Xəbər lenti

 

8 noyabrda ABŞ-da ara seçkiləri keçirilir. Bu gün Nümayəndələr Palatasının (NP) bütün 435 üzvü, Senatın 1/3 hissəsi və çoxlu sayda qubernator, ştatların qanunverici orqanlarının üzvləri və merlər seçiləcəklər. Seçkilər gərgin və dərin qütbləşmiş siyasi mühitdə keçir.

 

NP spikeri N.Pelosinin həyat yoldaşına hücumdan sonra Federal Təhlükəsizlik Bürosu (FBİ) və Daxili Təhlükəsizlik Departamenti potensial hücumların təkcə siyasi fiqurlara qarşı deyil, o cümlədən seçki məntəqələrinə də qarşı baş verə biləcəyini qeyd edir. Seçkilərin problemsiz keçib, dəqiq hesablanacağını amerikalıların 63%-i düşünür. Bu 2008 və 2020-ci illəri çıxmaq şərti ilə çox aşağı etibar göstəricisi hesab olunur.

 

Cari seçkilərdə respublikaçıların üstünlük qazanacağı proqnozlaşdırılır. ABŞ-da belə bir tarixi tendensiya qeydə alınıb: Ağ Evə sahib partiya ilk hakimiyyət müddətində ara seçkilərində adətən məğlub olur. Hazırda Baydenin reytinqləri 40%-dən biraz yüksək olduğuna görə bu tendensiyanın 2022-ci ildə də özünü göstərəcəyini ehtimal olunur.

 

Respublikaçılarda struktur üstünlüyü də var. Tədqiqatlar göstərir ki, demokratların elektoratı iri şəhərlərdə, respublikaçı tərəfdarlar isə əsasən kəndlərdə yaşayır. Konstitusiyaya görə, hər ştat ən azından bir nümayəndə ilə NP-də təmsil olunmalıdır. Qalan digər seçki amilləri ştatlar tərəfindən müəyyən edilir. Praktikada bu o deməkdir ki, respublikaçıların nəzarətində olan ştatlar şəhəri bir neçə seçki dairəsinə ayrılıb, iri kəndlərə yapışdıraraq demokrat seçicilərin səslərini kəndlərdə yaşayan seçicilərin səsləri içərisində əridə bilirlər.

 

Demokratlar əksinə, nəzarətində olan ştatlarda kəndləri iri şəhərlərə qataraq özlərinə qələbəni təmin edirlər. Şəhərətrafı dairələr öz növbəsində respublikaçı və demokratların rəqabət meydançasıdır. Cook Political Report demokratların 159, respublikaçıların isə 188 dairədə qələbə qazanacağını yüksək ehtimalla proqnoz edir. Digər 29 rayonda demokratların qələbə ehtimalı yüksək qiymətləndirilsə də, çoxluğu (218 yeri) əldə etmək üçün demokratlara daha 30 dairədə qələbə qazanmaq vacibdir. Seçki nəticələrinin gözlənilməz olduğu 35 dairədən 10-u isə respublikaçılara daha çox meyl edir.

 

Pew research-un araşdırmasına görə vətəndaşların əksəriyyəti iqtisadi vəziyyət və artan inflyasiyadan çox narahatdır. Oktyabr sorğusuna əsasən, hər 10 seçicidən 8-i (79%) seçkilərdə kimə səs verəcəyində aparıcı amil kimi iqtisadiyyatı qeyd etmişdi. İqtisadiyyat sorğuda adı çəkilmiş 18 problem içərisində birinci yerə çıxdı. İnflyasiyanın obyektiv (Rusiya-Ukrayna müharibəsi, enerji böhranı, taxıl böhranı və s.) səbəbləri ilə yanaşı subyektiv səbəbləri də (sosial xərclərin artırılması, tələbə borclarının bağışlanılması və s.) mövcuddur. İnsanların 95%-i qida məhsullarının, 93%-i enerjinin, 87%-i isə ev qiymətlərinin artmasından narahatdır. Bu respublikaçı namizədlərə seçkilərdə mövqe üstünlüyü verir.

 

İqtisadiyyatdan savayı amerikalıların seçiminə daha 18 faktor təsir göstərir: demokratiyanın ölkədəki gələcəyi (70%), təhsil (64%), səhiyyə (63%), enerji siyasəti (61%), cinayətkarlıq (61%), seçki siyasəti (58%), odlu silah siyasəti (57%), abortlar (56%), Ali Məhkəməyə təyinatlar (55%), immiqrasiya (54%), xarici siyasət (54%), federal hökümətin həcmi (41%), iqlim dəyişikliyi (38%), etnik-irqi problemlər (34%), Trampa qarşı istintaq (30%), Baydenə qarşı istintaq (29%) və koronavirus (23%).

 

Hazırda senatda demokratların üstünlüyü sırf vitse-prezident K. Harris hesabına təmin edilir. Bu üstünlüyü qorumaq üçün Pensilvaniya, Corciya, Nevada və Arizona ştatlarının ən azı üçündə qalib gəlmək şərtdir. Lakin, Pensilvaniya və Arizonada demokrat namizədlərin reytinqləri respublikaçılardan azca yüksəkdir, digər iki ştatda isə üstünlük ümumiyyətlə respublikaçıların əlindədir.

 

Hazırda respublikaçılar 2020-ci il prezident seçkilərinin nəticələrini tanımayan bir çox siyasətçinin namizədliyini ştat qanunvericiləri, qubernator və şəhər merləri vəzifələrinə irəli sürüblər. Onların qələbəsi 2024-cü il prezident seçkilərində Trampın geri qayıdışına yol aça bilər.

 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 6 028          Tarix: 9-11-2022, 00:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma