənlər də az deyil.
Naxçıvanın muxtar hüquqları üzərində qızğın mübahisələr getdiyi bir zamanda rəsmi Bakının Muxtar Respublikanın Daxili İşlər Nazirliyində də ciddi struktur islahatlarına hazırlaşdığı barədə məlumatlar almaqdayıq.
Ovqat.com-un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Naxçıvan MR DİN-in gələcək aqibəti ilə bağlı qərar həqiqətən masa üzərindədir.
Bildirilir ki, yaxın günlərdə Naxçıvan DİN-in statusunun dəyişdirilməsi gündəmə gələ bilər. Çünki status dəyişikliyi artıq sosial sifarişə çevrilib və ictimai rəylə razılaşan ali siyasi iradə bu istiqamətdə qərar verməyə hazırlaşır.
Üstəlik, Naxçıvan MR hakimiyyətinə biət edən bir çoxlarının iddiasından fərqli olaraq, bu struktur dəyişikliyinə getmək üçün hansısa referendum keçirməyə ehtiyac da yoxdur. Zira mərkəzi icra hakimiyyəti orqanlarının statusunun dəyişdirilərək birbaşa mərkəzə tabe etdirilməsi ayrı şeydir, Naxçıvanın muxtar statusu ayrı şey. Bu baxımdan, kimlərinsə Prezidentin səlahiyyətinə aid olan struktur dəyişikliyinə getmək üçün Naxçıvanın muxtar hüquqlarını gündəmə gətirməsi bihudə yerə bir qaşıq suda fırtına qoparmaq cəhdindən başqa bir şey deyil.
“Naxçıvan MR-in icra orqanlarında hansısa struktur dəyişiklikləri aparmaq Azərbaycan Prezidentinin müstəsna hüquqlarına daxildir. Yəni Prezident İlham Əliyev arzularsa, heç bir əlavə hüquqi əsaslandırmaya ehtiyac duymadan bu barədə Sərəncam verə bilər”, - mənbəmiz bu fikirdədir.
O, fikirlərini Azərbaycan Konstitusiyasına istinad edərək belə əsaslandırdı:
“Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil olunur:
- qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir;
- icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
- məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.
Bundan əlavə, Konstitusiyanın 99-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
Həmçinin, Konstitusiyada Prezidentin səlahiyyətlərini müəyyənləşdirən 109-ci maddənin 7-ci bəndinə əsasən, ölkə başçısı Azərbaycan Respublikasının dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yaradır;
Maddənin 8-ci bəndinə əsasən isə, Prezident Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını ləğv edir;
Yenə eyni Maddənin 32-ci bəndinə əsasən, Prezident Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və məhkəmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri icra qaydasında həll edir”.
Hüquq mühafizə orqanlarının icra hakimiyyətinə aid olduğunu vurğulayan qaynağımızın fikrincə, icra hakimiyyəti Prezidentə mənsubdur və deməli, icra hakimiyyətinə aid olan istənilən orqanın statusunun dəyişdirilməsi və ləğv edilməsi, eləcə də yeni orqan yaradılması birbaşa Prezidentin səlahiyyətlərinə daxildir: “Naxçıvan DİN-nə gəlincə, bu orqan hər nə qədər Naxçıvan MR-in mərkəzi icra hakimiyyətinə aid qurum kimi görünsə də, birbaşa Azərbaycan DİN-in strukturuna aiddir. Bu mənada cənab Prezident istənilən vaxt Azərbaycan DİN-in strukturunu dəyişməkdə sərbəstdir”.
Mənbəmizin fikrincə, yaxın vaxtlarda bu dəyişikliyin olacağı heç kimdə şübhə doğurmur. Onun iddiasına görə, hətta Naxçıvan DİN-də də bu ehtimal ciddi şəkildə müzakirə olunur və nazirliyin yüksək səlahiyyətli rəsmiləri artıq çamadan əhval ruhiyyəsinə qapılıblar: “Muxtar Respublikanın yüksək səlahiyyətli polisləri hər an Bakıdan “bəd xəbər” gələcəyini düşünür və gözlərini rəsmi məlumatlardan ayırmırlar. Çünki yaxın günlərdə Naxçıvan DİN-in statusunun dəyişdirilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan Baş Polis İdarəsinə çevriləcəyinə əmindirlər və bu qorxuları əsassız da deyil”.
Həmsöhbətimiz bildirir ki, gözlənilən struktur dəyişikliyi əsasında yaranması planlaşdırılan həmin Baş Polis İdarəsində yeni şöbə və bölmələrin yaradılması səlahiyyəti Azərbayca Respublikası Daxili İşlər nazirində olacaq. Hətta Naxçıvan Baş Polis İdarəsinin strukturunun necə olacağı da hardasa bəllidir:
“Gözlənilən yeni strukturlara bu vahidlər daxildir:
1. Təşkilat-İnspeksiya İdarəsi;
2. İctimai Təhlükəsizlik İdarəsi;
3. İstintaq və təhqiqat İdarəsi;
4. Maddi Texniki Təminat İdarəsi (yeni xidmət);
5. Cinayət Axtarışı İdarəsi;
6. Narkotiklərlə Mübarizə Şöbəsi (yeni xidmət);
7. Maliyyə Plan Şöbəsi (yeni xidmət);
8. İnformasiya və Kommunikasiya İdarəsi;
9. Katiblik;
10. Növbətçi Hissə;
11. Mətbuat Xidməti (yeni xidmət);
12. Pasport və Qeydiyyat Şöbəsi;
13. Kadrlar Şöbəsi;
14. Arxiv Uçot Bölməsi;
15. Çevik Polis Alayı (yeni xidmət).
Ərazi polis orqanları:
1. Naxçıvan Şəhər Polis İdarəsi;
2. Şərur Rayon Polis İdarəsi;
3. Babək Rayon Polis İdarəsi;
4. Ordubad Rayon Polis Şöbəsi;
5. Culfa Rayon Polis Şöbəsi;
6. Şahbuz Rayon Polis Şöbəsi;
7. Kəngərli Rayon Polis Şöbəsi;
8. Sədərək Rayon Polis Şöbəsi”.
Mənbəmiz onu da əlavə etdi ki, hazırda Naxçıvan DİN-in tərkibində fəaliyyət göstərən Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Şöbəsi ləğv ediləcək: “Bundan əlavə, Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi və Hava Nəqliyyatında Polis Şöbəsi Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin, Mühafizə Polisi Şöbəsi Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin, Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Orta İxtisas Polis Məktəbi isə adı dəyişdirilərək, Polis Kolleci adı ilə birbaşa Azərbaycan DİN-in tabeliyinə veriləcək”.
Ovqat.com
Paylaş: