Xəbər lenti


Diplomatiya

 

Azərbaycan sülh sazişi üçün elan etdiyi 5 prinsipi Ermənistana və vasitəçilərə qəbul etdirə bildi. Praqa bəyanatında Ermənistan BMT Nizamnaməsi və Alma-Ata bəyannaməsinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdı. Soçi bəyanatında isə sərhədlərin toxunulmazlığını da qəbul etməli oldu. Rusiya, Aİ və ABŞ-ın vasitəçiliyi ilə qəbul edilən sənədlərin heç birində “status” məsələsi ilə bağlı müddəa yoxdur. ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırdı. İstər Moskva, istərsə də Brüssel platforması çərçivəsində yekun sənədlərdə Azərbaycan öz gündəliyini tam şəkildə Ermənistana və vasitəçilərə qəbul etdirə bildi. Aİ-nin qəbul etdiyi sənəddə Qarabağın erməni əhalisi “xalq” (people) və ya azlıq (minority) kimi deyil, məhz əhali (population) kimi göstərildi.

 

Logistika

 

- Təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan Gorus-Qafan yolunun bir hissəsində nəzarət postu qurdu. Bu, İranın yük maşınlarının Qarabağa qanunsuz səfərlərinin qarşısını aldı;

- Kommunikasiyaların açılması ilə bağlı danışıqlarda mövqelərini gücləndirib, Ermənistanı zəiflətmək üçün Azərbaycan İranla Şərqi Zəngəzur-Naxçıvan nəqliyyat dəhlizi memorandumunu imzaladı;

- Yeni dəhliz İran-Ermənistan sərhədindən 5 km cənubdan keçərək dəmiryolu xəttindən, çoxzolaqlı avtomobil şossesindən, elektrik enerjisi ötürmə xətlərindən və rəqəmsal rabitədən ibarət olacaq;

- Laçın dəhlizində yeni yolu tikməklə Azərbaycan Ermənistanla Qarabağı əlaqələndirən infrastrukturlara nəzarət etməyə başladı.

 

Hərbi strategiya

 

- “Mövqelərin dəqiqləşdirilməsi” çərçivəsində Azərbaycan Ağdam istiqamətində yerləşən Fərrux dağı və Fərrux kəndini nəzarətə götürdü. Bu yüksəkliklər Ağdam şəhərinin və kəndlərinin təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir;

- Erməni silahlı dəstələrinin Kəlbəcər və Laçını əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək cəhdinə cavab olaraq Azərbaycan “Qisas əməliyyatı” həyata keçirdərək, Qırxqız, Sarıbaba və bir sıra digər vacib yüksəklikləri nəzarətə götürdü;

- Sentyabr təxribatı “Qətiyyətli cavab” əməliyyatına gətirib çıxardı. Əməliyyatda ordumuz Ermənistanla şərti sərhəddə bir sıra vacib strateji yüksəkliklərə yiyələnərək əsas yollara nəzarət etmə imkanı əldə etdi. Ermənistanın iki S-300 sistemi daxil olmaqla hərbi texnikası və çoxlu sayda hərbçisi məhv edildi.

 

İnfrastruktur layihələri

 

Azad olunan ərazilərdə min kilometrdən artıq avtomobil və dəmiryolları salındı, planlaşdırılan 3 beynəlxalq hava limanından ikisinin (Füzuli və Zəngilan) tikintisi yekunlaşdı. Bu hava limanlarının mülki, lazımı modernizasiya işləri görüldüyü təqdirdə isə hərbi potensialı çox yüksəkdir. Ağıllı şəhər, ağıllı kənd layihələri çərçivəsində geniş miqyaslı tikinti işləri və “Böyük Qayıdış” başladı – Ağalı kəndinə məcburi köçkünlər qayıtdı.

 

Maneələr və təhdidlər

 

Minalar

 

İşğal müddətində ərazilərimizdə milyondan artıq mina basdırılmışdır. Məqsədyönlü diplomatik addımlar sayəsində mina xəritələri alınsa da, onların dəqiqlik göstəricisi 25%-dən artıq deyil. 44 günlük müharibədən sonra 250-dən çox vətəndaşımız işğal dövründə basdırılan minaların partlaması nəticəsində həlak olmuş və ya ciddi xəsarət almışdır. Həmçinin Laçında 2021-ci il istehsallı 1400 mina aşkarlanmışdır. 

 

Zəngəzur dəhlizi

 

Üçtərəfli İşçi Qrup görüş və məsləhətləşmələr keçirsə də praktiki nəticələr yoxdur. Dəmir yolu marşrutu, dəhlizin fəaliyyət rejimi razılaşdırılsa da, Ermənistan tərəfi avtomobil yolunun qısa marşrutunu təqdim etmir.

 

Xarici təzyiqlər

 

2020-ci ilin 25 noyabr tarixində Fransa Senatı höküməti qondarma qurumun müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etdi. Praqa görüşündən az sonra Fransa prezidenti “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat” xarakterli bəyanatlarla çıxış etdi. Ölkəmizin Parisdəki səfirliyinə qarşı iki dəfə basqın edildi, ABŞ-da səfirliyimizin avtomobilinə atəş açıldı. ABŞ Konqresində Azərbaycana qarşı Pallone düzəlişi, 121, 337 və 611 saylı düzəlişlər qəbul edildi. 15 noyabrda isə Fransa Senatında daha bir anti-Azərbaycan qətnamənin qəbul ediləcəyi gözlənilir.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 6 285          Tarix: 7-11-2022, 06:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma